Daha Moskva da göz yaşlarına inanmır - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
133368 | 2020-10-27 09:35

İki il bundan əvvəl məxməri inqilab yoluyla hakimiyyətə gəlmiş Nikol Paşinyan baş nazir postuna seçiləndən sonra da küçə vərdişlərindən əl çəkmədi. Hakimiyyət kürsüsüylə meydan tribunalarını qarışıq salaraq özünü təkcə kameralar qarşısında deyil, rəsmi görüşlər, forumlar və bu qəbildən olan çoxsaylı toplantılarda da ərköyün uşaq kimi aparmağa başladı. Əvvəl-əvvəl onun bu şoumen davranışlarına, düşük hərəkətlərinə heç kim bənd olmadı, fikirləşdilər ki, təzədir, başılovludur, vaxt keçər, sözünün və hərəkətlərinin sərhəddini tanıyar.

Bizdə də onun tezliklə dəyişəcəyinə, sələflərindən fərqli olaraq Qarabağ nizamlanmasında konstruktiv mövqe sərgiləyəcəyinə müəyyən ümidlər yaranmışdı. “Hər kim olsa da hər halda yaxasında demokrat xaltası gəzdirdiyi üçün müharibə partiyasını təmsil edən əvvəlki iki prezidentdən fərqli addımlar atmağa məcbur olacaq” – deyə düşünənlər çox idi. Güman olunurdu ki, Levon Ter-Petrosyanın hakimiyyətinin sonuna yaxın anladığı, ancaq zəiflədiyi üçün gerçəkləşdirməyə gücü çatmadığı həqiqətləri başa düşmüş birisidir və yerində möhkəmlənən kimi birinci prezidentin yarımçıq qalmış plannı həyata keçirdəcək. Bu qənaətin formalaşmasında onun Qərbin adamı olması faktı da az rol oynamırdı.

Siyasət sənətinin çoxsaylı mənfi yarlıqları sırasında onun “siyasət ciddi peşədir” adlı bir müsbət epiteti də var. Hətta peşəkar komediya aktyorları belə peşəkar siyasətlə məşğul olanda özünü ciddi fiqur kimi aparmağa başlayırlar. Tarixə baş vurmaq lazım deyil, örnəyi gözümüzün qabağındadır.

Ancaq vaxt keçir, Paşinyan dəyişmirdi, getdikcə cığal oyunçuya çevrilən bütün ərköyün uşaqlar kimi əndazəsini aşır, gün-gündən daha dözülməz olurdu.

Rusiyanın Ermənistan üçün kim olduğunu unudaraq Putinlə kəllə-kəlləyə gəlir, bu azmış kimi, Moskvanın sadiq qullarını tutub həbsə atırdı. Hətta KTMT kimi Rusiya və Ermənistandan başqa heç kimə lazım olmayan bir qurumun toplantılarında belə onunla öcəşir, özünün olmasa da, ölkəsinin bir neçə əsrlik ağasının üzünə ağ olurdu.

Saray təlxəkləri cildinə girərək “Qarabağ Ermənistandır” – deyə təkcə Azərbaycana, arxa çevirdiyi Rusiyaya yox, onu öz qucaqlarında hakimiyyət kürsüsünə oturdan digər həmsədr dövlətlərə qarşı da ədəbsizlik edir, həqarət göstərirdi.

Özünün sərsəm 7 təklifini irəli sürməklə Minsk qrupunun on illər ərzində hazırladığı yekun sənədi lazımsız kağız parçası kimi bir tərəfə tullayır, Şuşada yallı gedərək Azərbaycan xalqının 30 ildir ki, tarıma çəkilmiş əsəbləriylə oynayır, onu təhqir edir, bununla da ürəyi soyumayaraq gələn il qondarma qurumun parlamentinin də bu qədim Azərbaycan şəhərinə köçürüləcəyinin anonsunu verirdi.

Bir sözlə, adam artıq özünə nəzarət hissini itirdiyi üçün onu yerində oturtmağın məqamı çatmışdı. Azərbaycan ordusunun təxminən 1 ay əvvəl başladığı sürətli əks-hücum əməliyyatı komediantı illuziyalar aləmindən ayırıb real dünyaya qaytardı.

Nə qədər Qərbin uşağı olsa da, Ermənistanın noxtasının kimin əlində olduğu hamıdan yaxşı bildiyi üçün öncə Moskvadan aman diləyəndə Putin əvvəlcə onu zənglərini cavabsız qoymaq və bunu açıq-aşkar televiziya kanallarında nümayiş etdirməklə ələ saldı. Sonra uzun müddət müdrikcəsinə susmaqla cin atına mindirdi. Nəhayət, Ermənistanın yox, Rusiyanın bölgədəki mütləq maraqlarını təmin eləmək üçün unikal şans yarandığını görüb Moskvada xarici işlər nazirləri səviyyəsində görüş təşkil elədi. Axşamdan başlayıb bütün gecə boyu davam edən məşhur görüş nəticəsiz başa çatdıqdan sonra, yəni, Moskvanın məlum maraqlarının təmin edilməsinin mümkünsüzlüyünü görüb prosesdən əl çəkdi. Yerevanın ardı-arası kəsilməyən yalvarışlarından sonrasa Valday forumundakı çıxışında məsələyə birdəfəlik nöqtə qoydu.

