QARABAĞ DA BİZİM QƏDƏR HƏSRƏTLİDİR - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
229708 | 2020-11-10 17:17

Esse

Mən, onu çoxdan tanıyıram, işinə də, dostlarına da etibarlı adamdı. Nə vaxt getsən yerində taparsan, bilgisayarın önündə, ətrafında da qəzetlər, əlyazmalar, müxtəlif kitab və yazı materiaları.. Başını qaldırıb salamını alar, dinləyər, amma hiss edərsən ki, fikri-zikri elə işinin yanında qalıb. Həmişə də kədərli olur, siması payız havasını xatırladır, səbəbini də soruşmağa ürək eləmirsən, çünki yurd həsrəti çəkdiyini bilirsən... Söhbət şair-publisist,” Ədalət” qəzetinin baş redaktorunun birinci müavini işləyən Əbülfət Mədətoğlundan gedir.

Əbülfət müəllim elə şairliyi qədər də yaxşı insan və səmimi dostdur. Uşaqla uşaqdı, böyüklə böyük. Mən, onu əvvəlcə səsindən tanımışam, mərkəzdən uzaqda yaşadığımdan və şəhərə tez-tez yolum düşmədiyindən bir-birimizlə yalnız telefonla hal-əhval tuturduq. Səsinin həlim ahəngi onun sakit təbiətli olduğunu işarələsə də, nədənsə həmişə mənə elə gəlirdi ki, o əslində lap bir az da əsəbi adamdı, amma qəzəbini içində boğur. El arasında belə adamlara "qalsız-qeybətsiz adam” deyirlər. Bizi bir-birimizə doğmalaşdıran ədəbiyyat olsa da, vasitəçi Vəsilə xanım Usubova olmuşdu. Bəzən adamları tanımağa qısa bir zaman kifayət edir, bəzən isə heç bir ömür belə yetmir.

Əbülfət kimliyi alnına yazılan insanlardandı, daxili zənginliyi, ziyalılığı, səmimi münasibəti, qarabağlılara xas olan şirin danışığı onu hər kəsə sevdirib. Kimsəni özündən incik salmaz, işinin dar macalında belə gələnə vaxt ayırıb dinləyər və məsləhət verər. O, Azərbaycanın Xocəvənd (Hadrut) rayonunun Tuğ kəndindəndi, yurd-yuvası 30 ilə yaxındı ki, erməni əsarətində idi. Nə çəkdiyini bir özü bilirdi, bir də Allahı... Bu vaxtacan keçən hər ilə ümidlə baxıb, "bu il olmadı, gələn il olar” deyib gözləyib, məcbur qovulduqları torpaqların bir gün geri qayıdacağına ümid və inamını isə bir gün də itirməyib. Amma yurdunu itirəndən yeyib içdiyinin dadını da itirib, yaşadığı evi özünə ünvan bilsə də yurd hesab etməyib, ruhu bu boyda şəhərdə dinclik axtarsa da ona qovuşa bilməyib. Naxələf qonşu üzündən taleyinə yazılan qismət payında günahkar olmasa da özünü daim suçlu hiss edib, hər gün tək qalanda qoyub gəldiyi ev-eşiyi, həyət-bacasıyla söhbətləşib. Başını daim iş-güclə qatıb ki, vaxtın necə keçdiyindən xəbər tutmasın, kimsə ilə açıb-bükə bilmədiyi dərd-sərini, hiss və duyğularını sözə çevirib töküb vərəqlərə. Bəlkə bu üzdən son zamanlar onun şeirləri üşüdürdü məni, istər sevgidən yazsın, istər ayrılıqdan. Sanki tam gücü ilə dartılmış yay idi və ox bu saat atılacaqdı...

 

 

Daha dizim titrəyir,

Çənəm, üzüm titrəyir.

Yolda izim titrəyir-

Yüküm güc gəlir mənə..

 

 

Gözlərimi yaş aldı,

De hanı Tuğ, Daşaltı?!

