adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Iyun 2021 10:12
67065
MÜSAHİBƏ
A- A+

 "Azərbaycan musiqi məktəbinin ən görkəmli nümayəndələri bizim kollecin yetirmələridir" - Nazim Kazımov

 

Haqqında bu gün söhbət açacağım insanı uzun illərdən bəri qiyabi tanısam da, onunla şəxsi  tanışlığımız yox idi. Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov kənardan baxanda da çox sərt məmur təəssüratı bağışlayır. Asəf Zeynallı adına Musiqi Kollecinə direktor təyin olunanadək onun tarzən olmasını isə təsəvvürümə gətirməzdim. Bununla yanaşı o həm də, sən demə filoloq imiş... Bəlkə də bu səbəbdəndir ki, onunla söhbətimiz belə maraqlı alındı. Buyurub tanış ola bilərsiniz.

 

 Bizim kollecin məzunlarından 9-u SSRİ xalq artisti fəxri adına layiq görülüb...

 

- Asəf Zeynallı adına Musiqi Kolleci bir direktor kimi sizin üçün nə deməkdir?

 

- 2000-ci ildən etibarən ali və orta ixtisas təhsil müəssisələrinin adları ləğv edilib. Bir neçə il bundan əvvəl Bakı Musiqi Akademiyasına yenidən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin adı qaytarıldı. Bizim kollecimiz də 1953-cü ildən 2000-ci ilədək Asəf Zeynallının adını daşıyıb. Onu da deyim ki, Asəf Zeynallı bəstəkarlıq fakültəsini bitirən ilk professonal azərbaycanlı bəstəkardır. Musiqinin bütün janrlarında onun gözəl əsərləri olması ilə yanaşı, bəzi janrlarının da banisidir. Misal üçün, "Ölkəm" romansı ilə  bu janrın əsasını qoyub. Cəmi 23 il yaşayıb. Adamın inanmağı gəlmir ki, bu yaşda o, belə böyük işlər görüb. Tələbə ikən Leninqrad Konservatoriyasında (indiki Sankt-Peterburq-İ.H) 1931-32-ci illərdə Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, həmçinin öz əsərlərindən ibarət konsertlər təşkil edib. 1932-ci ldə Asəf Zeynallı rəhmətə gedəndə  Üzeyir bəyin təklifi ilə Azərbaycan Dövlət Konservatoriyasına onun adı verilib. 1948-ci ilə qədər Konservatoriya Asəf Zeynallının adını daşıyıb.  Asəf Zeynallının qardaşı qızı bizdə müəllimə işləyirdi, o deyirdi ki, əmim Üzeyir bəy rəhmətə gedəndən sonra gəlib babamdan xahiş etdilər ki, konservatoriyanın onun adını daşımasına etiraz etməsin, razılıq versin. Amma Asəf Zeynallının adı da yerdə qalmadı, Musiqi Texnikumuna da onun adını verdilər. 1953-cü ildən 2000-ci ilədək bizim kollec Asəf Zeynallının adını daşıyıb. 12 il bundan əvvəl adlar yığışdırılsa da, hələ də bizim təhsil müəssisəsi Asəf Zeynallı adına Musiqi Kolleci kimi tanınır. Çox vaxt mətbuat vasitələrində də belə adlanır. Kollec sözünü də  nadir hallarda işlədirlər. Biz tələbə olanda soruşurdular ki, "Bülbül"də oxuyursan, yoxsa "Asəf Zeynallı"da"..

Ümumiyyətlə, Azərbaycan musiqi məktəbinin ən görkəmli nümayəndələri bizim kollecin yetirmələridir. Lütviyar İmanov, Müslüm Maqomayevdən tutmuş-bu günkü məşhur musqiçilərin əksəriyyəti böyük səhnələrə bu təhsil müəssisəsindən vəsiqə qazanıblar. Statistik rəqəmlər də bu məktəbin möhtəşəm uğurlarının göstəricisdir. Bizim kollecin məzunlarından 9-u SSRİ xalq artisti fəxri adına layiq görülüb. Bura rəhbər təyin edilməyimi də taleyimin ən xoş qisməti kimi dəyərləndirirəm. Mən 1966-cı ildə buranın tar sinfinə qəbul olunmuşam. O dövrdə iki yerdə oxumaq olurdu, bir il sonra həm də Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundum. 1970-ci ildə burada təhsilimi başa vurub Şirvan şəhərinədəki musiqi məktəbinə tar müəllimi təyinatını aldım. Universiteti bitirən ili Bakı Musiqi Akademiyasına qəbul olundum. Burada da Üzeyir bəyin ilk tələbələrindən olan Səid Rüstəmovun sinfində 5 il oxudum. Rəhmətlik Səid müəllim elə gözəl insan idi ki, mən bir tələbəsi kimi onun haqqında monoqrafiya yazandan sonra bir az yüngülləşdim.

