adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
21 Aprel 2021 14:01
37544
MƏMLƏKƏT
A- A+

MƏN ALLAHVERDİ BAĞIROV OXUYAN MƏKTƏBDƏ OXUMUŞAM

Ağdamda məktəblər nömrələri ilə tanınmırdı, direktorların adı ilə tanınırdı. Bizim məktəb də   Süleyman müəllimin  məktəbi adlanırdı. Mən oxuyanda artıq Süleyman müəllim Xankəndində Pedaqoji İnstitutun dekanı idi. Direktorumuz da Sabir müəllim idi. Amma yenə uşaqlardan soruşanda harda oxuyursan, deyərdilər ki, Süleyman müəllimin məktəbində. Sabir müəllim bundan inciməzdi.

Ağdamın vurub-tutan, hörmətli oğulların çoxu Süleyman müəllimin  məktəbini bitirmişdi. Özü də hələ məktəbi qurtarmamış ad-san  çıxarmışdılar. Bağırov qardaşları da, Allahverdi də, Əmir də,  Eldar da  Süleyman  müəllimin  məktəbində oxumuşdular.

Məndən böyüklər deyərdi ki, Allahverdi  hələ  9-10-da oxuyanda tanınırdı. Sözünün qabağına söz çıxaran yox idi. Vuran əli vardı, amma ürəyi uşaq ürəyi kimi saf və təmiz idi. Dava-dalaş sevməzdi, amma haqsız bir  iş görəndə onda Allahverdinin  üzünü görməyəydin.

Allahverdinin həbsxanaya düşməyi də məhz haqsızlığa qarşı çıxması, həmişə köməksizin, imkansızın, zəifin yanında durmasından olmuşdu.

Ağdamın özündən deyən  oğlanlarından biri bir ciyər axşamında bir əlili döyürmüş.  Bu vaxt Allahverdi  mağara girib əlili özündən deyən oğlanın əlindən alır. Özündən deyən oğlan bıçaqla Allahverdiyə də hücum edir. Allahverdi də onu salır şillə-şapalağın altına, bıçağını da alıb  onu vurur. Nəticədə həbsxanaya düşür. Təsadüfən həbsxanada da Elçibəylə bir kalonda  yatır.

Elçibəyin Ağdamda bir mifi vardı, elə indi də var. O mifi yaradan da  Allahverdi olmuşdu. Həbsxanadan  çıxandan  sonra Elçibəyin necə bir insan olduğundan, millətçiliyindən, savadından, mərdliyindən o qədər  danışardı ki! Sonra da   Elçibəy özü həbsdən çıxandan sonra tez-tez Ağdama gələrdi.

Allahverdi Ağdamın təəssübünü çox çəkərdi.  Bütün ağdamlıların namusunu öz namusu bilirdi. Bir dəfə rayonun milis  rəisinin müavini ağzından ağdamlılar haqqında  xoşagəlməz söz çıxarmışdı. Restoranının qabağında həmin rəis müavinini necə  çırpmışdısa üstünə Təcili yardım çağırmışdılar.

«Qarabağ» komandası da Allahverdinin adı ilə bağlıdır. Bu barədə  çox yazılıb.

Aqil Abbasın «Dolu» romanındakı Komandir Allahverdi Bağırovdu. Aqil Abbas romanda Allahverdinin bütün xarakterini, şəxsiyyətini, insanlığını çox dəqiqliklə verib. Mən elə yaza bilmərəm, ona görə tapın romanı oxuyun, Allahverdini daha yaxından tanıyın.

Xocalı faciəsindən sonra ordan gələn bütün qaçqınlara Allahverdi gündə üç dəfə restoranında yemək verərdi, təbii ki, öz hesabına.

Qarabağ müharibəsi  başlayandan Allahverdi qardaşı Eldarla birlikdə Ağdamın igid oğlanlarından (Ağdamda heç  igid olmayan oğlan yox idi) ibarət  könüllü batalyon yaratmışdı, özü də təkcə Ağdamı qorumurdular, Dağlıq Qarabağ ərazisindəki  azərbaycanlı kəndlərini də qoruyurdular.

Allahverdi Bağırov! Mən fəxr edirəm ki, mən də onun oxuduğu məktəbdə oxumuşam.

O gün Ağdamda idim. O məktəbin yanından  keçdim. Bizim məktəbin.  Süleyman müəllimin məktəbi yox idi, bir az daş qalağı vardı. Bu məktəblə bağlı xatirələrimi  gördüyüm səhnə darmadağın elədi.

Təsəllim o oldu ki, getdim Şəhidlər Xiyabanında Allahverdi Bağırovun məzarını  ziyarət elədim. Sən elə Ağdamsan.

 

NİCAT NOVRUZOĞLU