adalet.az header logo
  • Bakı -°C
24 Oktyabr 2026 11:34
71
İQTİSADİYYAT
A- A+

“Zəfərdən sonra Qubadlının iqtisadiyyatı 35 dəfə böyüyüb”

“Sabah Qubadlı şəhəri günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Qubadlı şəhərinin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur. İşğaldan azad olunan Qubadlı şəhəri və kəndləri digər bölgələrimiz kimi qısa zamanda yenidən qurma mərhələsinə qədəm qoydu. İnfrastrukturun yenidən qurulması, iqtisadiyyatın müqayisəli üstünlüyə malik sahələrinin inkişafının dəstəklənməsi və yeni sərmayə qoyuluşları Qubadlı rayonunun inkişafını daha sürətləndirdi”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, işğaldan azad olunan digər ərazilərimizdə olduğu kimi Qubadlı şəhərində də həyata keçirilən genişmiqyaslı quruculuq işləri rayon iqtisadiyyatının böyüməsinə səbəb olub:

“Bir tərəfdən, dövlət büdcəsindən ayırmalar, digər tərəfdən, mərhələli şəkildə özəl sektorun cəlb edilməsi Qubadlının inkişafını şərtləndirir. Zəfərdən sonra Qubadlının iqtisadiyyatı 35 dəfə böyüyüb. 2020-ci ildə 12 milyon manatlıq məhsul buraxılışı olan Qubadlıda bu göstərici artıq 400 milyon manatı keçib. Zəfərdən öncə heç bir sənaye məhsulunun istehsal edilmədiyi Qubadlı rayonunda artıq 10 milyon manata yaxın sənaye məhsulları buraxılır. Zəfərdən sonra yenidən qurma işləri ilə bağlı olaraq tikinti sektorunda dövriyyə 10.7 milyon manatdan 350 milyon manatadək yüksəlib.Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının re-inteqrasiya prosesi daha sürətlənmişdir. 100 min vətəndaşımızın yaşadığı, çalışdığı və təhsil aldığı işğaldan azad olunan ərazilərimiz məşğulluğun təmin olunmasına da xüsusi töhvə verməkdədir. Qarabağ qurulur və yenidən dirçəlir”.

Vasif ƏLİHÜSEYN