adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 May 2021 11:50
165750
MÜSAHİBƏ
A- A+

Əntiqə Rəşid: ”Su qan gölməçələri ilə qarışıb küçə aşağı axırdı...” - MÜSAHİBƏ

(Əvvəli ötən sayımızda)

 

Bu gün müsahibim 20 ildən çoxdur imzası ilə media aləmində tanınmış, maraqlı məqalələri ilə özünə kifayət qədər oxucu kütləsi toplamış, “Ədalət” qəzetinin müxbiri, jurnalist Əntiqə Rəşiddir. 44 günlük Vətən Müharibəsinə şahidlik etmiş, Qarabağ bölgəsindən, atəş xəttindən, mərmilərin altından göndərdiyi materiallarlarla qəzetimizin oxucularını bilgiləndirməklə yanaşı , orda insanlara yardım etməkdə də, hər kəs də bir ruh yüksəkliyi yaratmaqda da böyük xidmətləri olub. Ən yaxşısı özünü dinləyək:

 

-- Məhkəməni udub geriyə döndün! Yenə maraqlı hadisələr baş verdimi?

 

- Dedim axı, sevdiyim iş üçün gedirdim. Müharibə zonasına, Qarabağa gedirdim...Səncə,maraqlı olmazdımı?Hərbi hospitalda yaralı əsgərlərlə görüşümüz yadımda qalan təsirli hadisələrindən biri idi. Tibb bacılarının igidliyi haqqında da ilk dəfə orda eşitdim, gözümlə gördüm. Hərbi hissələrə gedə bilirdik, əsgərlərimizə sovqat aparırıq. Marquşevan-Şıxarx haqqında keçən dəfəki müsahibədə demişdim.

Bizə, sığınacaqdakı Zərnişan adlı bir uşaqdan yazmışdın...
 

-O arada sığınacaqlarda müvəqqəti məskunlaşmış qarabağlılarla görüşüb, onların durumu ilə maraqlanırdım. Bu məqsədlə getdiyim yerlərdən biri də Yevlağ- Bərdə yolunun üstündə köçkünlər üçün salınmış qəsəbəyə- ordakı 3 mərtəbəli məktəbə yollandım.. Camaatla görüşüm alındı. Bu zaman binanı mühafizə edən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı İmran Ismalılzadə mənə yaxınlaşdı və sığınacaqda yardıma ehtiyacı olan bir uşaq haqda danışdı. Uşağın azyaşlı olması, ayaqlarında problem olduğunu, yeriyə bilmədiyini və valideynlərinin elə də yaxından diqqət göstərə bilməməsini söyləyəndə uşağı mütləq görmək istədim. Uşaq atasının himayəsində qalıb. Ata isə səhər tezdən işləməyə ( fəhləliyə) getdiyi üçün uşaq sığınacaqdakıların ümidinə qalır. Dərhal Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə qurdum. Əhvalatı ona danışdım. Hadisə Kəmalə xanımı da bərk narahat etdi. Aradan bir neçə gün keçəndən sonra müxtəlif qurumlardan həm mənəvi, həm tibbi, həm maddi dəstəyə ehtiyac duyduğunu təsdiqlədilər. Həkimlər müayinə də etdilər və bildirdilər ki, dərindən müalicə olunsa uşaq sağala, ayağa da dura bilər. Əslən Kəlbəcər rayonu Ağqaya kəndindən olan 8 yaşlı Rəhimova Zərnişan Qoşqar qızı Ağdam rayonu Baharlı köçkün qəsəbəsində doğulub. Bir sözlə, Zərnişan Azərbaycan Uşaqlar Birliyinə yerləşdirildi. Bir uşaq səfalətdən, baxımsızlıqdan qurtuldu. Sığınacaqdakıların hamısı sevinirdi. Mən də lap uşaq kimi…

-Reportaj və yazılardan qalan vaxtlarda nə işlə məşğul olurdun?

