Aqil Abbas: Müqəddəs vəsiyyətin yerinə yetirilməsi

AQİL ABBAS
205571 | 2021-01-15 12:44

Yeddi dolamanı qalxdılar. Yuxarı qalxdıqca Qarabağın əsrarəngiz təbiəti daha gözəl görünürdü. Yolun sağındakı Tar fabrikini keçdilər. Bu fabrikdə Şuşanın ən mahir ustaları simli alətlər hazırlayırdı, xüsusilə də tar. Çox qiymətsiz idi bu tarlar. Hər adama nəsib olmurdu almaq. İndi də Azərbaycanın bir çox görkəmli tarzənlərində Şuşa ustalarının bu fabrikdə hazırladığı tarlar var. Əvvəlcə bura kiçik bir sex idi. Sonra Ulu Öndər Heydər Əliyevin göstərişi ilə fabrikə çevrildi.

Bu da möhtəşəm Şuşa qalası. Sultan bəy Sultanovun qulağını kəsdiyi Andranikə can verməyən Şuşa qalası.

Bu da qalanın yamacındakı Ərim gəldi. Xanımlar yığışardılar bura - Arana getmiş, döyüşlərə getmiş ərlərini gözləyərdilər. Dolamaları qalxıb at belində kimi görsələr, hamı çığırışardı ki, ərim gəldi. Burada sevinənlər də olmuşdu, göz yaşı axıdanlar da.

Və nəhayət, Ərim gəldini keçib Gəncə qapısından varid oldular Şuşaya.

Gənc İlham Əliyev ilk dəfəydi Şuşaya gəlirdi...

Gün gələcəkdi... bu şəhərə Azərbaycan xalqının xilaskarı kimi, bir sərkərdə kimi girəcəkdi. O günə hələ vardı...

...Şuşanın tarixini çox gözəl bilirdi. Həm kitablardan oxumuşdu, həm də atası Heydər Əliyevdən eşitmişdi.

Çox gözəl bilirdi ki, 1750-ci ildə bu şəhərin əsasını Çingiz xanın nəslindən olan Pənah xan qoyub. Bu şəhər də, bu qala da 4 il müddətinə tikilib və Qarabağın paytaxtı elan olunub. Və təkcə Qarabağınmı? Xeyr, bütün Azərbaycanın. Bu şəhər azərbaycanlılar üçün Kəbə kimi müqəddəsdir. Və bu şəhərin torpağı İmam Hüseynin torpağı kimi tütyədir. Və bu şəhər bir əsrboyu ermənilərin sinəsinə sancılmış bir xəncərdir.

Bu da Gəncə qapısı, bu da Şuşa şəhəri.

Uzun illər ermənilərin hücumuna məruz qalmış, yandırılmış və Azərbaycan hökumətinin laqeyd yanaşdığı, hətta bir ara Xankəndiyə tabe etdirilmiş bu şəhər Pənah xandan sonra ikinci ömrünü Heydər Əliyevin hakimiyyətə gəlişiylə yenidən yaşamağa başlayaraq Qarabağın paytaxtına çevrilmişdi.

Ulu Öndər Heydər Əliyev bu şəhərdə təkcə sanatoriyalar, istirahət mərkəzləri tikdirməmişdi, təkcə abadlıq işləri aparmamışdı, həm də elm-təhsil müəssisələri açdırmışdı. Əslində Heydər Əliyev bu şəhəri yenidən Qarabağın qeyri-rəsmi paytaxtı etmişdi.

Və bu şəhəri Ümumittifaq istirahət və turizm məkanına çevriləcəkdi...

...Gün gələcəkdi Prezident İlham Əliyev bu şəhəri təkcə azərbaycanlıların yox, eləcə də türk dünyasının paytaxtı elan edəcəkdi...

...Əvvəlcə Heydər Əliyev bu şəhərin abidələrini bərpa edəcəkdi, məscidlərini bərpa edəcəkdi, muzeyə çevirəcəkdi. Bu şəhərdən çıxmış böyük korifeylərin abidələrini qoyduracaqdı, ev-muzeylərini yaradacaqdı: Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün...

... Və gün gələcəkdi erməni faşizmi bu abidələri məhv edəcəkdi, muzeyləri dağıdacaqdı. Və gün gələcəkdi İlham Əliyev həmin abidələri yenidən ucaldacaqdı, ev-muzeylərini bərpa edəcəkdi. Özü də təkcə onların yox, Kərim bəy Mehmandarovun, Əhməd Ağaoğlunun, Mirmöhsün Nəvvabın, Məhəmməd ağa Müctehidzadənin (Ağdam məscidində sonuncu azan oxuyan Hafiz Sədrzadənin atası) və sair və ilaxır. Hələ o günə vardı...

...Bütün şəhər Heydər Əliyevin pişvazına çıxmışdı, əllərində gül-çiçək, gözlərində sevinc. Atası ilə səfərə çıxan İlham Əliyev də heyranlıqla camaatın bu sevincini, bu sevgisini izləyirdi.

Bu da Vaqifin məqbərəsi. Heydər Əliyev bir qış günündə, qarlı-şaxtalı bir havada bu məqbərənin açılışını etmişdi. Və bu məqbərəni tikdirmək üçün Moskvada, xüsusilə bu məqbərənin tikilməsini istəməyən yüksək çinli ermənilərlə çox üz-göz olmuşdu. Amma həmişə qalib olduğu kimi, yenə də qalib olmuşdu və bu möhtəşəm məqbərəni ucaltdırmışdı. Bu məqbərə də Dağlıq Qarabağda yaşayan ermənilərin ürəyinə saplanmış bir xəncər idi.