Sitat: “Ermənistan da, Azərbaycan da bizim üçün bərabərhüquqlu tərəfdaşlardır. Orada insanların həlak olması bizim üçün böyük faciədir. Biz həm Ermənistan, həm də Azərbaycan ilə bərabər münasibətlər qurmaq istəyirik”... “Rusiya əhalisinin 15 faizi, başqa sözlə, 22 milyona yaxın vətəndaşı müsəlmandır və bu baxımdan da Azərbaycan Rusiyaya yad ölkə deyil”... “İllərdir biz vəziyyəti uzunmüddətli tarixi perspektivdə sabitləşdirmək üçün bu böhranın nizama salınmasının ən müxtəlif variantlarını təklif etmişik. Mən indi təfsilatlara varmayacağam, lakin inanın ki, bu, mövqelərin yaxınlaşdırılması üçün gərgin iş aparılıb. Bəzi məqamlarda elə gəlirdi ki, artıq az qalıb, bir addım da atsaq, qərar qəbul edə biləcəyik. Təəssüf ki, bu, baş vermədi və bu gün biz münaqişənin həllinin ən pis variantı ilə üzbəüzük”... “Azərbaycanın ərazisinin əhəmiyyətli hissəsini itirməsi ilə bağlı vəziyyət əbədi davam edə bilməz”.

Rusiya prezidentinin rəsmi Anqara və onun prezidentiylə bağlı söylədikləri xoş sözlər isə ermənilərin Moskvanı Türkiyə ilə şantaj etməyə yönəlmiş ənənəvi siyasətinin iflasa uğradığını göstərdi. Ancaq ən maraqlısı sonra baş verdi. Putin xarici işlər nazirlərinin qarşıdakı Vaşinqton görüşındə ABŞ-ın problemin həllinə kömək edəcəyini söyləməklə baltanı lap kökündən vurdu. Əgər o, məsələnin əzəli-əbədi rəqibi Vaşinqtonda həll olunacağına zərrə qədər inansaydı, bunu belə soyuqqanlıqla söyləməz, onun qarşısını almaq üçün hər vasitəyə əl atardı.

Ermənistan xarici işlər naziri Zöhrab Mnatasakyan Vaşinqtondan da əli ətəyindən uzun ayrıldı. ABŞ dövlət katibi M. Pompeonun hər iki nazirlə görüşdən sonra atdığı və ümumi sözlərdən ibarət olan tvit göstərdi ki, Qarabağ cəbhəsində yaranmış hazırkı durum amerikalıları da o qədər ilgiləndirmir.

Sitat: “Söhbət zamanı münaqişə bölgəsində zorakılığın dayandırılması üçün kritik addımların atılması müzakirə edildi, atəşkəsin təmin edilməsinin və substantiv danışıqlara qayıdılmasının vacibliyi vurğulandı”.

Görüşdən sonra Trampın özünəməxsus təkəbbür və ədayla dediyi “mən bu problemin həllində yaxşı vasitəçi olacam” sözlərindənsə aydın olur ki, seçkilərə sayılı günlər qaldığı bir vaxtda ABŞ rəhbərliyinin vasitəçilik təşəbbüsündə bulunması əslində erməni əsilli seçicilərin yanğısına su səpməkdən başqa bir şey deyil.

Buna baxmayaraq, Paşinyanın məzlum qiyafəyə bürünmüş emissarları dünyanın söz sahibi olan paytaxtlarının və hərbi-siyasi mərkəzlərinin qapılarını yağır etməkdə, imdad diləməkdə davam edirdi. Növbəti görüş Brüsseldə keçirildi və bu dəfə NATO-nun baş katibi Yens Soltenberq Ermənistan prezidenti Aram Sarkisyanı məyus yola saldı.

Sitat: Dediyim kimi, hər iki ölkə NATO-nun hörmətli tərəfdaşlarıdır. Tərəfdaş dövlətin başçısı Brüsselə gələrək görüş istədikdə, mənim üçün belə bir görüşün keçirilməsi təbiidir. Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə daha əvvəl ev sahibliyi etdik və onunla yenidən danışmağa hazıram. Ermənistan və Azərbaycan rəhbərləri də daxil olmaqla, müxtəlif tərəfdaş ölkələrin liderləri ilə görüşmək tərəfdaşlığımızın bir hissəsidir. Bu yaxınlarda Ermənistan prezidenti ilə görüşdüm və belə bir görüş üçün müraciət olarsa, Azərbaycan Prezidenti ilə görüş keçirəcəyəm”.

