1997-ci il Novruz bayramı ərəfəsi idi. Azərbaycan televiziyasından zəng elədilər ki, hərbi hissəyə görüşə gedirik, həm yazıçı, şairlərlə, həm də geniş konsert proqramıyla, gedərsiz? Mən də dedim ki, məmnuniyyətlə. Günortaya yaxın gəldilər. Mən dedim ki, öz maşınımla gedirəm. Dedim, əsgərlərə nə sovqat aparırsız, dedilər ki, konsert proqramı.
Mənim atam həmişə deyirdi, oğul, əsgər yanına, xəstə yanına və bir də dustaq yanına heç vaxt əliboş getmə.
Atamın bu vəsiyyətini söylədim, sonra da dedim maşını mənim ardımca sürün. O vaxt «Lider» kanalının yanında topdansatış mağazaları vardı, getdik ora. Düşdüm diş fırçası, pasta, üzqırxan, ülgüc, corab, siqaret doldurdum maşının baqajına. Sonra da bir televizor, bir videomaqnitafon götürdüm, dedim indi gedək. Rəhmətlik Cabir Novruz maşından düşüb alnımdan öpdü, mən də dedim Cabir müəllim, gəl elə birlikdə gedək.
Getdik «N» hərbi hissəsinə. Bu hərbi hissəni yaxşı tanıyırdım. Yolum burdan tez-tez düşürdü. Bəzən dayanıb gözləyirdim ki, nə vaxt əsgərlər meydana çıxıb şəstlə addımlayıb əsgər marşları oxuyacaqlar. Elə addımlayırdılar ki, hasarın bu üzündə də yer silkələnirdi. Bu da mənə ləzzət edirdi, sevinirdim.
Bizi çox mehriban qarşıladılar.
Hərbi hissənin komandiri dedi ki, televizoru nahaq gətirmisiniz, bizim hər kazarmada, yeməkxanada, eləcə də əsgərlərin istirahət otaqlarında televizorlar quraşdırılıb.
Dedim qoy biri də bizdən olsun.
Hərbi hissəni gəzəndən sonra keçdik zala. Cabir Novruz çox gözəl şeirlər oxudu. Mən də çıxıb xeyir-duamı verdim, onların qələbə çalacağına inandığımı söylədim. Sonra sözü bir cavan, yaraşıqlı, amma arıq bir əsgərə verdilər. O da tribunaya qalxıb həqiqətən özünün çox gözəl şeirlərini oxudu. İstedadına söz ola bilməzdi. Mən də yenidən tribunaya qalxıb dedim:
- Əsgər qardaş, çox gözəl şeirlər oxudun. Təpədən-dırnağa şairsən, amma ölkədə şair bolluğudu, at bu şeir yazmağı, avtomatından bərk yapış, onu sevdiyin qız kimi əzizlə, bağrına bas. Bizə əsgər lazımdı, qarşıda bizi böyük döyüşlər gözləyir. Amma çox istedadlı oğlansan, qulluğunu başa vurandan sonra gəl «Ədalət» qəzetinə, söz verirəm səni işə götürəcəm.
Sonra da düşüb onu bağrıma basdım. Elşad Paşasoyla beləcə tanış olduq. Üstündən bir müddət keçəndən sonra gəldi redaksiyaya ki, hərbi qulluğu başa vurdum, gəlmişəm. Mən də bağrıma basdım, dedim bu gündən oldun bu qəzetin əməkdaşı.
Təxminən bir neçə ay bir yerdə çalışdıq. Çox azad fikirli jurnalist idi, çərçivələrə sığmaq istəmirdi. Bəzən həddindən artıq azad fikirliliyi mənim başıma bəla olurdu. Özünə deməsəm də, hiss elədi. Bir gün dedi ki, Aqil müəllim, görürəm sizə əziyyət verirəm, ona görə məni bağışla, mən başqa bir qəzetə keçmək istəyirəm.
- Nə təhər məsləhətindi. Amma bir-birimizə öyrəşmişdik, birtəhər yola gedirdik.
Gülümsədi. Görüşüb ayrıldıq. Bir yerdə işləməkdən ayrıldıq, amma həyatda ayrılmadıq.
Yardımlıdan olan bu gənc daha azad fikirli bir qəzetə – «Yeni Müsavat»a getdi. Bu qəzetdə həm qələmi açıldı, həm də qələmi cilalandı. Qəzetin üzdə olan əməkdaşlarından birinə çevrildi. Bəzən elə yazılar yazırdı ki, bir batman balla yemək olmurdu. Çox az bir müddətdə respublikada tanındı, bütün istedadı açıldı. Hazırda parlament müxbiridi. Tez-tez görüşürük. Mənə «müdir» deyə müraciət edir. Evində də olmuşam, çox gözəl ailəsi var. Özü kimi ağıllı iki oğul, bir qız böyüdür. Maşallah, qızı Aydan universitetdə təhsil alır. Böyük Oğlu Murad 10-cu sinifdə oxuyur, kiçiyi Cahangir Paşa isə bu il 1-ci sinifə gedəcək. Muradı lap çox istəyirəm, nə vaxt görüşsək ilk oğlunu soruşuram ki, necədi, necə oxuyur, idmana gedirmi?
Yardımlının balaca bir kəndində, dağ kəndində doğulan Elşad Paşasoy bu gün həm Yardımlını, həm də Azərbaycanı qələmiylə ləyaqətlə təmsil edir.
Mayın 10-da 51 yaşı tamam olur. Təbrik edirəm, həm öz adımdan, həm də haçansa çalışdığı «Ədalət» qəzetinin kollektivi adından.
Yaşa, yarat, əsgər qardaş. O vaxt silahınla Vətəni təmsil edirdin, indi qələminlə.
Yayda kəndinizə qonaq gəlmək istəyərdim. Bir-iki dəfə o kənddən yolum düşüb, insanları kimi çox gözəl kənddi. Sən də öz qələminlə bu gözəlliyə gözəllik qatırsan.