Açılışa da Azərbaycanın görkəmli şair, yazıçı, rəssam, qısası, ziyalılarını dəvət etmişdi. Və hər il keçiriləcək Vaqif poeziya günlərinin beləcə əsası qoyulmuşdu.

Azərbaycanın rəhbəri Heydər Əliyevin pencəyini tutmağı özlərinə şərəf bilən, əlini öpmək üçün növbəyə duran ermənilər xislətlərini nə qədər gizlətsələr də, 21 yaşlı İlham Əliyev bütün bunları çox gözəl görürdü. Heydər Əliyev öz oğluna, ata-bala söhbətləri zamanı ermənilərin mənfur simaları haqqında çox danışmışdı. Gələcək diplomat ermənilərin yüksək çinli vəzifəlilərinin Atasına necə yaltaqlandıqlarını hiss edirdi və bu ona ləzzət edirdi...

... Bu ləzzəti 38 il sonra yenidən yaşayacaqdı...

... Bu da Cıdır düzü. Təkcə şuşalıların, qarabağlıların yox, bütün azərbaycanlıların sevdiyi, ziyarət etdiyi bir məkan. Bu məkanda Pənah xan, İbrahim xan, Məmməd bəy Cavanşir Batmanqılınc çox at oynatmışdı...

... Gün gələcəkdi həmin Cıdır düzündə İlham Əliyev də at oynadacaqdı. Hələ o günə vardı...

...Və Heydər Əliyevin göstərişi ilə hər il burda Xarıbübül festivalı keçiriləcəkdi. Özü də bu festivala təkcə Azərbaycanın yox, həm də SSRİ-də yazıb-yaradan şairlər, yazıçılar, sənət adamları dəvət olunacaqdı. Bu musiqi festivalı bir daha bütün dünyaya sübut edəcəkdi ki, Şuşa və Qarabağ Azərbaycandır!..

...Və gün gələcəkdi İlham Əliyev Vaqifin bu möhtəşəm abidəsini düşməndən xilas edib bərpa edəcəkdi, həm Vaqif poeziya günlərini, həm də Cıdır düzündəki Xarıbülbül festivalını yenidən keçirəcəkdi. Hələ o günə vardı. Və gün gələcəkdi İlham Əliyev bunu bütün dünyaya bəyan edəcəkdi!..

... Qəribə bir təsadüf. Ulu Öndər Heydər Əliyev Vaqifin məqbərəsini 59 yaşında tikdirmişdi, Prezident İlham Əliyev də 59 yaşında həm Şuşa şəhərini işğaldan azad edəcəkdi, həm də məqbərəni yenidən bərpa etdirəcəkdi. Nə qədər qəribə olsa da, nə qədər təsadüf olsa da, bu bir xoş təsadüfdü...

... Biz o günu 28 il gözlədik. Və o gün gəldi. Və o günü bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev yaşatdı.

Və o gün gəldi.

38 il bundan əvvəl bir gənc diplomat kimi getdiyi şəhərə azərbaycanlıların, eləcə də dünya türklərinin Məkkəsinə dünyanın qəbul elədiyi həm diplomatiyada bir lider kimi, həm də bir sərkərdə kimi, Pənah xan kimi daxil olacaq. Son 200 ildə Azərbaycanın itirdiyi torpaqları bərpa edərək Şah İsmayılın və Ulu Öndər Heydər Əliyevin davamçısı kimi daxil olacaq.

Şuşanı əvvəlkindən də gözəl tikəcək, bütün dünyaya tanıdacaq. Və Şuşanı təkcə müsəlmanların deyil, həm də bütün dünyanın ziyarət edə biləcəyi müqəddəs bir məkana çevirəcək.

Bu gün Qarabağı, arxalarında kimlərin durmasından asılı olmayaraq, Ermənistan ordusunun işğalından azad edən, Azərbaycanın sərhədlərini bərpa edən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin 59 yaşı tamam olur. Bu təkcə Onun ad günü deyil, bütün azərbaycanlıların, eləcə də bütün türklərin ad günüdü. Və həm də Şuşanın 270 illiyinə Onun ən böyük hədiyyəsidir.

Cənab Prezident 50 illik yubileyini Ağcabədidə - Taxta körpüdə Laçın qaçqınları ilə keçirtdi. Yəni böyük təmtəraqla yox, hansısa bir qaçqın ailəsi ilə. Artıq qaçqınlıq da bitdi.

Mən inanıram ki, Prezident İlham Əliyev 60 illik yubileyini qaçqın olmayan şuşalılarla, qarabağlılara, eləcə də bütün azərbaycanlılarla birgə Şuşada keçirəcək! Və Cıdır düzündə xalqımızla bir yerdə qol-qola bir "Şərur yallısı” oynayacaq. Ermənilərə gözdağı vermək üçün yox, onsuz da ermənilərə gözdağını Qarabağı azad etməklə verib, onu sevən və həmişə onunla birlikdə olmaq istəyən Azərbaycan xalqı ilə bir yerdə. Nə cənab Prezident, nə də Azərbaycan xalqı kiməsə gözdağı vermək istəməyib.

Möhtərəm Prezident, Ali Baş Komandan, cənab İlham Əliyev! Bu təkcə Sizin ad gününüz deyil, həm də Azərbaycan xalqının ad günüdür.

Sizi və Azərbaycan xalqının sevimlisi həyat yoldaşınız, Birinci vitse-prezident Mehriban xanımı və bütün ailənizi, bu ailəyə Azərbaycan xalqı da daxildir, ad gününüz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı və daha böyük uğurlar arzulayıram.

 

Aqil ABBAS,

yazıçı, Milli Məclisin deputatı

 

"Azərbaycan" qəzeti

25-12-2020

TƏQVİM / ARXİV