adalet.az header logo
  • Bakı -°C
07 Noyabr 2025 12:16
70
İQTİSADİYYAT
A- A+

“Ürək xəstəlikləri yalnız tibbi problem deyil, bir iqtisadi itkidir...”

“Neçə vaxtdır, müzakirə olunur ki, Azərbaycan ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə  dünyada ikinci yerdədir. Amma hələ də ortada sona qədər gedən real təhlil yoxdur. Peşəkarlar da, qeyri-peşəkarlar da tam eyni şeyi deyir: “Səbəb qida və stresdir”. Bəli, bunlar doğrudur. Hətta təhsilsiz adam da bunu deyəcək ki, səbəb stress və qidadır. Amma “qida pisdir” deməklə məsələ həll olunmur”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, bu sahənin peşəkarları və cavabdehləri ümumi ifadələrlə fikir tamamlamamalıdır:

“Əvvəlcə konkret suallara cavab verilməlidir. O hansı qidadır? O qidanı kim istehsal edir? Xaricdən idxal edilirsə, konkret hansı kanallarla ölkəyə gəlir? Onun idxal strukturu necədir? İstehlak səviyyəsi nə qədərdir və son illərdə artım və ya azalma tendensiyası necədir? Əgər stresdirsə, stresin mənbəyi nədir? Əmək mühiti? Gəlir gözləntisi?  Həkimə müraciət mədəniyyəti?  Profilaktikanın olmaması?”. 

E.Əmirov deyib ki, Yəni ciddi analiz aparılsa, səbəblər iki mərhələdə müəyyənləşdirilə bilər:

“Birincisi, birbaşa risk faktorları, daha sonra həmin risk faktorlarını yaradan struktur səbəblər. Bu gün Azərbaycan tibbi kifayət qədər inkişaf edib, diaqnostika səviyyəsi yüksəkdir. Bu göstəricinin səbəbləri əlbəttə ki, dəqiq aşkar oluna bilər və bunun da ardından müvafiq tədbirlər görülə bilər. Amma hələ də bu mövzuda konkret, analitik, əsaslandırılmış və A-dan başlayıb Z-də bitən bir hesabat yoxdur. Ona görə də məsələ ümumi ifadələrlə deyil, konkret və ardıcıl səbəb zəncirlərinə əsaslanan faktoloji araşdırmalarla izah edilməlidir. Yəni problemi doğuran bütün faktorlar elmi əsaslarla tam identifikasiya edilməli və ən sonda həmin zəncirin ‘kranı’ bağlanmalıdır. Hər bir səbəb, hər bir boşluq, hər bir risk mənbəyi sistemli şəkildə aradan qaldırılmalıdır. Bu, ölkə üçün strateji məsələdir. Ürək xəstəlikləri yalnız tibbi problem deyil. Bu bir iqtisadi itkidir. İşçi qüvvəsinin itirilməsi, ailə yükü, sosial təminat xərcləri və ən əsası bu insan həyatının itirilməsidir. Və hər ürək dayananda, bir ailənin bütün arzuları, bütün planları, bütün gələcək xəyalları da həmin saniyədə sönür. Geridə qalanlar isə ömür boyu davam edən bir boşluqla yaşamalı olur”.

Vasif ƏLİHÜSEYN