adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Avqust 2020 16:53
362012
LAYİHƏ
A- A+

NƏSİMİ YARADICILIĞINDA SUFİ, HÜRUFİ, İSLAMİ GÖRÜŞLƏR

(əvvəli ötən saylarımızda)

 

Hürufilik təliminin əsas ideyaları Nəiminin fars dilində yazılmış 5 kitabında -  "Cavidannamə" ("Əbədinamə"), "Məhəbbətnamə", "Növmnamə", "İsgəndərnamə" və "Vəsiyyətnamə"də öz əksini tapır. "Hüruf" ərəbcə "hərf" sözünün cəmi olub "hərflər" anlamını verir. Hürufiliyə görə bütün dünya səsdən yaranmışdır. Səs də özünü hərf və sözlərdə tapır. Bu da ancaq insan əqlinin və zəkasının məhsuludur. Kainatın yaranması hərflərlə bağlıdır. Hərflərin daxili rəmz və mənalarını öyrənmək ilahi aləmin sirlərini öyrənmək deməkdir. Quran 28 , Nəiminin "Cavidannamə"si isə 32 hərflə yazılmışdır. Ona görə də bu hərflər müqəddəs sayılır.

Nəsiminin ədəbi və bədii-fəlsəfi irsinə bənzərsiz fərdi sima verən hürufilik dünyagörüşüdür. Hürufilik təriqətinin gerçək xüsusiyyət və görüşləri İmadəddin Nəsiminin əsərlərində daha dolğun öz ifadəsini tapır. Bu işdə şairlik istedadı Nəsimiyə yardımçı olmaqla, hürufi fikirlərin daha geniş sürətdə yayılmasına səbəb olur. Lakin Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı təlimin eynilə təkrarı deyil.

Bu dini-fəlsəfi cərəyanda "Cavidannamə" "Quran"dan üstün tutulduğu halda, Nəsimi "Quran"ı "Cavidannamə"dən daha yüksəkdə tutaraq qeyd edir:

 

 

Həq gördü və həq dedi Nəsimi, nə desin kim,

Hər şerimi mən ayəti-Quranə yetirdim.

 

Şair rübailərində hürufiliyin müddəaları, fəlsəfi görüşlərini, həyat və kainat haqqında düşüncələrini məntiqi dildə yığcam şəkildə ifadə etmişdir. Hərf, say, səs və söz mistisizmindən bəhrələnməklə sufilik və şiəliyin sintezini yaradan şair şeirində Fəzlullahı kainatın yaradıcısı kimi deyil, onu sadəcə bu dünyada "yarın bədəli" (İlahi varlığın Yer üzündəki əvəzi) sayir. Həmin düşüncə isə öz əsasını "Quran"dan götürür.

Sonuncu səmavi kitab olan "Quran"da ilk insanın - Adəmin Allahın canişini olması ("Bəqərə" (inək) surəsi, 30-cu ayə) açıq ifadə edilmişdir. Hürufilərə görə, Fəzlullah həm də həzrəti Adəmin ruhunun daşıyıcısıdır. Nəsiminin əqidəsinə görə Allah-təala özünə oxşar xəlq etdiyi insanı yaradarkən onun camalını Quran ayələrinin hərfləri ilə bəzəmişdir.

 "Seyid", "Haşimi", "Qüreyşi", "İbrahimi" imzası altında yazdığı qəzəllərində şair dini məzhəbini fəxrlə səciyyələndirir. Nəsiminin dərin fəlsəfi düşüncəsinin məhsulu olan "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" rədifli məşhur şeiri bizə onun dini-fəlsəfi düşüncələrini, şəxsiyyət və  mənsubiyyətini tam aydınlığı ilə əks etdirən mükəmməl avtoportretidir deməyə imkan verir:

 

Gərçi mühiti-əzəməm, adım adəmdir, Adəməm,

Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

 

Nəsimiyə qədər anadilli ədəbiyyatımızın tanınmış nümayəndələri (İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin) az bir qisimdə fəlsəfi şeirlər yazmış olsalar da, onlar istər poetik keyfiyyət, istərsə də dil-üslub baxımından Nəsiminin fəlsəfi qəzəlləri səviyyəsinə çatacaq dərəcədə deyil. Bədii dildəki sadəlik, rəvanlıq, axıcılıq, aydınlıq, xəlqilik kimi prinsiplər Nəsimi lirikasını sələflərindən və xələflərindən fərqləndirən başlıca meyardır.

Aradan altı yüz əlli il zaman ötməsinə baxmayaraq, Nəsimi irsinin parlaq nümunələrindən olan, doğma ana dilində - Azərbaycan  türkcəsində ilk dəfə yazılmış müstəzad, mürəbbe və  tərcibənd nümunələri, rübai, tuyuq və qəzəlləri anadilli poeziyamızın inkişafında, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Nəsiminin ən böyük xidmətlərindən biri Azərbaycan ədəbi dilini zənginləşdirməsi olub.

Onun ana dilində yazdığı əsərlər dilimizin saflığının qorunması baxımından azərbaycanşünaslığa Azərbaycan dilçiliyinin tarixini öyrənmək baxımından böyük töhfələr verib:

 

Yüzünü məndən nihan etmək dilərsən, etməgil,

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Göründüyü kimi burada Nəsimi qədim Azərbaycan sözlərini müasir günümüzə gətirib çıxarmaqla, onları arxaiklşməyə qoymamışdır. Qədim dilimizdən günümüzə gələn yılan-ilan, yüz-üz, yıldırım-ildırım, yürək-ürək və s. kimi sözlər anadilli klassik ədəbiyyatımızın inciləridir.

