SON DƏQİQƏ:

HAQQA QOVUŞAN ŞAiR

  29861   |  
Şriftin ölçüsü  
Baxışlarından Laçın niskili tökülən, yurd həsrətindən qəddi bir az əyilmiş bir şair vardı bu dünyada. Hər görüşümüzdə özünəməxsus bir tərzdə olub-keçənlərdən danışır, bir ağsaqqal ərki ilə məsləhətlərini verir və aradabir də "bilirəm sənin də ürəyində problem var, özünü gözlə" deyirdi... Mənə özünü gözlə deyən bu böyük insan, dəyərli alim və gözəl şair Ağa Laçınlı idi. O Ağa Laçınlı ki, onu ilk dəfə üzbəüz doğulduğum Tuğ kəndində görmüşdüm. Sovet dönəmi idi, şairlər, yazıçılar rayonlara, kəndlərə əmək adamları ilə görüşlərə ezam olunurdular. Bax, Ağa Laçınlı da bizim kəndə rəhmətlik Tofiq Bayramla birlikdə gəlmişdi...
   
   İllər ötdü, universitet tələbəsi kimi Ağa müəllimlə qarşılaşdım və Tuğdakı görüşümüzün ilk cümləsini dilimə gətirən kimi bayaqdan ovcunda saxladığı əlimi bir az da bərk sıxıb "hə, yaxşı yadımdadı, maraqlı görüş oldu, sən də şer oxudun. İndi də yazırsanmı?"- deyə soruşdu...
   
   Bu iki məqamı xatırlatmaqla Ağa Laçınlıya olan münasibətimi, onunla isti görüşlərimin mənim üçün nə qədər önəmli olduğunu və bu itkinin də hər kəs kimi məni də göynətdiyini sadəcə və sadəcə diqqətə çatdırmaqla bir az özümə təsəlli verirəm, bir az da onun şəxsiyyətini, yaradıcılığını sevənlərə...
   
   İki ay öncə redaksiyamıza gəlmişdi. Baş redaktorumuz, millət vəkili Aqil Abbasla görüşmək, söhbət etmək istəyirdi. Bir tələbəsinin kitabı haqqında göndərdiyi yazısını çap etdiyimə görə bizə təşəkkür də elədi və sonra sözarası dedi ki, son vaxtlar "Məktublar" yazıram, dünyasını dəyişən qələm dostlarım barəsində də, bugünkülər haqqında da. Sənə də "məktub"um var... Doğrusu, utandım soruşmağa, məktubu yazıb, yoxsa hələ yazacaq... Əgər yazmayıbsa bu da bir niskil olacaq mənə. Çünki mənim barəmdə nə düşündüklərini o "məktub"dan biləcəkdim. Eh, bir də yurdunu-yuvasını itirmişlərin bəxti nə vaxt gətirib ki, indi də gətirsin, o cümlədən mənim...
   
   Bu dünyada bir Ağa Laçınlı vardı. Ağa müəllim öz tələbələrinin sevimlisi idi. Ağa Laçınlı öz oxucularının sevimlisi idi. Sözün böyük mənasında Ağa Kişi ailəsinin, dostlarının, elinin-obasının dayağı, ağsaqqalı, böyüyü idi... Dünya ölüm-itim dünyasıdı deyiblər. Vaxtsız əcəl Ağa müəllimi də bu yalançı dünyadan haqq dünyasına apardı. Tanrı dərgahına qovuşdurdu. Ruhun şad olsun, Ağa müəllim. Onsuz da sənin ruhun Laçın səmasında idi, Tanrı dərgahında idi. İndi birdəfəlik köçüb getdin ora. Amma xatirələrin, əməllərin, şerlərin bizimlə qaldı. Biz hərəmiz öz gücümüz daxilində çalışacağıq ki, qoruyaq onları. Allah sənə rəhmət eləsin. Ruhun şad olsun.
   
   

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK