«ŞAİR  OLA  BİLƏRDİNPROFESSOR OLDUN» - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
170 | 2025-05-06 12:22

MİKAYIL  RƏFİLİ-120

Nəslimin yarpaq tökümü başlandı.

Çoxumuz qışa qalmayacayıq…

Dəliyə döndüm, Rəfili

Ölüm xəbərini alanda.

 

Böyük türk şairi Nazim Hikmət ən yaxın dostu  filologiya elmləri doktoru, professor Mikayıl Rəfilinin ölümündən təsirlənərək bu şeiri yazmışdı. Həmin şeirin sonu belə bitir:

Düşünürəm, məndən çox sonra öləcək, dalımca bir məqalə də yazacaq,

 Ya da bir şeir:

   «Nazimlə Moskvada 24-də tanış olduq».

   Elədir, Mikayıl, elə.

   Şair ola bilərdin,

   Professor oldun.

Keçən əsrin iyirminci illərindən başlayaraq Nazim Hikmət Azərbaycanda ən çox oxunan, ən çox sevilən müasir şairlərdən biri idi, 1927-ci ildə ilk dəfə o, Bakıya gəldi, burada «Günəşi içənlərin türküsü» adlı şeirlər kitabı nəşr olundu və o zaman ədəbiyyata gələn bir çox şairlər Nazim Hikmətin şeir səpgisinə-sərbəst şeirə meyl göstərdilər. Amma onun tanış olduğu ilk azərbaycanlı şair-alim  Mikayıl Rəfili idi. Nazim Hikmətin şeirində deyildiyi kimi, onlar 1924-cü ildə Moskvada tanış olmuşdular. Sonralar bu tanışlıq əsl dostluğa çevrildi.

«Şair ola bilərdin, Professor oldun». Nazim Hikmət Rəfilinin şeir yazdığına, amma şair kimi yox, görkəmli alim kimi tanındığına işarə edir. Mikayıl Rəfili doğrudan da şair idi, sadəcə olaraq, elmi yaradıcılıqla müntəzəm məşğul olduğundan, bir müddət şeirin daşını atmışdı. Yalnız ömrünün son illərində bir daha şeirə qayıtmış, hətta «Mingəçevir» adlı poema da yazmış, Nazim Hikmətə həsr etdiyi bir şeirdə ona olan məhəbbətini  bu misralarla ifadə etmişdi: «Qarşımda əksinƏlimdə sadə bir qələm Gözlərimdə Moskvada keçən gəncliyimizin solmayan yarpaqlarıSən Nazim Hikmətsən Mən-sadə bir tələbən».

Şair və alim.  1936-cı ilədək bu sahələrin hər ikisində fəallıq göstərirdi. O, sərbəst şeirin alovlu bir təbliğatçısı kimi həm özü bu səpgidə şeirlər yazır, həm də bu tipli şeirin nəzəriyyəsini anladan məqalələrlə mətbuat səhifələrində çıxış edirdi.

İyirminci-otuzuncu illər Azərbaycan ədəbiyyatının ziddiyyətli, təzadlı bir dövrü idi.  Kommunist-bolşevik ideologiyası ədəbiyyatda da öz hakim-amirlik mövqeyini gücləndirir, sənətkardan Şura inqilabını,  fəhlə-kəndli hakimiyyətini, leninizm ideyalarını təbliğ etməyi, keçmişdə yaradılan və min illərin sınağından keçmiş milli dəyərləri feodalizm qalıqları kimi pisləməyi tələb edirdi. «Yeni ədəbiyyat» yaranırdı və bu ədəbiyyatın qarşısında yeni məzmuna uyğun yeni forma yaratmaq məsələsi də dururdu. Mikayıl Rəfili də bu mənada «refermator» kimi çıxış edir, sərbəst şeiri «əski metrikanı, əski şəkli rədd və inkar edən» yeni bir şeir forması hesab edirdi. Əlbəttə, sərbəst şeirin ədəbiyyatda intişarı yeni hadisə deyildi, bu formanın bizim poeziyamızın qədim təcrübəsində müəyyən əlamətləri vardı. «Dədə Qorqud» dastanlarındakı şeirlər öz sintaktik quruluşu və poetikası ilə sərbəst şeir anlayışına uyğun gəlirdi. Lakin o zaman Rəfili də bir çox başqaları kimi belə bir qənaətdə idi ki bu məsələ yenidir, bütün dünya poeziyasında sərbəst şeir novator rolunu oynayır. Rəfili o illərdə «beynəlmiləl bir ədəbiyyat yolunda mücadiləyə başlamışıq» deyir və yazırdı ki: «Biz üzümüzü Füzulilərə, Nəsimilərə, Axundovlara, Vaqiflərə, Hüseyn Cavidlərə deyil, Verxarnlara, Uitmenlərə, Cül Romenlərə, Mayakovskilərə doğru çevirməliyik». Əlbəttə, belə bir «mücadilə» yanlış addım idi və o dövrün hakim ideologiyasının təsirindən doğurdu.  Rəfilinin sərbəst şeirlərində də proletar inqilabının doğurduğu sevinc ifadə olunurdu (Amma Rəfili tək deyildi, o dövrün əksər şairləri: S.Vurğun, R.Rza, S.Rüstəm, M.Rahim də yeni dövrün fütuhatını əks etdirmirdilərmi?):