Başımdakı beş-altı

Tüküm güc gəlir mənə..

 

 

Bu sətirləri Əbülfət müəllim öz FB səhifəsində lap bu yaxınlarda yazıb, sentyabrın 26-da... Vətən uğrunda haqq savaşının başlamasından cəmi bir gün qabaq, bu intuisiya idimi, ya Tanrıya şikayət, bilmirəm, amma çəkilən ah yerdə qalmaz, axı deyirlər Yerdə və Göydə olanları yalnız şairlər duyur... O, yurdunu tərk edəndə gənc idi, dözümlü idi, dizlərində təpəri, qollarında gücü vardı, bizim hamımız kimi o da ayrılığın bu qədər çəkəcəyini gözləmirdi. Bu yerdə bir haşiyə çıxmaq istəyirəm:

-Cəbrayıl rayonundan olan yeddi ailəni öz işlədiyim Kənd Tibb Məntəqəsinin binasında yerləşdirmişdim, (baxmayaraq ki, icazə yox idi, amma sayca ümumilikdə otuz nəfərdən artıq olan bu insanların yerləşdikləri bir iri otaqda çəkdiyi çətinliyi görəndə dözmədim...) O adamlar yaşadıqları ilk ayları tikan üstəymiş kimi keçirirdilər, hər gün yurdlarına qayıtma xəbərini gözləyirdilər. Kənd camaatına isnişə bilmir, yaşadıqları həyətə bir çubuq da basdırmırdılar, amma aradan ötən illər dəyişdirdi onları...

Təkcə yaşının üstünə yaş gətirmədi aradan keçən illər, həm də uşaq kimi kövrək etdi Əbülfət müəllimi, içinə bir qorxu saldı-bu dünyadan yurduna həsrətlə köçmək qorxusu!..

Şəhərdə özünə aid işi də oldu, yeməyə çörəyi də, yaşamağa evi də oldu, ətarfında yaxşı dostları da.., amma başını yastığa qoyanda bağlı qalan evi durdu gözünün qabağında, əlləriylə əkib becərdiyi, amma barını yemədiyi meyvə ağaclarına ağı dedi...

 

Bir su içimidi məni ovutmaq,

Iynə ucu boyda təbəssüm ilə-

 

desə də, ovunmadı, əksinə nəm çəkmiş divar kimi ovxalanıb tökülməyə başladı..:

...Görürüsən ovxalanır,

Bu səhər də gözümdə.

Izsizcə sovxalanır

Elə mənim özüm də...

 

Hər gün televiziyanın hava haqqında verdiyi proqnozu ürək ağrısıyla dinləyirdi, orda yurduna yağış yağanda Əbülfət burda islanır, soyuğuna üşüyür, küləyinə döyünür, bircə istisinə qızına bilmirdi. Acılarını təkbaşına çəkdiyindəndi ki, tez-tez qan təzyiqi yüksəlir, heç dərmanla da aşağı salmaq olmur. Axı hər xəstəliyin səbəbi bəlli olmalıdı, əks halda sağalması müşkülə çevrilir.

...Azərbaycanı Ulu Yaradan dünyanın elə bir nöqtəsində var edib ki, suyu, torpağı, iqlimi, bitki örtüyü, flora və faunası heç kəsə bənzəmir, nəyi yoxdu ki, Azərbaycanın..!? Ayağını qoyduğun hər qarış torpaq sərvətlidir, əlini uzatdığın hər budaq bar verir, müqəddəs kitabımız Quran yazdığı : "Biz min dərd verdik, min bir dərman” ifadəsi sanki elə bizim ana torpaqlarımızın boyuna biçilib, tanrının dərman deyə bəxş etdiyi bütün nemətlər təbiətdədir, bitkilərdə, çiçək və güllərdə, ot və yarpaqlarda, suda uzən balıqlardadır... Azərbaycanın təbiəti özü loğmandır! Bunu dünyanın köləsi, insanlıq adına ləkəsi olan erməni də bilir. İşğal edilmiş ərazilərimizin yeraltı və yerüstü sərvətlərini uzun illər yığıb ölkədən çıxaran bu üzdəniraqlar əlbəttə öz xoşuyla əl çəkməzdilər doğma Qarabağdan...

