Zübeydənin bilərziyi və müftünün kəfən pulu ilə qurulan Türkiyə 

YILMAZ ÖZDİL
169039 | 2021-05-19 13:50

İnsanın ruhunu sıxan boz bir günün axşamı idi.

Hardasa yatmaq vaxtı idi.

Mustafa Kamal evinə gəldi.

Qapını açan bacısı Makbuləyə narahat-narahat baxdı.

Şəfqətlə yanağını oxşadı.

“Süfrəni anamın yatağının qabağında yerdən hazırla, Makbuş, bu gecə səninlə bir az dərdləşmək istəyirəm” – dedi.

Zübeydə xanımın otağında yer süfrəsi salındı.

Nimdərləri, yastıqları düzdülər.

Kartof püresi və ispanaq çığırtması bişirmişdilər.

Bir az sonra Mustafa Kamal otağa girdi.

Uniformada idi, əynini dəyişməmişdi.

Həmişəki kimi anasının əlindən öpdü.

Bardaş quraraq oturdu.

Birbaşa “gedirəm” – dedi.

Otağa sanki qəfildən bomba düşmüşdü.

 

“Buralar da Selanikin gününə düşə bilər, gedərkən gözüm arxada qalmasın, məmləkət üçün çalışarkən sizdən ötrü narahat olmaq, kədərlənmək istəmərəm” – dedi.

Zübeydə xanım eşidər-eşitməz böyrü üstə özündən getdi.

Həkim Rasim Fəridi çağırdılar, Zübeydə xanım yavaş-yavaş özünə gəldi.

Həyəcan, gərginlik, kədər...

Yorğun ruhu bitib-tükənməyən ayrılığı daşıya bilməmişdi.

Çünki bir qadının yaşaya biləcəyi ən ağır üzüntüləri yaşamışdı.

Dörd övladını və ərini itirmişdi.

Oğlunun üstündə əsim-əsim əsirdi.

Səhərə qədər yatmadı.

Quran oxudu.

Günəşin ilk şəfəqləri görünürdü, vidalaşmaq üçün qapıya gəldilər.

Mustafa Kamalın əlində Qurani-Kərim var idi.

Trablusgarp müharibəsində Derne komandiri ikən Liviyalı mücahid şeyx Ahmet Sünusi tərəfindən hədiyyə edilmişdi.

Səkkiz il idi ki, hara getsə, özü ilə aparırdı.

Sofiyada, Çanaqqalada, Şamda, Hələbdə, Fələstində...

Anasına verdi.

“Haqqını halal elə”- dedi.

Makbulə xanım ağlayırdı.

Zübeydə xanım ağır səs tonu ilə qızına təpindi: “Sən əsgər bacısısan, niyə ağlayırsan? Ayıb deyil?”.

Sanki dünən gecə kədərindən ürəyi gedən o deyilmiş kimi heykəl misalı dimdik durmağa çalışırdı.

Qızını təsəlli edərkən əslində öz hisslərini basdırırdı.

“Məmləkət üçün gedən insan ölsə belə arxasınca ağlanmaz, bir azdan qonaqlar gələcək, qaç, onlara şərbət əz” – deyə qışqırdı.

Sonra da oğluna kiçik bir boğça uzatdı.

“Lazımın olar”- dedi.

Cehizindən qalma qızıl bilərziklər idi.

Uzağı üç-beş dənə.

Selanikdən əlində-ovcunda yalnız bunlar qalmışdı.

Mustafa Kamal boğçanı aldı, pencəyinin iç cibinə qoydu.

Üç il öncə Vanda ordu komandiri ikən övladlığa götürdüyü və anasına əmanət etdiyi yetim Abdürrahimin arxasınca su atdı.

Qalata limanından motorlu qayığa mindi.

Kız Kulesinin yanında lövbərlənmiş Bandırma gəmisinə gəldi.

İstanbula son dəfə baxdı, kabinetinə girdi.

