adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Iyul 2021 13:56
74356
MÜSAHİBƏ
A- A+

Yadigar Muradov: “Məni “Xarıbülbül” festivalına dəvət etməmişdilər, kimsə deyib ki, o, şuşalı deyil, ağdamlıdır..."

 

Bu gün “Ədalət” qəzetinin qonağı Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradovdur. Ondan ilk dəfə 20 il əvvəl müsahibə almışam. O dövrdə Şuşa Teatrının kollektivi  Gənc Tamaçaşılar teatrına sığınmışdı, yarıqaranlıq bir otağa… Otaq başdan-başa geyimlərlə və rekvizitlərlə dolu idi. Otağın küncündə balaca masa vardı, teatrın direktorunun masası. Bu gün şükürlər olsun ki, Şuşa Teatrının adına layiq binası, direktorun da gözəl bir kabineti var. Amma teatrın kollektivi bu binanı istəmir. Niyə? Səbəbini teatrın direktoru Yadigar müəllim özü deyəcək, buyurub izləyə bilərsiz…

 

Həsən müəllim dedi ki, Bakının küçələrində çox avaralanacaqsız?

 

- Yadigar müəllim, sizinlə hardasa 20 il əvvəl söhbət etmişdik...

- Yadıma gəlir, sən onda arıq sütül oğlan  idin...

- Onda sağollaşanda bir-birimizə, inşallah Şuşada görüşərik demişdik. Üstündən 20 il il keçib. Şükürlər olsun ki, bu gün Şuşa qayıtdı, xalqımız arzusuna çatdı. Şuşa Dövlət Musiqili Dram Teatrının çəkdiyi əziyyətlər bu illər ərzində mənim gözümün önündə olub. Yadıma gəlir, Gənc Tamaşaçılar Teatrında sizin teatra bir otaq ayrılmışdı. Otaq başdan başa, geyimlər, rekvizitlərlə dolu idi. Küncdə balaca bir stol var idi, direktorun stolu.. Bu gün  sizin  teatra Bakıda gözəl bir bina da verilib. Amma yəqin ki, Şuşaya dönməyi səbirsizliklə gözləyirsiz...