Hər gün xəyalında doğma yurduna sarı boylandı, yolları, yoxuşları xatırladı, darıxdı, səbirsizləndi amma dözdü...

 

...Boylandım durmadan, əlim qaşımda,

Dağların yolunu gözümdən asdım.

Torpaq həsrətimi mən bu yaşımda,

Sonuncu nəfəs tək dözümdən asdım...

 

Ölkə Başçısının əsir torpaqlarımızın qaytarılması uğrunda hərbi müdaxiləyə qalxması bəlkə də Əbülfəti hamıdan çox sevindirdi. Elə həmin günlərdə onunla görüşərkən açıq aydın duydum bunu, adam elə bil indiyəcən gördüyüm adam deyildi, üz-gözü qələbə sevinciylə işıqlanmış, səsi gurlaşmışdı. Sevinirdi, nəhayət minlərlə köçkün qardaş-bacımız kimi özünün də uzun ayrılıqdan sonra yurda dönə biləcəyinə, öz həyətində rahat gəzib dolana biləcəyinə sevinirdi!..

Həmin gündən hamı, bütün Azərbaycan xalqı qələbə xəbərinə köklənib, Ali Baş Komandanın hər çıxışı, hər sözü dillər əzbəri olub, atalar misalına çevrilib. İnsanlar daha ürəkli görünür, həyat daha maraqlı gəlir hər kəsə.

...Vətən oğlu, Qarabağım dardadı,

Bülbül perik, hökmranlıq sardadı.

Eşidəndən Koroğlu meydandadı,

Yağıların quş ürəyi səksənib!

 

 

Ərşi tutan bir Allahım da haqdır,

Kərbəlada axan qanım da haqdır.

Çək ləşkəri dörd bir yandan, di vaxtdır,

Deməsinlər Azərbaycan təklənib!..(Ş.Şahin)

 

 

Artıq fitrətən qorxaq və satqın düşmən qaçmağa üstünlük verir, hər gün cəbhədən qələbə xəbərləri gəlir. Əlbəttə, qələbə asan başa gəlmir, müharibə özüylə ölüm, qan gətirir, bu haqq savaşında Azərbaycan da şəhid verir, amma bu heç kəsi qorxutmur, mərd oğlanlar qələbə arzusu ilə könüllü olaraq cəbhəyə yollanır. Azərbaycan xalqı və Azərbaycan dövlətinin birliyi bu günlərdə özünü daha aydın göstərməkdədir...

Bu gün Əbülfət müəllimin özünü də tamam fərqli əhval-ruhiyyədə gördüm. Həmişə kədərli, qaş-qabaqlı olan bu insanın səsinin ahəngi də dəyişmişdi, üz-gözünə qarşıdakı böyük qələbənin sevinc işığı hopmuşdu. Artıq doğma Hadrut (Xocəvənd) da, üstəlik onun neçə gözəl kəndi də düşməndən geri alınmışdı. Amma söhbətimizi Azərbaycan Ordusunun tam zəfər çalmasından sonraya saxlamaq istədi, mən də etiraz etmədim:

-Tuğda görüşərik, söhbətimizə də orda davam edərik-dedim... Əminəm ki, o zaman Əbülfət Mədətoğlunun da şeirləri uzun illərin həsrət və intizar yükünü çiyinlərindən yerə qoyacaq, zəfər əzmi, qələbə sevinci və məhəbbətlə naxışlanacaq.

Qələbə isə lap yaxındadır, o qədər yaxın ki, burnuma ətri, üzümə havası dəyir..

 

TƏQVİM / ARXİV