adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Noyabr 2020 14:02
117243
ƏDƏBİYYAT
A- A+

“Çörəkli Kürdəmir, şeirli Şirvan”

1995-ci ildə o vaxt “Şur” nəşriyatının direktoru işləyən, müstəqillik dövründə ölkədə ilk özəl bədii-ensiklopedik uşaq qəzeti olan “Cik-Cik”-in təsisçisi və baş redaktoru Qəşəm İsabəylinin təşəbbüsü ilə əslən Kürdəmirdən olan yaradıcı insanların bədii yazılarından – nəsr və poeziya nümunələrindən ibarət “Çörəkli Kürdəmir, şeirli Şirvan” kitabı işıq üzü gördü. Kitabı sevimli şairimiz təmənnasız olaraq “Cik-Cik” qəzetinin hesabına, əslində öz hesabına nəşr etmişdir.

Almanaxın nəşr olunduğu dövr çətin zaman idi. Xalqımız 20 Yanvar faciəsini yaşamış, Sövetlər İttifaqı dağılmış, iqtisadiyyat çökmüş, Azərbaycan yenicə müstəqilliyə qovuşmuş, torpaqlarəmızın bir hissəsi yağı düşmənlər tərəfindən işğal edilmiş, vətənimizin müstəqilliyi yolunda neçə-neçə şəhid vermişdik. Bir sözlə, insanların mənəvi sıxıntıları çox, maddi vəziyyətləri ürəkaçan deyildi.

Buna baxmayaraq, Q. İsabəyli bir vətənpərvər, bir ziyalı kürdəmirli kimi rayonun ədəbi qüvvələrinin yaradıcılıq nümunələri toplanmış “Çörəkli Kürdəmir, şeirli Şirvan” almanaxının araya-ərsəyə gəltirməyi özünə borc bilmişdir. Hələ ötən əsrin 82-ci ilində “Gənclik” nəşriyyatında işıq üzü görmüş “Balaca, bapbalaca” kitabında çap olunmuş “Kürdəmir” şeiri ilə almanaxa uğur diləmişdir:

 

– Kürdəmir – “Kürd Əmirmi, Kür dəymirmi?” – Yoxsa, nə?..

Nə deməkdir Kürdəmir, ay babalı, desənə?!

 

“Kürdəmir” sözündəki mənanı özündə gəz, –

“Kürdəmir”, ay can bala, Kürd Əmir ola bilməz.

 

Kürdün isti Aranda nə dərdi, azarı var,

Axtar-ara, tap görək, burda kürd məzarı var?!

 

Qaldı ki, “Kür dəymir”ə, bəs Ağsuya nə deyim?!

Ora da Kür dəyməyir, niyə Kürdəmir deyil?!

 

Oğlum, keçmişdə burda bir qəbilə yaşarmış,

Dəmir adında bir sərt başçıları da varmış.

 

Belə sərt adamlara “Kür” deyirlər, qoçağım.

Kürlüyünə görə də biz demişik Kür çayı!

 

O Dəmir kişinin də qalır Kür Dəmir adı,

O adla da bağlıdır, bala, Kürdəmir adı.

 

Nə “ Kür dəymir” dir, nə də “Kürd Əmir” dir Kürdəmir.

Deyərsən, danışarsan “Kür Dəmirdir” Kürdəmir.

 

Yuxarıda qeyd etdiyimiz kimi, 1995-ci ildə çətin iqtisadi vəziyyət yaşanırdı. Maddi- texniki imkanlar məhtud, nəqliyyat əlaqələri zəif olduğuna və o dövrdə çoxlarının təsəvvürü belə olmayan, internet yazışmalarının mümkünsüzlüyünə baxmayaraq alma-naxda 42 müəllifin yaradıcılıq nümunələrinə yer verilmişdir. Rayonun müxtəlif kənd-lərində yaradıcı insanlarla və ya həyatda olmayanların ailə üzvləri ilə görüşüb yazılarını toplamaq üçün Kürdəmirin Mollakənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, metodist müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Xəlil İbrahimli

böyük zəhmət çəkmiş, əmək sərf etmişdir. Almanaxın redaktoru tanınmış şair Əjdər Ol, rəssamı Ədalətdir.

Almanaxda respublikamızda tanınmış el sənətkarları, Əməkdar Mədəniyyət İşçiləri Aşıq Şakir Hacıyevin, Aşıq Əhməd Rüstəmovun, görkəmi Şirvan sənətkarı Aşıq Bilalın oğulları Aşıq Ağaların, Ağasəlim Mikayılovun, eləcə də məşhur nağılçı Aşıq Pirməmmədin, Aşıq Xanəhmədin, Aşıq Teyfurun xalq dilində, milli ruhda ustalıqla qələmə alınmış poetik nümunələri daxil edilmişdir.

Maraqlıdır ki, almanaxda poetik nümunələrlə yanaşı hələ o vaxtlar təkcə Kürdəmirdə deyil, respublikamızın müxtəlif mətbuat orqanlarından oxuculara tanış olan istedadlı və məhsuldar yazıçı Əlisəfa Azayevin “Ana qəlbi” hekayəsi, habelə Fazil Cəfərovun, Mehriban Hacıyevanın, Nadir Nemətin nəsr nümunələri verilmişdir.

Almanaxda yazıları nəşr olunan pedaqoq-şair Əfrayıl Məhərrəmin, neftçi şair Mollalar Əşrəfin, doğma dilimizin incəliklərinin öyrənilməsində və öyrədilməsində böyük əmək sərf etmiş pedaqoq- jurnalist Xəlil İbrahimlinin, Əməkdar müəllim Əlisa İsayevin, həkim İslam İslamzadənin, Əlislam Bilalın, Bahadır Sevdanın, Fəsad Zeynalın yazılarını oxuduqda bu qələm məhsullarının bu gün də aktual olduğu diqqət çəkir. Onlar aramızda olmasalar da mənən bizimlədirlər.

Almanaxda şeirləri verilmiş Səhər Əhmədovanın, Atif İslamzadənin, Elçin Muradxanlının imzaları artıq ölkənin müxtəlif ciddi ədəbi orqanlarında müntəzəm görünməkdədir. Şair Fəzayıl Cəbrayılın, qocaman journalist Rəşid Fərəcovun, Sahib Mayıloğlunun, Abduləziz Hüseynovun bir neçə kitabı işıq üzü görmüş və tələbkar oxucuların marağına səbəb olmuşdur.

Almanaxda sadaladığmız müəlliflərlə yanaşı Akif Azürdənin, Balabançı Məhəmmədin, Vahid İsmayılovun, Qaçay Muradxanlının, Qədim Ağayevin, Elza Samətqızının, Əjdər Zərbəlinin, Əjdər Kövrəkinin, Zərbəli Həsənovun, İsfəndiyar Xəlilovun, Yaqub Zamanlının, Seyfəddin Kürqırağlının, Fizuli İbrahimlinin, Coşqun İbrahimlinin, Maşallah Nəbiyevin, Sədiyar Feyzullayevin bədii yazılarından nümunələr də yer almşıdır.

Böyük şairimiz S. Vurğunun ölməz misralarının da kitaba ad seçilməsi də təsadüfi deyildir. S.Vurğun dəfələrlə Kürdəmirdə və onun kəndlərində olmuş, yerli camaatla ünsiyyətdə olmuş, onlarla çörək kəsmiş, əslən Kürdəmirin Mollakənd kəndindən olan Qazax Rayon Partiya Komitəsinin Birinci katibi işləmiş İslam Məmmədovla dostluq etmiş, onun Böyük Vətən müharibəsində qəhrəmanlığından və şücaətindən bəhs edən “İslam” balladasını yazmışdır.

Sonda “Çörəkli Kürdəmir, şeirli Şirvan” almanaxının 25 illiyi münasibəti ilə neçə-neçə müəllifə mənəvi və madddi dəstək olmuş və bu gün də bu xeyirxah işlərini davam etdirən sevimli şairimiz və naşirimiz Q. İsabəyliyə təşəkkürümüzü bildirir, kitadın tərtibində böyük xidmətləri olan mərhum journalist Xəlil İbrahimliyə Allahdan rəhmət diləyirik. Arzu edirik ki, Kürdəmirin imkanlı və ziyalı insanları Qəşəm müəllimin 25 il bundan əvvəl nümunə göstərərək 3 min nüsxəylə nəşr etdiyi kitabın davamı olaraq yeni mükəmməl nəşrinin - “Çörəkli Kürdəmir, şeirli Şirvan-2” kitabının hazırlanması və çap edilməsi üçün təşəbbüs göstərsinlər.

 

Coşqun Xəliloğlu,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.