adalet.az header logo
  • Bakı 20°C
22 Oktyabr 2021 12:27
955
MƏMLƏKƏT
A- A+

16 saat sükan arxasında

Heç kimə sirr deyil ki, əksər avtobus və yük maşınlarının sürücüləri 8 saat əvəzinə, 16 saat sükan arxasında əyləşirlər. Bu isə baş verə biləcək qəzalara münbit şərait yaradır. Yəni, sürücü ya sükan arxasında yuxulayır, ya da yatır. Heç uzağa getməyək. Bir neçə həftə bundan qabaq Bakıda Hava Limanında sürücünün yuxulaması nəticəsində baş vermiş qəzanı yada salmaq kifayət edir.

Belə ki, yük maşınının sürücüsünün sükan arxasında yatması, maşının arxadan avtobusa dəyməsi ilə nəticələnib və qəza zamanı 5 nəfər dünyasını dəyişib, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu qəza bir həyəcan siqnalı olmalıdır. Başqa sözlə demiş olsaq, avtobuslara, yük maşınlarına nəzarət edən orqanlar yaxşı-yaxşı düşünməlidir. İlk növbədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Əmək Müfəttişliyi İdarəsi hərəkətə gəlməli, 8 saatdan artıq sürücüləri işə cəlb edən sahibkarları məsuliyyətə cəlb etməlidir.

Çünki mövcud Konstitusiyaya və hüquqi aktlara görə iş rejimi respublikamızda 8 saatdan artıq deyil. Amma əksər avtobus və yük maşınlarının sürücüləri nəinki 8 saat, hətta 16 saatdan çox sükan arxasında əyləşir və mənzil başına hərəkət edirlər.

Eyni zamanda Baş Dövlət Yol Polisi İdarəsi və eləcə də Bakı Nəqliyyat Agentliyi bu cür qanun pozuntularını diqqət mərkəzində saxlamalı, fiziki, hüquqi və vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb etməlidirlər. Əks təqdirdə 16 saatdan çox sükan arxasında əyləşən sürücülərin üzündən bu cür qəzalar ölkəmizdə tez-tez baş verəcək.

Emil FAİQOĞLU