Şəhid anası: “Ən böyük arzusu kəşfiyyatçı olmaq idi”
Bu gün 44 günlük vətən müharibəsində şəhid olan Hassan Xalidin anım günüdür.
O, Kəlbəcər istiqamətində 854 yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Xalid könüllü əsgər kimi cəbhəyə yollanmışdı.
Şəhidin anası Maya Quliyeva oğlu ilə bağlı xatirələrini Adalet.az-a danışıb.
Maya Quliyeva Xalidin çoxdan bu günü gözlədiyini söyləyib:
“İlk onu deyim ki, anam müharibə veteranıdır. Ağdam rayonu Saybalı kəndində yaranmış özünümüdafiə batalyonun dəstəsində döyüşmüş adamdır. O vaxt hər evdən bir kişi batalyona qoşulanda atam 1988-ci ildə rəhmətə getdiyi üçün anam atamın əvəzinə bataıyona qoşuldu.
Əvvəlcə anamı həmin batalyona qəbul etmədilər ki, qadınsan, olmaz. Anam da öz inadından dönməyib Ağdam istiqamətində Çuxurməhlədə “Ala Yaqub”un dəstəsinə qoşulmuşdu. Sonra kəndimizin cammatı anamın inadını görüb, onu kəndimizdəki batalyona çağırdılar. Əlbəttə, kişilər onu ön cəbhəyə buraxmırdılar. Anam ancaq qadın işləri görürdü. Bəzən ön cəbhəyə əsgərlər üçün xörək aparırdı. Ancaq təsəllisi bu idi ki, vətənə xidmət edir. Bu, Xalidin vətənpərvərliyinin genetik olmasının göstəricisidir. O, vətən sevgisini anamda, məndə çox görüb, hiss edirdi.
Hələ Tovuz döyüşlərindən sonra anamla Xalid hərbi komissarlığa müraciət etmişdilər. General Polad Həşimov şəhid olandan sonra Xalid qəti qərarlı idi ki, könüllü cəbhəyə yollancaq”.
Şəhid anası müharibə zamanı Ağdamdakı evlərinin “kiçik hərbi hissəyə” çevrilməyində Xalidin əsas rolu olduğunu söyləyib:
“N saylı hərbi hissə bizim evin yaxınlığında yerləşir. Hərbi hissənin yeri bəlli olduğu üçün düşmən o istiqaməti daha çox atəşə tuturdu. Mən Bakıda idim, sentyabrın 27-si saat 07:30-da Xalid zəng etdi ki, ana, çoxdan gözlədiyin hadisə vaş verib, Ağdama gəl.
Təsəvvür edin ki, Avtovağzal istiqamətində Ağdama gəlmək üçün taksi tapa bilmirdim. Hamı Ağdama gəldiyindən taksi və marşurtlarda məhdudiyyət yaranmışdı. Məcburən Bərdəyə gəlməli oldum. Yol boyu Xalidlə danışırdım. Ona dedim ki, Bərdəyə gəlirəm, məni qarşıla, gedək Ağdama. Dedi ki, ana, gələ bilməyəcəm. Çünki şəhidimiz gəlir. Onu Muğam Mərkəzinin qarşısına gətirib, burda yeni salınan Şəhidlər Xiyabanında dəfn edəcəklər. Sən özün gəl.
İlk dəfə idi ki, Xalid mənə yox deyirdi. Bu isə şəhidin dəfn olunan günü idi. Təsadüfdən şəhidin dəfnindən sonra məni Ağdamda “Çay evi”nin yanında qarşıladı.
Evə qayıdanda evimizin arxasında hərbi maşınlar, təcili yardım maşınları gördük. Bizim qəsəbə müharibə zamanı bir neçə dəfə atəşə məruz qalmışdı. Oktybarın 19-u anamla mən də yaralanmışdıq. Evimiz dağılmışdı.
Anam, mən, bir də Xalid 27 sentyabrdan etibarən əsgərlərə hazır xörək, lazım olan əşyalar aparırdıq. Müharibə dönəmində evimiz “kiçik hərbi hissə”yə çevrildi.
Bizim qəsəbədən əlavə digər kəndlər də atəşə məruz qaldığı üçün qadınlar, uşaqlar Avtovağzalın həyətinə, kollecin binasına müvəqqəti sığınmışdılar. Xalid onlara da hər gün müəyyən qədər ərzaq aparırdı. Həmin kəndlərdə yalnız kişilər qalmışdılar.
Hər dəfə hərbi komissarlığa gedəndə deyirdi ki, məni döyüşə aparın. Sonra Xalidə bildirildi ki, səfərbərlik dayandırılıb. Əgər ehtiyac olsa sizə zəng ediləcək.
