adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Iyun 2021 12:58
72217
MÜSAHİBƏ
A- A+

Xalq artisti Elmira Şabanova: «Rüfət anasının təkidi ilə məni sənətdən uzaq saldı»

Xalq artisti Elmira Şabanova söhbət düşəndə deyir ki, illərlə səhnəyə həsrət qalmışam. Bəlkə də  elə bəxtinin olmasındadır ki,  ana obrazı ilə tanınmaq, sevilmək, məşhurlaşmaq yazılıb. Gənc yaşlarından rejissorların diqqətindən olan Elmira xanım məhz dövrünün tanınmış rejissorlarından olan həyat yoldaşı Rüfət Şabanovun təkidi ilə səhnədən, çəkiliş pavilyonlarından kənarda qalır. İçindəki sənət sevgisini yeni-yeni aktyor nəslinin yetişməsinə həsr edir. Və günlərin birində yenə də Rüfət Şabanovun istəy ilə sənətə qayıdır. Ana obrazı ilə müxtəlif filmlərdə özünəməxsus obrazlar yaradan xalq artisti Elmira Şabanova yaddaşlarda elə o cür də qalıb.

 

 

Dosye: Xalq artisti Elmira Şabanova 1940-cı ildə noyabrın 1-də Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti - İ.H) əvvəlcə aktyorluq (1958-1962), sonra isə rejissorluq fakültəsində təhsil alıb (1969). Ömrünün 30 ildən çox hissəsini bu ali təhsil ocağında pedaqoji fəaliyyətə həsr edib. 2006-cı ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.


E.Şabanovanın filmoqrafiyasında “Avqust gələndə”, “Bədbəxtliyin astanasında”, “Çalışan adam”, “Dairə”, “Əlvida, cənub şəhəri”, “Əsl dost”, “Fəryad”, “Gecə qatarında qətl”, “Gəmi saatının sirri”, “Qafqaz”, “Qəm pəncərəsi”, “Qızlar”, “Qocalar”, “Mirzə Babayev”, “Ötən ilin son gecəsi”, “Özgə vaxt”, “Şahid qız”, “Səhər”, “Son döyüş”, “Sürəyya”, “Təhminə”, “Yoxlama”, “Zirzəmi”, “40-cı qapı”, “İnsanı öldürmək”, “Qaraşın ledinin sonetləri”, “Təkbətək döyüş”, “Kölgə”, “Qapalı orbit”, “Gəlinlər” kimi film və teletamaşalar var.

Fuadla nişan mərasimimizdən üç gün öncə Hamlet Xanızadə məni sevdiyini etiraf etdi...

 

- Elmira xanım, xoş gördük. Necəsiniz, həyat necə keçir?

 

- Sağ olun, təşəkkür edirəm, yaxşıyam. Təqaüdə çıxan sənətçinin həyatı necə keçirsə mənim də elə. Sağ olsun dövlətimiz, prezidentimiz, bizə verilən priezident təqaüdünün hesabına bu yaşımızda heç kəsə möhtac olmadan ömrümüzü yaşayırıq. Təbii ki, içimizdəki sənət eşqi hələ də əvvəlki kimi ehtiraslıdır, yeni-yeni rollarla həvəsi ilə yaşayırıq. Amma yaş özünü göstərir. Dincəlirəm...

 

- Neftçi ata, həkim anna və hər ikisi də yeganə qızlarının onların sənətini davam etidrəsməsini arzulayır. Sizdən başqa ailədə iki oğlan övladı da böyüyürdü, nə üçün məhz siz valideynlərinizin sənətini davam etdirməli idiniz. Bu arzulara necə qalib gəlib məhz öz arzunuzun arxasınca gedə bildiniz? Belə çıxır ki, çox cürətlisiniz?

 

- Mən aktrisa olacağıma heç vaxt əmin olmamışam. Heç uşaq vaxtı qarşıma aktrisa olmaq məqsədidə qoymamışdım. Sadəcə, kinoya baxmağı çox xoşlayırdım, bədii ədəbiyyatla çox vaxtımı keçirirdim. Amma anam mənim həkim, atam isə onun kimi neft mühəndisi olmağımı istəyirdi. Hətta orta məktəbi bitirəndə atam məni Neft Kimyə İnstitutuna laborant götüzdürmüşdü. Amma mən orta məktəbin son siniflərində artıq aktrisa olacağımı qətiləşdirmişdim. Amma bu barədə yalnız anam bilirdi. Orta məktəbi bitirəndən sonra güclə anamı yola gətirdim ki, mənimlə Moskvaya getsin. Mən onda sənədlərimi Ümumittifıaq Dövlət Kinematoqrafiya İnstitutuna verdim. Məndən imtahanı Gerasimov kimi böyük sənətkar götürdü və birinci turu keçdim. Atamı isə aldatmışdıq ki, guya Moskvaya gəzməyə getmişik. Təbii ki, atam tezliklə bundan xəbər tutdu. Onda atam həm də SSRİ-nin deputatı idi və o həmin instituta zəng edib dedi ki, məni ikinci tura buraxmasınlar. Beləcə, Bakıya qayıtdım. O zaman Murad Yegizarov da mənimlə birlikdə imtahan vermişdi və o da kəsilmişdi. Qayıdandan sonra  Murad mənə zəng edib dedi ki, bəs Bakıdakı Teatr İnstituna da aktyor fakültəsinə qəbul olub, gedib maraqlanaq. Bizi institutun o vaxtkı rektoru bizim ikimizi də ora imtahansız qəbul etdi.