 

50 ildir, mən musiqinin tədrisi ilə məşğulam…

 

- Tələbə vaxtlarınızda nə vaxtsa bura rəhbər təyin ediləcəyinizi fikirləşirdinizmi?

 

- Nə danışırsınız, əgər nə vaxtsa mən Asəf Zeynallının direktoru təyin ediləcəyəmi bilsəydim, sevincimdən ürəyim dayanardı. Çünki bura Azərbaycan musiqisinin beşiydir. Dahi Üzeyir bəy burada iki dəfə direktor işləyib. Rəhmətlik Süleyman Ələsgərov da iki dəfə buranın dikrektoru olub. 2001-ci ildən də bu kollecə mən rəhbərlik edirəm. Mən heç rəhbər gəlməmişdən əvvəl də bu kolleclə sıx təmasda idim, bütün müəllim kollektivni yaxşı tanıyırdım. Əvvəla, 4 il burada təhsil aldığıma görə, müəllimlərin demək olar ki, əksəriyyəti ilə tələbə yoldaşı olmuşdum. Təranə Vəlizadə ilə həm burada, həm də Bakı Dövlət Universitetində bir fakültədə oxumuşuq. Sonradan 5 il Bakı Musiqi Akademiyasında bir  yerdə oxumuşuq. Bilirsinizmi, bu günkü ustad sənətçilərin uşaqlıqları mənim yadımdadır, onların ilk ifalarını yaxşı xatırlayıram. Bilirsinizmi, musiqiçi belədir ki, ilk vaxtdan özünü tanıtdırmağı bacardısa, axıradək tanınacaq. Bundan başqa mən Təhsil Nazirliyində incəsənət sahəsinə kuratorluq etmişəm. Musiqi məktəbləri də birbaşa mənim kurasiyaama daxil olduğu üçün bu kolleclə sıx əlaqələrim vardı. Müsabiqələrin keçirilməsində bilavasitə iştirak etdiyimə görə, demək olar ki, tələbələrini də tanıyırdım. Ona görə də bura gələndən sonra mənə heç bir çətinliyi olmadı.

 

- Amma Nazim müəllim, buranın rəhbəri olmaq böyük məsuliyyəti öz üzərinə götürmək deməkdir…

 

- Doğru buyurdunuz, amma mən bu məsuliyyəti yaddan çıxarmıram. Çünki Azərbaycan musqisinin gələcəyi bu gün bizim kollecdə təhsil alanların çiynində olacaq. Mən bunun məsuliyyətini çox düzgün hiss edirəm. Mən bilirəm ki, bu günkü bizim tələbələr nə qədər güclü yetişsə gələcəkdə Azərbaycan musiqisi etibarlı əllərdə olacaq. Və yaxud əksinə... Mən bura direktor gələndə də bilirdim ki, bu kollec dahilər yetişdirən böyükənənələrə malik bir təhsil ocağıdır. Məndən əvvəlki sələflərimin estafetini davam etdirməliyəm. Baxmayaraq ki, mən bura direktor gələncə bir çox çətinliklərimiz vardı. Əvvəla yer problemimiz vardı. Əvvəlki binamız zəlzələdən sonra uçmaq təhlükəsi ilə üzləşmişdi. Rəhbərlik sağ olsun, 2002-ci ildə şəhərin məkəzində yerləşən bu gözəl binanı bizə verdi. Əvvəlki binamızdan iki dəfə böyükdür. 250 nəfərlk konsert zalımız var, burada mütamadi olaraq tələbələrimizin konsertlərini keçiririk. Amma əvvəllər biz hər hansı tədbiri keçirmək üçün yer tapmaqda çətinlik çəkirdik. Xan Şuşinskinin 100 illiyini biz Maliyyə Kredit Kollecinin zalındla qeyd etdik. Amma 110 illiyini öz məktəbimizdə keçirdik.

 

- Nazim müəllim, sizin tələbəlik dövrü ilə müqayisədə çox şey dəyişib; təhsilin formasından tutmuş, qəbul qaydalarınadək. Sizin rəhbərlik etdiyiniz kollecə də məlumdur ki, çox böyük maraq var, bütün gənc musiqçilər burada təhsil almağa həvəs göstərirlər. Qəbul olunan gənclərin səviyyəsi barədə fikirlərinizi eşitmək maraqlı olardı.

 

- Bizim vaxtlarda tələbəni ustadlardan təşkil olunan komissiya qəbul edirdi. Amma bu gün tələbələr test imtahanından keçəndən sonra burada qəbul imtahanı vermək məcburiyyətindədirlər. Mən heç vaxt testin əleyhnə olmamışam. Çünki üç övladım var, hamısı test imtahanı verib ali təhsil alıblar. Amma idmanla, incəsənət bir az fərdi istedad tələb edən sahələrdir. Ona görə də, burada tez-tez tarazlıq pozulur. Görürsən ki, çox istedadlı bir gənc 0,001 faiz bala görə testdən kəsilir, qabiliyyət imtahanına buraxılmır. Misal üçün, fortepiano sinfinə sənəd verənlərdən bu il 81,67 bal toplayan qəbul olunmuşdu, 81,66 bal girə bilməmişdi. Ola bilsin ki, kimsə ədəbiyyatdan bir suala düz cavab verib girə bildi, bəlkə də o birisi daha istedadlıdır. Ona görə də, bu məsələ öz həllini tapmalıdır. Bununla belə çox istedadlı gənclər ordusu yetişir. Ümumiyyətlə, son illər musiqiyə meyl edənlərin sayı çoxalıb. Bu bir tərəfdən əhalinin sayının artması İlə əlaqədərdırsa, digər tərəfdən ölkəmizdə dövlət tərəfindən musiqi sahəsinə göstərilən qayğınının göstəricisidir. Boloniya sisteminə keçdiyimiz üçün hər tələbə ilə müəllim fərdi qaydada məşğul olur. Bu səbəbdən sinif çatışmamazlığı əmələ gəldiyi üçün biz qəbul planını azaltmalı olduq. Biz birtəhər birinc kursda musiqi təhsiln saxlaya bildik, amma mədəni-maarif kolleclərində birinci kurslar musiqi dərsi keçmirlər. Bir il musiqidən uzaq düşmək tələbəninin çalğı səviyyəsini aşağı salır. Mən hərdən yığıncaqlarda, konsertlərdə tələbələrə deyirəm ki, sizin aranızda gələcəyin xalq artistləri oxuyurlar, amma hələ onları tanımırsınız. Biz də tələbə olanda bilmirdik ki, kimlərsə SSRİ xalq artisti olacaq. Hər şey tələbənin özündən asılıdır. Doğrudur, istedadlı adamlarda şöhrət xəstəliyinə tutulmaq halları da tez rast gəlinir. Əgər indidən şöhrətə uysalar, gələcəklərini təhlükə altına qoymuş olurlar. 50 ildir, mən musiqinin tədrisi ilə məşğulam. Tələbərimin arasında yaşı 50-ni keçmişləri də var. Görə-görə gəlirik. O qədər super istedadlı uşaqlar görmüşəm ki, sonradan şöhrət ağlını əlindən alıb, özü-özünü məhv edib. Amma elə orta istedadlı uşaqlar olub ki, öz üzərində gecə-gündüz işləyib, əziyyət çəkib, sonradan da bu zəhmətinin haqqını qazanıb, qabağa gedib.

 

Hətta nağara sinfini bitirib müğənnilik edənlər var…

 

- Bu gün ali musiqi məktəblərində elə fakültələrə var ki, bəzən heç tələbə qəbul olunmur. Misal üçün, bəstəkarlıq fakültəsinə bir tələbənin qəbul olmadığı illər olub. Bu nəylə bağlıdır?

 

-Ümumiyyətlə, bu gün dünya miqyasında belə problemlər var. Baxın, Avropa ölkələrinə, Almaniyada hansısa Bax, Bethovenin çıxması barədə eşitmisinizmi? Mən sizinlə razıyam, artıq Azərbaycan bəstəkarlıq məktəbi Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov yetişdirmir.

 

- Azərbaycan professional musiqisinin əsasını Üzeyir bəy cəmi 114 il əvvəl qoyub. Bu illər ərzində Azərbaycan musiqisi tarixinə adlarını qızıl hərflərlə həkk etdirən, öz musiqiləri ilə dünyanı heyran qoyan bəstəkarlar yetişdi. Bu 104 ildə Azərbaycanda çox istedadlı musiqiçilər, ifaçılar da yetişdi. Bəs bu qızıl dövr nə üçün tez bitdi? Burada təhsilin də günahı varmı?

- Xeyr, burada təhsilin günahı yoxdur. Sadəcə olaraq, elə bir dövr idi ki, bəstəkarlarımız bir-biri ilə bəhsə girmişdilər. Ona görə də, tez-tez möhtəşəm əsərlər meydana çıxırdı. Son 20-25 ildə isə ölkədə vəziyyət dəyişdi, insanlar musiqidən çox başqa şeylərin qayğısını çəkməli oldular. O dövrdə insanların məlumatları da az idi, əyləncə vasitələri, zövqləri başqa idi. Amma son illər elmi-texniki inqilab insanların zövqlərini də dəyişdi. Əvvəllər insanlar dincəlmək üçün konsertə, teatra, kinoya gedirdilər. Amma indii bu kimi şeylərə maraq edənlər çox azalıb. Xarici ünsürlərə maraq etdikcə mənəvi amillər yaddan çıxır. Bu güen dünyanın hər yerində yüngül musiqi epidemiyası tüğyan edir, akademik musiqiyə maraq göstərənlərin sayı bizim dövrlə müqayisədə 1000 dəfələrlə azalıb.  Əvvəllər bir televiziya vardı, bazar günləri saat 2-3 arası muğam konsertləri olanda, hamı işini-gücünü tərgdib televizorun qabağını kəsdrirdi. Amma indii vəziyyət düzəlməyə boğru istiqamət alıb. Son illər akademik musiqiyə gənclərin böyük maraq göstərməsini müşahidə edirəm. Bir vaxtlar muğam yaddan çıxmışdı, amma indi hamı muğama axışır. Burada reklamın da böyük rolu var. İndi istedadlı gənc tez tanınmaq imkanı əldə edir. Bir dəfə Arif Babayev gözəl söz dedi ki, biz 20 ilə tanına bilmədik, indiki gənclər bir dəfə müsabiqədə iştirak etməklə bütün dünyada tanındılar. Artıq ciddi musiqi bütün telekanallarda təbliğ olunur. Amma bununla belə siz dediyiniz qızıl dövr artıq ötüb getdi.

 

-Şou-biznesin parıltısı gəncləri tez özünə cəlb edir. Tələbələri bu işartıdan qorumaq üçün hansı vasitələrdən istifadə edirsiniz, ümumiyyətlə, onları şou biznes xəstəliyindən qoruya bilirisinizmi?

 

- Bilirsinizmi, bu gün bizim kollecdə təhsil alan təəbələr dərslərlə o qədər yükləniblər ki, başqa vasitələrə vaxt tapa bilmirlər. Amma bizim kolleci qurtarandan sonra görürəm ki, tamam başqa yola maraq göstərirlər. Misal üçün, tar sinfini bitirən sonra görürəm ki, hansısa qrupda müğənnilik edir. Hətta nağara sinfini bitirib müğənnilik edənlər var. Çünki belələrinə toylarda tez-tez rast gəlirəm. Mənim belələrin bir az yazığım gəlir. Amma hər kəsin dərdini bilmək də olmur, hansı səbəbdən bu yola əl atdığını kimsə deyə bilməz. Ona görə də onları qınaya bilmərəm.

 

- Elə məzununuz olub ki, ona görə sonradan peşmançııq çəkmisiniz?

 

- Allah eləməsin, hələ belə halla rastlaşmamışam. Bilirsinizmi, biz gənclərə musiqi təhsili veririk. Musiqi ilə məşğul olan adamlar bir az həssas olurlar, onlar qəlbi qaralıqdan, xainlikdən uzaqdırlar. Bizim yetirmələrimizin sorağı dünyanın müxtəlif bölgələrindən gəlir. Heç uzağa getməyək, qardaş Türkiyədə bizim yetirmələrimiz konservatoriyaların, opera teatrlarının yaradılmasında bilavasitə iştirak edirlər. Amerikada, Kanadada, Avstraliyada musiqi fəaliyyəti ilə məşğul olan yetirmələrimiz var. Mənim tələbəm var ki, Milanda tar tədrisi ilə məşğuldur. İnanmıram ki, yetirmələrimiz bizə nə vaxtsa peşmançılıq hissi yaşatsınlar.

 

İLTİFAT