Bu yazını qələmə aldığım gün xalqın yaddaşında qanla, göz yaşıyla qalıb. Çünki biz 8 mayda Şuşasızlığın 24 illik ayrılıq yoluna çıxmışıq. Doğrudur, indi buna hərə bir prizmadan baxır - kimi deyir Şuşa xəyanətin qurbanı olub… kimi deyir Şuşanı satdılar… kimi deyir Şuşa siyasi oyunların güdazına getdi… kimi deyir Şuşanı qoyub qaçdılar…. Nə isə… Hər kəs öz deyimində, öz fikrində öz prizmasıyla haqlıdır. Amma mən Şuşanı sadəcə olaraq "niyə?" "nə üçün? işğal olunduğunu demək fikrində deyiləm. Ona görə ki, o, bu gün faktiki olaraq işğal altındadır. Oturub o işğalın səbəblərini çözməkdən, bir-birimizi günahkar çıxarmaqdansa, Şuşaya necə qayıdağacımızı, Şuşanı necə azad edəcəyimizi düşünüb onun yollarını çözməyə ağıl, güc sərf etmək daha doğru olmazmı? Nə isə...
Bəli, belə bir ağrılı gündə yazını yazmağa başlamamışdan öncə ağlıma qəribə bir fikir gəlmişdi. İnanın ki, bu fikirdən hələ dan üzünün görünmədiyi, sübh şəfəqlərinin boylanmadığı bir vaxt gəldi ağlıma. İnanın ki, özüm öz ağlıma heyran oldum. Çünki ağlıma gəldi və öz-özümə təkrar etdim ki:
- BOŞ QALAN YERLƏRİ DƏRD TUTUR HƏMİŞƏ!
Hə, yəqin düşünəcəksiniz ki, burda qeyri-adi nə var ki?! Boşalan yerləri kimlərsə tutmalıdı də. Amma tələsməyin, məni qınamağa hələ kifayət qədər vaxtınız var. Çünki söhbət boşalan vəzifələrdən getmir. Təbii ki, vəzifəni heç vaxt boş saxlamırlar. Ən azından kimsə əvəz edir, təyinat olana qədər. Amma...
Bəli, söhbət ürəkdən gedir, yəni boşalan ürəkdən... atılan, tək edilən ürəkdən!... O ürəkdən ki, səninlə nəfəs alır, səninlə yaşayır, səninlə sevinib, səninlə qəmlənir, həyata səninlə baxır, həyatını sənə bağışlayır!.. Bax, o ürək boş qalanda... İndi bildiniz də söhbət nədən gedir. Yəqin ki, ağlıma gələn fikri bu məqamda dəyərləndirərsiniz, ən azından o kəslər dəyərləndirər ki, onlar da mənim düşündüklərimi, mənim yaşadıqlarımı bu və ya digər formada düşünüb yaşayıblar. Elə indi də yaşayırlar. Məhz onlar boş qalan yerin dərdlə, qəmlə, ağrı-acıyla necə dolduğunu hər an, hər dəqiqə hiss edirlər. Mən də hiss edirəm, mən də bütün bu boşluğun içərisində qıvrılıram. Ona görə də bütün fikrim, zikrim, xəyalım özümdən kənarlarda rahatlıq axtarır, ordan mənim özümə tərəf əlini gözlərinə günlük edib baxır... Baxıb görür ki:
Ağlayanım olsa idi
Ölərdim onun xətrinə...
Bələnərdim kipriklərdən -
Ələnən yaşın ətrinə...
Çox çalışdım yuva quraq
Qoşa gəzək, qoşa duraq...
Alınmadı, yaxın burax -
Ruhumu ruhun çətrinə!..
Bir yarımçıq dua verin
Qulağına - məzar yerin!
Bir də ki, bitməmiş şeirin -
Adım olmayan sətrinə...
***
Həyatın bütün dolanbacları həm insan üçündü, həm də bu dolanbacları yaradan elə insanın özüdü. Çünki hansısa bir məqsədə, bir mərama çatmaq xətrinə bəzən min variant düşünülür, min xətt çəkilir, min fikir bölüşdürülür və sonda həmin o düşüncələr, çəkilən xətlər öz gerçəkliyini ortaya qoymaq naminə bir axtarışın ipucu olur. Dağdan, dərədən, çöldən, düzdən, daha nə bilim haralardan və hansı səbrlə, hansı təmkinlə, hansı istəklə, özü də gah sürünə-sürünə, gah yüyürə-yüyürə, daha neçə-neçə üslubda o yol başlanğıc alır... o yol səndən, məndən, ondan başlayır. Və beləcə şaxələnir yollar - gah qovuşur, gah paralelləşir, gah da bir-birindən küsmüş uşaqlar kimi hərəsi bir istiqamətə üz tutur. Biz də bu yolları qınayırıq. Onun döngəsini, dolanbacını, enişini-yoxuşunu günahkar sayırıq. Özümüz isə unuduluruq. Yəni gerçək günahkar biz ola-ola dilsiz-ağızsız yolları məşhər ayağına çəkirik. Lakin yadımızdan çıxır ki, bu yolun başlanğıcı olduğu kimi, sonu da bizimlə tamamlanır. Biz özümüzdən özümüzə qədər yol gedirik. Doğum günümüzdən bitəcək günümüzə qədər. Bir az da obrazlı desəm, olumdan ölümə kimi!!!
