adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

FAİQ QİSMƏTOĞLU: BÖYÜK XALQ SEVGİSİ

FAİQ QİSMƏTOĞLU
1455 | 2021-10-13 12:03

...Dünya yarandığı gündən ta bu günə kimi Allah-təala tərəfindən idarə olunur. Yəni, dünyamızı yaradan o böyük varlıqdır. Amma bununla yanaşı, hər bir dövlətin başçısı, rəhbəri var. Təbii ki, bizim məmləkətimizdə də Allahı və Prezidenti sevən insanlar çoxdur. Çünki mən Allahı və Prezidenti sevməyən adamın səmimiyyətinə inanmıram. Bir məmləkətin ki, böyüyü, ağsaqqalı, yol göstərəni varsa, deməli, hamı ona hörmətlə yanaşmalı və daha doğrusu, dəyər verməyə borcludur...

...Biz xoşbəxt ölkəyik ki, məmləkətimizdə çox böyük dövlət xadimi, ölkəni və xalqı birləşdirən, uzaqgörən, müdrik siyasətçi Heydər Əliyev kimi bir şəxsiyyət olub. Ən azından ona görə ki, əgər Ulu Öndər vaxtında xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil dövlətdən danışa bilməzdik. Çünki daxili və xarici qüvvələr ölkəni parçalamağa çalışır, müxtəlif bəhanələr axtarır və nəyin bahasına olursa-olsun, ölkəmizdə, məmləkətimizdə hərc-mərclik, xaos yaratmağa çalışırdılar. Ulu Öndərin vaxtında hakimiyyətə gəlməsi həm Azərbaycanı parçalamaqdan və dağılmaqdan xilas etdi, həm də ölkədə baş alıb gedən özbaşınalığın və xaosun qarşısını aldı.

Heç də hər dövlətin və məmləkətin belə şəxsiyyətləri olmayıb və ona görə də həmin ölkələr bu gün də düşdükləri bataqlıqdan çıxa bilmir. İraqdakı, Misirdəki, Liviyadakı vəziyyəti gözümüzün önünə gətirsək, görərik ki, doğurdan da, tarixi şəxsiyyət və uzaqgörən siyasətçi əvəzedilməzdir. Həmin məmləkətlərdə bu gün bir dahi və xalqını sevən şəxsiyyət olmadığına görə ölkədə də vəziyyət ruscadır. Bizdə də bunu eləmək istədilər, ancaq alınmadı. Çünki bu təhlükənin qarşısını Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti aldı.

Torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Üstəlik də dünya gücləri hamısı işğalçının arxasında durmuşdu və ona havadarlıq eləmişdi. Ulu Öndər belə bir mürəkkəb siyasi durumda Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq üçün bütün kürsülərdə, heç kimdən və heç nədən çəkinmədən sözünü dedi və bir daha sübut elədi ki, Azərbaycan müstəqil dövlətdir, onun heç kim daxili və xarici siyasətinə müdaxilə edə bilməz və gec-tez bu ölkə işğal altında olan bütün torpaqlarını azad edəcək. Bu barədə Ulu Öndər dəfələrlə beynəlxalq təşkilatlarda olan çıxışlarında öz fikirlərini dünyaya bildirmiş və demişdir ki, Azərbaycanın bir qarış torpağı da işğal altında qalmayacaq.

Ermənilər ilk böyük dəmir yumruğu Ulu Öndər Heydər Əliyev tərəfindən aldılar. Belə ki, 1994-cü ilin yanvarın 4-dən 6-na qədər Ümummilli Liderin rəhbərliyi ilə Füzulinin Horadiz şəhəri və 22 yaşayış məntəqəsi Azərbaycan ordusu tərəfindən azad edildi. Sərhəddimizdə, daha doğrusu Araz çayının üstündəki körpüdə Azərbaycan bayrağı dalğalandı. Bu möhtəşəm qələbə ilə Azərbaycan dövləti bir daha göstərdi ki, onun bütün torpaqları işğaldan azad ediləcək. Günbəgün artan iqtisadi gücümüz və hərbi potensialımız onu deməyə əsas verirdi ki, bu qələbə uzaqda deyil.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda çox böyük islahatlar həyata keçirildi. Azərbaycan ordusunun arsenalı ən müasir silahlar və texnologiya ilə təchiz olundu. Cənab