 

      İnqilab,

      Üsyan.

      Cümlə cahan

      İşçiləri

      Birləşiniz!-

      dedilər;

      Dalğalandı dəniz

      Birləşdilər

      Oyandılar,

      Bağırdılar:

      Vətəndaş,

      Yoldaş,

      Dostsan? Yad?

     ..Bu əl,

      Əməkçi əlidir!

      Bu dünya bizim olacaq,

Rəfilinin şeirlərinin heç də hamısına «bunlar inqilabi şeirlərdir» demək insafsızlıq olardı. Onun şeirləri hansı mövzuda yazılırsa, metaforalarla, təşbihlərlə zəngin olurdu.

Rəfilinin sərbəst şeirləri müəyyən mənada eksperiment səciyyəsi daşıyırdı. Amma o, şair idi və dünya ədəbi təcrüğəsindən, Mayakovski və Nazim Hikmət poeziyasından ruhlanır, təsirlənir və mümkün qədər çalışırdı ki, geniş oxucu kütlələri bu yeniliyə alışsınlar (yazırlar ki, Rəfili döş cibində həmişə Uitmenin şeirlər kitabını gəzdirdi, daima Bloku, Nazim Hikməti, Mayakovskini mütaliə edirdi, öz şeirlərini isə əzbərdən deyib deklamasiya edə-edə yazardı). Amma 1937-ci ildə Rəfilinin «formalizm kimi bir qorxulu ədəbi cərəyana meyl etdiyi üçün» Azərbaycan Yazıçılar İttifaqı sıralarından xaric etdilər. Sonralar bərpa olundu.

1936-cı ildən başlayaraq Rəfili qəti olaraq  elm yolunu tutdu.. Vaxtilə klassik ədəbiyyatı inkar edən Rəfili bundan sonra klassik ədəbiyyatın alovlu təbliğatçısı kimi çıxış etməyə başladı. Təbii ki, onun alimliyi şairliyi ilə müqayisədə daha önəmlidir, əgər belə demək mümkünsə, Rəfilinin şairliyi eksperiment, alimliyi isə professional xarakter daşıyırdı.

Mikayıl Rəfili çox savadlı, geniş elmi dünyagörüşə malik bir ziyalı idi. O, Avropa, rus və Şərq ədəbiyyatlarını dərindən mənimsəmişdi. Bir ədəbiyyatşünas alim kimi onun xidmətləri danılmazdır və deyirik ki, o, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının nadir simalarından biridir.

Mikayıl Rəfili ilk növbədə, görkəmli bir ədəbiyyat tarixçisi idi. Onun 1941-ci  ildə rus dilində nəşr olunmuş «Qədim Azərbaycan ədəbiyyatı» kitabı ədəbiyyat tariximizin ta qədimlərdən XVI əsrə qədər bir dövrünü əhatə edir. Bu mövzuda o, Tiflisdə doktorluq dissertasiyası müdafiə etmişdi, lakin Moskva bu işin təsdiqini yubadırdı, ona görə də Rəfili özü Moskvaya gedir, görkəmli alimlərin qarşısında, özü də rus dilində  bir neçə saat məruzə edir və bundan sonra o, filologiya elmləri doktoru diplomunu ala bilir. Bu sahədə ilk elmlər doktorumuz Mikayıl Rəfilidir.

