adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
21 Sentyabr 2021 11:57
780
MƏMLƏKƏT
A- A+

Şuşaya getmək üçün “dayday” lazımdır? - Kubra Məhərrəmova yazır...

8 noyabr 2020-ci il hər bir azərbaycanlının ömrünə yazılan tarixi gün oldu. Özü də dünyanın harasında yaşamasından asılı olmayaraq. Çünki bu gün 29 ildən sonra Şuşa erməni işğalçılarından azad olundu. Şuşanın azad olunmasını Ali Baş Komandan hərbi geyimdə Şəhidlər xiyabanından xalqa müraciətində bildirdi. 

Ölkənin sevinc həddini ölçən bir cihaz olsaydı, yəqin ki, ən yüksək rəqəmi göstərərdi. 

Bir azdan bir il olacaq ki, Şuşa işğaldan azad olunub. Bu müddət ərzində Şuşaya minlərlə adam səfər edib. Xarici ölkə diplomatlarından tutmuş, adi Azərbaycan vətəndaşına qədər. 

Və bu gethagetdə yenə də azərbaycanlı damarımız öz sözünü dedi. Şuşaya səfər edənlərin ardınca “daydayı var”, “sizin ora getməyə haqqınız yoxdur, şəhid ailələri ora getməldir” və bundan da betər fikirlər deyildi. Çox təəssüf ki, hələ də deyilir...

 

Mən özüm əslən şuşalı olmağıma baxmayaraq Şuşaya səfər edən hər bir kəsin yerinə sevinmişəm. Niyə getməsin axı? Şuşa onun da Vətəni deyilmi? 

Nə olacaq ki, mən bir il gec getsəm? Əsas odur ki, Şuşada bizik, erməni yox! Şuşanın işığını da bizimkilər yandırır, yolunu da bizimkilər çəkir, çörəyini də bizimkilər bişirir. Nəticədə biz öz evimizə qayıtmışıq.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi çox gözəl təşəbbüs həyata keçirir. Əsli Şuşadan olan, Şuşadan məcburi köçkün düşən adamları qrup-qrup həftədə iki-üç dəfə Şuşaya aparır. Təbii ki, yaşlı insanları ilk növbədə aparırlar. 29 il Şuşanın xiffətini çəkən adamların könlünü alırlar.

Həmçinin bu turlara əslən şuşalı olan jurnalistləri də aparırlar. Çünki hər kəsin Şuşa haqqında öz yazacağı, öz deyəcəyi sözü var. 

Odur ki, “dayday”a ehtiyac yoxdur. Bütün şuşalılar tədricən Şuşanı ziyarət edəcək. Və ən nəhayət bütün Azərbaycan Şuşaya gedəcək. Sadəcə səbr tələb olunur. Bir də gedib-gələnlərin sağ-salamat gedib gəlməsi üçün dua etmək. 

İşğaldan azad olunmuş digər ərazilərə gedərkən yolun hər iki tərəfində düşmənin Azərbaycan ordusu tərəfindən məhv edilmiş ağır texnikasını görürdük. Bu tanklar məhv olunmasına baxmayaraq hələ də ölüm saçırdı.

Şuşaya gedərkən isə yolun hər iki tərəfində yol çəkmək üçün tələb olunan ağır texnikanı gördük. Mühəndislər, fəhlələr dayanmadan işləyirdi. Bir də yol boyu nəhəng “Ağ divlər” qollarında işğaldan azad olunmuş ərazilərə işıq aparır. Bu elektrik dirəkləri çətin landşaftlı ərazilərdə inşa olunub. Qaya-daş bilmədən mühəndislər bu dirəkləri orada durmağa vadar ediblər.

Şuşaya aparan yol “Zəfər yolu” adlanır. Mən hələ belə təmiz, səliqəli, asfalt yol görməmişdim. Yol elə bil şüşədir. Şuşaya doğru dolanbac yollarla üzü yuxarı hərəkət etdikcə adamın qulağı batır. Amma gözü sevinir. Yaşıl meşələr, əsrarəngiz təbiət. Və birdən qayanın başında Şuşa görünür. Heç vaxt görmədiyim Şuşa. Ömrümdə ilk dəfə gördüyüm Şuşa.

Mən Şuşanı atamın gözləri ilə, atamın sözləri ilə sevmişəm. Onun etdiyi təsvir ilə “Cıdır düzü”ndə gəzmişəm. Şuşanı onun qəlbi ilə sevmişəm. Təəssüf ki, bir çoxları kimi atam Şuşanın azad olmasını görmədi. 

Mən isə Şuşanı ağzı-burnu qan içində anasının yanına gələn oğlan uşağı kimi gördüm.

Bu oğlan uşağı döyülüb gəlməyib, döyüb gəlib. Özünün al-qan içində olması vecinə deyil, çünki düşməni məhv edib. Dağıdılmış məscidlər, binalar, qırılmış pəncərələr, yerlə-yeksan olunmuş azərbaycanlı mülkədarların tarixi evləri, digər tarixi tikililər hamısı məndə bu təəssüratı yaratdı.

Şuşa tam sürətlə bərpa olunur. Ali Baş Komandanın dediyi kimi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Bu gün Şuşanın bərpasında Azərbaycanın hər yerindən gələn vətəndaşlar var. Onlar infrastrukturu bərpa edir, var gücləri ilə çalışırlar.

Şəhər olduqca təmizdir. Yerdə zibil görmək mümkün deyil. Binalarda təmir işləri gedir. Tarixi tikililər isə bərpa olunur. Yəqin ki, bir ildən sonra Şuşanı daha gözəl, səliqəli görkəmdə görəcəyik. Bu gün isə istərdim Şuşaya gedən hər bir kəs Şuşanın dağılmış tikililərini, yerlə-yeksan olunmuş tarixi binalarını çəksin və paylaşsın. Çünki bu fakt erməni işğalının bariz nümunəsidir. Bu fotolar hər bir divara vurulmalıdır. Yaddaşımız qısadır axı. Şuşa bərpa olunandan sonra yadımızdan çıxmasın deyə. 

Bir də bu torpaqlar uğrunda canından keçən oğullar yadımızdan çıxmasın. Qazilər yadımızdan çıxmasın. Müharibə dövründə qəhrəmanlıq edən həkimlər, tibb işçiləri, sürücülər, yemək bişirənlər, orduya könüllü yardım edənlər yadımızdan çıxmasın. Əgər ki, bunu unutmasaq daha bizə ölüm yoxdur. 

Bir də unutmayaq ki, 90-cı illərin Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə 195 azərbaycanlı şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. Ermənilərin əsir götürdükləri və Şuşa həbsxanasında saxladıqları 144 nəfər azərbaycanlı isə sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. 

Bir də siyasi görüşündən, əqidəsindən, sağçı və ya solçu olmasından asılı olmayaq heç kim unutmasın ki, bu qələbəyə bizi də, ordunu da Ali Baş Komandan gətirdi. 

İlham Əliyevin siyasi iradəsi və Şuşaya qarşı böyük sevgisi.