adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2026 20:30
37
MEDİA
A- A+

Dezinformasiya və manipulyasiya təmayülləri

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu mövzuda müzakirə keçiriblər

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri informasiya məkanındakı dezinformasiya təmayülləri və manipulyasiyalar mövzusu ətrafında müzakirə keçiriblər.

Adalet.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Vüqar Zifəroğlu bildirib ki, son günlər informasiya mühitimizdə qərəzli yanaşma hallarına rast gəlinməkdədir. Təəssüf ki, media orqanlarımız əksər belə durumlarda həssaslığını itirir, alətə çevrilirlər. Halbuki jurnalistika özünün peşəkarlıq meyarlarını qorumalı, etik prinsiplərə sadiq qalmalıdır.

V. Zifəroğlu cəmiyyət həyatında baş verən hadisələrin təqdimatının peşə etikasına laqeyd yanaşmağa rəvac verməməli olduğunu vurğulayıb. Çünki laqeydlik və biganəlik, həmçinin qeyri-həssas yanaşma jurnalist sözünə inamı sarsıdır. Daha pisi isə odur ki, jurnalistikanın doğruluğuna və dürüstlüyünə inamın sarsılması bütövlükdə cəmiyyətdə etimadsızlıq mühitinin formalaşmasına gətirib çıxarır. MŞ sədri bu kimi halların qarşısının alınmasının vacibliyini və prosesdə Şuranın üzərinə də böyük məsuliyyətin düşdüyünü deyib.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, jurnalistikanın ictimai nüfuzunun qorunması son dərəcə vacibdir. O, məsələnin illərlə müzakirə edildiyini, ancaq hələ də mövcud istiqamətdə neqativ vəziyyətin aradan qalxmadığını vurğulayıb.

Bir çox hallarda təhqiri və böhtanı, eləcə də digər nalayiq fikirləri dövriyyəyə gətirənlərin ünvanlarının qeyri-müəyyən olduğunu deyən V. Rəhimzadə onu da bildirib ki, məlumat yayımı imkanlarının bolluğu şəraitində informasiya manipulyasiyalarına münasibətdə ictimai qınaqla yanaşı, konkret hüquqi mexanizmlərin tətbiqi qaçılmazdır.

Çıxışına dünya miqyasında dezinformasiya təmayüllərinin dinamikası, onlara yanaşmalardakı forma və metodlar barədə məlumat verməklə başlayan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli bildirib ki, müxtəlif vaxtlarda riskləri minimallaşdırmaq üçün medianın sosial şəbəkələrə nüfuzunun artması zəruriliyinə toxunulub. Belə düşünüldü ki, sosial şəbəkələr nə qədər çox peşəkar informasiya ilə təchiz olunsalar, bir o qədər də dezinformasiyaların qarşısı alınacaq. Lakin əks proses yaşandı – media sosial şəbəkələr üçün yox, sosial şəbəkələr media üçün mənbəyə çevrildilər ki, bu da mənfi tendensiyadır.

MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti” baş redaktorunun birinci müavini Hümbət Musayev media müstəvisindəki neqativ təmayüllərin bir çoxunun zamanla aradan qalxacağına inandığını deyib. Bununla belə, o, təbii yolla yanaşı, hüquqi tənzimləmələrin də işə salınmasının əhəmiyyətini diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, “Bizim.media” saytının baş redaktoru Anar Tahirli çıxışında dövlət qurumlarının ictimaiyyətlə əlaqələr təsisatlarının günün tələbləri çərçivəsində fəaliyyət göstərməsinin vacibliyindən söz açıb. O bildirib ki, əgər mövcud sahədə ciddi irəliləyiş əldə olunsa, dezinformasiyaların yayılması halları, o cümlədən onların cəmiyyətə təsirləri minimallaşacaq. MŞ İdarə Heyətinin üzvü bu qənaətə gəlib ki, informasiya mühitindəki neqativ tendensiyaların aradan qalxması üçün məlumat yayıcılığında iştirak edən bütün qütblərin fəaliyyətlərinin həm eyni dərəcədə təmin olunması, həm də onlar arasında əməkdaşlığın gücləndirilməsi mütləqdir.

