adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

 Köçəryan Moskvanı su yoluna döndərir

MEHMAN CAVADOĞLU
152698 | 2021-02-09 13:53

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Moskva səfərinə hazırlşır. Bu, Azərbaycan ordusunun 44 gün davam edən Vətən müharibəsindən bəri onun Moskvaya ikinci səfəri olacaq. Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndən sonra onu 2008-ci ildə Yerevanda on nəfərin ölümü və yüzlərlə adamın yaralanmasıyla müşayət olunan  iğtişaşlarda günahkar bilərək həbs eləmişdi. Əli dirsəyinə kimi Azərbaycan xalqının qanına batmış bu müharibə canisi bundan əvvəl də Ermənistanda törədilən bir çox cinayətlərin, xüsusilə 1999-cu ildə ölkə parlamentinin gülləbaran edilməsinin də gizli təşkilatçısı sayılır. Həmin gülləbaran zamanı baş nazir və parlamentin spikeri də daxil olmaqla səkkiz nəfər qətlə yetirilmişdi.

Onun həbsi elə ilk gündən Paşinyan üçün ciddi başağrısına çevrildi.  Qarabağ klanının başında duran Köçəryan-Sərkisyan çütlüyünün 20 illik hakimiyyəti dönəmində məhkəmə hüquq-sistemində kök salmış sadiq adamlarının köməyilə bir neçə dəfə qısa müddətə həbsdən çıxıb sonra yenidən içəri atılsa da, nəhayət, ötən ilin iyulunda Bako Saakyanla Arkadi Qukasyanın zaminliyi və 4 milyon girov müqabilində ölkəni tərk etməmək şərtiylə müvəqqəti olaraq azadlğa buraxıldı. Təbii ki, Paşinyanı güzəştə getməyə məcbur edən başlıca amil Dağlıq Qarabağın iki qondarma prezidentinin Azərbaycan torpaqlarını yağmalamaq hesabına qazandıqları pullardan verilən girovdan çox Rusiya prezidenti V. Putinin aramsız siyasi təzyiqləri, bəlkə də bağlı qapılar arxasındakı açıq hədə-qorxuları idi.
Köçəryanın Moskvaya ötən ilki gedişi kimi indi gözlənilən səfəri də rəsmən onun  AFK “Sistem” investisiya holdinqinin iclasına qatılmasıyla izah olunsa da (o həmin holdinqin direktorlar şurasının üzvüdü) bəzi informasiya qurumları məsələni başqa rakursdan şərh edir, onun dostu Putinlə daha çox Dağlıq Qarabağ ətrafındakı son gəlişmələri  müzakirə edəcəyini qabardırlar. Təbii ki, bu cür söz-söhbətlər boş yerdən yaranmır, onların arasında həqiqətən isti münasibətlər var, özü də bu istiliyin dərəcəsi təkcə eks-prezidenti həbsdən buraxdırmaq üçün Kremldən Yerevana edilən israrlı təzyiqlərlə yox, həm də ötən Moskva turnesi zamanı çoxdan siyasi meyitə dönmüş bir zatla telefon danışığına ayrılan bir saatlıq qızıldan qiymətli vaxtla ölçülür.

Maraqlıdır, indi bu siyasi meyit Rusiya prezidentindən Dağlıq Qarabağın xilası üçün hansı köməyi umur, doğrudanmı, belə aramsız səfərlərlə situasiyanı yenidən öz xeyirlərinə dəyişməyə ümid bəsləyir? Onsuz da, Putin İkinci Qarabağ Savaşının ilk günlərindən axırına kimi  prosesin fəal iştirakçısı olub və özünün də etiraf elədiyi kimi bütün mübarıbə boyu Ermənistana hər cür kömək göstərib, bunun da da yetərli olmadığını görüb son anda “cərrahi müdaxiləyə” əl atmağa məcbur olub.

Rusiyanın təşəbbüsü, israrlı təkidi və təzyiqiylə müharibə dayandırılıb, atəşkəsdən sonra görüləcək tədbirlərlə bağlı altında Putinin də imzası olan üçtərəfli bəyanat qəbul edilib. Düzdür, bu cür imzaları ciddiyə almamaq, istəyəndə ondan tam imtina eləmək, istəməyəndə yanından gözüyumulu ötüb keçmək ənənəvi rus siyasəti üçün adi davranış norması sayıldığını da unutmaq olmaz. 
Amma üçtərəfli bəyanatda imzası belə ortada Türkiyə amili var. Atəşkəsin rəsmi Anqaranın da yaxından iştirakı və xeyir-duasıyla baş tutması, üstəlik, onun Monitorinq Mərkəzində iştirakının təmin olunmasıyla dünyada rəsmən yeni geopolitik düzənin yaranması Rusiyanın əl-qolunu bağlayan başlıca amildi. Bu ölkələrin son dövrlərdə yaranan sıx əməkdaşlığı əslində zorən müttəfiqlikdi. Qərbin öz ənənəvi rəqibiylə öz strateji müttəfiqini tərəzinin eyni gözündə görməsi, hər fürsətdə onları küncə çıxması, sanksiyalarla hədələməsi bu qədər fərqli hərbi-siyasi maraqlara malik iki dövlətin müttəfiqliyini qaçılmaz edib. Bütün bunları nəzərə aldıqda Rusiyanın indi onunçün az qala nəfəslik rolu oynayan böyük və gündən-günə güclənən qonşusuyla əməkdaşlıqdan vaz keçməsi, üzərinə götürdüyü öhdəliklərdən yayınması real görünmür. Elə Putinin özündən başlayaraq üzü aşağı bütün ranqlardakı məmurları, erməni sevgisindən və erməni diasporunun ənamlarından kor olmuş bəzi üzdəniraq politoloq və ziyalılarından başqa  hadisələrə açıq gözlə baxan siyasətçi və ekspertlərinin hamısı bunu hər fürsətdə dilə gətirirlər. Odur ki, Köçəryan hər kimdirsə təcrübəli adamdı və bu istiqamətdə hansısa dönüşə ümid bəsləyəcək qədər sadəlövh deyil. 

