adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Fevral 2021 10:04
52046
MÜSAHİBƏ
A- A+

“Qarabağı görmədən sevən və uğrunda can verən bir nəsil yetişib” - MÜSAHİBƏ

Müsahibimiz deputat Müşfiq Cəfərov

Müşfiq müəllim, bildiyimiz kimi dövlət siyasətinin mühüm və ayrılmaz hissələrindən biri də gənclər siyasətidir. Bununla əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq qərarlar qəbul edilir, strategiyalar müəyyənləşib, dövlət proqramları həyata keçirilir. Bu gün bu sahədə aparılan siyasətə sizin baxışınız maraqlı olardı.

- Düşünürəm ki, hər bir ölkənin uğurlu gənclər siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Həyata keçirilən bu siyasət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulmalıdır. Sevindirici haldır ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəal fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində ciddi rol oynayır. Hazırda gənc nəsil cəmiyyətin vacib qüvvəsinə çevrilib. Dövlətimizin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. Bütün bunlar isə elmli, savadlı, yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə hesablanmış addımlardır. Elə bu səbəbdən də gənclərin yüksək biliyə yiyələnməsi, onların maraqlarının təmin olunması sahəsində ciddi işlər görülüb, Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığı artıb. Ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nailiyyətlər qazanılıb. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə var gücləri ilə çatdırırlar.

Ölkədə aparılan kadr islahatlarında da gənclər xüsusi diqqətdə saxlanılır. Onlara mühüm vəzifələr verilir, öz elmi bacarıqlarından istifadə etmək üçün şərait yaradılır. Gənclərimiz dövlətin onlara olan etimadını doğruldurlarmı?

- Bildiyimiz kimi kadr siyasəti hər bir dövlətin adekvat fəaliyyət göstərməsi üçün zəruridir. Dövlət idarəçiliyində peşəkar kadrların önə çəkilməsi artıq ənənə halını alıb. Respublikamızın Prezidenti cənab İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması demək olar ki bütün sahələrdə yüksək səviyyəli kadr bazasının yaranmasına şərait yaradıb. Hazırda dövlətimizin apardığı siyasətin mərkəzində məhz bu istiqamət prioritetdi. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bu gün ölkəmizdə aparılan islahatlar dövlətimizin qarşısında təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durmaqdadır. Bu gün savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması, onların mühüm dövlət postlarına rəhbər vəzifələrə gətirilməsi kadr siyasəti kimi qəbul olunmaqdadır. Bu işin öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə dövlət qulluğu vəzifələrini tutmağa layiq olan kadrların müəyyən edilməsi və seçilmiş namizədlərin müntəzəm olaraq hərtərəfli inkişaf etdirilməsi üzərində qurulmasına önəm verilir. Dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi, mühüm vəzifələrin onlara həvalə olunması, etibar edilməsi onlara olan diqqət və qayğının bariz nümunəsidir. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, gənc kadrlar cəlb olunduqları idarəçilik sahələrinə yenilliklər gətirib. Gənclərin onlara olunan etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyinə inanıram. Mənim Azərbaycan gəncliyinə inam və ümidim böyükdür. Hər bir gənc layiq olduğu təhsilə və işə sahib olmalıdır, bu sahədə yorulmadan, dayanmadan çalışmaq lazımdır.

Gənclərin 44 günlük Vətən Müharibəsindəki roluna toxunmasaq olmaz. Onlar hər zaman olduğu kimi fədakarlıqları ilə tarix yazdılar. Bizə Zəfər gününü qismət etdilər...

- 44 gün davam edən müharibədə gənclərimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, həmçinin yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünü təsdiqi kimi qəbul edildi.

Azərbaycanın müzəffər ordusu düşmənin bütün torpaqlarımızdan qovulmasına, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşanın işğaldan tam azad olunmasına, həlli mümkün görünməyən Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsinə, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə verdi. Azərbaycan gəncləri 44 günlük müharibədə əvəzsiz mövqe nümayiş etdirdi. Biz bir daha gördük ki, gənc nəsil əsl vətənpərvər ruhda böyüyüb. Azərbaycan gənci həm döyüşdü, həm Azərbaycan reallığını dünyaya diplomatik yolla çatdırdı, həm də zəfər dolu tarix yazdı. Biz bu zəfəri gənc nəslə borcluyuq. Böyük bir fəxarət hissi ilə qeyd edirəm ki, Qarabağı görmədən sevən və uğrunda can verən bir nəsil yetişib. Bu nəsil ki, milli dünya tarixində dövlətimizə yeni imic yaratdı.

Siz ölkəmizin ikinci böyük şəhəri sayılan Gəncənin Kəpəz rayonunun seçicilərinin etimadı sayəsində deputat mandatı qazanmısınız. Sözsüz ki, bu seçicilər arasında gənclərin öz rolu olub. Və yəqin ki, sizi seçən gənclər bu gün hansısa bir problemlə üzləşəndə sizə müraciət edirlər. Gənc seçicilərinizin qarşılaşdığı problemlər əsasən hansı sahələrə əhatə edir?

- Hazırda gənclərin əsas problem təhsil və işlə bağlıdır. Artıq 1 ilə yaxındır ki, dünya pandemiyadan əziyyət çəkir. Deputatlıq fəaliyyətim pandemiya ilə üst-üstə düşdü. Dünya özünü qapatdı, təhsil sahəsində ciddi boşluqlar yarandı. Həmçinin də qapanmalarla əlaqədar olaraq işsizlik artdı. Əsas müraciətlər iş və təhsillə bağlı olur. Pandemiyanın fəsadları postpandemiya dövründə də davam edəcək, lakin yenə də əlimizdən gələni qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçiririk. Hazırda Gəncə şəhərində müharibə iştirakçılarının təhsil və bacarığına uyğun rəhbər vəzifələrə gətirilməsi prosesi davam edir. Şəhər icra hakimiyyəti Vətən Müharibəsi iştirakçılarını yeni yaradılan şöbənin idarəçiliyinə təyin etdi.

 

Nicat NOVRUZOĞLU