MŞ İdarə Heyətinin üzvü, “Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı bildirib ki, dezinformasiya təmayülləri ilə mübarizədə sərt forma və üsullarda prinsipiallıq gözlənilməli, elə yol seçilməli və dəqiq əsaslandırmalar aparılmalıdır ki, görülən işlər söz və ifadə azadlığını məhdudlaşdırmaq kimi qəbul edilməsin.

MŞ İdarə Heyətinin üzvləri – “Bakivaxti.az” saytının baş redaktoru Qalib İbrahimoğlu, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli bildiriblər ki, dezinformasiyalarla və yanlış bilgilərin yayılması ilə mübarizə sistemləşdirilməli və konkretləşdirilməlidir. Sırf media sahəsində buna yol verənlərin adları açıqlanmalı, yaxud onların yanlışlığını ortaya çıxaran platforma formalaşdırılmalıdır ki, effektiv nəticəyə nail olunsun.

Sonda İdarə Heyətinin üzvləri müzakirənin yekunu olaraq Mətbuat Şurasının mövzuya dair çağırışının hazırlanmasının zəruriliyi qənaətinə gəliblər. Şuranın bununla bağlı müvafiq bəyanatı qəbul edilib.

Azərbaycan Mətbuat Şurasının bəyanatı 

İnformasiya məkanında baş verən proseslər media subyektlərindən və jurnalistlərdən yüksək peşəkarlıqla yanaşı, ictimai məsuliyyət və həssaslıq tələb edir. Təəssüf ki, son dövrlər bəzi media təqdimatlarında jurnalistikanın missiyasına uyğun olmayan, hadisələrin mahiyyətindən daha çox süni rezonans yaratmağa hesablanmış yanaşmalar müşahidə olunur.

Azərbaycan Mətbuat Şurası hesab edir ki, jurnalistika ictimai maraq naminə deyil, auditoriyanın diqqətini cəlb etmək məqsədilə hadisələrdən istifadə vasitəsinə çevrilməməlidir. Xüsusilə, ayrı-atrı tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslərlə bağlı yoxlanılmamış məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması yolverilməzdir. Belə təqdimatlar həm də ictimai müzakirə mədəniyyətinə xələl gətirir.

Uşaqlarla bağlı məlumat və görüntülərin yayılmasında yol verilən qüsurlar narahatlıq doğurur. Onların şəxsi həyatının, kimliyinin və mənafelərinin qorunması medianın mühüm etik öhdəliyidir. Xüsusilə, faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliyinin açıqlanması, onların şəxsi məlumatlarının yayılması yolverilməzdir.

Eyni zamanda, vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılması, bədbəxt hadisələr zamanı zərərçəkənlər barədə təsdiqlənməmiş informasiyaların tirajlanması peşə etikası prinsiplərinin pozulmasıdır. Digər ciddi problem isə bəzi media materiallarında təqsirsizlik prezumpsiyasına əməl olunmamasıdır. Məhkəmə hökmü qanuni qüvvəyə minmədən şəxslərin cinayətkar kimi təqdim edilməsi, onların ictimai linç obyektinə çevrilməsinə yönələn çağırışlar hüquqi dövlət prinsipləri ilə uzlaşmır.

Mətbuat Şurası bəyan edir ki, jurnalistikanın nüfuzuna xələl gətirən, vətəndaşların hüquqlarını və qanuni mənafelərini, işgüzar və şəxsi nüfuzlarını zərbə altında qoyan hallara münasibətdə prinsipial mövqe tutacaqdır.

Azərbaycan Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tələblərinə ciddi əməl etməyə çağırır.