SON DƏQİQƏ:

SÖZüMüZü UNUTMAYAQ

  29397   |  
Şriftin ölçüsü  
Başqalarını deyə bilmərəm, mən uşaqlıq və gənclik illərimdə özümdən yaşca böyük olan insanlarla oturub-durmağa, onların çevrəsində olmağa həmişə maraq göstərirdim və çalışırdım ki, onların dediklərini, məsləhətlərini, hətta bir-birləri ilə olan münasibətlərini olduğu kimi yadımda saxlayım, təkrarlayım. Bəzən isə lap elə açıq-aşkar yamsılayım da. Tay-tuşlarım yəqin etiraf edərlər. Həmin o özümdən yaşlılarla oturub-durduğumdan uşaqlıq dostlarımın sayı çox az olubdu. Bir növü onlardan uzaq düşmüşəm. Uşaqlıq anlayışlarını, duyğularını erkən gəncliyin şıltaqlıqlarını ürəyimdə boğub öldürmüşəm. Bilmirəm, bunlar günahdı yoxsa, yox və bir də onu bilmirəm ki, bütün bunlara görə nə vaxtsa cavab verəcəm, yoxsa yox. Amma hər halda bütün bunlar artıq olub, keçibdi. Və mən indi övladlarımın, onlardan kiçiklərin uşaqlıq dünyasını kənardan seyr edəndə müəyyən itkilərə məruz qaldığımı anlayıram. Və anladığım üçün də nə təəssüf edirəm, nə də özümü və yaxud da kimlərisə qınayıram. Ona görə ki, seçimi özüm bilə-bilə etmişəm. kamil insanlar da deyirlər ki, özü yıxılanla, özü sevib seçən heç vaxtı başqasında günah axtarmamalıdır.
   
   Bəli, indi ömrün, günün elə çağıdır ki, 50 arxada qalıb, 51-də astanada. Bu məsafəni keçdiyim 11 ay 6 gün ərzində nələr yaşadımsa onları çeşidləyəndə tərəzinin ağır gözü daha çox həkimlərin, dəva-dərmanın payına düşdü. Əvvəl bu əyilmiş tərəziyə etiraz etmək istədim, amma sonra düşündüm ki, yəqin belə məsləhətdi və yəqin mənim də səhlənkarlığım, günahlarım var, ona görə də həkimlərdən küsmək yersizdi. Guya ki, küsəndə də nəyi dəyişəcəydim ki?.. Bax elə bu qarmaqarışıqlıq içərisində könlümün səsinə qulaq asmaq, payızın son günlərini elə payız ovqatı ilə yaşamaq istəyi mənə güc gəldi. O gücün hesabına da kağız-qələmin bir-biri ilə necə dil tapdığını bir oxucu kimi müşahidə etdim:
   
   
   
   ağrını
   
   bal kimi dadanda
   
   bax, elə həmin o anda
   
   mən inanıram ki,
   
   bütün ballar ağrı,
   
   ağrılar baldı...
   
   sadəcə
   
   bizi çaşdıran
   
   hər şeyi
   
   bir-birinə
   
   qarışdıran
   
   zaman
   
   və ondan da doğulan
   
   min bir sualdı...
   
   dediklərim
   
   nə münəccimlik deyil,
   
   nə də ki,
   
   qeyri-adi haldı...
   
   hə,
   
   bir də mənim üçün
   
   ağrını bal edən
   
   ruhumdakı
   
   inama güvənən
   
   xəyaldı...
   
   elə bu xəyal da baldı...
   
   
   
   ***
   
   İnsan çətinliklərə düşdükcə, bərkdən-boşdan sınanıb çıxdıqca, bir az da dözümlü olur, bir az da iradəsi mətinləşir! - bu sözlər əvvəllər mənə təsəlli kimi, təbliğat kimi görünürdü. Düşünürdüm ki, bir-birimizə ümid vermək, qolundan tutmaq naminə kimlərsə uydurub bu bir az filasof ruhlu ifadələri. Amma sonra gördüm ki, həqiqətən də zamanın sınağı, çevrədəki baş verənlər, ən vacibi isə öz daxilindəki mübarizə insanı həqiqətən sərtləşdirir. Ondakı mülayimliyi, həssaslığı bir az dözümə, bir az laqeydliyə, bir az etinasızlığa, bir az biganəliyə, bir az görməməzliyə bükür. Və bax bütün bunların içərisində də insan özü-özündən xəbərsiz guya dözümlü olur, guya haqsızlığa, ədalətsizliyə, ağrı-acıya meydan oxuyur.
   
   Mən yazdığım həmin cümlələrin bütün mənalarını dəfələrlə öz-özlüyümdə götür-qoy etmişəm, sola-sağa fırlatmışam, amma gəldiyim qəti bir qərar bu olub ki, sözlə, müsiqiylə, fırçayla yaşayan insanlar digərlərinə nisbətən daha kövrək, daha dözümsüz, daha zərif, daha incə olurlar. Ona görə də qayğı da, kədər də, dərd də, haqsızlıq da, laqeydlik də, unudulmaq da, daha çox onları nişangaha çevirir və bütün bu yükləri çiynində daşıyan həmin o saydığım bəlli zümrədən olan insanlar da ömür payını daha çox nişangah olduğu hədəflərin arasında bölüşməli olur. Hansına az, hansına çox düşməsi artıq nişangaha ünvanlanan güllələrdən asılıdır. Tutaq ki, mən daha çox diqqətsizliyin, biganəliyin və bir də ən vacib olan yurdsuzluğun acısını yaşayıram. Bunlar məni ağacı qurd içərisindən yeyən kimi didib parçalayırlar. Hətta özümün özümdən bəzən acığım gəlir və:
   
   
   
   yaxasından yapışıb
   
   divara
   
   çırpmaq istədim
   
   elə ilk gəlişində
   
   gözünü qırmaq istədim
   
   hətta
   
   canına bir az
   
   diqqət
   
   sırımaq istədim
   
   alınmadı istəyim -
   
   anlaşmadıq dərd ilə!
   
