İçinizdəki ayının adı nədir, bəylər? - Eminquey yazır

EMİNQUEY AKİF
2101 | 2021-10-26 10:40

Oyuncaq ayı…

İndiki dövrün “sevgi” simvolu sayılır.

Kişilər içlərindəki ayını çıxarıb sevdikləri qadınlara hədiyyə edirlər. Qadınlar da o ayıların boğazına kəndir keçirib bir ömür hansı havaya istəsələr oynadırlar.

Oynadıb qurtarandan sonra da bir ağaca bağlayıb zərərsizləşdirirlər.

Yadıma gəlir, əlifba bayramımda bütün valideynlər uşaqlarına oyuncaq ayı almışdılar. Amma xatırlamıram ki, o zamanlar ayı “sevgi” simvolu idi, yoxsa yox.

Oxuduğum qədər oyuncaq ayılar 1980-ci illərin ortalarında dəbə minibmiş. Elə məhz uşaqlara alınırmış.

Və həm də Ancelina Colidən Kevin Speysiyə qədər, ABŞ prezidentləri Klinton, Buş, Obama, Tramp – hamısının oyuncaq ayı ilə xüsusi fotoları var.

Oyuncaq ayının əsl hekayəsinə gəlincə isə…

Türk yazıçısı Alev Alatlının “Suç ortağı Hollywood” kitabında bu barədə qeyd olunur.

Alev Alatlı kimdir?

O, bir dövr ABŞ-ın Kaliforniya Universitetində araşdırmalar aparıb, universitetin 1972-74-cü illərdə müxtəlif ölkələrdə apardığı psixo-dil elm layihəsinin İstanbul şöbəsinə nəzarət edib, 1981-84-ci illərdə "Cumhuriyet" qəzeti ilə birlikdə "Bizim English" adlı ingiliscə təhsil jurnalı yayımlayıb, 1984-cü ildən etibarən yazıçılıqla məşğul olmağa başlayıb, Fələstin problemi ilə bağlı apardığı araşdırmalara görə 1986-cı ildə Yasir Ərəfat tərəfindən "Azadlıq medalı"na layiq görülüb, 1987-ci ildə yazdığı "İşgəncəçi" romanına görə Türkiyə Yazıçılar Birliyinin mükafatını qazanıb, "Qoqolun izində" seriyasının ilk iki romanı rus dilinə tərcümə olunub, sözügedən iki romana görə 2006-cı ildə Mixail Şoloxov 100-cü il Ədəbiyyat Mükafatını qazanıb.

Gələk mövzumuza.

Bütün dünyada bu oyuncaq ayılar “Teddy Bear” kimi tanınır.

“Teddy” – bu adla tanınan Teodor Ruzvelt səkkiz il ABŞ-ın prezidenti oldu.

Ruzvelt Dakotadakı fermasında mal-qara yetişdirən kovboy idi.

Xeyli vaxt Amerika mədəniyyətində kovboylar “intiqamçı, zalım, söyüşçül” olaraq tanındılar.

İyirminci yüz ilə gəlib çatdıq, kovboylar Hollivud filmlərilə məşhurluğa qovuşdu. Vəşhi Qərbin qəhrəmanları oldular!

Kovboy geyimləri dəb oldu.

1909-cu ildə "Böyük əxlaqçı" kimi tanınan kovboy Ruzvelt Keniya, Konqo və Sudanı əhatə edən bir səfərə çıxır.

11 min 397 heyvan öldürür.

Ağ kərgədan, fil, begemot və s.

Afrikadan qayıdanda Norveçə baş çəkir.

1906-cı ildə ona verilən Nobel Sülh Mükafatının pulunu götürmək üçün.

Ona bu mükafatı Rusiya-Yaponiya müharibəsini dayandırdığı üçün vermişdilər.

Ruzvelt Missisipi ilə Luizana əyalətləri arasında sərhəd məsələsini həll etmək üçün bölgəyə ova çıxır. O, yaxşı ov tapmamasından şikayətlənərkən yoldaşları bir ayı balası tapıb onu ağaca bağlayırlar, “Qoy prezident gəlib vursun!”- deyirlər.

Yaxşı kovboy olduğunu göstərməliydi axı.

Yaxşı kovboy heç bir heyvanı arxadan vurmazdı.

Bu hadisə “Vaşinqton Post” qəzetində bir karikatur mövzusuna çevrilir və bundan təsirlənən Morris Miçtom arvadı Rozdan oyuncaq ayı düzəltməsini xahiş edir. Və bu oyuncaq ayını Broklindəki dükkanının vitrininə qoyur.

Daha sonra bu ayını Ağ Evə yollayır, Ruzveltdən ona ad qoymasını istəyir. Ruzvelt bu ayıya “Teddy Bear” (Ayı Teddi) adını qoyur.

O qədər pul verirsiniz, sevgilinizə hədiyyə edirsiniz, amma heç birinizin ağlına gəlməzdi ki, bu oyuncaq ayı nə vaxtsa öldürülmək üçün ağaca bağlanan ayı balasını simvolizə edir.

Bəs içinizdəki ayının adı nədir, bəylər?

TƏQVİM / ARXİV