 

 

Səhnəyə dönüşümdən sonra yalnız ana obrazları həvalə olundu, halbuki məndə çılğın qadın obrazları daha uğurlu alınırdı....

 

 

- Siz edə ilk kursda  o dövrün tanınmış recissorlarının marağında olmusunuz. Hatta bildiyimə görə, Tofiq Kazımov «Sən həmişə mənimləsən» tamaşasındakı «Nargilə» rolunu rəhmətlik Amalya Pənahovadan əvvəl sizə təklif edib. Nədən bu cür təkliflərdən imtina edirdiniz?

 

- Mən ikinci kursda oxuyanda Rüfət Şabanovla ailə qurdum. Əslində onu hələ «Səhər» filminə çəkiləndən tanıyırdım, o filmdə ikinci rejissor idi. Mən uşaq idim belə şeyləri başa düşmürdüm. Amma eşidirdim ki, Rüfət tanış-bilişinə məni sevdiyini fikrinin ciddi olduğunu deyir. Hətta bir dəfə bunun üstündə onunla çəkilişlərin birində böyük mübahisə də etdik. O vaxt indiki kimi deyildi, qızın adına söz çıxdısa, vəssalam... Amma sonradan gördüm ki, Rüfət məni həqiqətən sevir və onun alicənablığı, mədəni olması məndə ona qarşı sevgi yaratdı. Amma məni ondan başqa da sevənlər vardı. Fuadla nişan mərasimimizdən üç gün öncə Hamlet Xanızadə məni sevdiyini etiraf etdi. Amma gec idi... Ona vəziyyəti başa saldım. Məyus olub, geri çəkildi. Hamletin vəfatında illər sonra sonra yaxın sənət dostlarından biri mənə dedi ki, ömrünün sonuna kimi bu məhəbbəti ürəyindən çıxara bilməyib. Amma mən Rüfəti sevirdim. Rüfət ailə başçısı kimi çox gözəl insan olub. Lakin anasının tələbi ilə uzun illər məni səhnədən uzaq salıb. Halbuki, ailə qurarkən çalışacağıma razılıq vermişdi. İtirdiyim illərə görə peşmanlıq çəkmirdim. Əsl aktrisa özünü bir filmdə də təsdiq edə bilər. Bu ümidlə düz 20 il filmə çəkilməyimi gözlədim. Nə yoldaşım, nə də qayınanam inadından dönürdü. Nəhayət, uşaqları böyüdüb boya-başa çatdırdıqdan sonra bir gün Rüfət özü mənə filmdə çəkilmək təklifi verdi. Özümdə bir qəribəlik hiss edirdim. 20 ildən sonra yenidən səhnəyə qayıtmaq üçün özümdə güc axtarırdım. Bu, 1978-ci ilə təsadüf edir. O vaxtdan ta bu günə kimi səhnədəyəm. Arzuladığım əksər obrazları oynamışam. Lakin yaşla bağlı gənc qadın rolu oynaya bilməyəcəyimi düşünüb çox təəssüflənirdim. Məndə çılğın qadın obrazları daha uğurlu alınırdı. Səhnəyə dönüşümdən sonra mənə ana obrazları həvalə olundu. Arzuladığım obraz "Ötən ilin son gecəsi"ndə Həmidə oldu. Bir sirri də açım ki, burada sanki öz taleyimi oynamışam. Bundan sonra ailəmdə uşaqlarıma göstərdiyim analıq qayğımı səhnədə oynamağa başladım. Artıq özümü başqa obrazda görə bilmirəm. Rejissorlar da buna alışıb. Hər yeni ekran işində Elmira Şabanovanın adı hallandırılarsa, deməli, filmdə ana obrazı var... O mənə əvvəlcədən söz vermişdi ki, uşaqlarımızı böyüdək sonra filmlərə çəkilərsən. Elə də sözünün üstündə durdu. Amma 20 il səhnənin, kino pavilyonun həsrətini çəkdim. Siz təsəvvür eləməzsiniz ki, mənə necə rollar təklif olunurdu. Hamısına da mədəni surətdə yox deyirdim. Dilimi bu “yox” sözünü deməyə çox çətinliklə məcbur edirdim. Mənim kimi aktrisaya sevgili rolu, baş qəhrəman oynamaq qismət olmadı. Amma bilirsinizmi, mən bu gün Rüfətə minnətdaram. Həqiqətən ona çox sağ ol deyirəm ki, o, mənə icazə vermədi və mən yaxşı ana olmağı bacardım. Qadın ilk növbədə yaxşı ana olmağı bacarmalıdır. Rüfət məni sənətdən uzaq saxalamaq ailəmizi qorudu. Siz təsəvvür etməzsiniz ki, mənə nə qədər eşq elan edənlər olurdu, elə öz tələbələrimin arasında da sevgi məktubları göndərənlər az deyildi. Mən hələ tanınmış insanları demirəm.

