DÜNYA AZƏRBAYCANÇILIQ İDEYASINI SEVGİ İLƏ QARŞILAYIR

Bu gün dünyada çox böyük dəyərlər mövcuddur. Təbii ki, o dəyərlər də hər bir dövlətə, hər bir xalqa və hər bir ölkəyə məxsusdur. Heç şübhəsiz, hər bir ölkə istəyər ki, onun tarixi, mədəni irsi və eləcə də əxlaqi dəyərləri digər xalqlar tərəfindən öyrənilsin, araşdırılsın və sevilsin. Bunu etmək üçün isə hər bir millətin özünün ideologiyası, təbliğatı və mədəni tədbirləri var. Təbii ki, dünyada gedən böyük siyasi-iqtisadi proseslər onu deməyə əsas verir ki, bu gün kiçik dövlətlərin adət-ənənələri və eləcə də onların mədəni dəyərləri qloballaşma nəticəsində məhv edilir. Bunu dünyanı idarə edən super dövlətlər bilərəkdən həyata keçirirlər və o kiçik dövlətlərin əxlaqi, mənəvi dəyərlərini müxtəlif vasitələrlə aradan götürməyə, zəiflətməyə, birmənalı olaraq silməyə cəhd edirlər.
Amma gəlin onunla razılaşaq ki, bu gün elə dəyərlər var ki, onu dünyanın ən güclü dövlətləri belə məhv edə bilməz, tarixdən silməyi bacarmaz. Belə ölkələrdən biri də müstəqil Azərbaycan dövlətidir. O dövlət ki Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin hakimiyyəti dövründə sürətlə inkişaf etdi, dünyaya inteqrasiya olundu, öz mədəni irsi və eləcə də digər mənəvi dəyərləri ilə yeni bir səhifə yazdı. Əlbəttə, hər bir ölkənin siyasi lideri, rəhbəri güclü olanda, bax, həmin ölkəyə o tarixi şəxsiyyətə görə böyük hörmət, sevgi göstərilir. Məhz Azərbaycana da dünya şöhrətli siyasətçi və həmişə yeri görünən Ulu Öndər Heydər Əliyevə görə bütün ölkələr hörmətlə yanaşıblar.
Aydındır ki, bu da belə yaranmadı. Ən azından ona görə ki, Azəbaycana həm rəsmi, həm də qeyri-rəsmi səfər edən insanlar həqiqətən də gördülər ki, bu ölkə bəşəri dəyərlərə, zəngin tarixə və qeyri-adi mənəvi dəyərlərə malikdir. Başqa sözlə demiş olsaq, Azərbaycançılıq ideyalarının çox sürətlə dünyaya yayılması, təbliğ edilməsi beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasının böyük təkan verdi. Azərbaycan çox nadir ölkələrdəndir ki, burda irqindən, dinindən və millətindən asılı olmayaraq, hamıya böyük diqqətlə, qayğıyla yanaşılır. Azərbaycanda yaşayan və işləyən çoxlu sayda azsaylı xalqların nümayəndələri görürlər ki, onların hüquqları, mədəniyyətləri, adət-ənənələri və eləcə də bəşəri dəyərləri dövlətimiz və xalq tərəfindən necə qorunur.
Təkcə bir faktı qeyd etmək istəyirik ki, dünyada heç yerdə yəhudilərə münasibət Azərbaycanda olduğu qədər böyük və möhtəşəm deyil. Çünki yəhudilər yüz illərdir Azərbaycanda yaşayır və burda öz dinlərini, dillərini və adət-ənənələrinin qorunmasının şahidi olurlar. Onların böyük əksəriyyəti Qubada yaşayır və Qubada «Qırmızı qəsəbə» deyilən yerdə onlara hər cür şərait yaradılıb. Və üstəlik də bu Qırmızı qəsəbədə hələ Sovet dönəmində yəhudilərlə qubalılar arasında çox böyük sıx və isti münasibət olub. Hətta həm azərbaycanlılar, həm də yəhudilər bir-birlərinə qız alıb veriblər. Mənim bir qohumum var, uzun illərdi Qubada yaşayır, hardasa yetmiş ildir, deyir ki, mənim ən yaxın dostlarım yəhudilərdir. Ona görə ki, onlar dostluqda, yoldaşlıqda çox sədaqətlidirlər. Kəsdikləri çörəyə həmişə böyük dəyər verirlər. Mənim ən ağır günümdə doğmalarımdan əvvəl həmin yəhudi dostlarım yanımda olub.
Təbii ki, biz də bu dostluğa həmişə böyük önəm vermişik. Əlbəttə, yəhudi qardaşlarımız tək bizim adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi sevmir, onlar həm də bizim dünyanı gəzən və sevilən musiqilərimizi xoşlayırlar. Dəfələrlə mən İsrailə dostumla gəzməyə getmişəm, orda görmüşəm ki, bizim böyük sənətkarların – Rəşid Behbudovun, Zeynəb Xanlarovanın, İslam Rzayevin, Sara Qədimovun, Tükəzban İsmayılovanın… ifa etdikləri xalq və bəstəkar mahnılarına böyük həvəslə qulaq asırlar. Üstəlik də bir dəfə toya getmişdim, gördüm o toyu da rəhmətlik Səməd Səmədov aparırdı. İnanın, onun başına o qədər pul səpirdilər ki, o pulları yerdən yığışdırmaq çox çətin idi. Bax, bu yəhudilərin Azərbaycan xalqına, bizim musiqimizə və dostluğumuza olan sevgisi idi. Hər gün bir yəhudi bizi qohumuna görə evinə qonaq dəvət edirdi. Mən çox yerdə olmuşam, amma yəhudilərdə olan qonaqpərvərliyi çox az yerdə görmüşəm. Onlar da Qubaya gələndə biz onlara qucağımızı açmışıq. Qubanın ən gözəl yerlərinə aparmışıq, onlar Qəçreşi görüblər və deyiblər ki, burda verilən yeməyin dadı heç yarda belə deyil. Orda bişirilən kabab və digər Azərbaycan mətbəxinə məxsus yeməklər yəhudi qardaşlarımızın çox xoşuna gəlib. Üstəlik də Azərbaycana gələndə digər gözəl yerlərimizə də – Qusara, İsmayıllıya, Zaqatalaya, Balakənə, Qəbələyə onları qonaq aparmışıq.
Bu gün Azərbaycanı dünyada həm də ona görə çox istəyirlər ki, bizim xalq hamıya öz məhəbbətin, sevgisin, istəyin verib. Heç vaxt digərlərinə yuxarıdan aşağı baxmayıb. Amma Avropa ölkələrinə yolun düşəndə görürsən ki, onlar özlərindən çox razıdır və sənə yuxarıdan aşağı baxır. Allah belə xalqları da xoşlamır. Ona görə də bizim xalqın bu sadəliyi, səmimiyyəti və qonaqpərvərliyi digər millətlər tərəfindən sevilir və onların yaddaşında əbədi iz qoyur.
Sübhan Mahmudlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər Xəbərlər

İnsan alverindən bəhs olunan “Uçuruma aparan yol!” layihəsinə start verilib

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR

TİKA həkimlər üçün “Yanıq yaralarının müalicəsi” mövzusunda təlim təşkil edib – FOTOLAR
