adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

İdman sarayında kitab sərgisi, boş-boş gəzişən tələbələr, 1 manatlıq mənasız kitablar 

EMİNQUEY AKİF
17213 | 2021-10-11 13:31

“Əl oyunları” idman sarayının önünə çatanda ayaq saxladım, bir siqaret yandırdım, düşündüm ki, görəsən, Elşənin belinə taxdığı kəmərdən indi də olsaydı, o kəmər bura gələnlərin hansının belində dayanardı? Kim xilas edərdi qolları daşa dönmüş cəmiyyətimizi?

Məni bu sualların əlindən Aysel Aydının gülümsəməsi xilas edir. Salamlaşıb, hal-əhvallaşıb birlikdə keçirik içəri.

Səs-küydən ağız-qulağa danışa-danışa Aysellə hələlikləşib içərini müşahidəyə başlayıram. Əsəd Qaraqaplanın da salam payını verib davam edirəm. İynə atsan yerə rahatlıqla düşər, amma sərginin sonuncu günü olduğunu nəzərə alsam, yaxşıdır.

Qəfil qeybdən səs gəlir:

- Mehman Hüseynovla görüş yuxarıda, akt zalında başlamaq üzərədir. Hamınızı dəvət edirik.

Bunu eşidər-eşitməz yuxarı qalxıram. Oturacaqlar doludur. Ayaq üstdə də adamlar var. Moderatorluğu Şahbaz Xuduoğlu özü edir. Mehman sosial şəbəkələrdə tənqidi fikirlər barədə danışır. Öz təcrübəsindən, həbsindən, korrupsioner məmurlardan... Şahbaz bəy arxaya çevrilib “kimin sualı var?” deyən kimi mikrofonu alıram. Mehmandan dron uçurtmağın müşkül olduğu bir məmləkətdə hansısa məmurun villasının başında rahatlıqla necə dron uçurtduğunu, bu cəsarətin hardan qaynaqlandığını soruşuram.

“Bu ölkədə karyeranın pik nöqtəsi həbs sayılırsa, bəs həbsdən sonrası nədir? Kiminsə kurasiyasına düşüb bəlli sərhədlər içində kimlərisə tənqid etmək?”

Şahbaz bəyin müdaxiləsini görən kimi “sualımda qərəz, kin yoxdur, sadəcə maraqlıdır, çünki Mehmanı çoxdandır izləyirəm və həbsdən sonrakı fəaliyyətində bir dövr səngimələr oldu”.

Əminəm ki, nə Şahbaz bəy, nə də Mehman bu sualı gözləmirdi. Mehman ənənəvi nəzakətlə “çox əla sualdır” deyib sözə başlayır. Rabitəsiz və uzun danışdığı üçün çıxışı tam olaraq yaza bilməyəcəm, amma sözünün canı bu oldu ki, dəqiq bildiyin, haqq olduğun mövzuda sona kimi getmək mümkündür. Sadəcə cəsarət lazımdır. Yazıçılarımızdan birinin bu mövzuda Mehmana ünvanlanmış statusuna yazdığı “dron uçurtmaq üçün adamda ... lazımdır” cavabının arxasınca da gülə-gülə “o ... da məndə var, mən Mehman Hüseynovam” deyə əlavə edir.

Mehman şəkil çəkdirə-çəkdirə aşağı zala düşür.

 Bu qədər adamın içində Ayseli özümə doğma bildiyim üçün tez-tez yaxınlaşıb söhbətləşirəm. Aysel əliylə qarşıda duran oğlanı göstərib deyir:

- Bu oğlan mənim izləyicimdi. Az əvvəl həyat yoldaşı ilə gəlmişdi. Xanımına kitablarımı göstərib (barmağıyla“Qadın peyğəmbər”, “Qızlar ağlamaz” kitablarını işarə edir) gəl bunlardan alaq dedi. Xanım isə razılaşmadı.

- Aysel, görürsən? Mən demişəm də. Bu ölkədə kişilər göstərərəm ki, qadınlardan qat-qat feministdir. Qadınların hüququnu qadınlardan daha çox müdafiə edir. İndi o xanımına feminist bir yazarın qadınların haqqında yazdığı kitabı almaq istəyən kişi neyləsin?

Gülüşürük...

Bu gülüşə salam da əlavə edib Cəlil Cavanşirlə görüşürəm.

- Üzündə qəribə xoşbəxtlik var. Nə əcəb?

- (Gülə-gülə) Abi, sevgidən ola bilər.

- Vallah, şairlərdən kimisə xoşbəxt görəndə sevinirəm. Hamısı bədbinlik içindədi.