- Mən sizi Şuşa Teatrınıın bu gözəl binasında salamlayıram. Siz danışdıqca mən o illləri xatırlayıram. Kino lenti kimi çəkdiyimiz o əziyyətli anlar gəlib gözümün önündən keçir. İllər o qədər sürətlə keçir, öz-özümə sual verirəm ki, mən bu illəri nə vaxt yaşadım? Həqiqətən, biz o vaxt Gənc Tamaşaçılar Teatrında bir otağa sığınmışdıq. Ataların gözəl bir deyimi var, “El elə sığar, ev-evə sığmaz”... Amma biz el-elə sığan kimi orda sığmışdıq. O vaxt Gənc Tamaşaçılar Teatrının direktoru rəhmətlik Kamal Əzizov idi. Mən onunla yanaşı rəhmətlik Həsən Əblucu da xatırlamaq istəyirəm. Söz vaxtını çəkər, hardasa 1992-cü ilin iyun ayı olardı, Həsən Əbluc, Azad Şükürovla mən Gənc Tamaşaçılar Teatrının qarşısındakı çayxanada çay içirdik. Birdən rəhmətlik Həsən müəllim dedi ki, Bakının küçələrində çox avaralanacaqsız? Şuşa Teatrını niyə bərpa etmirsən? Şuşanın işğalından gör neçə vaxt keçib? Kolektivini bir yerə yığ. Teatrı dağıtmaq çox asandı, yaratmaq isə çətin. Sözün düzü, mən bu teatrı min bir əziyyətlə yaratmışam. Həm də o ərəfədə rəhmətlik Hicra Hüseynov televiziyada bizim teatr haqqında “Hardasan, Şuşa Teatrı” adlı gözəl bir veriliş hazırladı. Mən həmin veriliş vasitəsilə teatrımızın kollektivinə çağırış etdim. Teatrımızın əməkdaşları Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışdılar. Təbii ki, hamı gəlməsə də, kollektivin 80 faizini yığa bildik. Ona qədər də, məskunlaşmaq üçün yer axtarmağa başlamışdıq. Həmin illərdə Mədəniyyət naziri olan Polad Bülbüloğlu dedi ki, maraqlanın görün harda yer var, mən tapşırım sizə məskunlaşmağa yardım etsinlər. Yenə də Həsən Əbluc bizi rəhmətlik Kamal Əzizovun yanına apardı. Onda Həsən müəllim Kamal Əzizova dedi ki, sən həmişə xeyirxah adam olmusan, amma Şuşa Teatrına yardım etsən adın Azərbaycan Teatr Tarixinə qızıl hərflərlə yazılacaq. Həm də nazirinə də xoş gələcək ki, onun şuşalılarına sığınacaq vermisən. Necə deyib elə də deyirəm. O da durdu ayağa, şkafdan bir açar götürüb dedi ki, dalımca gəlin! Teatrın labirint koridorları ilə getdik, üstündə “Ədəbi hissə müdiri” yazılan otağın qapısını açıb dedi ki, bu oldu sizin. Sonra kiçik zalı bizə göstərdi ki, məşlərinizi burda edərsiz, geyim, rekvizit, qrim üçün ləvazimat nə lazım olsa istifdə edin. Sonra sexləri bir-bir bizə göstərdi və ordakılara tapşırdı ki, Şuşa Teatrına nə lazım olsa əsirgəməyin! Allah ona qəni-qəni rəhmət eləsin! Tez bir zamanda fəaliyyətə başladıq. Onu da deyim ki, biz Şuşada Dövlət Teatrı statusu alsaq da, açılış edə bilməmişdik. Çünki “Dövlət Teatrı” statusu alandan sonra açılışa qədər olan dövr ərzində biz iki yox üç tamaşa hazılayırdıq. Həm də onda Şuşanı ermənilər tez-tez atəşə tuturdular, gündə bir hadisə olurdu deyə tamaşaları hazılaya bilmədik, rəsmi açılış da qaldı. 1993-cü il, fevralın 13-də şaxtalı-çovğunlu gecədə Gənc Tamaşaçılar Teatrında Şuşa Dövlət Dram Teatrının rəsmi açılışını etdik. Çox narahat idik ki, qar-çovğun, küçələr donub, nəqliyyat iflic vəziyyətində, kimsə tamaşaya gəlməyəcək. Amma tamaşa anşlaqla keçdi. O gündən biz orda hər janrda maraqlı tamaşalar hazırladıq...

 

- Bu binanı nə sizə nə vaxt verdilər?

 

2005-ci ilə qədər Gənc Tamaşaçılar Teatrında olduq. Sonra bu binanı bizə verdilər. Onda “Savalan” kinoteatrı kimi fəaliyyət göstərirdi. Əslində bina çox bərbad vəziyyətdə idi. Köçdük bura. 2014-də də bura təmirə bağlandı. Onda da dostumun restoranında məskunlaşdıq... Təmirdən sonra 20018-ci ilin dekabrın 24-də bu binanın açılışını etdik. Bir il gözəl tamaşalar oynadıq. Burdan da inşallah yaxın zamanlarda Şuşaya gedəcəyik.

 

Neynirəm ki, erməninin cındır günündəki “Cip”ini, özümün gül kimi “Yeşka”m var da...

 

- Şuşaya qayıdandan sonra görüləcək işlərin planı hazırlanıbmı? Həm də, mənə maraqlıdır, Şuşanın azad olunması xəbərini eşidəndə hansı hissləri yaşadız?

 