Komissarlıq atəşə məruz qaldığı üçün yeri dəyişdirilmişdi. Mənə dedi ki, Maya, get, onlara denən ki, məni döyüşə aparsınlar. Bu cəhdi baş tutmadı, çünki səfərbərlik dayandırılmışdı. Məndən xəbərsiz yenə gedib deyib ki, siz məni aparmasanız, bizim evimizin arxasında hərbi maşınlar dayanır. Onların birinə minib döyüşə gedəcəm. Xalidin bu sözlərin mənə deyəndə, dedim ki, o deyirsə, eləyəcək.
Oktyabrın 7-də zəng gəldi ki, sabah avtobuslarla könüllü əsgərlər üçün çıxış var. Hələ də fikrini dəyişməmisənsə, gəl. Səhəri günü Muğam Mərkəzinin qarşısına getdik, orda mənimlə sağollaşdı. Gedən kimi təlimlərə qoşulmuşdu”.
O, şəhidin ən böyük arzusunun kəşfiyyatçı olmağını söyləyib:
“Hərbi xidmətdə olarkən kəşfiyyatçı olmağı arzulayırdı. Ancaq atası xarici ölkə vətəndaşı olduğu üçün buna icazə verilmirdi. Könüllü olaraq yazılıb müharibəyə getmək ona bir fürsət idi. Bir kəşfiyyat rəisi var mən ona “ilangöz” deyirdim. Telefonla danışanda dedi ki, ana, sənin “ilangöz”ünün yanındayam. Onda bildim ki, o, çoxdankı arzusunu reallaşdırmağa başlayıb. Onda anladım ki, hər şey ola bilər. Çünki xüsusitəyinatli qüvvələrin yanında xidmət etmək ən çətin vəzifədir. Əlbəttə, Xalid ora kömək məqsədi ilə götürülmüşdü. İllərlə təcrübə qazanmış əsgər və zabitlərin yanında idi.
Dostları danışır ki, heç bir tapşırıqdan geri qalmırdı. Hətta kimsə ona deyəndəki, sənin körpən var, ön sıralara keçmə, o bunu qəbul etmirdi.
Xalid deyirdi ki,mən burda bığ uzadıram, saç uzatmıram.
Axırıncı dəfə noyabrın 2-si danışdıq. Əlini sinəsinə vurub bayrağı, birdə “Qarabağ” futbol komandasının bayrağını götürmüşdü, onu göstərdi ki, narahat olmayın, ayın 9-u bunu Şuşaya sancıb gələcəm. Həmişə də deyirdi ki, Saybalıdan gələcəm. Mən Saybalının havasın alacam. Görüm o Maya (məni çox vaxt adımla çağırırdı) Saybalıdan ötrü niyə bu qədər özün öldürürdü.
Bəlkə də Saybalıda yaşamaq mənə qismət olmayacaq. Amma mən Xalidin ruhu şad olsun deyə kəndimizin abadlaşmasını istəyirəm. Onun üçün çalışıram.
Onun ruhu şad olsun deyə, kəndimiz üçün əlimdən nə gəlirsə edəcəm.
Ümumən, bütün şəhidlər bir- birlərinə bənzəyirlər. Evlərimizdə bir mələk var imiş, bizim bundan xəbərimiz olmayıb.
Biz qürbətdə yaşayanda mənim Ağdam üçün, Azərbaycan üçün ürəyimin necə çırpındığını Xalid görürdü. Biz onunla ana- bala yox, iki dost idik, bacı- qardaş kimi idik.
Əlbəttə, şəhidlər ölmür. Onların ruhları səmadan hər an bizi izləyir. Biz çalışmalıyıq ki, onların adına layiq olaq”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
06 Noyabr 2025 11:36
XALQ ARTİSTİ GİLEYLİDİR: “Sənət ruhumu öldürürlər”
06 Noyabr 2025 10:38
Əkrəm Babayev: “Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”
03 Noyabr 2025 11:23
Ailə planlanlanması nədən ibarətdir? - Səhiyyə Nazirliyinin mütəxəssisindən tövsiyə
30 Oktyabr 2025 17:32
Günay Əfəndiyeva: “Azərbaycan ilə Qazaxıstanın tərəfdaşlığı həyatın müxtəlif istiqamətləri üzrə genişləndirilməkdədir”
27 Oktyabr 2025 11:22
Hamiləlikdə hansı qidalar tövsiyə olunmur?
27 Oktyabr 2025 10:32
Dənizin sözə dönən səssizliyi – Dənizçi-şairlə söhbət
27 Oktyabr 2025 09:33
Müasir dövrdə kitabxanalar biliklər kompleksidir - MÜSAHİBƏ
27 Oktyabr 2025 08:43


Bakı -°C

