adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Mart 2021 12:35
35964
MÜSAHİBƏ
A- A+

"Güllə biləyimi dağıtdı, sümüyünü sındırıb, çölə çıxardı" - MÜSAHİBƏ

Muxtarov Elvin Daşqın oğlu, 17.09.1999 Göygöl rayonunun Nadil kəndində anadan olub. İkinci Qarabağ savaşında könüllü yazılaraq, vətənin müdafiəsinə qalxmış və bu yolda qəhrəmanlıq göstərərək Qazi olmuşdur.


- Elvin, qalib ordunun, qalib əsgəri, məğrur qazisiniz..Hansı hissləri keçirirsiz? Dönüb geriyə baxanda inanmağınız gəlirmi? Həyatında ilk dəfə belə bir şey olub, birdən-birə sanki filmin içinə düşmüsən.. O hissi görməyənlərə necə çatdıra bilərik?

- Qürur hissi duyuram, mən fəxr edirəm ki, Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm, burda mənim də qatqım olub.Bu hiss yaşamaq tamam başqa bir şeydir və həqiqətən də olanlar sanki bir film idi.  Başqalarına, yəni, görməyənlərə hiss etdirməyə, bu hissi ifadə etməyə çalışmaq mümkün deyil. Onu yaşayanlar bu hissi özünə ifadə edə bilmir heç, başqalarına necə izah eləsin?

- Könüllü yazılmısınız döyüşə. Azyaşlı və müharibə görməyən biri üçün çətin olmadımı? Heç düşünürdünüz ki, hər şey bu qədər çətin, məşəqqətli olacaq? Az da olsa qorxu hissi oldumu?

- Azərbaycan əsgəri üçün çətinlik boş şeydir, amma qorxu elə bir şeydir ki, müharibədə hər kəsi yaxalayır. Söhbət tək öz canından getmir ki. Yaxınların var. Hərə bir cür yaşayır, keçirir bu hissi.

- Bəs, siz bu hissi necə yenirdiniz? Necə yaşadınız?

- Yaralanan da. Bir anlıq fikirləşdim ki, bu, artıq sondur, şəhid oluram, ailəmi düşündüm ancaq, düşündüm qayıda bilməyəcəm onların yanına, mənə görə nə hallara düşəcəklər. Mənim qorxum onların mənim yoxluğuma necə dözə biləcəkləri hissi idi. Bu qorxu idi ki, məni  yaralı vəziyyətdə nifrətlə döyüşməyə təhrik elədi. Onları əsir düşməyim deyə...

- Sizi vurmaqları ayrı, özünüz özünüzü vurmağınız ayrı. Buna ürək eləmək çətindir bir az. Əgər əsir düşəcəyinizi bilsəniz, tərəddüdsüz vura bilərdiniz özünüzü?

- Gözümü belə qırpmadan. Nə lazımdırsa edərdim.

- Hansı ərazilərdə döyüşdünüz, haralarda oldunuz?

- Biz Sentyabrın 27-sində döyüşə Tərtər istiqamətində Mübariz İbrahimov postunda olduq.   Sentyabrın 29-da isə bizə olan hücumun qarşısını alarkən yaralandım.

- Cəmi 2 günə tarix yazmısınız.. Necə oldu hadisə, necə yaralandınız?

- Çox heyif ki, başqa yerlərin alınmasında iştirak edə bilmədim, tez yaralandım... 29-u axşam istirahət növbəsində idik. Bizim uşaqlar postda idi, birdən qışqırıq gəldi ki, basqın edirlər. Cəmi 9 nəfər biz idik, onlar isə 25-30 nəfər olardı. Döyüş başladı, müqavimət göstərirdik. Həmin vaxtı mən sektordan atəş açırdım. İkinci darağı atırdım  sektorun deşiyindən, vurdular. Güllə biləyimi dağıtdı, sümüyünü sındırıb, çölə çıxardı.

- Yardım, dəstək çağırmadınız heç?

- Gələ bilirdilər ki? Hər yeri, yolu da vururdular. Sümüyüm sınıb çölə çıxıb... Amma yenə də döyüşdük, postu onlara vermədik. Mənim tək peşimanlığım tez yaralanmağımdır..

- Bir əllə döyüşmək, ağrıya dözmək...Özünü necə ayaqda saxlaya bildin, özündən getmədin?

- Biləyimi juqutla sıxdılar, sanitar yaranı sarıdı və ağri kəsici vurdu iki dənə. Həmin an hiss etmirdim deyə.

- Vurulan an ilk olaraq nə düşündün, nə hiss elədin? Həyəcan, öləcəm qorxusu, yaxınların...

- Vurulan an dizi üstə düşdüm, ayağa da qalxa bilmədim. Güllələri də bir yerdə oturub atmağa başladım, nifrət hissi o ağrıları unutdururdu. Bizim darağlar boş qalsaydı, indi mən  burda sizlə danışa bilməzdim

- Yanında həmin an şəhid olan dostun oldumu?

- Çox şükür, şəhid olmadı, amma məndən əvvəl başqa bir nəfər yoldaşımız yaralandı....

- Hazırda olan vəziyyətiniz necədir, unuda bilirsiniz yavaş-yavaş o dəhşətləri?

- Unutmaq? Belə bir şey mümkündürmü? Gecələri yata bilmirəm, o anlar gözümün qabına gəlir...Orda qalan şəhidlərimiz...Onları həmin an çıxara bilməmək..Çox dəhşətli idi...

- Faciəvi şəkildə şəhid olanlar hələ...

- Hə, o da başqa bir ağrıdır. Biri var idi, yanına minamyot düşüb, iki hissəyə ayırmışdı..

- Sonra necə oldu bəs? Geri çəkildilər, neytralda qalan şəhidlərin qisası alındı? Öldürüldülərmi?

- Onlar istəklərinə nail ola bilmədilər və bunu özləri də bilirdilər. Bilirsiz, onlar döyüşə məcbur, biz isə bizi də aparın deyə yalvarıb gəlmişik az qala. Deyib gülə-gülə, oynaya-oynaya...

- Elvin, müsahibə üçün də, etdikləriniz üçün də çox sağ olun. Təşəkkür edirik.

- Buyurun. Etdiklərimə görə təşəkkür etməyə ehtiyac yoxdur. Borcum idi. 

Orxan Saffari