- Bzi Şuşadan çıxandan bəri Şuşaya qayıdandan sonra görəcəyimiz işlərin planını tutmuşuq. Bu illəri hər gün Şuşaya qayıtmaq ümidi ilə yaşamışıq. Doğrudur, çox uzun çəkdi. Amma şükürlər olsun ki, bu günü gördük. Bu illər ərzində yalnız onu arzulamışam ki, kaş Şuşaya qayıdaq. Gedim üzümü Qala divarlarına sürtüm, Üzeyir Hacıbəyovun “Sənsiz” romansını oxuyum, elə ordaca ölüm... Şuşaya gedəndə bizi Qala divarlarına yaxın buraxmadılar... Şuşadan qayıdanda Qala divarlarının yanında avtobusumuz xarab oldu. Teatrımızın aktyoru Teymur müəllimin hərbçilər arasında tanışı vardı, ondan xahiş etdik bizi ora buraxdılar. Evimi gördüm. Ermənilər onu dağıtmamışdılar.  Artıq elə xoşbəxt idim ki, ölmək filan yaddan çıxdı. Belə bir lətifə var e, biri hündür binadan aşağı yıxılır. Göydə deyir ki, salamat qalsam, var dövlətimi kasıblara paylayacam. Elə olur ki, sağ qalır. Öz-özünə deyir ki, adam göydə olanda beyninə sarsaq fikirlər gəlir... Mən də fikirləşdim ki, elə 28 il Şuşasız hər gün ölüb-dirilmişəm də. Yəni ölmək limitimi doldurmuşam... Evimin qarşısında bir xarab “Cip” də vardı. Ermənilər də üstünə yazmışdılar ki, “türk bunu düzəldib sürərsən”... Neynirəm ki, erməninin cındır günündəki “Cip”ini, özümün gül kimi “Yeşka”m var da...

Şuşa azad olunan gün mənim kiçik oğlumun ad günü idi. Evdə balaca bir xudmani məclis qurmuşduq. Ondan bir iki gün əvvəl Şuşanın azad olması xəbərini alırdıq. Amma noyabrın 8-də möhtərəm Prezident, cənab Ali Baş Komandan Şuşanın azad olunmasını elan etdi. O xəbəri eşidəndə sevincdən ağlımı az qala itirmiş kimi oldum. Çünki sevincdən həm dəli kimi gülürdüm, həm oynayırdım, həm qışqırırdım, həm də oxuyurdum. Həmin gün mənə yalan olmasın minlərlə zəng gəldi. Həmin zənglərə də, biixtiyar Əlibaba Məmmədovun bir mahnısı var, onu oxuyub cavab verirdim:

Bu gün elə xoşbəxtəm ki sanki qanadlı quşam
Elə bil ki, anadan indicə doğulmuşam...

Bu gün teatrımızın bütün kollektivi gecə-gündüz yalvarır ki, ay Allah, qismət elə, tez qayıdaq. Mən o gün də televiziyada danışanda elan etdim ki, Şuşa Teatrı üçün bina hazır olanadək, ordakı evim iki mərtəbəli, üstündə hündür çardağı çardağı olan çox böyük bir binadır, teatrın binası kimi istifadə etmək olar. İkinci mərtəbəsi də böyük bir çardaqdır. Orda da məşq edib, 200-250 nəfərə tamaşa göstərə bilərik. İnanın bizim teatrın indiki binasından çox böyükdür. Teatrın kollektivi orda məskunlaşa da bilər. Mən öz mülkümü Şuşa Teatrına ərmağan edirəm, təki tez qayıdaq. Qayıdıb yaradıcılıqla məşğul olaq, erməni də yanıb-tökülsün. Çünki işğaldan sonra ermənilər bizim teatrın binasında Kukla Teatrı açmışdılar, bir neçə il bundan əvvəl isə təmamilə yerlə yeksan etdilər. İndi o binanın yerinə daş düzüb, guya park ediblər.

- Novruz bayramında Şuşada bayram tədbiri keçirəcəkdiz, deyəsən alınmadı...

- Bəli, biz Novruz bayrmında Şuşada bayram konserti təşkil etmək istəyirdik. Ssenarisi də hazır idi. Pəhanəli xan, Xurşudbanu Natavandan tutnuş, Bülbül, Xan Şuşinskiyədək Şuşanın bütün tarixi şəxsiyyətlərinin obrazları həmin ssenaridə vardı. Kosa ilə Keçəli də müasirləşdirmişdik. Ssenaridə onlar tamam başqa obrazlar idi, pay yığmaq əvəzinə özləri sovqat paylayırdılar... Amma bizdən asılı olmayan səbəblərdən bu planımız alınmadı.

- “Xarıbülbül” festivalında da Şuşa Teatrının kollektivini səhnədə görmədik...

