SON DƏQİQƏ:

ANLAŞMAQ PROBLEMi

  32592   |  
Şriftin ölçüsü  
Hə, ötən ili yıxıla-dura başa vurduq. Başa vurduq deyəndə bəlkə il məni başa çıxdı. Yəni o da mənim yadımda qaldı, mən də onun. O məndə acılı-şirinli xatirələr, barmaqsayı sevincli günlər, məndən isə onda nə qaldı, bax onu bilmədim. İnşallah, nə vaxtsa kimsə yəqin ki, biləcək. Və dünyada heç bir sirr gizli qalmadığı kimi, məndən illərə qalanlar da üzə çıxacaqdır...
   
   Bəli, ötən ili baş vurdum... Amma başa vurduğum o ildə həsrətim güc gəlib kədərin at oynatdığını da gördüm. Elə oynadırdı ki, elə bil göyün yeddinci qatının sahibi idi və mən də həmin o göyün yeddinci qatına at oynadıb sahib çıxanın qolu bağlı qulu... İlahi, dərdin, kədərin böyüklüyünü çox görmüşəm, hətta onunla qol-boyun da olmuşam, sirrimi, sözümü də vermişəm ona. Amma onun bunca insafsız olduğunu da ağlıma gətirməmişəm. Heç indi də gətirə bilmirəm. Çünki düz 21 ildir ki, bu dərd, bu kədər Qarabağ ünvanlı bir faciəni əllə açılması mümkün olmayan bir tora salıb. Elə bir tora ki, onun çözümünü, onun saplağını qırmaq, tapmaq, doğramaq, kəsib atmaq güc və düşüncə tələb eləyir. Elə bir güc, elə bir düşüncə ki, onun qarşısında güllə geri çəkilsin, ayağını geri qoysun. Və... Xalq Cəbhəsi hakimiyyətdə olan illərdə deyilən bir söz yadıma düşür: "Erməniləri çıxdığı yerə qədər qovmaq...!".
   
   Hə, indi çözələdiyim o dərdin, o kədərin fonunda mənim üçün doğma olan bir məqamı da dilə gətirməliyəm. Bu da o ildən bu ilə keçirə bildiyim, ölümünə imkan vermədiyim İNAMımdı! Məni ildən-ilə, aydan-aya, gündən-günə əlimdən tutub aparan inamım. Mən yaxamı onun ixtiyarına vermişəm. Mən ürəyimi ona tapşırmışam, İNAMa! O İNAMa ki, o ancaq sevgiyə bürünüb...
   
   Hə, bir də mən o ildən bu ilə gətirdiyim, daha doğrusu, məni gətirən inamın ünvanını da deməliyəm. O inam Allahımadı, Torpağımadı , bir Sənə! Heç kim bu inamsız, bu istəksiz olmasın.
   
   
   
   çəkdiklərimin
   
   fərqinə varmadan
   
   ən azı
   
   acı və yaxud
   
   şirininin barmaqsayı
   
   hesabını aparmadan
   
   məni qınayırsan...
   
   çəkdiklərinin
   
   fərqinə varıram
   
   ən azı
   
   acı və şirininin
   
   hesabını aparıram
   
   və düşünmürəm ki, də
   
   məni sınayırsan...
   
   çəkdiklərimizin fərqin
   
   acı və yaxud
   
   şirininin
   
   barmaqsayı cəmin
   
   üzü-üzə oturanda
   
   gözləriimz
   
   bir-birinə deyir
   
   və hər ikimizdə
   
   bilir
   
   ki, mən sənə
   
   sən də mənə
   
   inanırsan!..
   
   
   
   ***
   
   
   
   Telefonun səsi birdən kəsildi. Əvvəl elə bildim ki, zəng edən hər kimdisə, nəfəs dərmək üçün dayandı. Amma sonra gördüm ki, tam sükütdu, dəstəkdə heç bir hənir yoxdu. Yavaşca dəstəyi yerinə qoydum. İki-üç dəqiqə ötmüş mobil telefona ismarıc gəldi. bircə cümlə yazılmışdı: "Sağollaşmamış dəstəyi yerə qoymazlar. İstəmirsənsə narahat etməyim".
   
   Doğrusu, heç nə anlamadım. Çünki ismarıcın sahibi özü mənə telefon açmışdı. Tanımaya-tanımaya bir xeyli ədəbiyyatdan, mətbuatdan danışmışdı. Sözlərindən hiss etmişdim ki, danışan hər kəsdisə, kitabdan, mətbuatdan xəbərdardı. Amma adını demək istəmir və ona müraciətim də yalnız "xanım" ifadəsi ilə tamamlanırdı. Həmin xanım mənimlə bağlı mətbuatda dərc olunmuş sonuncu yazı barədə bir az geniş danışdı. Yazı "Təzadlar" qəzetində çap olunmuşdu. Mən də təşəkkürümü yetərincə bildirib məmnunluğumu ifadə etdim. Bax, elə bu yerdə də əlaqə itdi. Ardıncada ismarıc gəldi. Özü də gizlədilmiş nömrədən. Başa düşə bilmədim ki, özünü adi oxucu kimi təqdim edib sonra mobil telefonuma ismarıc göndərən bu xanımın gizlənməkdə məqsədi nədi...
   
