Anlaqsız prezidentin impiçmenti

MEHMAN CAVADOĞLU
89658 | 2021-01-11 12:22

Sovetlər Birliyi dağılandan sonra dünyanın hələ ki yeganə super dövləti və şəriksiz lideri titulunu heç kimlə bölüşməyən Amerika haqqında tez-tez təkrar olunan məşhur bir deyim var: “ABŞ siyasəti dəyişməyəcək qədər güclüdü”. Bu ifadə daha çox hər dörd ildən bir ölkədə keçirilən və az qala, ölüm-dirim mübarizəsi səviyyəsinə çatan, dünyanın ən ucqar guşələrində belə bitdə-bitdə izlənən, bəzən saçyoldu səviyyəsində qızğın dartışmalara səbəb olan hər prezident seçkisi ərəfəsində söylənilir və zamanla öz təsdiqini tapır. Çünki bir nömrəli kresloda kimin oturmasından asılı olmayaraq, doğrudan da, həyat yenə öz təbii axarında davam eləyir, nə ABŞ-ın, nə də dünya siyasətinin gedişatında ən azı, aydın seziləcək heç bir köklü dəyişiklik baş vermir, hər yeni prezidentin gəlişindən qeyri-adi nəsə umanların hamısı umsuq olur.

Dörd il bundan əvvəl, yəni, amerikalıların daha çox biznesmen və şou-biznes əhlinin çılğın personajı kimi tanıdıqları Donald Tramp özünü siyasətçi kimi yeni ampluada təqdim eləmək fikrinə düşəndə çoxları bunu o qədər də ciddiyə almadı. Onun qeyri-adi fikirləri və davranışları uzun illər boyu prezidentliyə namizədlərdən qəlibləşmiş tezislər eşitməyə vərdiş eləmiş bir toplumda xeyli fərqli ovqat yaratsa da, bunun qələbəyə gətirib çıxardacağına inanan çox az adam var idi.

Daha çox qulaqla düşünməyə vərdiş eləmiş kütlədən fərqli olaraq bir çox ciddi ekspert və analitiklər seçiləcəyi təqdirdə ölkəsini NATO-dan çıxardacağını anons edən bu zorən siyasətçinin Amerika üçün necə bir təhlükə olduğundan çox ciddi narahatlıq keçirirdilər. Həmin vaxt, yəni hələ seçkilərə təzə start verildiyi, ölkənin iki əzəli və əbədi partiyasından olan iddiaçıların bir-birləriylə yarışdığı ilkin seçim mərhələsində professor Qubad İbadoğlunun Duke Universitetindəki bir həmkarı namizədlərin çox original təsnifatını vermişdi: “Əgər Marko Rubio seçilcə o, ABŞ-ın ilk ispan mənşəli prezidenti olacaq, əgər Ted Kruz seçilsə o, ABŞ-ın ilk Kanadalı prezidenti olacaq, əgər Bernie

Sanders seçilsə, o, ABŞ-ın ilk yəhudi mənşəli prezidenti olacaq, əgər Hillari Klinton seçilsə o, ABŞ-ın ilk xanım prezidenti olacaq, əgər Donald Tramp seçilsə o, ABŞ-ın sonuncu prezidenti olacaq”.

Düzdür, Trampın Amerikanın sonuncu prezidenti olmağa gücü çatmadı, amma bu günlərdə ölkədə baş verən proseslər göstərdi ki, professorun yarıciddi-yarızarafat söylədiyi proqnozu doğrultmaq üçün o, əlindən gələn hər şeyi elədi. Məğlubiyyətiylə barışmadı, bir çox ştatlarda səslərin təzədən sayılmasından tutmuş, məhkəmələrə kimi hər yerə baş vurdu, hətta bəzi ştatlardakı qatı tərəfdarlarının, məsələn, respublikaçıların Texasdakı başçısı Allen Uestin diliylə ölkəni parçalamaq dərəcəsində avantürist hədə-qorxulardan da çəkinmədi. Həmin A. Uest 17 ştatın iştirakıyla “Ştatlar İttifaqı” adlı bir qurumun yaradılmasının vacibliyi haqqında bəyanat vermişdi ki, bu da ölkənin faktiki olaraq ikiyə bölüdüyü vətəndaş müharibəsi dövründəki vəziyyətə çağırışdan başqa bir şey deyildi.

Onun seçkidən sonrakı bütün davranışları aydın şəkildə göstərirdi ki, hakimiyyətdən xoşluqla əl çəkmək fikrində deyil. Bütün qanuni və hüquqi təşəbbüsləri bir-birinin ardınca iflasa uğradıqca daha radikal addımlar atacağı barədə mətbuatda, demək olar ki, hər gün yeni informasiyalar dolaşırdı. Hətta prezident iqamətgahının özündən belə ictimaiyyətə təşviş dolu məlumatlar ötürülürdü. Hələ Konqresin qarşısındakı olaylardan bir neçə gün əvvəl həmin mənbədən yayılan məlumatların birində deyilirdi ki, o, vaxtının çoxunu öz kabinetində vəkili Sidni Pauel və milli təhlükəsizlik məsələləri üşrə keçmiş köməkçisi Maykl Filinlə birlikdə keçirir və çox güman ki, seçkilərin nəticələrini ləğv etmək və hakimiyyəti qəsb etmək üçün yollar axtarır.