- Heç boş vaxtım olurdu ki... elə olurdu gün ərzində bir loxma çörək yeməyə vaxtım olmurdu. “Tərəqqi” ictimai inkişaf birliyinin üzvlərinə qoşulub ərzağa –çörəyə ehtiyacı olan ailələrə yardım paylanılmasınada kömək edirdim. Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyinin ardıcıl gətirdiyi sovqat və bağlamaları hospitala, hərbi hissələrə çatdırılmasında da iştirak edirdim. Şəhidlərin dəfn və yas mərasimlərində iştirak etmək isə boynumun borcu idi. Rayona gələn qonaqların da belə ailələrə getməsini təşkil edirdim. Qeyd edim ki, Kəmalə Ağazadə də o çətin anlarda müharibə ərazisinə gələn cəsur xanımlardandı.

 

- Yadımdadı, Bərdə faciəsi günü saat 11-də zəng vurdun, dedin ki, yazıları atıram. Bir yazını atdın və...

- 28 sentyabrdan Quzanlıda internet tamamən kəsilmişdi. Yazıları redaksiyaya, gedib Bərdədən- qohum-tanışın evindən göndərirdim. Həmin gün Bərdə Mərkəzi Xəstəxana ilə üzbəüz yerləşən “köçkün binası”na getmişdim. Qonaq getdiyim Ağdam rayonun Göytəpə kəndindən olan Asif Əsədovun binanın həyətində kiçik bir iş otağı vardı . Orda həm də, Göytəpə ərazi icra nümayəndəliyi kimi də istifadə olunurdu. Yazını ordan göndərdim. Həmin gün hava günəşliydi, xoş idi. Ağdam, Tərtər tərəfdən güclü atışma səsləri gəlirdi. Amma Bərdədə sakitlik idi. Bu səbəbdən də Ağdam və Tərtər camaatının xeyli hissəsi də bu məhləyə yığışıb gəlmişdilər. Atışmanın dayanmağını gözləyirdilər ki, yenidən evlərinə dönsünlər.

Orda Tərtərli gənc ana ilə söhbət edirdim. Ayağından iflic keçirmiş, yerimə əngəlli 9 və 11 yaşlı iki övladının yanında oturub dərdindən, çəkdiyi əziyyətlərdən danışırdı. Günortaydı. İlk “Smerç” “köçkün binası”nın 50 addımlığına “ İrşad Telekom” mağazasının düz qarşısına düşdü. Qəlpələr göydən yağış kimi yağdı. Mərminin səsi elə dəhşətli idi ki…qəlpələr yaxınlıqdakı şiferdən olan damların üstünə dolu kimi yağırdı. Tez telefon əlimdə hadisə olan yerə tərəf yüyürdüm. Polis mərmi düşüb yanan maşına yaxın buraxmadı. Qaça-qaça yenidən binaın həyətinə döndüm. Camaatın arasına çaxnaşma düşmüşdü.

Oğlu, əri, qardaşı evdən çıxıb, iş dalınca, yaxud bazara, şəhərə gedən qadınların həyəcanlı bağırtıları, ağlaşmaları, qışqırıq səsləri həyəti başına götürmüşdü. İkinci, üçüncü mərmi də düşdükdən sonra şoka düşmüş, çaşqınlıq və stress içərisində olan camaatı zirzəmiyə yığmaq lazım idi. Orda Asif və Etibar Əsədovlarla birgə qocaları uşaqları, qadınları bir təhər zirzəmilərə yığa bildik. Həyətdə adam qalmadı. Bu dəfə yenidən çəkilişə başlamağa qərar verdim. Zirzəmidəki qadınların arxamca qışqırıb məni geri çağırmasını eşidirdim. Video çəkə-çəkə getdim çıxdım yenə “İrşad telekom” un yanındakı yanğın yerinə. FHN-in əməkdaşları yanğını söndürməklə, “TəciliYardım” maşınları küçələrə səpələnmiş yaralıları yığıb xəstəxanalara daşımaqla məşğul idi. Hamı susmuşdu. Elə bil hamı şok keçirirdi. Yerlər qan içində idi…gölməçə-gölməçə… yangına tökülən su qan gölməçələri ilə birləşib küçə aşağı axırdı. Çox dəhşətli səhnəydi çox… Yadımdadır ki, təkcə bir kişi dil-boğaza qoymadan, yüksək səslə ermənilərin anasına-bacısına söyürdü. Deyəsən, o şok keçirməmişdi…(gülür) Tanıyanlar dedi ki, ruhi xəstədi…

 

-Bəs sonra Quzanlıya necə getdin?

