adalet.az header logo
  • Bakı 17°C
11 Sentyabr 2021 16:51
2704
MƏMLƏKƏT
A- A+

Zirvədəki Meydanov - “Meydanov  zirvəsi” - Sərhədçi, şəhid Kapitanın 32-ci doğum gününə...

Onun haqqında ilk dəfə qazi Qaffar Axundovun dilindən eşitmişdim. Müharibə yenicə bitmişdi. Qaffar da hospitaldan yenicə evlərinə dönmüşdü. Həm bir vətəndaş kimi, həm də bir yazar kimi boynumun borcu idi ki, qazimizi yoxlayım, vəziyyəti ilə tanış olum. Bax onda, “bizim komandir”, “komandir yox e, bizi qoruyan böyük qardaş” kəlmələrindən sonra göz yaşını saxlaya bilmədi. Qaffar onun özünü əsgərlərinə necə sipər etdiyini və əsgərləri uğrunda ölümü necə qəbul etdiyi o anları,  o son saniyələri hər an xatırlayır...

Elə şəhid olan, qazi olan, bütün silahdaşılarını bir gün də unutmur... Komandiri   Elməddin Meydanov bəlkə də ömrünün sonuna qədər unutmayacaq.

 Adalet.az xəbər verir ki, Elməddin 11 sentyabr 1989-cu ildə Şərur rayonunun Vərməziyar kəndində anadan olub. 7-ci sinfə qədər Türkiyənin İğdır şəhərində “Qurtuluş”   adlı ibtidai məktəbdə oxuyub.Hərbçi olmaq Elməddinin uşaqlıq arzusu olub.Odur ki həyat yolunu heç bir məsləhəti dinləmədən, öz arzusu ilə seçdi.  İmtahan verərək yüksək balla Naxçıvan şəhərindəki  Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu.  2007-ci ildə həmin liseyi əlaçı kursant olaraq qırmızı diplomla bitirdi. Həmin il təhsil illərində əldə etdiyi nailiyyətlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən də mükafatlandırıldı. 


 Elməddin Ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi. Buranı bitirdikdən sonra Cəlilabad şəhərinin Göytəpə qəsəbəsində yerləşən  “N” saylı hərbi hissədə hərbçi kimi işləməyə başladı.Həm zəhmətkeşliyi, həm cəsurluğu, həm də savadı onu pillədən-pilləyə qaldırır.  Zastava rəisi, baş zabit …

 

44 günlük Vətən müharibəsi

 

(Gizir Qaffar Axundovun şəxsi albomundan)


Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kapitan rütbəsi ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli, Zəngilan rayonları istiqamətlərində gedən döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə igidlik və rəşadətlə döyüşüb, bir sıra kəndlərin, yüksəkliklərin azad edilməsində, düşmənin canlı qüvvəsinin, texnikalarının  məhv  edilməsində və ələ keçirilməsində  şücaət göstərib. Araz çayının sahilində yerləşən strateji əhəmiyyətli Ağbənd qəsəbəsinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib.


Canlı şahid qazi, gizir Qaffar  Axundovdur: Bizim batalyon Zəngilan rayonu Vejnəli kəndi uğrunda döyüşlərə qatılmışdı. Komandirimiz, Naxçıvanın Şərur rayonunun Vərməziyar kəndindən olan kapitan Elməddin Meydanov gənc olmasına baxmayaraq təcrübəli və savadlı idi -deyə, əsgərləri dəfələrlə ölümün pəncəsindən qurtarmışdı. Döyüşün qızğın çağında qəflətən erməni dronunun səsi gəldi. Kapitan yerindən tərpənmədən ucadan əmr elədi:”Durduğunuz yerdən dərhal uzaqlaşın!” Əsgərlər həm komandir kimi, həm böyük qardaş kimi onun xətrini o qədər çox istəyirdilər ki, əmrini dərhal yerinə yetirməyə çalışdı. Amma çatdıra bilmədik. Bombardman başladı. Bizim artilleriyaçılar Ermənstan Silahlı Qüvvələrinin dronlarını vurub sıradan çıxardandan sonra gözümü ilk açanda gözüm komandiri axtardı. Qəlpələr onun vücudunu parçalamışdı. Kapitan Elməddin Meydanovun o son halını heç vaxt unutmayacağam... Allah bütün şəhidlərimizə, o cümlədən Elməddin Meydanova rəhmət eləsin!...Nə qədər çalışdım ki, ayağa qalxım, komandimə tərəf gedim...qalxa bilmədim və onda hiss elədim ki, vurnuxaraq qalxmaq istədiyim yer qanın içindədir".  

Bəli, kapitan, igid zabit Zəngilan rayonunun Vejnəli kəndi istiqamətində amansız düşmənlə son damla qanınadək mübarizə apararaq şəhid olub, şəhadətə yüksəldiyi zirvəyə onun  soyadını veriblər.  İndi həmin zirvə “Meydanov zirvəsi” adlanır. 
 Yurdunda Əli və Yusif adlı 2 övladı qaldı
Zəngilan uğrunda mərd-mərdanə döyüşən kapitan Elməddin Meydanov ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medallarına layiq görülüb.

 

 


Yeri gəlmişkən, Şəhidimizin qardaşı Saleh qazidir. O da Naxçıvan şəhərindən Xüsusi Təyinatlı bölmənin tərkibində döyüşə yollanmışdı. Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə, düşmənin canlı qüvvəsinin  məhv edilməsində  mərdliklə iştirak edib, sağ çiynindən qəlpə yarası alıb. 


 İgidlər böyüdən valideynlərin əllərindən öpürəm! Şəhidlərimizin ruhu qarşısında isə elliklə  baş  əyirik!

 

Əntiqə Rəşid