   
   
   Anlaşa bilmədiyimdən də get-gedə üstələyir məni. Meydanda təklənirəm. Bu təklik də təkcə sıxıntıya yox, həm də böyük bir ağrıya çevrilir. Özü də fəsadlı və davamlı ağrıya. Onu isə heç kimə arzu etmirəm.
   
   
   
   ***
   
   Dekabrın birinci 10 gününü yaşayırıq. Sinoptiklər qəribə məlumatlar veriblər. Onların dediklərindən təqribən belə anladım ki, birinci 10 günlükdə hava bir az sərt, bir az mülayim, bir az küləkli, bir az yağışlı, bir az yağmurlu, bir az buludlu, bir az günəşli, bir az soyuq, bir az ilıq olacaq. Yəni, bu 10 gündə yağış da yağacaq, qar da yağacaq, gün də çıxacaq, hələ üstəlik külək də əsəcək. Bir azca da şaxta olacaq. Deməli, bütün bu olacaqlariın içərisində bircə insanların əhvalı necə olacağı barədə heç nə deyilmədi. Əslində onu da deyiblər. Deyiblər ki, bütün hava şəraitinə uyğun geyinməyi və özünüzə fikir verməyi unutmayın. Bu da o deməkdir ki, soyuqdəymədən, sürüşüb-yıxılmaqdan da, yağışda islanmaqdan da, qalın geyinib tərləməkdən də özümüzü qorumalıyıq. Təbii ki, bu onların məsləhəti və arzusudu. Əməl etmək də ki, bizlərin boynunun haqqıdı....
   
   Mən hava durumumuz barəsində eşitiklərimi kağıza köçürərkən düzü daxilən haldan-hala düşürdüm. Çünki zamanın diqtəsi ilə elə bil iynə-sancaq üstündə oturmuşdum. Harasa tələsir, nəyisə çatdırmaq, nəiysə icra etmək, kiminsə yardımçısı olmaq, kimdənsə dəstək almaq, bir sözlə hər şeyə vaxt tapmaq istəyimlə gücüm düz gəlmirdi. Ona görə də içimdəki hava sıxırdı məni. Anlaya bilmirdim ki, mənim daxilmdə indi hansı fəsildi. Çox qatı bir duman işartıları, daha doğrusu cizgiləri duyurdum və bu duyğular da istər-istəməz yazıma da, mənim ətrafımda olanlara da təsir edirdi. Özüm də görürdüm, anlayırdım ki, nə qədər cəhd etsəm də, müsbət, ürəkaçan, xoş ovqat bəxş edən nəyisə yazmaq, nümayiş etdirmək fikrində deyiləm. Bu mənfi aura əsəblərimi də tarıma çəkirdi, üstəgəl də əvvəldə xatırlatdığım diqqət və ehtiyacım öz işini görməkdə idi. Yaxşı ki, yazının bu məqamında qardaşım Vahid Əlifoğludan bir telefon zəngi gəldi. Bir balaca daxili sıxıntımın üzərinə gün işığı düşdü. Amma bu da hələ hər şey deyildi. Görünür, bu günün ovqatı, bu yazının ovqatı son on gündə yaşadığım ağrıların şoumenlərimizin dediyi kimi, yaratdığı depresiyadı. Allah sonunu xeyirə calasın:
   
   
   
   ən yaxın dost kimi
   
   xüsusi bir ərk ilə
   
   gəlib
   
   alırsan məni özümdən...
   
   mən mənə sarmaşmış
   
   kimiyəm sanki...
   
   heç nəsiz,
   
   sadəcə gəlişinlə
   
   elə bil
   
   salırsan məni gözümdən -
   
   beş arşın aşağı.
   
   qalıram boşluqda
   
   və yaxud da
   
   susuz balıq kimi...
   
   bilmirəm,
   
   hardandı səndə
   
   mənə qarşı
   
   bu dəvə kini...
   
   bəlkə deyəsən xoşluqla,
   
   onsuz da
   
   istəyinə çatmısan-
   
   içimdə ümidsizliyə
   
   təslim olan
   
   təzə bir mən
   
   yaratmısan...
   
   
   
   Hə, dekabr da addım-addım 2010 tərəfə yeriyir. İndi nə onu saxlamaq, nə də yolundan etmək mümkün deyil. Çünki zaman ən böyük hakim və qalibdi. İstər deprosyana düş, istər gündə toy-bayramda ol. Dəxli yoxdu, son söz zamanındı. O söz sonuncu olmaqla yanaşı, həm də axırda tarixin sözünə çevrilir. Sözümüzü uca tutaq! Sözümüzü unutmayaq!..

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK