SON DƏQİQƏ:

ŞAİR, GİLƏNAR YARPAĞI, PAYIZ, BİR DƏ O QIZ

  188574   |  
Şriftin ölçüsü  

Şair-gilənar yarpağı-payız, bir də o qız. Öz iş otağının pəncərəsinə özünü çırpan gilənar yarpaqlarını səsindən və qoxusundan tanıyır. Gilənar yarpaqları duyğuların payız ovqatını gətirir, "payızı gilənar yarpaqlarıyla sevər şair, şairi gilənar yarpaqlarıyla dindirər payız". Və beləliklə, şair gilənar yarpaqlarına, onların yaratdığı təbii ahəngə qoşulur, hər axşamçağı yarpaqlara şeir deyir, saplağı saralan yarpaqları sayar, balaca gilənar öz yarpaqlarıyla  payıza rəngarəng çələng toxuyar. "Hamı uşaq kimi sevinər payıza"- şairin  ağac, yarpaq və təbiət sevgisi buradaca bitərdi. Amma şeirdəki metafora bundan sonra gəlir:

 

Mən də bir gün köçəcəm payıza,

mən də bir gün gilənar yarpağı olacam.

Sevənlərim yağışa  dönəcək o gün,

qovuşa bilmədiyim o qız yağacaq birinci.

rəngbərəng damlalar qonacaq sinəmə,

muncuq-muncuq, inci-incə.

 

Saçları gilənar rəngində bir qız,

şeirlərimdə axtaracaq özünü.

gilənar boyalı dodaqlarında

pıçıltıya diriləcək misralar-

payızı gilənar yarpaqlarıyla sevər şair,

şairi gilənar yarpaqlarıyla

dindirər payız.

 

"Çevrilmə"-metafora baş tutdu. Şair Elxan Yurdoğlunun bir çox şeirləri onun təbiət sevgisindən yaranır-bu yaranış ənənəvi vəsf və tərənnümdən uzaq poetik məna missiyasını reallaşdırır. Gilənar yarpaqlarına, payıza vurğunluğun metaforası şairin "saçları gilənar rəngində bir qız"ın sevgisidir.

 

Elxan Yurdoğlu payızı və payızın yaratdığı duyğular mənzərəsini şeirlərində  əks etdirir və onun payız sevgisi hətta "Səni payız kimi sevirəm, qadın" şeirində necə deyərlər, şahə qalxır:

 

"Məndən yaz sevgisi ummaqdan əl çək -

Səni payız kimi sevirəm, qadın.

Mən sənə payızda vuruldum deyə,

Səni payız kimi sevirəm, qadın".

 

Payızı o qədər çox sevir ki:

 

"Qurban olum, payız,

Gedək bizdə qalaq"

 

deyir.

 

Və bir də "Tərk edilmiş hüznlü qadın-payız" şeiri.  Payızı hüznlü qadınlara oxşatmağı ilk dəfə Elxanın şeirində gördük.

Elxan Yurdoğlu lövhə, mənzərə yaratmağa çox meyllidir. Amma bu lövhələr həm də onun daxilindəki duyğuların intibahıdır.

 

Payız silkələdi budaqlarımı,

Dostlar yarpaq-yarpaq töküldü məndən.

Fələyin ruzgarı əsdi, adamlar

Daş-daş, torpaq-torpaq töküldü məndən.

 

O, Naxçıvana-doğulduğu torpağa həsr etdiyi şeirlərində də orijinal bir yol seçir:

Addım-addım gəzdim bu şəhəri,

Gül-gül qoxladım,

Qucaq-qucaq sevdim,

Ağac-ağac sevdim bu şəhəri,

Budaq-budaq sarıldım,

Yarpaq-yarpaq sevdim"

 

deyir.

 

Elxan Yurdoğlu  təbii şairdir və bu təbiiliyi onun sözə münasibətində aydın hiss edirik. 

"Doğma kənddə uşaqlıq" şeirində o, sözün yaratdığı təbiiliyə güvənir, Şəhriyar yolunu seçir. Xatirələr işığında yol gedir. Bu yol onu "Kənddə gecə düşüncələri"nə aparır:

 

Qızımın üzündə ayın şöləsi,

Yuxusunda göyün ulduz şələsi.

Kəndə layla çalan qurbağa səsi,

Yatırda bilməyir uşaqlığımı.

 

Ümumiyyətlə, Elxan Yurdoğlunun şeirlərində xatirə, yaddaşdan gələn silinməz izlər diqqəti xüsusilə cəlb edir.

 

Mən indi

içində gizlədiyin sevgim

boydayam

sən indi

Göyqurşağı heyrətimin uşaqlıq

sevincisən.