- Heydər Əliyev Fondundan bizə konsertdə iştirakla bağlı heç nə deyilmədi. Deyilsəydi, bayaq dediyim ki, hazır maraqlı musiqili-ədəbi kompozisiyamız vardı. Bizim teatrın kollektivindən 13 nəfər “Xarıbülbül” Festivalına qatıldıq, amma tamaçaşı kimi... Heç məni aparmaq istəmirdilər. Kimsə deyib ki, Yadigar Muradov ağdamlıdır, şuşalı deyil... Yəni Yadigar Muradov Ağdamda doğulduğu üçün ora gedə bilməz. Mən də dedim ki, harda doğulmağımdan asılı olmayaraq, 31 ildir Şuşa Dövlət Musiqili Dram Teatrının direktoruyam. Bu teatrı mən yaratmışam 41 il əvvəl. Orda mənim o boyda evim qalıb. Mən Şuşalı olmasaydım mənə şəhərin mərkəzində o yeri kim verərdi? Şuşalı olmasaydım mənə o evi tikdirmək üçün icazə verilərdimi? O evin tikilməsi ilə bağlı sərəncam, layihəsi və digər sənədlər indi də məndə durur. Lap mən Kürdəmirdə doğulmuşam, hazırda Şuşa Teatrının ki, direktoruyam... Axirda bir söz dedim ondan sonra lap yumşaldılar... Mənim oğlum Üzeyir “Green card”la neçə il idi ki, Amerikada yaşayırdı. Soruşdum ki, mənim oğlum, ABŞ-dan təcili gəlib könüllü olaraq Ağdam Hərbi Komissarlığından qeydiyyatdan keçib Vətən Müharibəsinə getdi, yoxsa Şuşa Hərbi Komissarlığından. Özü diş həkimidi, həkim kimi müraciət etdi, aparmadılar, dedilər ki, sən Hava Hcumundan Müdafiə Qoşunlarında əsgər olmusan. Ona görə də, mən dedim ki, necə deyirlər elə də get, ona görə sıravi döyüşçü kimi müharibəyə getdi.

- Döyüşdüyünə görə orden ya medal aldımı?

- Heç nə almayıb. Bircə hərbi biletinə müharibədə iştirak etməsi yazılıb. Mənim bacılarımın nəvələri də Vətən Müharibəsində iştirak edib, şükür Allaha onlar da sağ-salamat qayıdıb gəldilər. İnanın, onlar sağ-salamat müharibədən qayıdanda ata-anası qurban kəsmək istədi, qoymadılar ki, adam müharibədən ya şəhid qayıdar, ya da qazi. Çox adam toya el şənliyi deyir. Amma toy ayrı şeydir, el şənliyi ayrı şey. Mən evlərimi o toylarla tikmişəm, övladlarımı böyütmüşəm, oxutmuşam, maşınımı almışam, övladlarımı evləndirmişəm. İndi il yarımdır toylar dayandırılıb, inşallah iyulun-1-də açılacaq. Amma daha daha səhhətim əvvəlki kimi imkan vermir. Üzeyir müharibəyə gedəndən sonra şəkər xəstəliyi tapdım, siqareti 17 ildi atmışdım, indi gündə 4 qutu çəkirəm. Yəni toydan ona görə danışdım ki, oynamaq üstündə toyda cavanlar nə oyundan çıxıxrdılarsa, inanmazdım ki, onlar düşmənin üstünə elə gedəcəklər. Toyda oynamaq üstdə şuluq salan uşaqlar gedib erməni öldürmək üstdə dava salırdılar.

- Yadigar müəllim, ömrünüzün yarısı Bakıda keçib. Şuşa Teatrı da Bakıda tanındı, aktyorları burda məşhurlaşdılar, sevildilər, kinoya seriallara çəkildilər. Gedəndən sonra Bakıdan ötrü darıxmayacaqsız ki?

- Mən Bakıda təhsil aldığım illərimdə də fikrim həmişə Şuşada idi. Bakı gözəl şəhərdi, paytaxtımızdır, amma Şuşanı 30 il arzulayıb təzədən Bakıda qalmaq ayıb olar. Həm də biz işlə əlaqədar olaraq tez-tez Bakıya gələcəyik də, niyə darıxım ki? Yox e, Şuşada olsam Bakıdan ötrü darıxmaram.

- “Aşıq Yediyar”ı yaman tez yaradıcılıqdan uzaqlaşdırdız...