Rəfilin elmi fəaliyyətində iki böyük klassikin - dahi Nizami Gəncəvinin və böyük mütəfəkkir Mirzə Fətəli Axundovun tədqiqi mühüm yer tutur. Onun «Nizamiyə qədər Azərbaycan kulturası», «Vis və Ramin» problemi» məqalələri, həmçinin «Nizami Gəncəvi» tədqiqatı  nizamişünaslıqda yeni bir dönüşün –mərhələnin başlanğıcı kimi maraqla qarşılandı. Rəfili Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə olaraq «Azərbaycan intibahı» ideyasını irəli sürmüş və o zaman bunu sübut edəcək dəlillərlə çıxış etmişdi. Onun Nizami və İntibah haqqında fikirləri görkəmli rus alimləri tərəfindən də yüksək qiymətləndirilmişdi.

O, Axundovşünaslıq elminin də yaradıcılarından biridir. Onun M.F.Axundovun həyat və yaradıcılığı ilə bağlı ilk kitabı 1939-cu ildə çap edilmişdir, sonralar bu sahədə tədqiqatını genişləndirmiş, vəfatından bir il öncə, 1957-ci ildə «M.F. Axundov (həyatı və yaradıcılığı)» monoqrafiyası işıq üzü görmüşdür. Həmin kitab Moskvada «Görkəmli adamların həyatı» seriyasından da rus oxucularına çatdırılmışdı. Bu seriyadan ilk kitab çap etdirən ilk azərbaycanlı da məhz Rəfili olmuşdur.

Rəfili ədəbiyyat tarixçisi olmaqla yanaşı, bir nəzəriyyəçi kimi də xatırlanır. Hələ otuzuncu illərdə o impressionizm və ekspressionizm ədəbi cərəyanları haqqında məqalə çap etdirmişdi. Ədəbiyyat tarixinə və ayrı-ayrı sənətkarlara həsr etdiyi tədqiqatlarında onun nəzəri bazasının möhkəmliyinə yalnız heyrət edirsən. Azərbaycan ədəbiyyatşünaslığında ilk «Ədəbiyyat nəzəriyyəsi» kitabının müəllifi də Rəfilidir və bu kitab üstündən 77 il keçməyinə baxmayaran indi də ali məktəblərdə tədris olunur ya da tələbələrə tövsiyə olunur ki, ondan istifadə etsinlər.

Rəfili həm də mahir tərcüməçi idi. O, rus dilini çox əla bilirdi, məqalələrinin bir çoxunu da rusca yazırdı. Amma ruscadan olunan tərcümələrdə Rəfilinin Azərbaycan dilinin bütün incəliklərinə bələd olması da diqqətdən yayınmır. Özü də o, dünya ədəbiyyatının ən şedevr əsərlərini dilimizə çevirmişdir.

Mikayıl Rəfili indiki Goranboy rayonunun Borsunlu kəndində, varlı bir kəndli ailəsində dünyaya göz açmışdı (1905, aprel). Gəncədə klassik gimnaziyada təhsil almışdı. Sonralar, Bakıya köçəndən sonra ADU-nun Şərq dilləri fakültəsinin müdavimi olmuşdu. Bir müddət «Maarif və mədəniyyət» jürnalında işləyəndən sonra Moskvaya getmiş, orada – MDU-da təhsil almışdı. Uzun müddət ADU-da və APİ-də Azərbaycan ədəbiyyatı kursundan mühazirələr oxumuş, professor rütübəsinə yüksəlmişdi.Bu qədər məşhur olmağına baxmayaraq ara-sıra haqsız tənqidlərə də məruz qalan Rəfili hətta «Kirpi» jurnalında bir karikatura «qəhrəmanı» da olmuşdu.

Nə etmək? Bizim bütün böyük sənətkarlarımız həmişə belə mənəvi təqiblərə məruz qalmamışlarmı?

Varlı kəndli elə bəy deməkdir və Rəfilini yaxından tanıyanlar deyirlər ki, o, həddindən artıq kübar idi.

Bəy kimi doğuldu, bəy kimi yaşadı, bəy kimi də öldü.

 

  • May:
  • 2

TƏQVİM / ARXİV