Özünəqayıdışın başlanğıcı -2 - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1693 | 2021-10-22 14:13

Mən o başlanğıcı 30 il gözlədim

 

...Karvan yolu düşdü... Ona görə «Karvan» deyirəm ki, içimdə hələ də «Bakıdan-Tuğa» avtobus getdiyinə inana bilmirdim. Axı 30 il bu yolla hərəkət olmamışdı. 30 il nə Bakı Beynəlxalq Avtovağzalında, nə də dünyanın hansısa bir ölkəsində   «Bakıdan-Tuğa gedən avtobusa bilet satılır» və yaxud ««Bakıdan-Tuğa gedən avtobus filan platformadan yolu düşür» elanı eşidilməyibdir, dondurulub bu elan. Məncə dondurulmamışdı, o həm də həbsə atılmışdı. İndi isə...

Bəli, paytaxtdan üzü Qarabağa, Tuğa doğru müşayiətlə iki avtobus bir-birinin ardınca yol gedir. Mənim sərnişi olduğum avtobusda həmsöhbətlərim respublikanın tanınmış ziyalıları, dəyərli insanlarıdı. Oxuculara öncə onları xatırladım. Bunu ona görə edirəm ki, yol boyu kimlərlə söhbət etdiyimi, kimlərlə xatirələrimi bölüşdüyümü öncədən bilsinlər. Zarafat deyil, bu maşında respublikanın ən nüfuzlu həkim cərrahlarından biri olan professor Mübariz Əliyev, Azərbaycanın ictimai-siyasi həyatında xüsusi çəkisi olan maarif xadimi, təhsilimizin gözəl bilicisi professor Asif Cahangirov, millət vəkili Elman Məmmədov, Musiqi Akademiyasının professoru Tamilla xanım, dəyərli ziyalımız, şair-publisist Bəxtiyar Qaraca...

Biz birlikdə gedirik. Elə avtobusumuz şəhərdən çıxan kimi yola körpü salmağın təşəbbüsünü ələ götürdüm. Necə deyərlər, sözü ortalığa atdım. İstədim ki, hərəmiz öz xəyalımızda getməyək bu yolu. Xəyallarımızı bir-birinə calaq vura-vura həm onları da qovuşduraq, həm də 30 illik həsrətin sonunun gəlib çatdığını içimizdə, ruhumuzda, həyatımızda birmənalı şəkildə inanaq. Təbii ki, bu mənim istəyim idi. Digər yol yoldaşlarımın nə düşündüyünü o vaxt deyə bilməzdim. Elə ki, sözü ortaya atdım, onda yanılmadığıma əmin oldum. Çünki hamı həvəslə, necə deyərlər, bütün varlığı ilə bu söhbəti şaxələndirdi...

- Həkim, (üzümü Mübariz həkimə üz tutmuşdum – Ə.M.) bu yolu axırıncı dəfə nə vaxt getdiyini xatırlayırsanmı?
- Əbülfət, sən elə bir söz soruşursan ki, onun cavabını vermək 30 ili təzədən yaşamaq deməkdi. Çünki bu yol heç vaxt yadımdan çıxmayıbdır. Mən 30 il bu yolu yuxularımda, xəyallarımda yorulmadan, bezmədən, incimədən gedib-gəlmişəm. İstəyirsən Tuğun yolunda neçə döngü olduğunu, hansı döngədə hansı ağacın boy verdiyini bir-bir deyim sənə...

Həkim, əzizim, biz səninlə bu mövzunu hər görüşümüzdə, hər söhbətimizdə müzakirə etmişik və o yolun Füzulidən başlayan nöqtəsini də heç birimiz unutmamışıq «Voenkamatın» diki deyirdik dayanacağa. Ordan oturub avtobuslara, maşınlara gedirdik Tuğa. İndi mən real bir səfərin iştirakçısı olsam da, daxilən özümü inandıra bilmirəm. Elə bil hansısa bir filmi izləməyə başlamışam və Bakıdan uzaqlaşdıqca Tuğa yaxınlaşmağım o filmin sujet xəttindəki dinamikanı göstərir. Yol öz-özünə qısalır. Hətta elə bilirəm ki, mən avtobusdan qabaqda gedirəm...

Söhbətə Asif müəllim qoşulur:

- Mübariz, bizim hamımızın son bir ildə keçirtdiyimiz hisslər məlumdur. Bilirəm ki, sən bir neçə dəfə artıq Tuğda olmusan. Mən də Şuşada olmuşam. Amma nə qədər gedib-gəlsək də, o həsrət tükənmir. Sanki içimizdəki 30 ilin ağrı, acısı, yükü bir buz tayasıdı, yavaş-yavaş əriyir...

Bu məqamda Tamilla xanım:

 - Hə, doğurdan da belədir. Mən televizordan Tuğun görüntülərini izləyəndə babamın, nənəmin necə bir cənnətdə yaşadığını seyr edəndə, həm fərəhdən ürəyim dağa dönür, həm də göz yaşlarımı saxlaya bilmirəm. Valideynlərim o kəndlə bağlı söylədiklərini indi gedib görəcəyimə mən də elə bir hislə yanaşıram ki, onu ifadə elə bilmirəm. Çünki rəhmətlik nənəm Tuğdan şəhərə gələndə bir həftə, on gün biz onun ətəyini buraxmırdıq. Danışdıqlarına, xatirələrinə acgözlüklə qulaq asırdıq. Və bizə qəribə gəlirdi ki, bir ucqar kənddə bu qədər dərin düşüncəyə, məntiqə  malik bir qadın yaşayır. Biz onda qorxurduq deyək ki, nənəmiz, babamız bəy olub, xanım olub. Mənim nənəm, babam, onların ailələri ilk cümhuriyyətin qəhrəmanlarıdı. Babam cümhuriyyətin İstiqlal Bəyannaməsinə imza atanlardan biridir. Bu yolda özlərini fəda etdilər. Nə millətdən, nə də məsləkdən dönmədilər...