Daha sonra Ermənistan prezidentinin Türkiyə ilə bağlı şikayətlərinə məhəl qoymayan NATO-nun baş katibi Anqaranı qurumun çox vacib üzvü adlandırdı.

Aram Sarkisyan Avropa turnesi çərçivəsində yeganə ümidgahları saydıqları Fransadan da konkret heç bir dəstək ala bilmədi. Görünür, bir az əvvəl Azərbaycanı da Türkiyənin gözünə qataraq bütün ədəb-ərkanını itirən Makron prezident İlham Əliyevlə telefon danışığından sonra başa düşdü ki, siyasət meydanı futbol meydançası deyil, burda daha çox atılıb-düşməklə yaxşı nəticə qazanmaq olmaz.

Paşinyanın bütün diplomatik vurnuxmaların iflasa uğradığını görən qondarma qurumun başçısı Araik Arutunyan başqa taktika seçdi. Putinə sicilləmə məktub yazaraq onun zəif damarını tutmağa çalışdı. Bu məktubdakı yalanları bir tərəfə qoyaq, çünki tarixi öz arzularına uyğun təhrif eləmək, onunla sürüşkən qadın kimi davranmaq xroniki hal almış köhnə erməni xəstəliyidir və həmin xəstəliyin nə vaxtsa sağalmaq şansı çoxdan soldakı sıfır həddinə düşüb.

Məsələ bunda deyil. Məsələ adamın Putinin işini-gücünü atıb bu boyda sicilləmə bir məktubu oxuyacağına, oxuyarsa belə ordakı cəfəng fikirlərə görə öz oturuşmuş mövqeyini dəyişəcəyinə olan xəstəhal inamındadır. Sanki Putin Avropa, Latın Amerikası ölkələrinnin təzəcə mandat almış bir deputatır və məktubu bircə pay-pürüş qutusunun içində yollamaq qalırmış.

Sən demə, ermənilərin tez-tez fəxrlə öyündüyü çoxvektorlu diplomatik münasibətlər sistemi qurmaq siyasəti bu cür düşük reveranslardan ibarət imiş.

Aruturyanın məktubuna rəsmi Moskvanın cavabı özünü gecikdirmədi. Rusiya xarici işlər nazirinin müavininin jurnalistlərə verdiyi aşağıdakı açıqlamsını dolayısıyla həmin məktuba, birbaşa isə Paşinyan və ondan üzü aşağı müxtəlif ranqlı məmurların aramsız yalvarışlarına və gözyaşlarına cavab kimi də qiymətləndirmək olar.

Sitat: “Münaqişə Ermənistan ərazisinə keçməyib, Ermənistandan sorğu daxil olmayıb. KTMT öz üzvlərinə müəyyən situasiyalarda, aşkar təcavüz baş verəndə kömək edir. Hələlik söhbət Dağlıq Qarabağdan gedir, hansı ki, heç ermənilər də onu öz ərazilərinin bir hissəsi kimi tanımayıblar və yəqin heç tanınmaları da mümkün deyil”.

Onun bu açıqlamasının öz konkretliyi ilə Lavrov-Zaxarova duetinin ritorikasından kəskin şəkildə fərqlənməsini də ayrıca qeyd etmək lazımdır.

Xarici işlər nazirlərinin Ağ Evdəki görüşündən sonra üçüncü atəşkəs rejimi barədə razılıq əldə olundu. Ancaq ermənilər bu atəşkəsi də Rusiya və Fransanın təşəbbüsləriylə elan olunmuş iki əvvəlki atəşkəs kimi elə ilk dəqiqələrdən pozdular.

Çünki istədikləri atəşkəs yox, itirdiklərini qaytarmaqdır. Atəşkəsdən ötrü qapı-qapı düşüb ona-buna yalvarmırlar, özgə kabinetlərdə timsah sayaq göz yaşları axıtmırlar. Amma anlamırlar ki, qatar artıq gedib, həmin kabinetlərdə oturanlar tarixi həqiqətin və beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu yaxşı bilirlər. Bu barədə sussalar da və yaxud xəsisliklə danışsalar da, heç kim, hətta əzəli və əbədi “xozeyin”ləri Moskva da artıq onların saxta göz yaşlarına inanmır.

Odur ki, Paşinyan və tərəfdarlarının Ağ bayraq qldırmaqdan, Azərbaycandan aman diləmək və onun şərtləriylə razılaşmaqdan başqa bir çıxış yolu qalmayıb.

 

TƏQVİM / ARXİV