adalet.az header logo
  • Bakı 7°C
11 Yanvar 2021 10:28
155828
MÜSAHİBƏ
A- A+

Keşməkeşli ömrün 28 il, 4 ay, 9 günü - Şair Abdal Qəhrəmanla MÜSAHİBƏ

Bu gün həmsöhbətim Qarabağ elinin tanınmış simalarından biri şair Abdal Qəhrəmandı. Qəhrəman Hüseynov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, 3 dəfə yaralanıb, II qrup Qarabağ əlilidir. “Abdal” ləqəbi götürməyi də elinə-obasına, torpağına bağlılığı ilə əlaqədardır. Abdal Qəhrəmanla müsahibəmiz sizində marağınıza səbəb olacağını düşünüb onu sizə təqdim edirik:

 

- Qəhrəman müəllim, bilirəm ki, sizi tanımayan qarabağlı yoxdu. Amma yenə də əvvəlcə özünüz haqda qısa bir məlumat verərdiniz...

 

-1956-cı ilin 11 fevralında tək Ağdamın yox, Azərbaycanın cənnəti olan Abdal-Gülablı kəndində doğulmuşam. Kəndimizdə 8 illik, Qurban Pirimov adına Gülablı kənd tam orta məktəbində isə 9-10 cu sinfləri bitirmişəm. İncəsənət diqqətimi hər zaman özünə çəkib. Elə bu səbəbdən də 1973-cü ildə - məktəbdən bir başa Əbdürrəhim bəy Haqverdiyev adınaAğdam Dövlət Dram Teatrında aktyor kimi işə düzəlmişəm. O vaxt teatrın rəhbəri , ağdamlıların indi də adını rəhmətlə andığı artist Mamed- Məmməd Əmirov yəqin ki, məndə incəsənət aləminə olan marağı duymuşdu. Tam bir il tamaşalarda rol alıdm, fəaliyyət göstərdim. 1974-cü ildə əvvəl Ukraynada, sonra Rusiyanın Kaluqa şəhərlərində həqiqi hərbi xidmətdəydim. “Raketniy voyska” da raket sistemlərinin quraşdırılması sahəsində qüsursuz xidmətimə görə, dəfələrlə komandanlığın təşəkkürnamə və mükafatlarrına layiq görüldüm, taqım komandiri oldum, kiçik çavuş rütbəsi aldım.Əsgərlikdən gələndən sonra 2 il də Ağdam Dövlət Dram Teatrında işlədim. Sonra Ağdam Dəzgahqayırma Zavodunda, daha sonra Əhaliyə Məişət Xidməti İdarəsində bərbər işlərində çalışdım. 1991-ci il Şusa Mədəni Maarif Texnikumun Kitabxanaçılıq fakültəsini bitirmişdim deyə, Ağdam Mədəniyyət evində bədii rəhbər və sonra da müdir vəzifəsini şəhərimiz işğal olunana qədər yerinə yetirmişəm.

Ailədə 4 qardaş idiniz. Bildiyim qədəri ilə üçünüz Qarabağ müharibəsində əvvəl gündən atəşkəs rejiminə qədər döyüşmüsünüz...

 

- Doğrudur! Böyük qardaşım Rövşən müharibə dövrünün ilk günündən kəndin özünü müdafiə batalyonunda, sonra ehtiyac olduğu üçün Qaradağlı hospitalında tibb işçisi, Cavanşir isə polis kimi ön cəbhədə olublar. Knyaz isə ona əmanət etdiyimiz ailələrimizin qayğısına qalırdı.

 

- Sizin döyüş yolunuz nə vaxt başladı ?

 

- 1988-ci il fevralın 22-dən- xalqımızın DQMV-nin xalq deputatlarının SSRİ Ali sovetinə muxtar viləyətin Ermənistana verilməsi haqqında müraciətinə etiraz edən gündən meydanlarda oldum. Həmin gündən 3 erməni kəndi ilə qonşu olan Abdal kəndinə eləcə də, azərbaycanlılar yaşayan kəndlərə erməni silahlılarının basqın eləməsi məni hiddətləndirməyə bilməzdi. 1991- ci il may ayında Qarabağ müharibəsində ilk yaranan dəstələrdən demək olar ki, birincisi Yaqub Rzayevin ( Qatır Məmməd ) rəhbərliyi ilə yaranan ` “Qarabağ Müdafiə Şahinləri” ` dəstəsinə yazıldım. Dəstəyə mütaməadi olaraq igid oğlanlar yığışırdı. Noyabr-dekabr aylarından dəstə hərbi hissə kimi fəaliyyət göstərməyə başladı. Dəstənin ilk üzvləri Vəli Babayev , Müşfiq Abbasov, Şelli Xosrov , Türk Nadir , Canpolad Rzayev , Nİyazi əmi , Şelli Ticarət , Rafel- Füzuli Abbasov qardaşları, Musa-İxtiyar qardaşları , Kərəm - Eyvaz qardaşları, Sahil Həsənov ( Cinqo), Natiq- Namiq qardaşları, Elmidar-Bəxtiyar qardaşları, Taleh , Nizami Müəllim , Vaqif Müəllim , Oruc , Əbil Müəllim , Elbrus - Taleh qardaşları , Laçınlı Cabbar - Məhəmməd qardaşları , Qəmlo Füzuli , Əli kişi və oğlanları Tofiq - Səyyaf , Hümbət kişi və bir çox igidlərimiz artıq erməniyə qarşı döyüşür, yaxın kəndlərin müdafiəsində dayanırdılar.

-İlk böyük və ugurlu döyüşünüz nə vaxt oldu?

 

- Əsgəran rayonu Xoramurt kəndindən Ağdamın azərbaycanlılar yaşayan kəndlərinə böyük təhlükə vardı. Tez -tez qəfil basınlar edib soydaşlarımızın təsərrüfatına ziyan vurur, mal-qarasını oğurlayıb aparır, özlərini də qətlə yetirirdilər. Qarağacı qəbiristanlığının üst tərəfi bizim səngərlər olduğuna görə, onlara lazımı cavablar verirdik. Amma qəti savaş lazım idi. 1991-ci ilin dekabr ayının 31-də 32 nəfər dəstə ilə kəndə hücuma keçdik. Döyüş 1 yanvar saat 8-ə qədər davam etdi. Kəndi aldıq. Xıdırlıdan Leysan adlı əsgərimiz bizim ilk şəhidimiz idi Amma arxadan kömək gəlmədiyinə görə, mövqedən çəkildik . İkinci hücumdan sonra kəndi yenidən ələ keçirdik və 29 yanvardan düz Ağdam işğalına qədər kənd bizim nəzarətimizdə oldu. Seyidlidən Azər Oqtay oğlu Xoramurd məktəbinə bayraq sancarkən snayperlə vuruldu. Yeri gəlmişkən , Azər Quliyev də, Füzuli Abbasov da, mən də həmin döyüşlərdə ağır yaralandıq. Məni döyüş meydanından könüllü əsgər Cəvahir Abdullayeva çıxartdı. Güllə qarın nahiyəmdən- qaraciyərimin üstündən girib , ombamın aşağısından çıxmışdı. Həkimlərin səyi nəticəsində ölmədim, sağaldım və bir aydan sonra yaram tam sağalmasa da batalyonuma geri döndüm. Bundan başqa bir dəfə də yaralanmışdım, azacıq sağalan kimi yenə savaşa atıldım.

 

-O illərlə bağlı yaddaşınızda hansı maraqlı hadisə qalıb?

- Oradakı ən adi hadisə bu gün mənim yaddaşımda ən əziz xatirə kimi qalır. Minlərlədi elə yaddaşa yazılan hadisələr. Amma birini danışım: ”Döyüşlərin qızgın vaxtıydı. Batalyonumuz Əsgəran, Qara Qaya , Fərrux dağı , Baş Güneypəyə, Orta Güneypəyə , Canyataq , Gülyataq, Mehmanə kəndləri uğrunda döyüşlərdə əsil rəşadət nümayiş etdiiridi. Uğurlu, qələbə ilə nəticələnən döyüşlərimiz olurdu. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı faciəsi baş verdi. Erməni-rus hərbi birləşmələrinin basqınına məruz qalan silahsız Xocalı camaatı mühasirədən çıxmağa yol axtarırdılar. Yaqub Rzayevin batalyonu özünü yetirdi və Xocalı camaatının bir hissəsi xilas ola bildi. Bu döyüşdə Yaqub Rzayevin oğlu Canpolad döyüşərək qəhrəmancasına şəhid oldu. Oğlunun ölüm xəbərini ona Baxşeyiş Paşayev (Azərbaycanın Milli Qəhrəmanı) gətirdi. Yaqub oğlunun ölüm xəbərini eşidəndə sarsılacağını, göz yaşlarına boğulacagını, hətta mənən sınacağını gösləyirdilər. Bir ata kimi əlbətdə daxilən bəlkə də elə oldu. Amma o xəbəri mərdanə, təmkin və səbrlə qəbul etdi. Hamımız heyrətdə qaldıq. İnsan nə qədər böyük olarmış, qəlbində nə qədər vətən sevgisi yaşadarmış?! O, ad günündə şəhid olan oğlu Canpolad haqqında ancaq bu fikirləri söylədi:

– Burda döyüşənlərin hamısı mənim oğlumdur. Canpolad mənim həlak olan əsgərlərimdən artıq deyil. Aparın məscidə yusunlar, imkan olsa dəfninə gələrəm.

O vaxt həm sarsıldım, həm belə oğullarımızın olduğu üçün qürur duydum.

- Ağdamın işğalından sonra qərargahınız Ağdamın Baş Qərvənd kəndində - “Günbəz restoranı” deyilən yerdə yerləşirdi. Batalyonu dəyişdiniz?

