adalet.az header logo
  • Bakı 7°C
22 Fevral 2021 15:24
80825
MÜSAHİBƏ
A- A+

"Facebookda like yığanların 90 faizi bilmir ədəbiyyat nədir" - MÜSAHİBƏ

Gənc meyxanaçı Kərim abi Adalet.az-a müsahibə verib.

- Kərim, niyə məhz Kərim abi? Məsələn, Kərim Lənkəranlı yox, abi? Adətən, meyxanaçılar bu cür təxəllüs götürür. Doğulduyu yerin adını. Səndə isə tamamilə fərqlidir, seçilir. Qəsdən hesablanmış bir şeydir? Diqqət çəkmək üçünmü, yoxsa, başqa bir səbəbi var?

- Mən meyxana deməmişdən qabaq adım Kərim Abi idi sosial şəbəkədə. Qəsdən hesablanmış şey deyil. Sadəcə,mən Lənkəranlı təxəllüsü ilə çıxış etsəydim və hər hansısa bir zəif çıxışım olsaydı, yanlışım olsaydı, deyəcəkdilər, o Lənkəranlı uşağı gördünüz də, deyə bilmədi, o Lənkəranlı uşağı daha çağırmayın zad. Mən buna görə öz təxəllüsümdə qaldım ki, əgər nəsə zəiflik olsa, söz mənim adıma gəlsin, Lənkəranın yox.

- Belə çıxır ki, özünə, istedadına güvənmirsən? Həm də, belə düşünmək ifrat yerlibazlıqdan irəli gəlmirmi səncə?

- İlk dəfə səhnəyə çıxanda toya yox, canlı efirə çıxmışam mən, ona görə də bilmirdim dediyim meyxananı necə qarşılayacaqlar. Çünki dediyim meyxana bakirə sözlərlə doludur, hamısını işlədəcəyimi planlamışdım. İkinci məsələ isə söhbət Lənkərandan getmir, yer adından gedir. Mən başqa rayondan deyə bilməyən görmüşəm, onu rayonunun adı ilə təqdim edim, deyə bilmir.

- Kərim, meyxanaçıların hamısına verilən sual, haqqlarında danışılan bir məsələ də var, o da bildiyimiz  narkomaniya. Elə xüsusi ilə Lənkəranla bağlı. Amma müasir meyxana deyənlər içi sən qarışıq, dəfələrlə bundan uzaq olduğunu deyirsiz. Bəs, niyə vəziyyət düzəlmir? Səbəb və çıxış yolu nədir?

- Çünki dünən Kəramət Böyükçölü söyən, bu gün isə dahidir deyən camaatdan intellektual nəsə gözləmirəm. Onlar bizim hamımıza narkoman da deyəcək, oğru da deyəcək. Ən dahi bildiklərini söyən Kəramət səhər üzr istəyəndə, ona bu hərəkətinə görə dahi deyənlərin mənə nə deməsi ilə maraqlanmıram. Amma bir gün əsəbi vaxtıma düşəcək, birini narkolojiyə aparıb yanında analiz verəcəm, sonrasını daha demirəm...

- Kəramət demişkən, sosial şəbəkələrdə olan meyxanaçılar ümumi ədəbi camiənin adamları ilə vaxt aşırı mübahisə edir. Sən özün bir çox meyxanaçıdan fərqli olaraq ədəbiyyatı da bilirsən. Bəlkə, ədəbiyyatçılarda da haqq payı var? Məsələn, Kəramət daxil olmaqla bəziləri deyir ki, onlar millətin zövqündən, cahilliyindən istifadə edib pul qazanırlar..

- Dərd orasıdır ki, bunu deyənləri ədəbiyyatçı kimi tanıyırlar. Amma onlar ədəbiyyatçı deyillər. Onların alqış etdiyi gənc şairlərin şeirlərindən meyxana pisdi? Bu gün müasir ədəbiyyat deyib ortada fırlanan, facebookda like yığanların 90%-i bilmir ədəbiyyat nədir. Əgər bilirlərsə, yaxşı bir şeir mənim də inboxuma atsınlar da, niyə ancaq qız-gəlin axtarırlar ki, gecə saat üçdə səsli şeir desinlər? Şeir də şeir olsa. Azərbaycan lüğətindən qadın və uzaqlar sözünü çıxart, gör nə qədər adamın kitabı, yazısı toz-torpaq olur. Kiminsə balasını yoldan çıxartmaq üçün şeir yazanların neçəsini bu gün şair kimi qarşılayırlar. İndi quru şeirə baxan yoxdu deyə, pul lazımdı, şeirdə də pul var? Başını qaldırıb görür ki, meyxana deyən bunun xəyal etdiyi pulu playstation oynayanda xərcləyir, başlayır paxıllıq eləməyə, çünki istedadsız olub, şeir yazıb, bu sərbəstdi filan deyə bilirsən, amma meyxanada belə şey yoxdu, girə bilmədiyi bazardı, şüuraltında beyni aqressiya yaradır onda və nəticədə də belə boş-boş danışırlar.

- Yəni, deyirsən, maddiyyata görədir? Ədəbiyyatçılar meyxanaçılar kimi qazansa, bu söz söhbətlər də yatacaq?