1920…

Həqiqətən lazım oldu.

Ankarada puldan sıxıntıları vardı.

Çörək almağa belə pulları qalmamışdı.

Mustafa Kamal köməkçisini çağırdı.

“Çemodanda anamın bir-iki zinət əşyası var, banka girov qoy, pul götür” – dedi.

Ali çavuş yataq otağına getdi, çarpayının altındakı çemodanı açdı.

Bilərzikləri tapdı.

Osmanlı bankına getdi, bir söz demədən masaya qoydu, 200 lirəni sayıb verdilər.

Az da olsa nəfəs alacaqdılar.

Zübeydənin cehiz bilərzikləri…

Milli Mübarizə xəmirinə qarışmışdı.

Təbii, 200 lirə nədir ki? Gözünü açıb-yumdun tükəndi.

Süfrəyə qoymağa bulqurdan başqa yemək qalmamışdı.

Mustafa Kamal banklara borclu qalmağı rədd edirdi.

Katibi Mazhar Müfit bəyin kürklü paltosu vardı, onu satdı, satıla biləcək bircə o qalmışdı.

Bir neçə gün də bununla yola verəcəkdilər.

Qara-qara fikirləşirdilər. Ki, qapının zəngi çalındı.

İçəri girən əsgər “müftü əfəndi gəldi” – dedi.

“Eyvaaah” – dedi, Mazhar Müfit. Çəkməcəni dartdı, qəhvə var idi, amma sadəcə iki diş qənd qalmışdı, siqaret qurtarmışdı, qonaq qarşılamaq üçün uyğunsuz vaxt idi.

Çarəsiz, kədərli bir ifadə ilə “buyursunlar” - dedi.

Börekçizadə Rıfat əfəndi otağa girdi.

Masanın kənarındakı stulda oturdu.

Mazhar Müfit Mustafa Kamal üçün saxladığı iki diş qəndə qıymadı, “səhv etmirəmsə, sadə qəhvə içirsiniz, deyilmi?” – deyə soruşdu.

Müftü əfəndi təbəssümlə “zəhmət çəkməyin, qəhvə içmirəm” – dedi.

- Siqaret də mi çəkmirsiniz?

- Xeyr, siqaret də çəkmirəm.

Halbuki həm qəhvə içdiyini, həm də siqaret çəkdiyini, hamı kimi Mazhar Müfit də yaxşı bilirdi.

“Vaxtınızı çox almayım” – deyərək sözə başladı müftü əfəndi. “Bir az çətin vəziyyətdə olduğunuzu eşitdik” – dedi.

Mazhar Müfit sərt şəkildə əl işarəsilə müftünün sözünü yarımçıq qoydu, “pulumuz var” dedi, masanın arxasındakı kiçik kassanı göstərdi.

Biruzə vermək istəmirdi, amma kassada cəmi-cümü 48 quruş var idi.

Paltodan qalan bu qədər idi.

Müftü əfəndi məsciddən kənarda sarıq-cübbə ilə gəzmirdi.

Çoxları kimi pencək geyinirdi.

Əlini sol döşünün iç cibinə saldı, yaylıq çıxardı.

Büzüşüb, yığılın kiçik boğça halına düşmüşdü.

Masaya qoydu.

Açdı.

Min iki yüz lirə var idi.

Övladlarına yük olmamaq üçün arvadı Samiyə xanımla birlikdə topladıqları cənazə pulu idi.

Bu gün Türkiyədə Atatürkü Anma Gənclik və İdman Günüdür.

1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarix.

Bu mübarək məmləkət Zübeydə xanımın cehiz bilərziyi, Kuvayı Milliyecinin əynindən çıxarıb satdığı paltosu, yurdsevər müftünün kəfən pulu ilə quruldu.

 

Dilimizə uyğunlaşdırdı: Eminquey

 

 

 

TƏQVİM / ARXİV