- Hə... olur da, ildə üç-dörd ay belə xoşbəxt oluram.

- Kitab alacaqsan?

- Alacam, amma hələ gəzişirəm, dostum Nadir Yalçın gəlsin.

- Oldu o zaman, buradayam.

Hiss edirəm ki, bu xoşbəxtliyin üstünə bir siqaret yaxşı gedər. Qapıdan çıxanda qəfil bir adam əlini uzadıb “ooo, Eminquey, sizi izləyirəm, yaxşı şeirlər, maraqlı statuslar paylaşırsız” deyib salamlaşır, qapıdakı sıxlıqdan Mirişvari yaxamı qurtarıb “salam, çox sağ olun, var olun” deyib küncə çəkilirəm.

Siqaretimin yarısına çatmışdım ki, uzaqdan qara-qura, totux-motux bir oğlanı görüb İlkin Rüstəmzadəyə bənzədirəm. O yaxınlaşdıqca daha çox İlkinləşir və mənə çatmağa beş-üç addım qalmış qollarını açmağa başlayır:

- Salam, bəy.

- Salam, İlkin, axır ki görüşdük.

İlkin beş-üç kəlmə dodaq dərbəşdirəndən sonra hələlikləşib içəri düşür. Yəni sərgiyə. Bir dəfə içəri düşüb, altı il yatıb. Yəqin elə ona görə də çıxışını axşam altıya salıblar.

Artıq Nadir Yalçın da gəlib.

Çiynimdə çantam, içində beş-altı kitabım var. Hər ehtimala götürmüşəm ki, məni izləyən, tanıyan, oxuyan kəslərdən kimsə kitabımı almaq istəyər.

Açığı üstümdə çox pul da götürməmişəm.

Qarşıda bir səbətin işığına milyonlar şərikdir. Nadir deyir ki, gəl gedək, o səbətdə 1 manatlıq kitablar var. Yəqin nəsə taparıq. Bir-birindən mənasız imzaların içində Selincerin hekayələrini tapıb şükür edirik.

Bir oğlan yaxınlaşır. Gəlişindən hiss edirəm ki, çantamı açacam, bir kitab bu oğlana satacam. Kitablarımı təkbaşına satmışam deyə artıq insanların gəlişindən bilirəm ki, kitabımı alacaq, yoxsa yox. Yanılmıram. Və kitabımı imzalamaq üçün yuxarı, Ayselin dayandığı yerə gəlirəm. Aysel oxucuları ilə şəkil çəkdirir. Masasının üzərində qələm axtara-axtara gözüm Ayselin əlinə sataşır. Qələmi barmaqlarının arasından alıb kitabımı imzalayıram. Pulumu da məmnun-məmnun alıb cibimə qoyuram. Miri bəy şəkil çəkdirib, təşəkkür edib gedir.

Gah telefona baxıram, gah ətrafa göz gəzdirirəm.

- İlkin, kitabını alacam. Həbsdə başına nələr gəlib, maraqlıdır.

- Bəy, darıxma, çölə çıxanda sənin üçün kitab imzalayacam. Mənim yazar-pozar dostlara hədiyyəlik kitablarım həmişə üstümdə olur.

- Nə gözəl. Oxuyum, mütləq tənqid edəcəm.

İlkinin kitabını çantama qoyanda hiss etdim ki, çiynimə zindan ağırlığı çökdü. İlkin təəssüratda bu kitabla ədalətsizliyə qarşı da savaşmaq olar deyə düşünürəm. Qalın üz qabığı, səhifələri çox, çəkisi də maşallah!

Bu cür tədbirlərdə simulyasiyalar çox olur. Məsələn, bir dəstə tələbəni yığıb gətirirlər ki, ortada gəzişin, adam sayı çox görünsün. İşçilərdən birinin bir dəstə gəncə “hələ getməyin” deməsindən anladım ki, burada da belə bir şey var. Amma istənilən halda kitab almaq üçün gələnlər var və hələ də insanda nələrəsə ümid etməkdən əl üzdürmür.

Deyim var, kitabxana qurmaq məbəd yaratmaq qədər müqəddəs bir işdir. Kitab alan, oxuyan az olsa da, “Əl oyunları” idman sarayını kitabla doldurmaq da müqəddəs bir işdir. Hələ-hələ gücün ağıldan üstün olduğu bir dövrdə. Özü də elə idman sarayında.

Bu sərgidə daha bir oxucuma imzalı kitabımı satıb, dostlarımın sevincindən pay götürüb ayrılıram.

Siz də sağ olun ki, bu yazını sonacan oxudunuz.

 

Eminquey

TƏQVİM / ARXİV