adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

İran, apar o medalı... - İltifat HACIXANOĞLU yazır

İltifat HACIXANOĞLU
134809 | 2021-05-02 12:49

Dünəndən bəri İran mətbuatı və Bakıdakı əlaltıları şəhid generalımız Polad Həşimovun ölümündən sonra “Qasim Süleymani” adına medalla təltif olunması barədə ağzları köpüklənə-köpüklənə tərifnamələr yazırlar. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi şəhid general Polad Həşimovun ailəsini ziyarət edib. Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medalı şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim edib.

Bu hərəkəti ilə İran bir daha sübut edir ki, məkrli siyasətindən əl çəkmək istəmir. Bu həmin İrandır ki, 44 günlük Vətən Müharibəsinin ilk həftələrində Rusiyadan göndərilən silah-sursatla, ağır artilleriya və tanklarla yüklənmiş tırları öz ərazisindən Ermənistana çatdırılmasına şərait yaradırdı. Müharibədə ard-arda qazandığımız qələbələr və İranla həmsərhəd bütün ərazilərimiz erməni işğalından azad olunandan sonra valı dəyişdi. İran elə bilirdi ki, Azərbaycan bu dəfə də Rusiyanın aşkar dəstək verdiyi Ermənistana məğlub olacaq. Çünki bu, İranın arzusu və planıdır. Plana uyğun olaraq ermənilər daha da Azərbaycanın içərilərinə doğru hərəkət edəndən sonra Araz boyu bütün ərazilərimiz yenidən İranın nəzarətinə keçməli idi. Çünki Azərbaycan müstəqillik əldə edəndən bəri İran “din” pərdəsi altında, dini məktəblərində yetişdirib göndərdiyi “tulaları”nın vasitəsilə ixtişaşlar yaratmaq fikrindən hələ də əl çəkməyib. Nardaran və Gəncə hadisələri bu dediklərimizə sübutdur.

Görəndə ki, Ermənistana açıq-aşkar yardım etməklə Azərbaycanda ona rəğbət bəsləyən şiə məzhəbindən olan insanların olan- qalan hörmətini itirib, İran onların ürəyin ələ almaq məqsədilə Polad Haşımov variantına əl atır. Görünür bununla İran müəyyən qədər Azərbaycan siyasətinə manevr etmək, narazı təbəqənin könlümü almaq istəyir. Çünki Polad Haşımov dünya azərbaycanlılarının məhəbbət bəslədiyi bir şəxsiyyətdir. O, özü sağ olsaydı, onun qapısına bu məkrli planla gələnləri qovardı. Təbii ki, Polad Haşımovun  ailəsi bu məkri anlamamış ola bilərlər. Hətta bizdə olan dəqiq məlumata görə qəhrəmanımızın anası Səmayə xanım İran səfirliyinin görüş barədə xahişindən dəfələrlə imtina edib. Təbii ki, Səmayə xanım  biziim Milli Qəhrəmanımıza erməni xislətli bir Azərbaycan düşməninin adı olan medalı verməyin Azərbaycanın qələbəsini həzm etməməyin təcəssümü olduğunu başa düşmüşdür. 

Qasım Süleymani Azərbaycana nifrət edən, onun bir dövlət kimi varlığını həzm etməyən fars generalıdır. Onun hələ I Qarabağ Müharibəsi zamanı Azərbaycan əleyhinə casusluq etməsini həm erməni, həm də İran mənbələri etiraf ediblər. İran hökumətinin televiziya kanalı olan “Xəbər Şəbəkəsi”ndə verilişlərdən birində ekspertlərdən biri Qasım Süleymaninin ermənipərəst mövqeyini etiraf edib. Canlı yayımlanan verilişdə ekspert “Sepah” terror təşkilatının “Qüds Briqadası”nın komandanının niyə Ermənistana dəstək göstərdiyini izah edərkən ölkəsinin anti-Azərbaycan mövqeyini də açıqladı: “Ermənistan məsələsinə diqqət yetirin. Naxçıvan Respublikası ilə Azərbaycan Respublikası arasında quru sahəsində ayrılma var. Onların (ermənilərin-red.) Qarabağ bölgəsini Azərbaycan Respublikasına birləşdirməklə, Naxçıvanla Azərbaycanı birləşdirmək planları var idi. İlkin baxışda bunun İran İslam Respublikasının xeyrinə olduğu görünə bilər. Ancaq bunun arxasında məkrli plan var idi. Bundan sonra regionda pantürkist millət formalaşdıraraq, prosesləri digər məcrada davam etdirəcəkdilər. Lakin Qasım Süleymani bunun qarşısını aldı”,- deyə ekspert vurğulayıb. Bu adi bir ekspertin mülahizsi deyil, İranın Azərbaycanla bağlı siyasətinin inikasıdır.

Bu həmin Qasım Süleymanidir ki, Azərbaycanda ixtişaşlar yaratmaq üçün İranın qum şəhərində dini təhsil alan tələbələrdən Tohid İbrahimlinin başçılığı altında 24 nəfərlik terrorçu dəstə yaratmışdı. Bu həmin Qasım Süleymanidir ki, bütün erməni kilsələrində onun üçün matəm ayinləri təşkil edildi. Belə bir düşməni gətirib Azərbaycan xalqının Polad Haşımov Milli Qəhrəmanına calamaq məkrli siyasi məqsədlər daşıyır. İran Azərbaycan ictimaiyyətinin gözündə müsbət bir rola girmək üçün bu addımı atır.

Düşünürəm ki, Polad Haşımovun ailəsi Azərbaycanın düşmənin adına təsis edilən bu dəmir parçasını aparıb qaytarmalıdır. Yoxsa Poladın ruhu narahat olacaq!!!

 

TƏQVİM / ARXİV