adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Avqust 2020 13:10
65737
MƏDƏNİYYƏT
A- A+

Səhnəmizin “Söylü”sünün ad günüdür: Afaq Bəşirqızı - 65

Afaq Səfərovanın səhnə adı Afaq Bəşirqızı olan sənətkarımızın doğum günüdür. Azərbaycanın xalq artisti , görkəmli teatr və kino aktrisasının 65 yaşı tamam olur.

"Moşu eqologiya budur”

Söylü tərəfindən deyilib dillər əzbərinə çevrilən başqa sitatlara da nəzər salaq:

"Belə Dəli Kür, yaralı Araz”(polisə çımxıraraq deyilir); "Sənə diplom verənin dədəsinə lənət”;"Biz tərəfdə arvadı ildə bir dəfə doğmayan kişiyə camaat belə birtəhər baxır e”

Amma tamaşaçılar onu "Bəxt üzüyü” filmindən çox-çox əvvəl tanıyıb və sevib. Azərbaycan televiziyasında hazırlanmış tamaşalarda oynadığı müxtəlif xarakterli rollarında dediyi hər söz lətifə kimi yayılıb. Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" ( baxıcı Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xaraktirli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb.Azərbaycanfilmistehsalı olan"Bəxt üzüyü”ndəki Söylü rolu da daxil olmaqla"Mozalan” Satirik Kinojurnalında"Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.

Afaq xanımın həyatı və yaradıcılığı



Afaq Bəşir qızı Səfərova 15 avqust 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycannın sevilən aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 

1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinifinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib.

Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bugünə kimi həmin teatrda çalışır.

O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.

Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib, 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, eləcə də "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Qeyd edək ki, Afaq xanım ailəlidir, Səmral adlı bir oğlu, Bəşir və Əhmədpaşa adlı 2 nəvəsi var.

Əntiqə Rəşid