Prezident İlham Əliyev də Ulu Öndərin siyasi kursunu davam etdirərək, beynəlxalq kürsülərdə bir daha erməni işğalçılarının iç üzünü ifşa etdi və bu işğalla Azərbaycan xalqının barışmayacağını bildirdi. 2016-cı ilin aprel döyüşləri ermənilərə ikinci dəmir yumruğu vurdu. Bu dəmir yumruq Lələtəpə yüksəkliyinin və minlərlə hektar torpaq sahələrimizin azad edilməsi ilə nəticələndi. Həmin əməliyyatlar zamanı mən bir jurnalist olaraq Horadizdə idim. Çünki Horadiz şəhərində mənim qızım və iki nəvəm yaşayır. Həmin əməliyyat zamanı bir nəfər də olsun şəhəri tərk etmədi. Onlar Prezident İlham Əliyevə və Azərbaycan ordusuna inanırdılar və böyük ümid bəsləyirdilər. Bu ümid də özünü göstərdi. 2016-cı il aprel döyüşləri Azərbaycan tarixinə yeni bir şanlı Zəfər yolu, Zəfər qələbəsi yazdı.

Mən dünyada çox böyük ölkələrin Prezidentlərinin adını eşitmişəm. Amma onların heç biri nə Ulu Öndər Heydər Əliyev, nə də Prezident İlham Əliyev kimi xalq tərəfindən sevilmirlər. Çünki insanın ürəyində sevgi, məhəbbət qazanmaq hər hansı şəxsiyyətin əməlindən asılıdır. Və bu iki dahi şəxsiyyət də bu xalqa, bu millətə özünü sevdirməyi bacardı. Mən 2017-ci ildə Prezident İlham Əliyev ilə bağlı bu başlıq altında: «Dünyanın ən səmimi prezidenti» yazı qələmə almışdım. Məni sevindirən odur ki, cənab Prezident hansı regiona, hansı bölgəyə səfər edibsə, həmişə xalqla çox səmimi söhbətlər edib. Hətta həmin görüşdə Prezidentlə söhbət zamanı həyəcanlanan bəzi sakinlər Prezidentin səmimiyyətindən sonra çox rahat şəkildə öz fikirlərini və istəklərini ifadə ediblər. Əvvəl dediyim və səsləndirdiyim fikrin üstündə yenə də dayanıram və deyirəm ki, İlham Əliyev həqiqətən də dünyanın ən səmimi və sadə prezidentidir.

Bunu bir daha cənab Prezidentin Cəbrayıl və Xocavənd rayonlarının ziyalılarla görüşündə gördük. Cəbrayılda əməkdar artist, gözəl xanəndə Yaqut Abdullayeva çox gözəl çıxış elədi və dedi ki, sizin o dəmir yumruğunuz işğal altında olan bütün torpaqlarımızı azad elədi. İcazə verin, sizin o dəmir yumruğunuzdan öpüm! Yaqut xanım prezidentə yaxınlaşdı, onun əlindən öpmək istədi. Prezident onu bağrına basıb bir daha öz böyüklüyünü göstərdi. Bax, xalq məhəbbəti, millət məhəbbəti budur!

...Mən həmin anlara baxanda çox həyəcanlandım və sevindim. Və bir daha Azərbaycan Prezidentinin xalq, millət məhəbbətinə heyran qaldım. Və bir daha gördüm ki, doğrudan da İlham Əliyev dünyanın ən səmimi prezidentidir.

Aman Allah, insan nə qədər sadə, nə qədər səmimi olar. Cənab Prezidentlə kim ünsiyyətdə olursa, onun təsəvvür edildiyindən də sadə və səmimi olduğunu deyir. Dostum və qardaşım Əbülfət Mədətoğlu cənab Prezident Xocavənddə olarkən həmin görüşdə iştirak edib. Əbülfət müəllim deyir ki, mən əvvəl möhtərəm Prezidentlə danışanda çox həyəcanlandım. Sonra özü elə bir aura yaratdı ki, onun ürəyinin işığının hərarətini hiss etdik. Gördük ki, bu böyük siyasətçi nə qədər sadə və səmimidir. Ona görə də ürəyimizdən nə keçir Prezidentlə görüşdə səsləndirdik.