Maraqla söhbətlərə qulaq asan Bəxtiyar Qaracadan soruşuram:

- Bəxtiyar, hiss edirəm ki, Mübariz həkimlə şəxsi tanışlığın yoxdu?

- Hə, doğurdan da, barəsində eşitmişəm, televizor ekranlarından görmüşəm, amma ilk dəfədir qarşılaşırıq.

- Deməli, sizi bir-birinizlə tanış etmək missiyası mənim boynuma düşür deyirəm. Və beləcə artıq avtobusun içərisində bir-birinin kimliyini dərindən tanımayan, bilməyən sərnişin qalmır. Mən bu fürsətdən yararlanıb Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı  Elman Məmmədovu söhbətə qatıram:

- Mən Mübariz həkimi də, Asif müəllimi də, sizlərin hər birini yaxşı tanıyıram. Sevinirəm ki, bu gün Qarabağımızın bir gözəl ziyalı xanımı ilə də tanış oldum. Onun  Mustafa bəy, Cavad bəy, Xudadat bəy haqqında söylədiklərinin bir hissəsi tarixdə mənə məlumdur. Amma indi məhz həmin o dəyərli aydınlarımızın varislərindən olan Tamili xanımın dilindən Tuğla bağlı fikirlər eşitmək çox xoşdu...…

- Elman müəllim, inşallah, belə bir səfər də Xocalıya olar tezliklə...

- Mütləq olacaq və Xocalıya səfərlə biz Xankəndinə sancdığımız bayrağın altında cənab prezidentin çıxışını dinləyib bayram atəşfəşanlığı yaşayacağıq. O gün lap yaxındadır.

Söhbət get-gedə şirinləşir və demək olar ki, hamı cənab Prezidentimizin kəndlərimizin, şəhərlərimizin azad edilməsi xəbərini hansı coşğu ilə söylədiyini yadına salır. Xüsusilə Şuşa ilə bağlı qətiyyətli, həm də bir az kövrək səslə dediyi:

- Şuşa, sən azadsan! Şuşa, sən bizimsən! Şuşa, biz qayıtdıq!

Bəli, biz Şuşaya, Tuğa, Qarabağa qayıtmışıq. Ona görə də indi Karvanımız Tuğa gedir. O Karvandakı yolçulardan biri də mənəm. Bura Salyan yoludur. Səfərimizə rəhbərlik edən Prezident Administrasiyasının rəsmisi Niyaz müəllimin tövsiyəsi ilə bu yolun kənarındakı istirahət ərazisində 15 dəqiqəlik fasilə elan olunur. Necə deyərlər, hər kəsin öz zəruri tələbatını ödəməsi üçün. Mən fürsətdən istifadə edib siqaret yandırıram. Doğrudur, tüstülənən siqaretə baxan Mübariz həkim heç nə demir. Amma baxışından hiss edirəm ki, ürəyincə olan iş görmürəm. Neyləmək olar. Az qala 40 ildir ki, tüstülənir bu siqaret əlimdə, barmaqlarımın arasında. Mən də tüstülənirəm onunla birlikdə. Və elə o tüstüyə baxa-baxa da Bakı-Tuğ yolunda doğulan şeiri yaddaşıma yazıram.

 

Gözlərimin dibində

Son işartı, son çınqı.

Əlim dərdin cibində

Ürəyimdə qor, yanğı –

Otuz il gözlədim mən.

 

Dodaqlarımda qabar,

Dilimdə – düyün, yara...

Ruhumda sakin qübar,

Çəkilmiş kimi dara –

Otuz il gözlədim mən.

 

Əllərimdə titrəyiş,

Dizlərimdə döyənək.

Ayağımda büdrəyiş,

Son dözümü geyərək –

Otuz il gözlədim mən.

 

Günəş fərqli doğan gün,

Bir an fırlanmadı yer.

Ordum düşməndən aldı –

Cənnəti, sən də gəl gör!

Mən otuz il gözlədim...

 

...Karvan yolunu davam edir. İndi Asif müəllim yolun qalan hissəsini cavanlarla birlikdə getmək qərarını verib. Yəni, maşını dəyişib. Olsun, bu, onun seçimidi! İnşallah mənzil başında bu dəyişmənin onda hansı təəssürat yaratdığını mütləq öyrənəcəm.  Biz söhbət edə-edə artıq Beyləqan rayonun Daşburun qəsəbəsindən keçib Füzuli istiqamətində gedirik. Horadizdə bizi Xoavənd rayon İcra Hakimiyətinin başçısı Eyvaz Hüseynov və bu səfərdə bizə qoşulacaq daha 9 nəfər ictimaiyyət nümayəndəsi gözləyir. Bir azdan Horadiz yaxınlığındakı, daha doğrusu, mənim üçün Vaqif Bəhmənlinin və Faiq Qismətoğlunun timsalında xüsusi önəmi olan mərhum dostum Şirxan Adıgözəlovla yaddaşıma əbədi yazılan Böyük Bəhmənli kəndinin 7-8 km-dəki Qarabağ otelində Karvan səfərin birinci hissəsini tamamlayır...

Ardı növbəti şənbə sayımızda

  

 

 

 

 

 

TƏQVİM / ARXİV