 

Ceyhun Mirzəyev mənə yaxınlaşdı və dedi ki, heç kəsə ərə getmə, mən böyüyüb özüm səninlə evlənəcəyəm…

 

- Siz Hamlet Xanızadənin adını çəkdiniz, Amma Ceyhun Mirzəyev qaldı… Deyilənə görə, rəhmətlik Ceyhun Mirzəyev  də uşaq yaşlarında sizə vurulubmuş.

 

- Biz Ceyhunu çox sevirdik. Bu qarayanız qıvrımsaç oğlan çox sevimli uşaq idi. Bir gün kinostudiyada çəkilişdə idik. Naharfasiləsində idik. Ceyhun da o vaxtlar “Matteo Falkone” filmində çəkilirdi. Rüfətlə nişanlanmışdıq. Ceyhun mənə yaxınlaşdı və dedi ki, heç kəsə ərə getmə, mən böyüyüb özüm səninlə evlənəcəyəm. Təbii ki, mən o zaman Ceyhunun bu sözlərini onun növbəti duzlu-məzəli zarafatlarından biri hesab etdim, əyilib yanağından öpüb dedim ki, baş üstə. Amma üstündən neçə illər keçəndən sonra o özü mənə etiraf etdi ki, məni həqiqətən sevib, zarafat etmirmiş…

 

- Yerli seriallarda çəkilmək üçün dəvət alırsınızmı?

 

- Məni tez-tez müxtəlif seriallara dəvət edirlər. Hətta bir müddət öncə Yuli Qusman da mənə rol təklif etmişdi. Amma həmin rolu bəyənmədiyim üçün Qusmanın təklifini qəbul etmədim. Düşük, səviyyəsiz, şit seriallarda çəkilməyi özümə sığışdırmıram. Əgər mənə təklif olunan hansısa rol ürəyimcə olsa, məmnuniyyətlə sənətə qayıdaram.

 

- Amma sizin səviyyəsiz hesab etdiyiniz seriallarda çəkilən xalq artistləri də var...

 

- Mən, heç kimi qınamıram. Aktyor insandır. O, hardasa işləyib pul qazanmalıdır. Serial çəkilişi ilə məşğul olan adamlar əsasən tanınmamış aktyorlarla işləməyə üstünlük verirlər. Onlar beş-on manat alıb, istənilən rolda çəkilməyə razılıq verirlər. Əsasən ucuz işçi qüvvəsindən istifadə edən rejissor bir-iki tanınmış aktyoru da seriala cəlb edib, özünü sığortalamaq istəyir. Aktyoru tamaşaçı məhəbbəti yaşadır. Amma indi çəkilən seriallarda rol alan aktyorlar tamaşaçıların rəğbətini deyil, nifrətini qazanırlar.

 

- Elmira xanım, ötən illərin son gecələrini necə yola salırsınız? Rüfət yox, Fuad xaricdə…

 

- Maraqlı sualdır… Ötən illərin son gecələrini mən heç vaxt tək yola salmıram. İndi iki nəticəm var. İnanınn ki, nəticə övladdan da, nəvədən də şirin olur…

 

- Bir vaxtlar Rüfət Şabanov sizi kinodan uzaq saxladı. Bu gün oğlunuz da kino rejissor kimi filmlər çəkir, amma sizi onun filmlərində görmürük.

 

- Bəli, Fuad xasiyyətcə eynilə atasına çəkib. Oğlum deyir ki, «anaları kinoya çəkmək olmaz»... Bilirsinizmi, Fuad çəkiliş meydançalarında çox əsəbi olur. Bəlkə də o mənim xətrimə dəyəcəyindən qorxduğu üçün filmlərə dəvət etmir. Etmir özü bilər, mən heç onun rəhmətlik atasına yalvarmamışdım ki, məni filmə çəksin…

 

 

 

İltifat HACIXANOĞLU