adalet.az header logo
  • Bakı 7°C
27 Oktyabr 2021 16:22
663
SİYASƏT
A- A+

“Türk dünyasının incisi Şuşadan Şərqi Zəngəzura qədər yeni inkişaf modeli”

Yanılmaram desəm ki, həyatımın ən xoşbəxt anlarını yaşayıram. Bu anlarda 44 günlük Vətən Müharibəsinin qalibiyyətini yaşamaq, işğaldan azad edilmiş torpaqlarımıza getmək və Qələbəmizin əsl sahibləri ilə tarixi hadisələrin – “Şuşa Bəyənnaməsinin” imzalanmasının, Zəngəzur Dəhlizinin təməlqoyma mərasiminin iştirakçısı olmaq vardır.

İlk səfərim Türk dünyasının incisi olan Şuşaya olmuşdur. Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi rəsmi dəvətlə yollandığım Şuşaya “Zəfər yolu” ilə getdik. Füzulidən Xocavəndə və Şuşaya doğru irəlilədikcə çoxsaylı ağır inşaat texnikalarını - ekskavatorlar, kranlar və yük maşınlarını müşahidə etdik. Yolboyu demək olar ki, hər yerdə qızğın tikinti işləri gedir. Yollar, körpülər, tunellər, su və elektrik xətləri, drenaj sistemləri inşa olunur. Bu torpaqları işğaldan azad edən dövlətimiz indi ona yeni həyat bəxş edir. Qarabağın mirvarisi olan Şuşanın özü isə elə şəhərin girəcəyindən görünür ki, böyük tikinti meydanıdır. Şəhərə yerin altından yeni kommunikasiya xətləri çəkilir, küçələr təmir olunur, hər tərəfdə ağır texnikalar işləyir, qızğın iş gedirdi. Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Bərpa-tikinti işləri zamanı milli memarlıq adət-ənənələrimizi özündə əks etdirən ornamental kompozisiyalar və elementlər tətbiq edilir. Həmçinin fasadların üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunur. Burada gördüklərimiz onu deməyə əsas verir ki, mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. İşğaldan azad olunduqdan sonra ilk dəfə getdiyim ərazilərimizin vəhşicəsinə dağıdılması mənə çox pis təsir etsədə, müasir səviyyədə bərpa olunan və yeni quruculuq işləri Qarabağımızın gələcəkdə regionun böyük sosial, iqtisadi, turizm və mədəniyyət mərkəzi olacağına ümid verməsi məni qürurlandırıdı. Bu ümid və qürurla mədəniyyət paytaxtımız Şuşanın Türkiyə və Azərbaycan bayrağına sarılması ən xoş görünüşlərdən biri idi. Müstəqil Azərbaycan dövlətinin Qurtuluş günü - İyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, “Şuşa Bəyənnaməsini” imzalamaqla, sözün əsl mənasında, tarix səlnamə yazdılar. “Şuşa Bəyannaməsi” iki qardaş ölkə müttəfiqliyinin rəsmi təminatı oldu. Bu tarixi günə şahidlik etmək mənə də nəsib olduğu üçün fəxarət hissi keçirirdim. O qürur hisslərini Şərqi Zəngəzurda yenidən, ikinci dəfə mənə bəxş etdiyi üçün möhtərəm prezidentimizə dərin minnətdarlığımı bildirirəm. 

İşğaldan azad olunan torpaqlarımızda yaradılan inkişaf modeli həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşması, həm də iqtisadi menecmentin müasir çağrışlara uyğun qurulmasını özündə ehtiva edir. Artıq müasir standartlara uyğun beynəlxalq hava limanı, yollar və bir sıra digər infrastrukturun formalaşması istiqamətində işlər başlayıb. Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımdan da yeni modelin formalaşması anlamına gəlir. Bu model isə Prezidentin qeyd etdiyi kimi, növbəti mərhələdə digər ərazilərimizə transfer ediləcək. Bunu Şərqi Zəngəzura –Zəngilana gedərkən şahidi olduğum infrastruktur layilərindən bir daha görmək olur. Bu gün dünyanın bir çox aparıcı şəhərlərində  “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası informasiya və kommunikasiya texnologiyasına inteqrasiya olunur. Bu da imkan verir ki, vətəndaşlar xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə edə bilsinlər. Bu həm asann idarəçilik, həm səmərəliliyin artırılması, həm də hədəflərə nail olunması baxımından əlverişlidir. Eləcə də həmin şəhər sakinlərilə hökumət arasında əlaqənin həm daha şəffaf, həm də daha asan həyata keçirilməsi, eyni zamanda vətəndaş-məmur arasındakı əlaqələrin genişləndirilməsinə imkan verəcəkdir. Səfər boyunca gördüyüm bu iri layihələrin fövqündə isə Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət və  Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması ilə özünün ən qürurverici anlarını yaşaması durur. Son bir ildə üç dəfə Azərbaycanda olan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan oktyabrınn 26-da cənab Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdilər. Səfər çərçivəsində iştirakçısı olduğum Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolunun da təməli qoyuldu. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Dəhliz açıldıqdan sonra uzun illər blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası bu blokadadan xilas olacaq. Tarixi ərazimiz olan Zəngəzura 101 ildən sonra yenidən qayıdacağıq. Zəngilanı Naxçıvandan ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, daha sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi qələbəsidir. Zəngəzur dəhlizi Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat dəhlizi olacaq. Azərbaycanla qardaş Türkiyə Cümhuriyyəti arasında quru sərhədlər bərpa olunacaq. Zəngilan rayonu isə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov