adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Aprel 2021 10:11
32593
MÜSAHİBƏ
A- A+

Azərbaycanda yeni və ilk dəfə olacaq bir layihə - Mototaksi

Moto sürucü, layihənin müəllifi Rövşən Əliyev Adalet.az-a müsahibə verib.

" Azərbaycan bir ilk-Mototaksi"

- Rövşən bəy, "Motosikletlərə" , "Moped"-lərə xüsusi ilə son dövrlər daha çox maraq artdı. Artıq şəhərdə hər addım başı rast gəlmək olur. Bunun birinci səbəbi kimi pandemiya vaxtı işsizliyi göstərdilər ki, hər kəs alıb, "kuryer" işləyir. Sizcə də belədir? Yoxsa, başqa səbəbləri də var?

- Məncə motosikletlərə xüsusi maraq tıxaclarda yubanmamaq, istədiyin yerə vaxtından tez çatmaq, daha az benzin və digər sərfiyyatlara görə maraq artdı. Kuryer işləyənlərdən çox son zamanlar həvəskar moped və motosiklet sürənlərdə artıb. Həm də elə pandemiya buna səbəb oldu.

- Rahat olmağına baxmayaraq bir o qədər də təhlükəlidir. Elə son dövrlər ölüm halları da artdı moto sürücülər arasında. Bu, sizi yaxud başqalarını qorxutmurmu? Əksinə, daha da artım görünür indi sürənlər arasında. Səbəb motoda xüsusi bir sevginin olmasıdır? Adətən, sürücülər bu cür deyir..

- Ölüm hallarının artması bir başa bəzi moped satan şirkətlər ilə əlaqədardır. Fikir versəniz, həvəskar motosiklet sürənlər arasında qəza halları çox nadir hallarda yaşanır, amma moped sürücüləri arasında demək olar ki, tez-tez baş verir. Bunun səbəbi 300 manat ilkin ödəniş ilə heç bir təcrübə tələb etmədən moped satan şirkətlərdir. Gənclər maraq göstərir, təlimə getmədən birbaşa 300 manat tapıb belə mopedləri alırlar və qəza halları qaçınılmaz olur...

- Təlim demiş, yeni bir işə başlamısınız. Deyəsən, bu Azərbaycanda ilkdir. "Mototaksi..."

- Bəli. Bir çox ölkələrə baxdıq, "bizdə niyə olmasın?" dedik və yavaş-yavaş irəliləməyə çalışırıq.. Azərbaycan ilk edən mənəm. Ümid edirəm, yaxşı olacaq.

- Şirkət kimi fəaliyyət göstərirsiniz, yoxsa necə? Ümumiyyətlə, fəaliyyətiniz, etmək istədikləriniz haqqında danışaq. Niyə belə bir şey və məhz niyə insanlar buna həvəs göstərməlidir? Təhlükəni də nəzərə alaraq..

- Hal-hazırda fəaliyyətimizi sosial şəbəkə üzərindən davam etdiririk. Güvəndiyim, təhlükəsiz sürdüyündən əmin olduğum, motosikletinin mühərrik həcmi 150 cc-dən çox olan moto sürücüləri WhatsApp qrupumuza add edirik. İnsanların bir yerdən başqa bir yerə çatmasına köməklik göstəririk. İstədiyim əsas şey motosikleti insanların ciddi nəqliyyat vasitəsi kimi görmələridir. Biz müştəriləri heç bir təhlükəyə atmırıq qeyd etdiyim kimi. Təhlükəsiz sürəcəyindən əmin olduğumuz moto sürücülər ilə işləyirik.

- Amma yenə də burda bir qayda-qanun, rəsmi məsələlər olmalıdı. Sabah hansısa xoşa gəlməz hadisə ilə üzləşəndə daha da böyük problem olmaması üçün. Bununla bağlı nəsə planlarınız yoxdu? Axıra qədər bu cür pərakəndə olacaqmı?

- Yaxın müddət ərzində rəsmi olacaq hər şey və application üzərindən işləyəcəyik. Necə ki, digər ölkələrdə işləyirlər o cür.

- Sizcə alınacaq? İndidən maraq hiss edirsinizmi? Məhz taksiləri yox, sizi seçəcəklər?

- İnsan üçün ən dəyərli olan vaxtdır fikrimcə, ortalama hesablasaq ömrümüzün bir neçə ilini tıxaclarda keçiririk. Moto taksi ilə bunu bir neçə ay etmək olar.Etməyib peşmançılıq çəkməkdənsə, edib təcrübə qazanmaq daha yaxşıdır. Ən azından daha təcrübəli olacam.

- Mototaksiyə müraciət edən xanımlar olurmu? Adətən, burda problem yaranır, sosial şəbəkədə də rəy olaraq bir neçə dəfə yazdılar ki, qadınların istifadə etməsi ayıbdır.

- Elə hazırda ən çox xanımlardır. Seçdiyim moto sürücülərin demək olar ki, hamısı evlidir. İş ilə dostluğu qarışdıracaq insanlar deyil. Bizim üçün müştərinin cinsiyyətinin heç bir önəmi yoxdur. Əsas işimizi görüb, insanları xidmətimizdən məmnun edirik. Hərkəsin düşüncəsinə hörmət ilə yanaşıram, insanlardan da eynisini gözləyirəm.

- Bəs, bu xəbərə taksi sürücüləri nə deyir? Ünsiyyətdə olmusunuz heç? Reaksiyaları mənfi olar yəqin ki...

- Keçən dəfə bir taksi sürücüsü yaxşı söz dedi ki, "hərkəsin öz ruzisi var, sizin ruzinizi mən yeyə bilmərəm.." Bizim fikirimiz taksi sürücülərinin bazarını öldürmək deyil, vaxt itkisi və tıxac yaratmadan insanların daha tez çatmasına kömək etməkdir.. Amma hə, narazılıqlar da var onlardan.

- Yəqin ki, moto sürmək daha çox fəsillə əlaqəlidir. Məsələn, sizlər qışda, yağışlı havalarda işləyə bilməyəcəksiniz. Bununla bağlı düşündüyünüz nələrsə var? Yoxsa, təbiət bilən məsləhətdir?

- Motosiklet sevgin oldusa, bu, fəsilə baxmır, bunun üçün xüsusi geyimlərimiz də var. Mototaksi layihəmiz uğurla inkişaf etsə, xüsusi motosiklet geyimlərimizi müştərilərimiz üçün də təmin edəcəyik..

- Müsahibə üçün təşəkkür edirik.

- Buyurun, çox sağ olun.

Söhbətləşdi; Orxan Saffari