SON DƏQİQƏ:

Ramiz Həsənoğlu: "Mən elə düşünürdüm ki, anam həmişə yanımda olacaq"

  160970   |  
Şriftin ölçüsü  

Anamın bişirdiyi dolmaları mən heç yerdə yemədim

İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır?

Tanınmış televiziya rejissoru, neçə-neçə televiziya tamaşalarını ekrana çıxarıb yaddaşlara həkk eləyən Xalq artisti Ramiz Həsənoğlu ilə anası görkəmli aktrisa Ətayə Əliyeva və atası Həsən Mirzəyev barədə söhbətimizi təqdim edirk.

 

- ... Anam əslən Güney Azərbaycandan idi. Babam Ağaqulam Marağa şəhərində tacir ailəsində anadan olub. Hənəm Humay xanım isə Təbrizdən idi. Babam kiçik yaşlarında atasını itirdiyindən, dayısı himayəsinə götürüb ona savad verib. O da tacir orlub və babamı özü ilə tez-tez səfərlərə aparırmış. Babamın 17 yaşı olanda dayısı ölüb, bundan sonra bir çox həmvətənləri kimi Aşqabada gedib, orda başqa bir qohumunun yanında şəyird durub, çəkməçilik sənətini öyrənib. Sonra Aşqabadda böyük bir çəkməçi dükanı açıb, ancaq 1932-ci ildə bu dükanı bağlamalı olub.

30 yaşı olanda Aşqabadda Humay nənəmə evlənib. 6 uşaqları olub. Anam onların ilk övladı olub və 1920-ci ildə Aşqabadda doğulub. Sonradan babamgil İran vətəndaşları olduqlarına görə SSRİ pasportu ala bilməyiblər və 1938-ci ildə İrana sürgün olunublar. Ancaq anam artıq Bakıda atamla evli olduğu üçün pasport ala bilibmiş. Babamgil İrana getməmişdən əvvəl  Bakıya gəlib anamla görüşüblər. Anam nənəmdən xahiş eləyib ki, heç olmasa, balaca bacısı Camal onunla qalsın, nənəm razı olmayıb. Ondan sonra anam 54 il ailəsini görə bilmədi. 1992-ci ildə sərhədlər açılanda İrana gedib bacı-qardaşları ilə görüşdü. O zaman artıq babamla nənəm həyatla vidalaşmışdılar. Qəribədir, babamgil anamla vidalaşmaq üçün Bakıya gələndə böyük bacım dünyaya təzəcə gəlibmiş və ilk övlad kimi ailəyə böyük sevinc gətiribmiş. Əvvəlcə sevinc sonra kədər, özü də insanın ömrü boyu özü ilə yanaşı gedən kədər...

- Eşitdiyimə görə, Ətayə xanım səhnəyə ilk dəfə Aşqabadda çıxıb, özü də kiçik yaşlarında...

- Anam məktəbdə oxuyanda dram dərnəyinin üzvü olub. Sonra Aşqabadda teatr açılıb. 13 yaşı olanda o dövrdə Aşqabadda "Qarabağlar" məscidində mərhum sənətkarımız Rza Əfqanlının rəhbərliyi altında fəaliyyət göstərən teatrın səhnəsinə çıxıb və "Aşıq Qərib" tamaşasında "Qərib"in bacısını oynayıb. Həmin tamaşadan sonra Rza Əfqanlı anama deyib ki, "Sən mütləq Bakıya gedib, teatr texnikumunda oxumalısan. Səndən gözəl aktrisa olacaq".

1934-cü ildə anam Bakı Tibb Texnikumuna daxil olmaq adı ilə Bakıya gəlib teatr texnikumuna daxil olur. Teatr texnikumunda milli teatrımızın korifeylərindən olan Fatma Qədirinin kursunda oxuyub. Anam elə həmin ildə də Akademik Milli Dram Teatrının səhnəsinə çıxıb. İlk rolu da "Özgə uşağı" əsərindəki "Raya" olub. Bu rolu ona tamaşanın quruluşçu rejissoru rəhmətlik Rza Təhmasib həvalə edibmiş...

- Atanızla harda tanış olub?

- Teatrda... Mənim atam Həsənağa Mirzəyev də aktyor idi. Uzun illər İrəvan, Gəncə teatrlarının səhnələrində böyük obrazlar yaradıb, sonralar səsi zəiflədiyinə görə aktyorluğu atdı. Onlar 1936-cı ildə tanış olublar. Onda anamın 16 yaşı varmış. Onları Gülxar xanım Həsənova tanış eləyib. Anamın yaşı nikaha düşmədiyinə görə təvəllüd ilini dəyişib, 1918-ci il eləyiblər. Onlar demək olar ki, köçəri həyat sürüblər. Evlənəndən az sonra İrəvana köçüblər. 1936-cı ildən 1948-ci ilə qədər bir neçə dəfə İrəvana gedib-qayıdıblar. Anam danışırdı ki, bir dəfə yenə işdən getmək üçün ərizə yazıb Ədil İsgəndərova verib. Ədil müəllim çox hirslənib və deyib ki, "indi ki gedirsən, get, amma geri qayıtma... Mən səni işə götürməyəcəyəm... Buna bax, böyük aktrisa zad deyilsən ki?.."