Onun bu darmacalda Moskvanı su yoluna döndərməkdə məqsədi tam başqadı, özü də gizli deyil. Bir müddət əvvəl verdiyi açıqlamada revanşizmi qəbul etmədiyini bildirən eks-prezidentin tamamilə yeni siyasi ampluada çıxışı çoxlarını təəccübləndirmişdi. Ancaq bu açıqlama keçmiş müharibə  canisinin heç də birdən-birə sülh göyərçininə çevrilməsinin nəticəsi deyildi. Sadəcə, hər kim olsa da təcrübəli siyasətçidi, darmadağın olmuş bir orduyla revanşizm sevdasına düşməyin axmaqlıqdan başqa bir şey olmadığını düzgün hesablamışdı. Üstəlik, yuxarıda söylədiyimiz səbəblərdən Rusiyanın da hazırkı mərhələdə istəsə belə öz siyasətini köklü şəkildə dəyişmək imkanında olmamasını yaxşı başa düşürdü. 

Moskva görüşü ərəfəsində mətbuata verdiyi geniş müsahibəsindəsə o,  hakimiyyət uğrunda mübarizəyə başlayacağını bildirərək əlavə edib ki, seçkilərə qatılacaq və qalib gələcək. “Seçkilərdə iştirak edəcəm və qalib gələcəm” formulu bütün dövrlərdə və bütün ölkələrdə seçki subyektlərinin dilində bitən gəlişi gözəl ifadə olduğu üçün burdakı boşboğazlığın dozasının aşıb-daşmasıyla işimiz yoxdu. Hazırda Paşinyanın devrilməsi üçün vahid blok yaradan bütün siyasi qüvvələr prosesin dinc müstəvidə və konstitutsion yolla getməsinin vacibliyini bildirir. Ancaq nədənsə “qanuni yol” deyəndə öncə baş nazirin Paşinyanın istefasını nəzərdə tutur, onun erkən seçki təklifini qəbul etmirlər. Köçəryan da bu xora qoşulub və nədənsə həmkarları kimi o da erkən seçkinin elə “qanuni yollardan” biri olduğunu unudub. Etiraf edək ki, ağır məğlubiyyətdən sonra ermənilərin hələ uzun müddət hər hansı müharibə partiyasına səs verməyəcəyini (hazırda fərqli ritorika ilə çıxış etmələrinə baxmayaraq, ona qarşı birləşmiş qüvvələrin hamısı məhz həmin düşərgənin təmsilçiləridi), üstəlik, bir çox radikal islahatlardan dolayı hələ də xalqın rəğbətini itirmədiyini və qüvvələr nisbətinin öz xeyrinə olduğunu dəqiq hesablayan Paşinyan başqa bir qanuni təklif, erkən seçki təklifi irəli sürməklə çox bic gediş edərək rəqiblərini pat vəziyyətinə qoyub. 
Odur ki, qəbula düşə biləcəyi təqdirdə onun Putindən əsas xahişi məhz Paşinyanın devrilməsinə yardım istəməklə bağlı ola bilər. Böyük ehtimalla Putin bu xahişi rədd edəcək. Birincisi ona görə ki, Paşinyan üçtərəfli bəyanatda imzası olan baş nazir kimi orda nəzərdə tutulan  müddəaların həyata keçirilməsindən qaça bilməyəcək ki, bu da ona çox lazımdı. İkincisi,  Ermənistandakı daxili situasiyadan dəqiq məlumatı olan Rusiya prezidenti yaxşı bilir ki, nisbi də olsa demokratik seçki ənənələri formalaşmış bir mühitdə Paşinyanın hətta istefadan sonra belə seçkilərə qatılıb onu udmaq ehtimalı yüksəkdi. İstənilən süzeren üçün yenidən xalqdan mandat alaraq mövqelərini gücləndirən hökumət başçısındansa məğlub birisiylə işləmək daha asandı. Hətta seçkini Paşinyan yox, az saylı dağınıq elektorata və daha çox Dağlıq Qarabağ əsilli ermənilərə güvənən və Moskvaya tam mənada sədaqətli kimsə, məsələn, elə Köçəryanın özü udsa belə bu vəziyyət indiki məqamda Putini qane etməyəcək. Çünki heç kim ona üçtərəfli bəyanatın altında imzası olan Paşinyan qədər müti olmayacaq. 

Köçəryan bütün bunları başa düşməyəcək qədər naşı siyasətçi deyil. Odur ki, Moskva yolunu yağır eləməyə başlaması heç şübhəsiz ki, Dağlıq Qarabağın gələcəyi ilə yox, öz taleyi ilə bağlıdı. Çünki ağır maddələrlə qaldırılmış cinayət işi hələ davam edir, irəlidə onu çətin məhkəmə prosesi gözləyir, Paşinyanın böhranı adlayıb özünə gələcəyi təqdirdə yenidən həbsxana divarları arasına qayıdacağı şübhə doğurmur. Ancaq bu  məsələdə də Putinin real dəstəyinə nail ola bilməyəcəyindən  narahat deyil. Çünki sirr pərdəsinə bürünmüş belə səfərlərlə əslində, daha çox öz personasını dəyərə mindirməyə, cinayət dosyeləriylə bitən siyasi karyerasını xilas etməyə çalışır. 

M. Cavadoğlu

      

TƏQVİM / ARXİV