Şeirlərinin təməlini ilahi eşq təşkil edən dahi şair ana dilində ilk dəfə müstəzad, mürəbbe, tərcibənd nümunələri yaratmış, rübai və tuyuqlarında sadə xalq danışıq dilindən istifadə etmişdir. Zəngin və orijinal dil imkanlarına malik olan Nəsimi canlı xalq danışıq dilindən bacarıqla istifadə etməklə yanaşı, klassik şeir dilində çox yayılmış bədii ifadələri də məharətlə işlətmişdir:

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,

Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

 

Qədim türk mənşəli sözlərin - sayru (xəstə), damu (cəhənnəm), tanıq (şahid), qaranqu (qaranlıq), ayıtmaq (demək) kimi çoxsaylı qədim leksik vahidlərin Nəsimi yaradıcılığında yer alması şairin doğma dilimizin tarixinə, soykökünə bağlılığın bariz nümunəsidir. 

İmadəddin Nəsiminin bütövlükdə türk dünyası ədəbiyyatına gətirdiyi daha bir yeniliyi də əruz vəzninin bəhrlərinin Azərbaycan türkcəsinin xüsusiyyətlərinə uyğunlaşdıraraq formalaşdırması və daha da təkmilləşdirərək yüksək məqama çatdırmasıdır.

Nəsiminin "Söz" rədifli şeiri ana dilimizdə yazılmış söz haqqında ilk şeirdir:

 

Dinləgil bu sözü ki, candır söz, aliyi-asiman məkandır söz.

Şeş cəhətdən münəzzəh anla və haq, Şeylə kim xaliqi- cahandır söz...

Aqilsən, sözünü müxtəsər et, ey Nəsimi, çü bikərandır söz.

 

Dahi şair lətif və gözəl şeirləri Erkən intibah dövründən tutmuş Orta əsrlərə qədər Orta, Yaxın və Uzaq Şərq ölkələrində şeriyyət dili sayılan fars dilindən başqa, doğma Azərbaycan dilində də yaratmağın mümkünlüyünü cahana sübut etdi. Üç dildə - Azərbaycan, ərəb və fars dillərində yazıb yaradan şairin divanları bu gün dünyanın bir çox dillərinə tərcümə edilib.

Müasir dövrdə klassik poeziyamızın bir çox tanınmış simaları sırasında şeir və qəzəlləri bədii dil və üslub baxımından rəvan olduğuna görə gənclər arasında daha çox oxunan və əzbərlənən şair məhz Nəsimidir.

Nəsimi qəzəlləri oynaq, axıcı və musiqilidir.

Bu da ondan irəli gəlir ki, şair onları müridləri üçün yazmış və onlar da bu qəzəlləri musiqi sədaları altında oxuyaraq rəqs etmişlər.

Hazırda bu zəngin irs Azərbaycanda və bir çox dünya ölkələrinin kitabxanalarında - Avstraliya Milli Kitabxanası, Britaniya Muzeyi Kitabxanası, Düşənbə Əlyazmalar Fondu, Tehran Milli Kitabxanası, Təbriz Milli Kitabxanası, İstanbul Topqapı Sarayı Muzeyi Kitabxanası və digər kitabxanalarda mühafizə olunmaqla yanaşı, indiyə qədər çap üzü görməmiş Nəsimiyə aid edilən nəsr əsərləri var ki, bu gün onlar Türkiyə Əlyazmalar Fondunda saxlanılır.

Böyük məslək sahibi olan şairin ölümünə fərman verənlər isə tarixin bütün dönəmlərində lənətlənmişlər. Dahi Azərbaycan oğlunun ilahi sevgidən doğan ideyaları uğrunda edam olunması özündən sonra gələn, yeni yetişməkdə olan gənc nəsillərin nəzərində dönməzlik rəmzinə çevrilmişdir.

Nəsiminin ölümündən qərinələr, əsrlər keçsə belə, Tanrı Yer üzünə bu dühada şəxsiyyət gətirməmişdir. Dünya ədəbiyyatına nəzər salsaq, görərik ki, Məsimi kimi bir zəka sahibi nə özündən əvvəl, nə də özündən sonra dünyaya xəlq olunmayıb. 48 yaşında -ömrünün ən kamil yaş dövründə cahil və zalım kəslər tərəfindən edam olunan Nəsimi əgər yaşasaydı, görən, nə qədər əvəzolunmaz şedevr kəlmələr, sətirlər, misralar yaradacaqdı?!

"Nəsimi" filminə istinadən şairin öz sözləri ilə desək: - "Gedən cismimdir, ruhum sizinlədir!" Bəli, həqiqətən də onun sevgisi daima bizlərin qəlbində yaşayır və ruhu canımıza hopub. Məhz yaratdığı bu ədəbi irs Nəsimiyə ölməzlik, əbədiyaşarlıq gətirib.

 

VƏFA GÖVHƏR,

Bakı Xoreoqrafiya

Akademiyasının mətbuat katibi

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.