 

 

-Həmin gecə şəhərdə demək olar ki, çox az adam qaldı… “Köçkün”binasında da barmaqla sayılası adam qalmışdı. Orada qalanlar dedi ki, ermənini bilmək olmaz axşam vaxtıdı Quzanlıya dönmə, qal burda, sabah gedərsən. Tanış xanım vardı, Şövkət Yusifli. Evinin açarlarını mənə verib ailəsi-uşaqları ilə birgə Yevlağa getdilər. Gecəni Şövkət xanımgildə tək – tənha keçirdim. Sözün düzü, gündüz gördüyüm dəhşətlərin təsirindən gözümü yuma bilmədim, maşın da yanan adam, yerdəki qan gölməçələri, ağlaşma, çığırtı, mərkəzi xəstəxananın həyətində ölənlərin yaxınlarının fəryadı…Səhəri dirigözlü açdım. Səhər, qonaq olduğum evdə bir-iki loxma yeyib, “Pajarnı” tərəfə üz tutdum. Bu ərazidə daha çox dinc insan öldürülmüşdü. Yenə çəkilişə başladım, qəhər boğazımı yandırırdı. Elə bu anda göy rəngli VAZ-2107 avtomobilinin oturacağında bir ovuc insan içalatını gördüm. Çəkilişi necə başa vurduğumu xatırlamıram. Son kəlməmi deyib, telefonu bağladım, dizim üstə asfalta düşüb ucadan elə hönkürə-hönkürə ağladım...Ağlaya-ağlaya da Allaha yalvarırdım: Ay Allah, bu müsibəti götürmə, Ay Allah bu insanların günahı nəydi?” Yumruğumu gah dizlərimə, gah asfalta çırpırdım. Birdə baxdım,. ətrafım adamla doldu. Ora gələndə fikir verməmişəm sən demə, həmin gün PA-dan ora rəsmi şəxslər gələcəkmiş. 2-3 “Təcili Yardım” maşını, xeyli də əlavə maşınlar vardı. Məni yerdən qaldırdılar, apardılar “Təcili Yardım”ın yanına, əllərimə -üzümə su vurdular, dərman içirtdilər. Özümə gələndə sorğu-suala tutdular, kimliyimi öyrəndilər, Ölənlərin hansına qohum olduğumu soruşdular...

Əlbəttə, heç biri qohumum deyildi, soydaşım idi, günahsız insanlar idi... Günortaüstü Bakıdan bərdəlilərə dəstək üçün gələn Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, Svetlana Osmalı və Azər Hacıbəyli də o dəhşətli mənzərənin şahidi oldular. Bərdə qətliamını hər xatırlayanda ilk yadıma düşən, suya qarışıb axan qan birdə avtomobilin oturacağında parçalanmış bədəndən qalan bir ovuc içalat yadıma düşür… Buna baxmayaraq, müharibəni diqqətlə izləyən camaatla, əsgərlərimiz üçün narahat olan sığınacaqda müvəqqəti məskunlaşmış insanlarla danışanda (Dəymədağlı, Kətəlparaq, Lək qəsəbəsi, Mahrızlı və s. ) çalışırdım ruh yüksəkliyimi qoruyum. Elə redaksiyaya göndərdiyim yazılarımda da buna çalışdım...Bilirdim ki, oxucum çoxdu...

 

- Gələn söhbətimizdə 13 noyabrda yardımsevərlərlə birgə getdiyiniz Cəbrayıl turunuz haqqında danışarsınız...Mənə danışdığın qədəriylə o bir macəra olub...

 

-Məmnuniyyətlə danışaram...

 

Rövşən Tahir