- Bir dəfə xalq yazıçısı Elçin Əfəndiyev mədəniyyət naziri Polad Bülbüloğlunun yanında dedi ki, sən yeni bir satirik-publisistik janr yaratmısan, bəlkə də xəbərin yoxdur... Mənim “Qulp”da oxuduğum mahnılar bütün səviyyələrdə qəbul olunurdu. Bir dəfə Novruz bayramında Qoşa Qala qapısında çəkilişdə idik, prezidentin mühafizəçisi bizə dedi ki, Heydər Əliyev sizi çağırır. Getdik Ümummili lider bizimlə söhbət elədi, yumurta döyüşdürdü, şəkillər çəkdirdik və bizə dedi ki, davam edin, bizə satira lazımdır. Onun sözündən sonra daha da həvəslənib satiramızın “doza”sını bir az da qaldırdıq. Sonra necə oldusa bizim verilişin “Qulp”unu burdular... Elə yenidən “Qulp”un fəaliyyətini bərpa etmək istəyirdik ki, ANS fəaliyyətini dayandırdı. Sonra mənim özümə başqa anallardan təkliflər gəldi ki, Aşıq Yediyar kimi veriliş aparıb mahnılar oxuyub. Onda soruşdum ki, satira olacaqmı? Dedilər ki, yox, yalnız yumor olsun. Mən də razılaşmadım. Biz o vaxt “Qulp” maraqlı alınsın deyə, nələr etmirdik. O vaxt yadınıza gəlir, Hacıbala Abutalıbov Bakı şəhərində dəmir köşklərin yığılması barədə tapşırıq vermişdi. Biz də “Qoy sənin dalınca doyunca baxım” adlı mahnıya klip çəkirdik. Həmin köşkü kran qaldıranda mən də yuxarı qalxdım, ordan əlimi buraxanda altında daş qaldı, ayağım sındı. Sonralar “Aşıq Yediyar” kimi guya yumoristik səviyyəsiz aşıq obrazları yaratdılar... Mənim oxuduşum mahnılar bu gün də dillər əzbəridir. “Aşıq Yediyar” 20 il əvvəl meydana çıxmış bir obrazdır bu gün də sevilir. Onu bəlkə bir tamaşaya da daxil etdim. Nəsə indi hamı satiradan qorxur. Əvvəllər satirik kino jurnal vardı- “Mozalan”. Satirik kinolar çəkilir, tamaşalar səhnəyə qoyulurdu. İndi yalnız yumordur. O da aşağı səviyyədə. Kimsə nəyisə tənqid edib özünü pis eləmək istəmir. Mən ömür boyu kimsədən çəkinmədən həqiqəti demişəm. Hətta deyiblər ki, filankəs səni işdən çıxaracaq. Amma həmin adam deyib ki, Yadigar düz deyir də. Doğrudur, həmin adamla böyük mübahisəmiz düşüb, sözümü deyib kabinetdən çıxmışam ki, gedib şələ-şüləmi yığışdırım gedim, yanındakı adama deyib ki, Yadigar düz deyir... Həqiqəti demək lazımdır. Hətta Nüsrət Kəsəmənlinin  sözü olmasın, həqiqəti haylı- küylü yalanların içində pıçıltı ilə deməklə də olsa...

Həqiqəti pıçıltıyla dedilər
Haylı-küylü yalanların içində.
Həqiqəti daim başda gördülər
Oda düşüb yananların içində...

Bəzən elə olur ki, həqiqəti demək olmaz, çünki qırmızı çizgi var da... Bilirəm ki, onu desəm, çox şeydən ola bilərəm, misal üçün, işimi itirə bilərəm. Ha özümü çıxıram ki deməyim, amma deyirəm... Çünki sonra təəsüflənib dizimə vuracam ki,  niyə vaxtında onu düz demədim? Ona görə də, həmişə düz danışıram. “Aşıq Yediyar” həqiqəti deyə-deyə. bilirsən mənə nə pul qazandırıb? Bəzən toy sahibləri şikayət edirdilər ki, sən filan mahnını oxudun, filan müəllimin xətrinə dəydi. Mən elə filan müəllimin xətrinə dəymək üçün oxuyurdum da...

Söhbətləşdi: İltifat HACIXANOĞLU