adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aqil ABBAS: BƏXTİYAR SADIQOV ƏN BÖYÜK MÜKAFATINI PREZİDENTDƏN ALDI 

AQİL ABBAS
85405 | 2021-01-09 17:54

Bu gün Azərbaycan jurnalistikasının görkəmli nümayəndələrindən biri, sözün həqiqi mənasında mətbuat generalı, 1-ci Qarabağ müharibəsinin veteranı, millət vəkili, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun 70 yaşı tamam olur.

Əslində Bəxtiyar müəllimin ömründən son 32 ili çıxın, çünki o 32 ilin 6-sını bir əlində qələm, bir əlində avtomat səngərlərdə keçirib, «Qrad»ın altında yaşayıb. Onda «Azərbaycan» qəzetinin Qarabağ üzrə bölgə müxbiri idi, özü Ağdamda yaşayırdı, bulvarın yanındakı üçmərtəbəli binada (mən o binanı gördüm, yox idi. O binada Ağdamın görkəmli həkimləri, müəllimləri, sənətkarları yaşayardı. Yenə tikiləcək və yenə yaşayacaqlar), müxbir postu da Ağdamda idi.

Döyüş gedən yerlərdə bir köhnə «Jiquli»si var, onunla gəzərdi. Deməli, Ağdərədəki səngərlərə gedir, naxçıvanlı bir komandir varmış Yusif Mirzəyev, əsgərlərə deyir ki, Bəxtiyar müəllimin maşınını benzinlə doldurun. O da deyir ki, vallah, varımdı.

- Gedin, doldurun dedim.

Nəsə, əsgərlər gəlirlər ki, doldurduq.

- Gedin daşırdın ey.Bu müəllim də elə hər gün yanımızdadı.

Bəxtiyar müəllim 1-ci Qarabağ savaşının döyüşçüsüdü, veteranıdı. Onun döyüş bölgələrindən hazırladığı reportajlar, oçerklər və məqalələr əsgərlərimizə (əslində o vaxt döyüşçülərin 80 faizi könüllü idi) bir ruh verirdi. «Azərbaycan» qəzeti səngərlərdə əl-əl gəzirdi.

Tapança da vermişdilər, həmin vaxt bir dəfə zarafatla soruşdum ki, Bəxtiyar müəllim, heç bu tapançadan istifadə edirsən?

- Bəzən səngərdə olanda bir-iki daraq boşaldıram, amma imanımı yandıra bilmərəm, erməniyə dəyir, yoxsa yox.

Bəxtiyar müəllim əslən Şelli kəndindəndi. Görkəmli yazıçı Əlfi Qasımovun, general Yelmar Qarayevin, ictimai-siyasi xadim Tamerlan Qarayevin və ən nəhayət, Ağdamın gözəl kişilərindən Fazil Qasımovun kəndidir.

Bir dəfə ermənilər bu kəndi işğal etmək istəmişdilər. Onda da silahımız az idi. Bunu «Dolu» filmində də Şelli Eldarın dilindən, batalyon komandiri idi, demişəm. Onda qadınlı-kişili yabayla, baltayla erməni çaqqallarını vurub kənddən çıxarmışdılar.

Bəli, yanvarın 10-da ömrünün 32 ilini yaşamamış Bəxtiyar Sadıqovun 70 yaşı tamam olur.

Ona ən böyük mükafatı da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev verib. Həm doğulduğu Şelli kəndini düşməndən azad edib, həm də yaşadığı Ağdam şəhərini.

Bu Qarabağdan olan deputatlar və deputat olmayan dostlar bir-biriylə görüşəndə deyirdilər:

- Necəsən, qaçqın və məcburi köçkün qardaş?

Amma indi görüşəndə deyirik:

- Necəsən, qaçqın və məcburi köçkün olmayan qardaş?

Daha doğrusu, «qardaş» demirik, «qaqa» deyirik.

İndi qaçqın və məcburi köçkün olmayan qaqam Bəxtiyar Sadıqov, 70 yaşın mübarək.

Qoy pandemiya qurtarsın, sənin Ağdamda 70 illik yubileyini keçirərik.

Ya da bu il mayın 16-da Ağdam şəhərində özümə toy edəcəm, evlənməyimin 40 illiyi ilə bağlı. Ordakı əsgərlərimizlə, polis işçilərimizlə və məni sevən dostlarla. İstərsən sənin yubileyinlə toyumuzu birləşdirərik, xərcimiz bir az az çıxar.

TƏQVİM / ARXİV