Görünür, bu cür senarilər son mərhələ üçün nəzərdə tutulurmuş. Hələliksə seçkilərin nəticələrinin Konqresdə təsdiqinə mane olmaq lazım idi. Odur ki, o, ölkənin hər tərəfindəki qatı tərəfdarlarını Kapitolinin qarşısına toplayıraq son hüquqi şansını da sınamağı qərara alır, bu da alnmasa, savadlı adamların sözü olmasın, “B planı”nı işə salıb daha sərt gedişlər etməyi planlaşdırırdı. Bəlkə də, Konqresin fəthi və dörd nəfərin ölümüylə nəticələnən hadisələr gələcək daha ağır faciələrin qarşısını almaqda həlledici rol oynadı, nə bilmək olar.

Təbii ki, onun öz ətrafındakı adamların əksəriyyətinin, üstəlik, bir çox dövlət və ictimai istitutların – ədliyyənin, mətbuatın, xüsusilə, Pentaqonun bu cür dirənişlərdən məmnun olmaması və yeri gəldikcə müqavimət göstərməsi belə ağılsız senarilərin baş tutacağına əl yeri qoymurdu, ardı-arası kəsilməyən həyəcan təbillərini çox az sayda adam ciddi qəbul eləyirdi. Amerika demokratiyasının bu cür asanlıqla çat verəcəyinə ölkənin daxilində və xaricində, demək olar ki, heç kim inanmırdı. Amma Konqresin qarşısındakı olaylar göstərdi ki, Trampın gizli məsləhətləşmələrindən əndişə keçirən azlıq haqlıymış. Daha pis variantlar da ola bilərmiş.

Tramp seçki saxtakarlıqları barədə çıxış və bəyanatlarında öz ölkəsini üçüncü dünya ölkələriylə müqayisə edə-edə axırda həqiqətən onu banan respublikasına çevirdi. Bu hadisələrin ABŞ-ın nüfuzuna vurduğu yaraları uzun müddət sağaltmaq mümkün olmayacaq. Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti barədə illik hesabatlar hazırlayan məmurları, sözə baxmayan ölkələri avtoritar idarəçilikdə ittiham edən rəsmilər hələ uzun müddət inamlı görünməyəcəklər, kompleksli davranışlardan yaxa qurtara bilməyəcəklər.

İndi ABŞ konqresmenləri Trampın impeçmentini gündəmə gətiriblər. Bu impiçment məsələsi təzə söhbət deyil, bütün prezidentliyi dönəmində domokl qılıncı kimi daim onun başının üstündə asılı vəziyyətdə dayanıb durmuşdu. Hakimiyyətinin ömrünə sayılı günlər qalmış bir adamın vəzifədən zorla kənarlaşdırılması bəzilərinə qəribə görünə bilər. Amma Amerika elə dövlətdi ki, hərəkətlərinin ölçü-biçisini bilməyən etibarsız adamın onun başında bir gün, hətta bir saat da olsa qalması ağır fəsadlara yol aça bilər. Üstəlik, nəzərə alsaq ki, impiçmentin səbəbi hansısa ciddi qanun pozuntusu yox, subyektin anlaqsız olması faktıdı, onda bunun nə qədər həssas və vacib bir məsələ olduğunu izah eləməyə ehtiyacı qalmaz.

Məsələ burasındadı ki, Trampın anlaqsızlığı təkcə Konqresə hücum olunan gününün hadisəsi deyil. Seşkilərdəki məğlubiyyətindən sonra atdığı addımların yuxarıda ötəri sadaladığımız xronikasından da göründüyü kimi prezident ən azı son iki aydı ki, bu dərdə mübtəladı.

Odur ki, onun özüylə yanaşı həmin müddətdə verdiyi bütün qərarlar da “impiçment” edilməlidi. İki ay ərzində o, xeyli xəstəhal qərarlara imza atıb. Ən azından onlardan birini, məsələn, öz ölkəsinin ən yaxın və ən vacib hərbi müttəfiqi olan Türkiyəyə qarşı tətbiq elədiyi sanksiyalar aradan qaldırılmalıdı. Çünki anlaqsız vəziyyətdə imzalanıb. Çünki bir neçə il əvvəl öz diliylə demişdi ki, Türkiyənin Rusiyadan “S-400”-lər almağa məcbur olması rəsmi Anqaranın yox, Obama hökumətinin günahıdı.

Amma Konqres bu sanksiyanı nəinki ləğv etmədi, hətta öz yağmalanmasından bir neçə gün əvvəl təsdiqləyərək bəyan elədi ki, qarşıdakı günlərdə onu daha da ağırlaşdırmaq fikrindədi. Daha bunun başqa adı yoxdu. Görünür, tibbdə yoluxucu xəstəlik sayılmayan anlaqsızlıq siyasətdə fərqli simptomlarla üzə çıxır.

M. Cavadoğlu

TƏQVİM / ARXİV