Bunu dərk edəndə, yəni hardan hara qədər olan yolumuzu azacıq da olsa anlayanda onda həyatımıza da, çevrəmizə də, yollarımıza da bir az fərqli baxırıq. Onlarda günah axtarmağa o qədər də çox vaxt sərf etmirik. Ümumiyyətlə, bizim ən çox günahkar saydığımız dünyadı, yollardı, taledi və bir də...
Hə, mən günahkar olan başqaları, kimləri, nələri, nəsnələri demirəm. Onları da hərəmiz öz yanaşmamızla tanıyırıq, bilirik, dəyərdəndiririk. Lakin mənim üçün bir günahkar da var. O da ağlı özünə tabe edən ürəkdi. Nə qədər ki, ağıl və ürək bir-biriylə dil tapmır, onda qiymətləndirmək, saf-çürük etmək, hansısa bir uğurlu qərar qəbul etmək nisbətən asan olur. Elə ki, ürək ağılı öz əhatə dairəsinə, öz aurasına daxil edir, onun yaxasını əlinə keçirir, bax onda ruh da, fikir də, qərar da, bütövlükdə mövcud olmaq da son dərəcə kövrək, həzin, istənilən anda qırılıb dağılmaq, parçalanmaq, məhv olmaq kimi bir duruma düşürük. Bir az da dərindən açılasan, bir az da məsələnin mahiyyətinə daha çox işıq salasan, onda məlum olar ki, ürəklə ağıl bir olanda insan özünü daha çox göylərdə sayır. Həyat onun üçün xəyallardan, yuxulardan, arzulardan və bir də sevgidən ibarət bir məkana çevrilir. Orda hər şey məhz kiminsə ilham pərisi dediyi, kiminsə xilaskar mələk hesab etdiyi, kiminsə həy atın mənası kimi dəyərləndirdiyi və kiminsə də özünün yarısı kimi gördüyü bir varlığın diqtəsiylə, istəyiylə "olmaq!", "qalmaq!" "sevmək!", "qovuşmaq!" kimi daxili bir tələbatın, istəyin işığına bürünmək, nuruna boyanmaq kimi sonsuzluq, genişlik mövcuddur. Deyəsən bu fikirlərim qarışıq, həm də bir az emosiyalarla yükləndi. Amma həqiqətən də ürəklə ağıl qovuşduğu yerdə sevgi hər şeyi üstələyir. Hər iş, hər yanaşma, hər istək məhz o sevginin ya ətrafında, ya kölgəsində, ya da onun tabeçiliyində olur. Necə deyərlər, burda könüllükdən daha çox tələbat, zərurət boy göstərir. Birmənalı şəkildə dərk edirsən ki, ağlın və ürəyin istəyi sənin özünün, ruhunun, cisminin, həyatının ən zəruri ehtiyacıdı. Yəni havasıdı, suyudu!..
İndinin özündə də mən düşüncələrə, xəyallara dalanda həmin o ürəklə ağıl qovuşan nöqtənin nə qədər həssas olduğunu bir daha anlayıram. Etiraf edim ki, o həssaslıq əsən mehdən də, bulud arxasında gizlənən günəşin gecikməsindən də incik düşə bilər. Ona görə də diqqətli olmaq, həm də diqqətli olduğun qədər də özündə yox, onun - sevginin içərisində olmağın lazımdır ki, yer boş qalmasın, yer boşalmasın...
Mən boşalan yerlərin dərdlə, kədərlə daha çox dolduğunu məhz burda bir daha diqqətə təqdim edirəm. Ona görə ki, həmin o dediyim birləşmə nöqtəsi insanın varlığıyla ruhunun bir-birini tərk edənə qədər sarsılmasa, büdrəməsə, onda həmin o cismani təbii qanunla tərk etmədən sonra da həmin o böyük və ilahi sevgi yaşayır. Təəssüf ki, biz bəzən bunun dərin qatlarına, alt laylarına ya enə bilmirik, ya da enməkdən qorxuruq. Hər halda, bunun hər ikisi dediyim kəsişmə nöqtəsinə zərbədi. Özü də elə bir zərbə ki, onu ancaq sazla, sözlə, özü də böyük insanların dilində ifadə etmək mümkündü. Mən isə:
Son söz tək son
damla qopsun kiprikdən
Ovcunun içini gözünə çək, get
Qapını taybatay buraxıb sakit
Bütün fikirləri özünə çək, get...
Ölmüş bir ürəyi qaldırıb dirilt
Özünlə gəzdirib, özünlə yerit...
İçində ağrını uşaq tək kirit -
Yalançı sevinci üzünə çək, get...