 

Unudulmayan bir sevgi xatirəsini bundan yaxşı ifadə etmək olarmı? Onun sevgi şeirlərini də əslində, xatirələrlə təsnif etmək olar: unutmamaq və unudulmamaq, ayrılıq və bundan doğan həsrət, sevgi və sevgisizlik.

 

Sən yoxsan, Ay da yoxdur,

Hər tərəf kömür kimi. 

 

Sonra:

 

Sinəm çalın-çapaz dağ,

Sislə, çənlə doluyam.

Sənsizlik neylər mənə

Xatirənlə doluyam".

 

Sonra:

 

Sənə gəldim,

səndə qaldı

Ürək…Əmanətdi.

Gedirəm.

Candan çıxan ruhlar kimi

Getmək…Cəsarətdi…Gedirəm".

 

Sonra:

 

Adın şirinlik idi dodaq-dilə, xatırla!

Gecə hərdən Aya bax və əl elə xatırla"

 

 Elxan Yurdoğlu  şeirlər kitabının adını "Ulduz çoxluğu qədər təklik" qoyub (2018).  Təkliklə tənhalıq arasında məsafə o qədər də uzaq deyil.  Ulduzların hər biri təkdilər, yerdən baxanda bir-birinə yaxındılar, amma belə deyil. Hər bir ulduz səma ucalığında təkdilər, tənhadılar.  Elxan Yurdoğlu da fərd etibarilə təkdir və həm də tənhadır,-deyə düşünüb kitabı əlimə aldım. Əli Kərimin "Tənhalıq boşluq deyil-Səni gözləyən varsa; Doludur ümid günəşilə, Həsrət ayparasıyla…Kövrək qəmin alatoranıyla". Və şeirinin sonunda "Tənhalıq istəyirəm- Böyük, dərin, dolu tənhalıq" misralarını xatırladım. Müqayisə yerinə düşür deyim ki,  Elxan Yurdoğlunun şeirlərində də təklik və tənhalıq çalarları güclüdür. "Ulduz" jurnalında (2018, iyun) ona belə bir sual verilib: "Şeirlərini bir neçə sözlə ifadə edə bilərsən?". O da belə bir cavab verib: "Darıxmaq, gilənar, payız, kənd, yasəmən". Bunu da qeyd edim ki, Elxan Yurdoğlunun təkliyi-tənhalığı  məhz o "böyük, dərin, dolu" tənhalıq kimidir. "Yay axşamında darıxmaq" şeirini misal gətirə bilərik:

 

Gilənar ağacının altıydı mənim dünyam -

Parlayan ulduzlardı ala-mor gilənarlar.

Yaşamaq gözəl hissdi, yaşamaq gözəl hissdi,

Biləsən ki, hardasa səninçün darıxan var.

 

Başqa bir şeirində ("Payızı yaşayan bir yerin ola") Elxan Yurdoğlu tənhalığın rəsmini çəkir:

 

Tənha skamyalar tək adamların,

Sevgi günlərinin intihar yeri.

Səni ora dartar hey addımların,

Sızıldar könlündə intizar yeri.

 

Onun şeirlərinin poetik boyalarından, bədii təsvir vasitələrindən də söz aça bilərəm. "Yağışdan sonrakı torpaq iyi"ndən doğrudan da torpaq (özü də Naxçıvan torpağı) qoxusu gəlir. "35 yaşın şeiri"ndə nağıllaşan uşaqlıq və ilk gənclik illərinin xatirələri dilə gəlir. Heç nəyi gizlətmir: "Üstündən on il keçsə də o vaxtdan, içimdə 25 yaşında gənc bir Elxan yaşayır". "Rəssam qadın" şeirində isə rəssam Ülviyyə Həmzəyevanın rəsmlərini sözlə rəngin vəhdətinə çevirməyə çalışır: "Rəngsiz çərçivədə rəngli bir əsər". Ən yaxşı şeirlərindən biri "Çərpələng"dir. Və bir də "O qız, bir də gecə dördün yağışı": " Könlümün pərdəsini sığallayır nəfəsin, Gecənin düz dördüdü, ruhuma yağış yağır".

Elxan Yurdoğlu artıq ədəbi gəncliyini başa vurur və qarşıda əlbəttə, qələmə aldığı mövzuların daha kamil və poetik nümunələrini yaratmaq və həmçinin öz ürəyinin pəncərəsindən dünyaya daha geniş nəzərlərlə boylanmaq gərək...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13, 11,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüal Vəli Xramçaylıya:

- Vəli, birdən yüz min manat tapsan neyniyərsən?

Vəli:

- neyniyəjəm qağa, tez aparıb borclarımı verərəm.

Hidayət müəllim:

- Bəs qalanın nağayrassan?

Vəli:

- Qalanında Allah kərimdi, yavaş-yavaş verərəm dana.

ARXİV

TƏQVİM

FACEBOOK