   Beləcə uzun-uzadı düşündüm, götür-qoy etdim, tanışları, mənə ərki olanları gözümün qarşısına gətirdim. Amma telefondakı zənglə gözümün önünə gətirdiklərimin heç biri uyğun gəlmirdi. Az qala gic olmuşdum. Gülməli bir durumda idim. Bax, elə həmin anda telefonum yenə səsələndi. Bu dəfə nömrə göründü...
   
   Hə, axı mənə demişdi səni yoxlayacam, Deməyə sözüm qalmadı. Lakin təəssüf də etmədim. Amma həmin məqamda çoxdan yazdığım bir şeir yadıma düşdü. O şeiri ünvanladığım ilham pərim isə məni qaçmaq üçün bəhanə gətirmişdim.
   
   
   
   yolun uzaqlığını
   
   bəhanə gətirdin
   
   sonra da
   
   havanın sərtliyini
   
   anladım ki,
   
   görüşmək istəmirsən
   
   və beləcə
   
   özün də bilmədən
   
   itirdin-
   
   ruhuma səpdiyini...
   
   nə yollar uzaq idi
   
   nə də ki,
   
   havalar sərt...
   
   sənin qarşını kəsən
   
   özünün də bildiyin
   
   bilib dilə gətirmədiyin
   
   çox sadə bir şərt-
   
   vardı ki,
   
   həmişəlik
   
   qalacaqdın yanımda!-
   
   nə vaxt gəlsən...
   
   bəlkə bu həqiqəti
   
   artıq etiraf edəsən.
   
   
   
   ***
   
   
   
   Yazımı ilin başa çatması mövzusu ilə başladım və ilin ilk günləri ilə də tamam lamaq istəyirdim. Lakin bu ilk gündə yeni il olmasına baxmayaraq nə qar yağmadı, nə də evimizə Şaxta baba gəlmədi. Kəsəsi 31 dekabrla 1 yanvar arasında iqlim baxımında paytaxta elə bir fərq duyulmadı. Bir az isti külək əsdi, sonra bir az da külək səmtini dəyişdi, sonra bir az da yağış çiskinlədi... Və beləcə həftə gəlib çatdı sona.
   
   Elə özəl həyatımda da hər şey bir il əvvəlki kimi qaldı. Təkcə sonuncu telefon söhbətindən başqa. Yenə evimizin söküləcəyi barədə söz-söhbət gedir, yeni işıq, su problemimiz narahatçılıq doğurur, divarların nəmi getdikcə artır, məişətdəki kəm-kəsir elə bil bir-biriylə yarışa çıxır. Azalmaq əvəzinə günü-gündən İran saqqızı kimi uzanıb gedir. o ki, qaldı dava-dərman, həkim məsələsinə, onu da unutmamışıq. Sağ olsun, həkimlər bildiklərini yazırlar, əczaçılar isə həkimlərin yazdıqlarını "oda" büküb satır, mən də gücüm çatanı alıram, çatmayanın da harda satıldığını yadımda saxlayıram. Bunlar öz yerində...
   
   Hə, bu yeni dünyada ən maraqlı xəbər odur ki, demək olar ki, dünyanın hər yerində təbii fəlakətlər, iqlim fəsadları baş verməkdədi. Deyəsən Yer adlı materikin kələfi dolaşıb. Bizdə də qasırğa oldu - cənub bölgəsini deyirəm. Masallıda, Astarada, Lerikdə, Yardımlıda və digər yerlərdə. Televizyonlardan seyr etdiyim həmin o mənzərələr ürəkağrıdan idi. Nə isə...
   
   Hə, deməli dünyanın işıqlı üzünə qaranlıq düşür. Bu qaranlığın hansı qatılıqda olduğunu deyə bilmərəm. Amma qəzetlərin, o cümlədən elə "Ədalət"in verdiyi bilgilərə görə, bu il dünya müharibəsi olacaq. Allah sonunu xeyirə calasın. Hə, bir də ki, onsuz da dünyanın başına açılan bu oyunlar hardansa vurub çıxmalıdı də. Bu qədər ki, yerin-göyün başında turp əkirlər, axırı bu göyərməlidi də. Deməli, mən də bu üzü qaralan dünyanın kömür üzünə baxıb düşünürəm ki, sən demə, Obamanı Amerikaya elə-belə prezident seçməyiblərmiş. Deməli, nə isə var imiş.
   
   
   
   acı çəkdikcə bal bildim
   
   sinirdim ömür üzünə
   
   gözümün yaşını sildim
   
   dünyanın kömür üzünə.
   
   
   
   dirsəyim dizimi ovdu
   
   çatınca fikrin düzünə
   
   son ucda bir işıq doğdu
   
   dünyanın kömür üzünə.
   
   
   
   fələk qəfil bir ox atdı
   
   ağmı salmışdım gözünə?
   
   üzümü çəkib oxşatdı-
   
   dünyanın kömür üzünə?!
   
   
   
   yoldaşlıq elə yol gedək
   
   düşək bir sevgi izinə
   
   sevgini işıq tək səpək-
   
   dünyanın kömür üzünə.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK