adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: SÜLH GÖYƏRÇİNİ

FAİQ QİSMƏTOĞLU
55909 | 2021-04-02 12:29

... Oxucu elə bilməsin ki, mən hansısa bir təmsil qələmə alıram, yaxud da məhşur təmsilçilərin təmsilini  xatırlayıram. Yox, bu əsla belə deyil! Və  əgər bir hadisəni görməsəydim, şahidi olmasaydım, heç bu yazı da qələmə alınmazdı. Gördüyüm hadisə məni necə silkələdisə, necə narahat etdisə, necə düşündürdüsə, qərara aldım ki, bu yazını qələmə alım və sevgili oxucularıma da çatdırım...

... Hər  gün evimizin yanındakı stadiona gedir, orda sürətlə yeriyir, yekəlik olmasın, idman hərəkətlərini təkrarlayır, düz bir saat hərəkətdə oluram. Və bu bir saat həmişə məni gün ərzində çox gümrah və şux saxlayır. Hətta bu idman hərəkətlərindən sonra özümü  cavan oğlan kimi hiss eləyirəm. Burda bir “tfu” deyim ki, göz dəyməsin!

Qonşumuzda Ədalət adlı bir dostum var, çəkisi də 170 kiloqram olar. O da deyir ki, müəllim, sən Allah, idman eləyəndə mənə de, gedim səninlə bir yerdə yeriyək. Mən də hər dəfə gedəndə qonşumu səsləyirəm, o isə “get, gəlirəm!” - deyir. Ancaq gözləyirəm, gəlib çıxmır ki, çıxmır. Sonra da mənimlə görüşəndə gülür və səslənir ki, müəllim, iradəm çox zəifdi, sən Allah məni bağışla! Neçə dəfə söz vermişəm, gəlməmişəm. Görürəm arıqlamaq əvəzinə çəkim bir az da artıb. Məsələn, bayramdan sonra olmuşam  175 kiloqram.

Indi mənim dostum Ədalətə lap yazığım gəlir. Əgər yeriməsə, hərəkət eləməsə, bu çəki bir az da artacaq, bir az da ağırlaşacaq, bir az da yeriyəndə, duranda əziyyət çəkəcək. Hər halda, Allah onun köməyi olsun!..

... Axı stadionda gördüyüm hadisəni danışmaq istəyirdim. Hə, gəldim stadiona, bir neçə dövrə vurdum və həmin günü də orda adam çox az idi. Səhv eləmirəmsə, bir qız var idi. Mən də o qızdan qabaqda gedirdim. Bir də gördüm bir qarğa altına salıb bir quşun başını dimdikləyir. Əvvəl  elə bildim dən yeyir. Bir az yaxınlaşanda gördüm ki, bu dən deyil, qarğanın ayaqları altında qalan və dimdiklənən göyərçindi. Tez özümü ora çatdırdım. Bir daş götürüb qarağaya atdım, qarğa qarıldaya-qarıldaya uçub yaxınlıqdakı hündür ağacın lap hündür budağına qondu və başladı orda yenidən qarıldamağa...

... Göyərçinsə al qanın içindəydi, güclə çabalayırdı. Qarğa onun boynuna o qədər dimdik vurmuşdu ki, boynu dərmə-deşik olmuşdu. Hətta asfaltın üstündə nə qədər qan vardı. Quşu ovcuma alıb kənarda sarmaşıqla ot qarışıq yumuşaq bir yerə qoydum. Hələ mən nə az, nə çox düz 50 dəqiqə gəzməliydim. Quşu kənara qoysam da gözümü ondan çəkmirdim. Göyərçini dimdikləyib ölümcül vəziyyətə salan qarğa isə yenə hündür ağacın budağında dayanıb qarıldayırdı. Yerdən bir daş götürüb ağaca sarı tulladım. Qarğa uçub getdi. Hər dəfə fırlanıb həmin yerə çatanda görürdüm ki, o qarğa yaralı göyərçini axtarır. Yenidən daşı götürüb ona sarı atırdım.

... Bu dəfə o qarğa gedib bir az aralıdakı ağaca qondu. O qarıldadıqca digər qarğalar da onun səsinə səs verir, ətrafda uçur, sanki o quşun qanına yerikləyirdilər. Beş-altı qarğa məktəbin üstündəki dama qonub orda yenidən qarıldamağa başladı. Bu dəfə də daş götürüb onlara sarı atdım. Sanki bu yazıq göyərçinin bütün qarğalar ölümünü gözləyirdi. Hələ indiyə qədər belə bir hadisə görməmişdim...

... Bir saat başa çatandan sonra sarmaşığın və otların arasında gizlətdiyim göyərçini götürüb evimizə yollandım. Dedim bəlkə onun yarasını yuyub, yod vurub təmizləyərik və göyərçin sağalar. Yolda qabağıma usta Tahir çıxdı. Dedi ki, “Mirzə, bu nədi belə, səhər-səhər əlində aparırsan? Göyərçindir, qarğa bunu qanına qəltan eləyib. Aparıram ki, bəlkə evdə onu müalicə edib sağaldaq”. O da təəssüf hissilə dedi ki, yazıq göyərçin, gör səni ala qarğa nə günə salıb...

... Quşu gətirdim evimizə. Xanımım onun vəziyyətini görüb çox məyus oldu. Hətta nəvəm Sədaqət də dedi ki, yazıq göyərçin qanın içindədi. Dədə, gəl bunu dərmanla yuyaq, sonra da yod vuraq, bəlkə sağaldı. Göyərçini dərmanla yuduq, yaralı boynuna yod sürtdük, hava da soyuq olduğu üçün eyvanda deyil, elə mətbəxdə bir yer düzəldib qabağına da dən qoyduq. Qanadı tərpəndikcə nəvəm sevinirdi. Dədə, elə bil quş tərpənir. Qoy bir az da qabağına su qoyaq. Qabda su da qoydular. Göyərçin bir neçə dəfə dəni dimdiklədi, sudan içdi və sonra da yorulubmuş kimi hərəkətsiz qaldı. Dedik yəqin bir azdan özünə gələr...

... Axşamüstü isə hamımızın qanı qaraldı. Quşa gəlib baxanda gördük ki, canını tapşırıb. Xanımım, oğlum, nəvəm, hamımız kədərləndik. Öncədən xanımım quşa baxanda dedi ki, bunun salamat yeri yoxdu. Qarğa o qədər başından dimdik vurub ki, hər tərəfi dərmə-deşik olub. Amma ümidimizi üzmədik, dedik əlimizdən nə gəlir, onu eləyək...

... Göyərçin quşların ən sevilənlərindəndir. Çünkü bu quşlar həm də sülh rəmzi kimi tanınır. Düzdür, evimizə gətirdiyim o yaralı quş ağ deyildi, göyə və qaraya çalırdı. Amma yenə ölən göyərçin idi. Daha doğrusu, qarğa tərəfindən dimdiklənib öldürülən göyərçin! Nəvəm Sədaqət həmin gündən qarğalara nifrət eləyir. Deyir dədə, bu qarğa göyərçini öldürürsə, deməli, o həm də işığın, sülhün, azadlığın düşmənidi. Nəvəmin həddindən çox kədərləndiyini görüb dedim:

  • Sədiş, həyat belədi, həmişə güclülər zəifləri ya basıb yeyib, ya da öldürüb. Yəni kim güclüdürsə, həyatda o qalır. Xüsusən də heyvanlar aləmində biri başqasını yeməsə, ya acından öləcək, ya da vəziyyəti ağır olacaq.

... Bütün canlılar yaşamaq uğrunda mücadilə eləyir. Amma elə canlılar var ki, onları insanlar qorumalıdır. Və çox vaxt da bunun şahidi oluram. Ən azından hər gün işdən evə qayıdanda AMEA-nin qarşısında çoxlu sayda göyərçinlərin o yan, bu yana uçduğunu görürəm. Yaşlılar, gənclər, yeniyetmələr o göyərçinlərə elə gün olmaz ki, dən verməsinlər və qabaqlarına qida səpməsinlər.

...Və o göyərçinlər də çox böyük sevgiylə  səpilən dəni bir-bir dənləyir, hətta insanlardan çəkinməyərək düz onların ayaqlarının altına qədər gəlirlər. Bilirlər ki, heç kim onlara dəyməyəcək... bilirlər ki, onlara dən səpən adamlar o quşları çox sevir... bilirlər ki, göyərçinlər sülh və sevgi rəmzidir! Ən azından ona görə ki, o göyərçinlər səmada uçanda, yerdə olanda dünyaya bir gözəllik gətirir.

... Gəlin, dünyaya bu gözəllik gətirən təbiətin bütün heyvanlarını və quşlarını qoruyaq və sevək. Xüsusən də biz insanlara daha çox yaxın olan və hətta gəlib ayağımızın altında dayanan göyərçinlərə sevgimiz və məhəbbətimiz bir az da artmalıdır. Çünki bütün canlılar kimi, onlar da insanlardan nəvaziş, sevgi və mərhəmət istəyirlər. Mərhəməti olan insan isə həmişə sevilir...

TƏQVİM / ARXİV