adalet.az header logo
  • Bakı -°C
13 Yanvar 2026 12:43
92
ƏDƏBİYYAT
A- A+

“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR

Yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib.

Adalet.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fikir və düşüncələrindən çıxış edərək keçirilib.

Müşavirəni giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. O, Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı ölkə Prezidentinin çıxışlarını xatırladaraq, bu mövzunun bu gün həm elmi, həm də ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Elçin Hüseynbəyli qeyd edib ki, XIX əsrin sonlarından etibarən Azərbaycan türk dili Qafqazda aparıcı ünsiyyət və mədəniyyət dili olub, sonrakı dövrlərdə müəyyən tarixi-siyasi səbəblərdən sıxışdırılıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan yenidən regionda söz sahibi olan dövlətə çevrilib və bu proses Azərbaycan dilinin nüfuzunun artmasına da güclü təkan verib. O, inamla bildirib ki, yaxın gələcəkdə Azərbaycan dili regionun aparıcı dillərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.

Daha sonra söz qonaqlara verilib, çıxışlarda dövlət dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələləri geniş müzakirə olunub.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Birliyin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, ədəbiyyatşünas alim, professor, millət vəkili Elnarə Akimova, Xalq yazıçısı Elmira Axundova, Milli Kitabxananın direktoru Kərim Tahirli, millət vəkili Jalə Əliyeva, ictimai-siyasi xadimi Həsən Həsənov, professor Vaqif Sultanlı, professor Vaqif Yusifli, azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist Aqil Abbas, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, akademik, Xalq yazıçısı Kamal Abdulla, yazıçı, millət vəkili Səyyad Aran, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, professor Telman Vəlixanlı, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, şair və tərcüməçi Səlim Babullaoğlu, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Əsəd Cahangir çıxış ediblər.

Tədbirin sonunda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək dilin milli varlığın əsas dayağı olduğunu vurğulayıb, Azərbaycan dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin borcu olduğunu qeyd edib.

Müşavirə elmi-ədəbi müzakirələr və aktual təkliflərlə yadda qalıb.