- Bəli, maddiyyata görədir. Sadəcə, mən o adamlara ədəbiyyatçı da demirəm.

- Meyxanaçılar haqqında olan tənqidlərdən biri də budur ki, ucdan tutma hamısı aqressivdir, məhəllə söhbətlərİdir və.s həm meyxanada, həm də xarakter olaraq. Tənqid qəbul etmirlər, "qaqaş" kimi davranırlar. Buna necədir münasibətin?

- Normaldır meyxanaçıların belə olması, çünki bu mentalitetin ən seysmik bölgələrində böyüyüblər. Sadəcə onu deyən adamlar haqsızdılar. Məsəlçün, onların haqqını yeyən məmur tutulandan sonra səslərini çıxarırlar, amma bizə aqressiv deyirlər, tənqid qəbul etmirsən deyirlər. Sən bir özünə lazım olan şəxsi tənqid elə vaxtında, biz də qaçmırıq ki, burdayıq.

- Meyxanaçılar məmurları tənqid edir ki? Nisbət etibarı ilə ədəbiyyat adamları siyasətə daha çox qarışır, nəinki meyxanaçılar. Məsələn, üzdə olan meyxanaçıların heç biri hansısa məmuru vəzifədə olarkən açıq şəkildə nə belə, nə də meyxana da tənqid edib. Olsa da, barmaq hesabı.

- Sən yanlış başa düşdün, meyxanaçılar oturub kimisə tənqid etmir ki, bura məmur əlavə edəsən, çıxardasan, mən deyirəm bizə tənqid götürmürsən deyən ədəbiyyatçı, eyni şeyi vəzifəli birinə yalnız o vəzifəli adam tutulanda, ya işdən çıxarılanda edir.

- Kərim, sən meyxanaçı kimi parlayanda bir az fərqli oldu. Meyxana yarışmasında dediyin ev tapşırığı da çox məşhurlaşdı. Amma elə bunun özü də tənqidə səbəb oldu ki, intellektual sözlərdən, terminlərdən istifadə edib deyə belə olur. Sosial şəbəkələrdə bu cür rəylər də yazılırdı...

- Mən rastlamamışam elə rəylərə. 4-5 nəfər uğursuz meyxanaçı  orda-burda danışırdı dalımca, ay nə bilim özündən sözlər çıxardıb filan, onlar da itib batıblar.

- Onda bunun fərqlilik üçün etdiyini yox, normal olaraq danışığının elə olması saya bilərik? Bu fikrin yaranmasına səbəb digər meyxanaçıların heç birinin o cür meyxana deməmisidir. Dolayısı ilə ,ilk dəfədir də deyə bilərik.

- Aydına qədər əruz vəznində də elə deyən yox idi, Vüqara qədər kimsə publik şəkildə o qədər klassik qəzəl üslububdan bədahətən istifadə etməmişdi, Rəşada qədər rəqibin üstünə qışqırmaq da yox idi. Bu siyahını uzatmaq olar xeyli. Hər gələn bir nəsə gətirməlidir ki, proses getsin.

- Bir məsələdə var ki, sizin ətrafınız, yəni, bir sıra müasir meyxana deyənlər 30-luq, 60-lıq qafiyələr deyirdi. Bu adamların marağına səbəb olsa da, üzdə olan meyxanaçıların xoşuna gəlmədi heç. Hətta internetdə də var. Deyə bilmirlər, yoxsa o cür uzun qafiyələr, bəhrlər əsl meyxana deyil, sadəcə fikir çıxarmaqdır?

- Onu demək üçün yaddaş lazımdı sadəcə. O, 30-luq adətən rəməl ya da həzəc bəhrinin qəlibində olur, meyxanaçılar qısa formasını deyirlər onun, uzun formasını demək üçün yaddaş məşqi lazımdı, 3-4 dəfə cəhd  eləsələr, təkbətək də demək olar. Biz bir ara 30-luqda o qədər demişdik ki, təkbətək deyirdik onu. 90- na qədər demişik ümumiyyətlə..

- Meyxanaçıların özünün buna etiraz etməsi normaldır onda? Məsələn, adlarını çəkməyək, amma deyirdilər ki, bu lazımsız bir şeydir, toy üçün deyil və.s. Dolayısı ilə də xiridarın ağlında deyə bilmədi kimi qalır..

- Düz deyirdilər onu, toy üçün deyildi. Amma xiridarın ağlında elə qalmasın, ona etiraz edənlərin əksəriyyəti rahat şəkildə deyərlər onu.

- Hazırda 1 ildir ki, toylar da yoxdur. Yadırğamamısan meyxana deməyi? Bədahətən söz elədir ki, gərək daim məşq edəsən, deyəsən. Yəqin çox darıxmış olarsan toylardan ötrü..

- Darıxmağa bərk darıxıram. Amma yadırğamamışam da.

- Müsahibəni maraqlı bir qafiyə ilə bağlı elan edək bəlkə?

- Bəsdir bu suallar daha Orxan, məni yordun
Etdin iki söhbətlə yarımcan məni, yordun.( gülür)

Orxan Saffari