adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Bei Jing Huan Ying Ni! - Eminqueyyazır

EMİNQUEY AKİF
1968 | 2021-09-04 20:14

Dünəndən bəri 11 il orta məktəb oxuyub, minimum 4 il ali təhsil alanların "sende gel", "chun ki", "hal bu ki" yazanların, "universitetə girim, sonrası yola verərəm" deyib hazırlıqlara tökülən pulların üstünə kəsr pullarını gəlib diplom alanların, üçüncü sinif dərsliyində "Yaponiyada ağaca nə deyirlər" sualı olanların məmləkətində gözünü övladının sevincinə dikmiş valideynlərin bayramı idi. 

Bəli...

Bəlkə də dünən neçə-neçə gənc universitetə qəbul ola bilməyib deyə evdə faciə qopacağını düşünüb ya xalasıgildə gecələyib, ya da dostugildə. 

Bəlkə də neçə-neçə qızlarımız tez-bazar ərə verilməsin deyə universitetə qəbul olmasına sevinir.

Bəs yaxşı, o qırmızı-qırmızı diplomlar nə işə yarayır? 

Üz ağarda bilirmi? 

Yoxsa elə öz rənginə uyğun hərəkət edir?

Müəllimlərimiz inciməsin və mən heç onları qınamıram da. Azərbaycanda müəllimlik peşəsi təhsillə məhdudlaşır. Şagirdlərin psixoloji durumları, davranışları və sairə kimi şeylərlə çox az pedaqoq maraqlanır. 

Uzun və dərin söhbətdir. 

Nə deyiblər? 

Elm Çində də olsa, onun dalınca gedin!

Çin? 

Min ilin deyimidir.

Pekin Olimpiadası üçün yaratdıqları simvollar haqqında kiçik bir məlumata rast gəldim. 

Adları belədir: Beibei, Jingjing, Huanhuan, Yingying, Nini.

Balıq, panda, alov, antilop, qaranquş.

Hamısı cizgi film qəhrəmanlarıdır. 

Çin bu beş heyvanla fəxr edir.

Məlumdur ki, balıq dənizi  panda meşəni, antilop torpağı, qaranquş isə səmanı simvolizə edir. 

Alov da ki olimpiada məşəlini.

Bəs nə üçün Çin bu beş heyvanla fəxr edir? Nədir bu beş heyvanın əsl mənası?

Balıq Çin mədəniyyətində bərəkəti, panda güc-qüvvət, özümə inam, xeyirxahlığı, antilop sürəti, çevikliyi, sağlamlığı, qaranquş azadlığı, şansı, xəyalları, alov isə səmimiyyəti təmsil edir.

Adları qəribə gəldimi? Bütün adlar iki eyni sözün təkrarıdı. Niyə? Uşaqların yadında rahat qalsın deyə.

Və nəhayət, bu sözləri tək-tək birləşdirəndə bu Çin dilində bu kəlmə alınır: Bei Jing Huan Ying Ni!

Yəni Pekinə xoş gəldiniz!

Bu möhtəşəm, qəribə söz oyunu çinlilərin zəkasını, xəyal gücünü, yaradıcılığını ortaya qoyur. 

İllərdir bu xalqı, bu dövləti supergücə çevirən məhz təhsilləri, savadları deyilmi? Biz onların sərsəm qida rasionunu ələ salırıq. Xasiyyətimizdir. Bizim üçün yemək hər şeydən öncədir. Amma onlar məhz bu kimi şeylərin hesabına elmdə, texnologiyada, təhsildə, sənətdə, idmanda birinci yerdədirlər. 

5 sözdən, 5 simvoldan, 5 heyvandan ibarət mənzərə!

Bəs bizim simvolumuz nədir?

Alov!

Alovdan başqa heç nəyimiz yoxdur...

Çinlilərin ağlı ilə səmimiyyətdən boluq!

Səhvlərimizi bilirik!

Bildiyimiz səhvləri təkrar-təkrar edirik.

Və çox səmimi şəkildə də etiraf edirik.

Sabiri, Mirzə Cəlili, Axundzadəni alqışlaya-alqışlaya...

 

TƏQVİM / ARXİV