 

Mən özüm İrəvanda anadan olmuşam. 1948-ci ildə İrəvan Dövlət Dram Teatrı bağlandı və bir çox azərbaycanlı ailəsi kimi bizi də ordan köçürdülər. Çünki o dövrdə xaricdən Ermənistana çoxlu erməni ailəsi qayıtmışdı. Onda ailəmiz Gəncəyə köçdü. Həmin vaxtdan da anam Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrının səhnəsinə çıxıb və 9 il həmin səhnədə "Gültəkin", "Dezdemona", "Sona", "Sevil", "Həcər" və başqa yaddaqalan obrazlar yaradıb. 1956-cı ildə isə yenidən Ədil İsgəndərovun təklifi ilə Az.Dramaya qayıdıb. Teatra gələn kimi Ədil müəllim Mehdi Hüseynin "Cavanşir" tamaşasında baş rollardan birini - "Gültəkin"i anama tapşırıb. Və o gündən 1987-ci ilə qədər anam bu teatrın səhnəsində 100-dən çox obraz yaradıb. 1987-ci ildə isə bəzi səbəblərə görə teatrdan getdi...

- Hansı səbəblərə görə?

- 1987-ci ildə anama təklif elədilər ki, teatrdan getsin ki, gənc aktyorlara yer boşalsın. Amma bu səhv addım idi. Gənclərə öyrənmək üçün anam kimi qocaman sənətkarlar hava-su kimi gərəkli idi. O da bundan bərk incidi.

- Ramiz müəllim, Ətayə xanım ailədə necə idi?

- Anam ailəcanlı xanım idi. Düzdür, işi ilə əlaqədar olaraq biz onu çox görə bilmirdik. Səhər məşqlərə, axşam da tamaşalara gedirdi. Ystəgəl qastrollar. Biz həmişə anamızın yolunu səbrsizliklə gözləyirdik. Biz onu addımlarının səsindən tanıyırdıq. Xasiyyətcə həlim insan idi. Anam gözəl ailə başçısı, gözəl qaynana və gözəl nənə olub. Gəlinlərinə, nəvələrinə həmişə gözəl münasibəti olub. Dadlı xörəklər bişirirdi. Anamın bişirdiyi dolmaları mən başqa yerdə yemədim. Bütün xörəkləri ləzzətli bişirirdi. Bunu da Aşqabadda yaşayanda nənəsindən öyrənibmiş. Bacım da gözəl xörək bişirir və bu yeməklər hərdən anamın bişirdiyi yeməkləri xatırladır.

Anam həmişə geyiminə diqqət yetirib. O dövrdə xarici mallar yox idi. Əhali də əsasən paltarı tikdirirdi. Biz çox kasıb olmuşuq. Yadıma gəlir, ilk dəfə anam qardaşımla mənə kostyum alanda 13 yaşım vardı. Həmin kostyumları anam Moskvadan alıb gətirmişdi.

- Ananızın hobbisi nə idi?

- Mütaliə.

- Ananızdan sizə hansı xasiyyətlər keçib?

- Onun həlimliyi. Amma buna baxmayaraq, anam bir adamdan inciyirdisə, birdəfəlik inciyirdi. Mənsə kimdən inciyirəmsə, tez barışıram. Bəzən bizi zahirən də oxşadırlar. Anamın ən böyük keyfiyyəti öz sənətinə sadiqliyi idi. Bu mənə də keçib. Mən də öz sənətimə sadiqəm. Ymumiyyətlə, mən anamla dost olmuşam. Bəzən ailədə sənətlə bağlı mübahisələr düşəndə, anamla mənim fikirlərim üst-üstə düşürdü.

- Bəs nə üçün onu cəmi bir tamaşaya çəkmisiniz?

- Bilirsinizmi, mən elə düşünürdüm ki, anam həmişə yanımda olacaq. İndi böyük təəssüf hissi keçirirəm ki, mən onu təkcə "Topal Teymur" televiziya tamaşasına çəkmişəm. Əvvəllər də təkliflər eləyirdim. Həsə razı olmurdu, deyirdi bu rolu filankəsə ver... 1974-cü ildə "Ötən ilin son gecəsi" tamaşasını çəkmək istədim. Baş rola anamı çəkəcəkdim. O dövrlərdə atam bərk xəstələndi. Başımız ona qarışdı. Sonra

həmin rola Zərnigar Ağakişiyevanı çəkdim. Bunu anam istədi. Hətta həmin rol üçün tikdirdiyi paltarları da ona verdi.

- Elə olubmu ki, sizin tamaşaları bəyənməsin?

- "Kamança" tamaşasını nədənsə bəyənmədi. Amma "Günahsız Abdulla" tamaşasını çox bəyənmişdi. Hətta mən ona "Abdullanın anası"nı təklif elədim. İstəmədi, dedi "qoy, Sofa oynasın".

- Son günlərini necə xatırlayırsınız?

- Mən həmişə anamı cavan vaxtlarında olduğu kimi xatırlayıram. Onun son günlərini, ağır xəstəliklə mübarizə apardığı zəif vaxtlarını yadıma salmaq istəmirəm. Bayaq dedim, anamın teatrdan getməsi ona pis təsir elədi. 1991-ci ildə kliniki ölüm keçirdi. Biz onu birtəhər ölümün əlindən aldıq. İkinci dəfə 1995-ci ildə klinik ölüm keçirdi. Amma bu dəfə onu xilas edə bilmədik...

 

İLTİFAT

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK