adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Dekabr 2021 12:12
1241
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: Yollar qan gölməçəsinə dönüb

Elə bir gün olmur ki, respublikanın avtomobil yollarında və Bakıda ağır qəzalar baş verməsin. Bəlkə də belə bir gün olub, biz bilmirik. Amma hər günün statistikası göstərir ki, respublikamızda neçə-neçə yol-nəqliyyat hadisəsi və ölümlə nəticələnən ağır qəzalar qeydə alınır. Təbii ki, bu ağır qəzalar da hər evə, hər ailəyə bir faciə, bir göz yaşı gətirir...

Bəs görəsən, bu ağır qəzalara və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb nədir? Aydındır ki, baş vermiş qəzalar mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır, aydınlaşdırılır və hadisələri törədən səbəblər dərindən təhlil olunur. Çünki bu təhlillər və araşdırmalar olmadan konkret nəticəyə gəlmək və obyektiv fikirlər söyləmək mümkün olmaz. Görünən odur ki, yol polisi baş vermiş və baş verəcək qəzaların qarşısının alınması üçün davamlı olaraq tədbirlər həyata keçirir. Hər ilin statistikası göstərir ki, əvvəlki illərlə müqayisədə son illərdə respublikamızda baş vermiş yol-nəqliyyat hadisələrinin – ölüm və yaralanma hallarının sayı azalır. Amma bu qədər tədbirlər görülür, bu qədər maarifləndirmə və izahat işləri aparılır, yenə görürsən ki, qəzalar baş verir.

Xüsusən də yağışlı və yağmurlu havalarda və eləcə də yollar buz bağlayanda qəzaların baş vermə ehtimalı daha da artır. Ekspertlər bir fikri səsləndirirlər ki, bir çox hərəkət iştirakçıları mövcud hava şəraitini nəzərə almırlar. Bəzi sürücülər yağışlı və qarlı havalarda surət həddini aşır, yolun qaranlıq olduğunu nəzərə almır, piyadalar isə birmənalı olaraq bu cür çətin havada təyin olunmuş yerlərdən yox, hərəkətin intensiv olduğu yerlərdən keçirlər. Üstəlik də, yollar yaxşı işıqlandırılmayanda və yağış yağanda sürücülər yolu yaxşı görmür, piyada qara paltarda olduğuna görə, görünmə çətinləşir və nəticədə isə yol-nəqliyyat hadisəsi baş verir.

Təbii ki, bütün məsuliyyəti sürücülərin üstünə atmaq düzgün deyil. Məsələn, bu yaxınlarda biz rayona gedəndə Bakı-Qazax avtomobil yolunun Qaradağ istiqamətindən keçən hissəsində yerüstü keçid olsa da, piyadalar elə onun yanından hərəkətin intensiv olmasına baxmayaraq, yolu keçməyə can atırdı. Səhər saatları idi. Hava da yağışlı idi. Daha doğrusu, yağış yağırdı. Piyadalar isə yerüstü keçiddən deyil, yolun hərəkət hissəsindən keçirdilər. Hətta onların bu hərəkətinə bir neçə sürücü etiraz da elədi. Amma buna baxmayaraq, yenə bəzi piyadalar yolun hərəkət hissəsinə keçməkdə israrlı idi. İndi bədbəxt sürücü neyləsin, piyadanı vursa, istintaq orqanlarından canını qurtara bilməyəcək. Ancaq istintaq orqanları da belə şəraiti nəzərə almalı, bütün məsuliyyəti sürücünün üstünə atmamalıdı.

Bizdə ən çox qəzalar respublika əhəmiyyətli yollarda baş verir. Bunun da səbəbləri aydındır: surət həddinin aşılması, ötmə əməliyyatının pozulması, manevr qaydalarına əməl edilməməsi, sərxoş halda sükan arxasında əyləşilməsi, yolun sağı boşaldığı halda sol ilə hərəkət edilməsi, sükan arxasında yuxulaması, ara məsafəsi saxlamaması və avtomobillərin texniki cəhətdən nasaz olması.

Bax, bu səbəblərdən tez-tez istər respublika əhəmiyyətli, istərsə də şəhərdaxili yollarda ağır qəzalar baş verir. Hansı ki, Baş Dövlət Yol Polisi İdarəsi hər həftə sürücülərə xəbərdarlıq edərək

bildirir ki, yuxarıda göstərdiyimiz qayda pozuntularına yol verməsinlər, hava şəraitinə uyğun surət həddi seçsinlər. Yol polisi öz vəzifəsini məsuliyyətlə yerinə yetirir, respublika əhəmiyyətli yollarda qəza şəraiti olan yerlərə əlavə naryadlar göndərir, yağışlı və soyuq havalarda, stasionar postlarda sürücülər saxlanılaraq maarifləndirilir və onlara diqqətli olmaqları tövsiyyə olunur. Hətta sükan arxasında 8 saatdan artıq olan sürücülərə stasionar postlarda şərait yaradılır ki, onlar yuxulayarkən nəqliyyat vasitəsini saxlasınlar. Stasionar postda dincəlsinlər və bundan sonra hərəkətə başlasınlar. Təbii ki, yol polisinin bu tövsiyələrinə əməl edənlər də var, əməl etməyənlər də. Əməl edənlər mənzil başına sağ-salamat çatır, əməl etməyənlər isə ağır qəzalarla üzləşir.

Yol Patrul Xidmət Alayının 1, 3, 12-ci taqımlarında qışa hazırlıqla bağlı qabaqlayıcı tədbirlər görülüb. Belə ki, onlar yol istismar idarələri ilə əlbir fəaliyyət göstərərək qarlı havalarda avtomobillərin təhlükəsizliyini təmin etmək üçün yolların kənarına qum yığıblar. Üstəlik də, ayrı-ayrı anbarlarda bu cür mürəkkəb şəraitdə təhlükəsizliyi təmin etmək üçün qum qarışıq duz toplanıb. Artıq noyabr ayında bölgələrə qar düşəndə avtomobil yollarında təhlükəsizliyi təmin etmək üçün bu tədbirlərdən istifadə edilib.

Hələ qış qabaqdadır. Yəni, dekabrın 22-də qış fəslinə qədəm qoyacağıq. Amma havalardan baş çıxarmaq olmur. Bir də görürsən ki, havanın üzü döndü, qar yağdı və yollar buz bağladı. Xüsusən də, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Qəbələ-Zaqatala yollarına qar daha tez düşür.

Ona görə də bu cür havalarda yol istismar idarələri və yol polisi öz missiyalarını yerinə yetirdiyi kimi, hərəkət iştirakçıları da üzərinə düşən vəzifəni icra etməlidir. Çünki baş verən qəzalar nəticəsində yollarımız qan gölməçəsinə dönüb. Neçə-neçə insanın adi ehtiyatsızlıqdan həyatına son qoyulur. Bir daha sürücülər diqqətli olmalı, yol polisinin tövsiyələrinə əməl etməli, hava şəraitinə uyğun surət seçməlidilər. Bax, belə olarsa, ağır qəzalar baş verməz, yollarımız qan gölməçəsinə dönməz...