adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil  ABBAS:ƏJDƏR İBRAHİMOVUN ULDUZLARI NİYƏ SÖNDÜ?! 

AQİL ABBAS
70732 | 2021-04-25 15:30

Azərbaycanın kino tarixində  rejissor Əjdər İbrahimovun xüsusi yeri var. Çəkdiyi filmlərin hər biri əvəzsiz bir sənət əsəridir: «Bir məhəlləli iki oğlan», «Onun böyük ürəyi», «Ulduzlar sönmür», «26-lar», «Qəribə adam», «Ürək məsələləri», «Məhəbbətim mənim, kədərim mənim».

Mən Əjdər müəllimin iki filminə toxunmaq istəyirəm: «Ulduzlar sönmür» və «26-lar». Bu  filmlərində də sətiraltı mənalar o qədər ustalıqla verilib ki, mənalar sətiraltılıqdan çıxıb.

Zeynalabdin Tağıyev obrazını da ilk dəfə filmə  Əjdər müəllim gətirib.

Əjdər müəllimin ən böyük şedevri Azərbaycan xalqının görkəmli oğlu Nəriman Nərimanov haqqında çəkdiyi «Ulduzlar sönmür» filmidi. Bu filmi 1971-ci ildə  çəkib. O dövrdə ki Stepan Şaumyanın oğlu, adı yadımdan çıxıb,  hə yadıma düşdü Lev Şaumyan, «Pravda» qəzetində Nərimanov haqqında böyük bir məqalə ilə  çıxış edərək bu görkəmli şəxsiyyətin 100 illik yubileyinin keçirilməsinə  mane olmuşdu. Və nəticədə Heydər Əliyevin böyük bir çətinliklə ucaltdırdığı Nəriman Nərimanovun heykəlinin  açılışı da  2 il yubanmışdı. Bu heykəlin oduna da Məmməd Araz yanmışdı. Və bu yanmaq da onun sağalmaz bir xəstəliyə tutulmasına  düçar olmuşdu. Nə isə…

Və belə bir vaxtda Ulu Öndər Heydər Əliyev bütün  təzyiqlərə cəsarətlə  sinə gərərək «Ulduzlar sönmür» filmini   çəkdirmişdi. Və təbii ki,  bu  filmin çəkilişini də Əjdər İbrahimova  tapşırmışdı.

Və Əjdər müəllim də Sovet senzurasını  darmadağın  edərək ortaya möhtəşəm bir  film çıxarmışdı. Və Hacı Zeynalabdin Tağıyevi də filmin qəhrəmanlarından  birinə çevirmişdi.

Həm «26-lar», həm də «Ulduzlar sönmür» filmləri ilə bağlı ayrıca məqalələr  yazacam.

Bu yazını  yazmaqda  məqsədim nədir?  Əjdər İbrahimov xalq düşmənimidir ki, onun bu filmləri televiziya ekranlarından  yığışdırılıb? Niyə və hansı səbəbə? Deyə  bilərsiniz ki, «26-lar» Bakı komissarlarına  həsr olunub.  «26-lar» Bakı komissarlarına həsr olunmayıb, həmin dövrün  Azərbaycan faciəsinə həsr olunub. Baxın, orda nələr yoxdur. Eləcə də «Ulduzlar sönmür»də, həmçinin.

Hörmətli televiziya sədrləri, bəlkə bu barədə bir fikirləşəsiniz?!

Və sonda. Əjdər İbrahimovla bağlı məşhur bir hadisə.

İli yadımdan çıxıb, Göyçayda rayon qəzetinin  bir nömrəsini yandırmışdılar. Buna görə də qəzetin redaktoru Oqtay Cəfərovu vəzifədən  və partiyadan  xaric etmişdilər. O da bu məsələdə günahsız olduğunu  sübut edə bilmirdi. Sov.İKP MK-ya göndərdiyi bütün müraciətləri cavabsız qalırdı.

Axırda gedir Moskvaya, Əjdər İbrahimovun yanına. Xahiş edir ki, partiyaya  yenidən  bərpa olunması üçün ona köməklik  göstərsin...

…Əjdər müəllim uzun müddət Vyetnamda  çalışmışdı rejissor kimi, daha doğrusu, müəllim kimi. Vyetnam kinostudiyasının yaranması da Əjdər İbrahimovun adı ilə bağlıdır. Və  Xo Şi Min tərəfindən  Vyetnamın  ən yüksək mükafatına layiq görülmüşdü…

… Əjdər İbrahimov deyir:

- Oqtay, mənim səni Sovet İttifaqı Kommunist Partiyası sıralarına  bərpa etməyə gücüm çatmaz, amma istəyirsən səni Vyetnam  Kommunist Partiyasına   üzv qəbul etdirim. İkisi də  Kommunist  partiyasıdı da, nə fərqi var ki?

Amma sonra Oqtay Cəfərov partiya sıralarına  bərpa olundu  və təbii ki, Əjdər İbrahimovun bu məsələyə qarışması nəticəsində.

 

TƏQVİM / ARXİV