 

- Uğurlu döyüş əməliyyatları getdiyi bir zamanda müəmmalı şəkildə komandirimiz Yaqub Rzayev 1992-ci ilin noyabrında həbs edildi. Müəmmalı şəkildə həbsxanada vəfat elədi və iyul ayının 20-də biz onu “1941-1945-in abidəsi” deyilən ğrzaidə -yeni salınmış Şəhidlər Xiyabanında dəfn etdik. Azərbaycanın Milli Qəhrəmanları Allahverdi Bağırovun, Canpolad Rzayevin yanında. 3 gün sonra Ağdam işğal olundu və batalyon dağıldı. Komandirin ölümü müharibə üçün böyük itki idi. Döyüşmək istəyənlərlə bu dəfə başqa bir batalyon yaratdıq. El arasında Cəfər kimi tanınan Yavər İmamalıyevkomandir oldur oldu Onun komandanlığı altında bir çox döyüşlərə atıldıq. Orda da atəşkəs rejiminə qədər ermənilərlə döyüşdük. Təəssüf ki, həm ölkədəki hərc-mərclik, Surətin əsgərlərinin özbaşnalığı, mərkəzləşdirilmiş komandanlığın və kifayət qədər silah-sursat ehtiyatımızın olmaması məğlubiyyətimizi labüdləşdirdi.

- Artıq indi qalibik! Silah-sursatımız da var, mərkəzləşdirilmiş komandanlığımız da, nizami ordumuz da!Kəndiniz də, rayonunuz da işğaldan azad olub!

 

-Ağdam rayonunun zirvədə olan cənnətiydi Abdal-Gülablı! Həm də ilk işğal olunan kəndi! 1992-ci il sentyabrın 4-də. Elə bilirdim o doğma yerləri görmədən dünyadan köçəcəyəm! Şükür Allahın böyüklüyünə! Şükür Ordumuza, Şükür Ali Baş Komandanımıza! Bu dünyadan arzu ürəyimdə getmədim!

 

-Kəndinizə getsəniz ilk ziyarət edəcəyiniz yer hara olacaq?

 

-Düz 28 il 4 ay, 9 gündür ki, yurdumu görmürəm. Təsəvvür edirsiniz, 350 km qət edib Quzanlıya gedirdim, ordan kəndimizə olan 35-40 km keçib gedə bilmirdim. Kənardan dağlara baxırdım, baxırdım, xəlvətcə ağlayırdım çıxıb gəlirdim. Ağrımı-acımı seirə dönüşdürüb, vərəqlərə tökürdüm. İndi möcüzə baş verib.Tezliklə ziyarətə gedəcəyəm və ilk öncə dizimi yerə qoyub həsrət qaldığım Harun bulağından, Damcı bulaqdan, Bəy bulağındandoyunca su icəcəyəm. İmkanım olsa uşaqlığımın keçdiyi Qızıl Qayanı, Haça qayanı da gəzəcəyəm. Sonra qəbiristanlığa gedib şəhidlərimizin və valideynlərimin qəbirlərini ziyarət edəcəyəm. Ümumiyyətlə, mənə bu xoşbəxtliyi yaşatdığı üçün Allahdan qazilərimizə uzun ömür can sağlığı, bütün şəhid oğullara rəhmət diləyirəm. Məkanları cənnət olsun! Onların canı bahasına bu gün mən kəndimə getməyə hazırlaşıram. Sentyabrın 27-ə qədər heç belə bi möcüzə olacağını ağlımada gətirə bilmirdim.(kövrəlir)

- Şeir demişkən, yaradıcılığınız haqqında da danışardınız...

 

- Yaradıcılığımın 90 faizi Qarabağdan, döyüş bölgələrindən bəhs edir. Mənim yaşadığım hisslər, başıma gələn olaylar sözə çevrilib. Şeirlərimin sayını itirmişəm. Amma xeyli hissəsini “Bağışla Qarabağ, bağışla məni” kitabıma toplaya bildim. Sırf Qarabağ dərdini qəlbi ilə yaşayanlar şeirlərimdən tez təsirlənirlər! Qarabağ elində az sayda məclis olar ki orda mənim şeirlərim səslənməsin, ya segah üstündə, ya intonasiyalı...

 

- Elə bilirəm sizə çox suallar yağdırdım, yordum sizi, son olaraq ailəniz haqqında da məlumat verərdiniz.

 

- Ailəliyəm, 2 oğlum 4 nəvəm var. Bütün valideynlər kimi ən böyük arzum odur ki, nəvələrim də oğullarım kimi xalqa dövlətə layiq övlad olsunlar.Tərbiyəli, vətənpərvər, zəhmətkeş...

 

- Sizə bütün arzularınıza çatmağı arzu edirik!İnşallah tez bir zamanda Abdal- Gülablıda sizin yeni kitabınızın çap olunması ilə bağlı tədbirdə görüşək! Müsahibəyə görə, təşəkkür edirəm!

 

Söhbətləşdi Əntiqə Rəşid