Prezident İlham Əliyev dəfələrlə görüşlərində bildirib ki, o, hər bir azərbaycanlının prezidentidir. On milyonluq xalq bunu çox yaxşı bilir. Bu xalq yaxşı bilir ki, yuxumuzda görmədiyimiz vətən sevgisini və 30 illik həsrəti arxada qoyaraq bizə bəxş edən Prezident İlham Əliyevdir... Bu xalq yaxşı bilir ki, İlham Əliyev Azərbaycan tarixində unikal bir Zəfər anına imza atıb... Bu xalq yaxşı bilir ki, Prezident İlham Əliyev bu xalqı, bu milləti və ordunu möhtəşəm bir surətdə birləşdirməyi bacardı. Xalqı və milləti, ordunu birləşdirən Prezidenti xalq öz gözü üstə saxlayır və saxlayacaq!

...Milyonların ürəyində özünə əbədi heykəl qurmaq elə də asan deyil. Və Ulu Öndər Heydər Əliyevdən sonra Prezident İlham Əliyev on milyonluq Azərbaycan xalqının ürəyində özünə əbədi bir məhəbbət yaradıb və heykəl qoyub. O məhəbbəti heç bir qüvvə milyonların ürəyindən çıxara bilməz...

...Torpaqlarımız, rayonlarımız, qəsəbələrimiz, kəndlərimiz bir-bir işğaldan azad olunduqca, cənab Prezident deyirdi ki, bunu Azərbaycan ordusu, Azərbaycan əsgəri azad edir. Onlar aslan kimi döyüşürlər, sözünün əvvəli də, axırı da bu Zəfəri Azərbaycan əsgərinin qazanması ilə

bağlayırdı. Bir dəfə eşitmədik ki, desin bu işi, bu qələbəni mən əldə etmişəm, mən qazanmışam. Amma bütün xalq və dünya yaxşı bilirdi ki, bütün bu qələbə və Zəfər Ali Baş Komandan, Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində qazanılıb. Hətta Milli Məclisdə, eləcə də digər mötəbər yerlərdə fikirlər səsləndirirdi ki, cənab Prezidentə Milli Qəhrəman adı verilsin. Amma cənab Prezident o qədər təvazökar, o qədər uzaqgörən bir siyasətçidi ki, bu adın ona verilməsini qəbul etmədi.

Amma Azərbaycan xalqı, Prezident İlham Əliyevi çox böyük qəhrəman kimi qəbul edir, onu sevir və böyük hörmət bəsləyir. Düşünürük ki, bu xalq ona görə xoşbəxtdir ki, onun İlham Əliyev kimi polad iradəli, mətin və uzaqgörən bir dövlət başçısı var. Yazımın əvvəlində qeyd eləmişdim ki, Allahı və Prezidenti sevməyən adamın səmimiyyətinə inanmıram. 44 gündə möhtəşəm qələbəyə imza atmış Azərbaycan Prezidentini bu xalqın məmə yeyənindən pəpə deyəninə qədər hamı çox istəyir. Allah hər bir azərbaycanlıya prezidentlə görüşməyi qismət eləsin. Çünki görüşənlər hamısı deyir ki, onun nə qədər sadə, səmimi və vətənpərvər olduğunu bir daha yəqin edirsən. Görüşəndən sonra yəqin edirsən ki, doğurdan da Prezident İlham Əliyev dünyanın ən səmimi və sadə Prezidentidir.

Mənim özüm dəfələrlə cənab Prezidenti yuxumda görmüşəm. Və yuxuda da inanın o səmimiyyəti, o sadəliyi hiss eləmişəm. Hiss eləmişəm ki, Prezident İlham Əliyev doğurdan da dünyanın ən səmimi prezidentidir və cənab Prezidentin sərəncamı ilə mən 2020-ci ilin iyulun 22-də «Əməkdar jurnalist» fəxri adına layiq görülmüşəm. Bu münasibətlə cənab Prezidentə öz təşəkkürümü də bildirmişəm. Amma ən böyük arzum odur ki, cənab Prezidentlə hansısa bir görüşdə iştirak edim. Allah-təala hamıya öz arzusuna qovuşmağı qismət eləsin...

TƏQVİM / ARXİV