Haqqının yarası sızlasa da hey
Yaranı yuxular duzlasa da hey
Əllərin qoynunda buzlasa da hey
Yolunu dəyişmə, düzünə çək, get...
Xatirə boğçanı dilə gətirmə
Soyumuş, sovulmuş külə gətirmə...
Ölən sevgilərə pinə gətirmə
Özün öz sevgini sözünə çək, get...
Unutma, Əbülfət olduğunu sən
Kədərlə yüklənib dolduğunu sən
Qürubdu - odur ki, solduğunu sən-
Nəsimi sözünün közünə çək, get!..
***
Hər bir yazıda təbii ki, bir məqsəd, məram ifadə olunur. Yəni heç nə elə-belə yaranmadığı kimi, heç bir yazı da (hətta ən mənasız yazı da - Ə.M) səbəbsiz qələmə alınmır. Mütləq yazılan yazının arxa qatı, pərdə arxası olur. Orada nəyin dayandığını, nəyin gizlədildiyini isə təbii ki, oxucu hiss edir, oxucu görür. Diqqətli oxucu sözdən söz çəkir və bir-birini çəkən sözlərdən istifadə edib bəzən o pərdənin arxasına keçməyi bacırır. Mənim düşüncəmə görə yazı sahibi o vaxt rahat və xoşbəxt olur ki, onun fikirləri məhz pərdə arxasında dayandığı yerə qədər duyulur, araşdırılır...
Təəssüf ki, bəzən belə olmur. Necə deyərlər, görünən, göz önündə olan qiymətləndirilir. Bu aldadıcı gözəllik çox vaxt fikri dolaşdırır. Bax, həmin o dolaşıq fikirlər də hərdən arzu olunmayan rəylərin səslənməsinə rəvac verir. Amma bütün bunlara baxmayaraq, yazmaq istəyən, yazmaq bacaran, yazmaqla yaşayan adamlar qələmlərini yerə qoymurlar... Mən də yazmaqla həm özüm yaşayıram, həm də iç dünyamın istəklərini ifadə etməyə çalışıram. Ona görə də mənim bu cür yaşamağımı bir kimsəyə zərəri olmadığını düşünürəm. Ən azından bu həyatda hər kəsin dayandığı bir nöqtə var və o nöqtəni də onun adına Tanrı yazıbdı. Bu yazını pozmaq da, o nöqtəni silmək də müəllifin - Yaradanın əlindədi...
Hə, mən kifayət qədər düşünüb-daşınandan sonra qələmə aldığım hər bir yazının pərdəarxasını da gizlətməməyə çalışıram. Ona görə ki, bütün gizlinlər də nə vaxtsa faş olur. Yəni zamana ehtiyacı olduğundan onun isti-isti görünməsi əngəllənir. Lakin həmin o ehtiyac duyulan zaman öz yerini tutanda onda ehtiyac sözü də yaddan çıxır və pərdəarxası görünür. Sanki tamaşa başlayır, pərdələr qaldırılır...
Hər halda, insan özü öz dünyasını, öz içini hamıdan yaxşı görür və mən də öz içimdə baş-başa qalmağı, öz içimi özümə həm göstərməyi, həm də sevdirməyi heç kimdən gizlətməmişəm. Burada məqsədim olduğum kimi görünmək arzusu, niyyəti olubdu. Bilmirəm, buna nə qədər nail olmuşam, bu istəyə nə qədər imza atmışam, hər halda bütün yazdıqlarımın heç birindən bu günə qədər imtina etməmişəm. Ən azından ona görə ki, şikəst doğulan övladın da valideyni mənəm. Deməli...
Hə, mən yazının əvvəlində 8 mayı xatırlatdım. İndi yazının sonuna gəlib çatmışam. Əgər fikir versəniz onda görərsiniz ki, bütün yazı boyu söhbət özəl duyğulardan, özəl düşüncələrdən, özəl yanaşmadan getdi. Yəni mən kiminsə haqqını tapdamadan özümün, öz dünyamın nəğməsini ifadə etməyə çalışmışam. Çünki o nəğmənin sifarişçisi də elə özüm olmuşam. Bir halda ki, sifarişçi də özüməm, onda həmin o nəğmənin bir ləçəyini də sizin qarşınızda sərgiləyirəm. Buyurun, rəngini, ətrini, dəyər qiymətini özünüz verin.
Döyülməyən qapını açdım,
Keçdi içəri...
Gördü məzar yeridi -
Gördü heçdi içəri!...
Susdu, nə söz, nə heyrət
Nə də göz yaşı oldu...
Gətirdiyi güllər də
Elə əlində soldu...
Alıb onu içərdən
Ayaqları apardı...
Onu mənə köçürdən
Məni ondan qopardı...
... Hə, bütün hallarda nəyəsə hazır olmaq lazımdı deyirlər. Amma mən sevgi barəsində belə düşünmürəm. Çünki sevgi özü gəlir və özü də gedir. Gələndə də qarşısını kəsmək mümkün deyil, gedəndə də saxlamaq. Amma bir şey var ki, boşalan yerləri daha çox kədər doldurur.
70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.
Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.
Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:
- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…