SON DƏQİQƏ:

RUHLAR QARABAĞDA GÖRÜŞƏCƏK - Əbülfət MƏDƏTOĞLU yazır

  58030   |  
Şriftin ölçüsü  

Son üç günü necə yaşadım? – Deyə bilmərəm. Çünki bu üç gündə özümdə deyildim. Xatirələrim ildırım sürətilə oyanmışdı. Və məni özümdən soruşmadan götürüb aparmışdı müharibənin "Daş” dövrünə. O üç gündə mən arxada qalan müharibə ilə bağlı bütün həyatımı anbaan yenidən yaşadım. Bu gün hələlik ki, Stepanakert olan o şəhərdəki günlərimi Şuşada, Ağdamda, Xocalıda, Xocavənddə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Ağdərədə keçən günlərimə qovuşmuşdum. Mənzərə bütünlüklə kino lentinə çevrilmişdi. Mən həm izləyici idim, həm də iştirakçı. Hətta hardansa oğlumun ad gününə yazdığım şeirin bir bəndi yadıma düşmüşdü. Xankəndindən ailəmə baş çəkmək üçün icazə alıb gəlmişdim. Və yolda ermənilərin maşınımızı Martuni qəsəbəsində daş mərmilərin selinə tuş etməsi mən evə çatana qədər artıq Füzulidə yayılmış acı xəbərlərdən biri idi. Dostlar, qohumlar necə salamat çıxdığımıza həm heyrət edir, həm də sevinirdilər. Amma qınayanlar da var idi. Yolu nəzərə almayıb Martuni qəsəbəsindən keçib gəldiyimizə görə, sürücünü də, məni də bir xeyli danlayıb tənbeh etdilər. Amma olan olmuşdu. Maşının şüşələri də sınmışdı, özünə də babat ziyan dəymişdi. Sürücü də, mən də maşını unudub salamat qutardığımıza sevinirdik. Ona görə də özümüzü toparlayan kimi maşını Quruçayın kənarındakı avtomobil təmiri sexinə apardıq. Maşına baxan ustalar dərhal başımıza toplaşdılar və bir manat da ummadan elə bir günün içərisində maşını "abıra” saldılar.

Yeri gəlmişkən, deyim ki, hadisələrin ilk illərində adamlar daha çox diqqətkeş və bir-birinə qayğı göstərmək ruhunda idi. Hətta edilən yardımlar da heç bir təmənna güdmürdü. Bunu vətən naminə, el-oba naminə edirdilər...


Bəli, o vaxtlar oğluma yazmışdım ki:

Yaxanı sən çəkib durma qırağa

Daha böyümüsən 6 yaşın var...

Səninlə oturub qabaq-qabağa –

Yurdun dərdini danışmaq olar...


Bəli, dərd danışa-danışa dərdi köynək kimi geydin əyninə. Və əynindəki dərd də qocaltdı məni. İndi baş verən son döyüş hadisəsi elə bil o dərdin qapısını-pəncərəsini vurub sındırdı... onu əynimdən çəkib çıxarmağa çalışdı. Və mən son savaşda Şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının şəkillərinə baxdım... Göz yaşlarımı boğa bilmədim. O qədər doğma, o qədər mehriban və o qədər halal çöhrələri var idi ki, sanki onlarla bir köynəkdən çıxmışam... sanki onlar mənim qardaşımdı, dostumdu, övladımdı... sanki onlar elə mənim özüməm. Sadəcə, bir fərqimiz var: onlar cəsarətin, qəhrəmanlığın simvoludu. Mən isə yorulmuş qocalığın, xatirə danışan əli təsbehli bir babanın.

Dostlarım da bilir, həyatımdan xəbərdar olanlar da. Səngərləri dolaşmaq, burdakı əsgərlərlə, zabitlərlə təmas qurub hal-əhval tutmaq mənim ən böyük istəklərimdən olub. Bir cəbhə müxbiri kimi səngər-səngər dolaşıb demək olar ki, bu gün general olan, bu gün ali rütbə sahibinə çevrilən neçə-neçə gənc zabitlə çörək kəsmişəm, siqaret də bölmüşəm. Hətta onlarla birlikdə düşmənin yağdırdığı güllənin altından da keçmişəm. Ona görə də cəbhə xəbərlərini eşidəndə öncə onları xatırlayıram. Gözlərim önünə həmin insanları gətirirəm. Bax, elə şəkillərinə baxdığım bu şəhid övladlarımızın ikisi ilə görüşmüşdüm. Generalımızı da tanıyırdım... Polkovnik İlqar Mirzəyevi də. Bölgələrə səfərlərin birində adını öncədən eşitdiyim Polad Həşimovla görüşmüşdüm. Doğrusunu deyim ki, onun adı məndə bir az başqa fikir yaratmışdı. Düşünmüşdüm ki, sərt, adama yovuşmaz biri olacaq yəqin ki. Amma əl verib görüşəndə gözlərinin dibinə baxdım. Bir dünya nur var idi. Söhbətləşdik. Müharibədən xəbərdar olduğumu, ümumi tanışlarımızı xatırlayanda yüz ilin dostuna, yaxın adamına çevrildik. Onun səmimiyyəti, onun saflığı, ən vacibi isə onun çevrəsindəki əsgərlərə olan münasibəti məni əməlli-başlı heyrətləndirmişdi. O həm əsgərin atası, həm də komandiri idi. Bax, o zaman içimdən gəlib keçdi ki, Polad Həşimova deyim:

- Sizin tabeliyinizdə olanlar şanslı əsgərlərdi. Onların bəxti gətirib!

Amma demədim. Ona görə demədim ki, ilk tanışlığımızdan bu sözü deməyi bir az yersiz saydım. Amma kaş deyərdim. Düşünürəm ki, ruh bağlantımız mənim bu fikirlərimi ona çatdıracaq. Və bir də düşünürəm ki, torpağı çiyininə qaldıran oğulların barəsində nə vaxt, harda, nə deyirsən de, onu öncə Tanrı eşidir, sonra da onların ruhları. Deməli, o xoşbəxt ruhlar Tanrı dərgahında barələrində etdiyimiz söhbətlərə, verdiyimiz qiymətlərə, xüsusilə onlarla bağlı xatirələrə məmnun bir seyirci kimi qulaq asır, izləyirlər...



Mən son döyüşlə bağlı verilən bilgilərə və adamların bu prosesin özünə yanaşmasına diqqət yetirərkən bir nüansın ürəyimə ağrı kimi, xəncər kimi sancıldığına dözə bilmədim. Gördüm ki, adamlar laqeydlikdən çıxa bilmirlər. Şaiyə yaymağı, informasiyanı öz bildikləri kimi şərh etməyi daha asan şəkildə reallaşdırırlar. Sanki elə belə də olmalıdır... sanki hər şeyi kimlərsə həll etməlidir. Amma yox! Şükür ki, ruhlara səs verənlər, ruhlara qoşulmaq istəyənlər yetərincə çıxdı ortaya. Onda əlimi ağrayan ürəyimin üstünə qoyub bir vaxtlar yazdığım misraları yenidən pıçıldadım:


Bitib, tükəndi son güman

Dağıl, başımdakı güman.

Gözləyirdim zaman-zaman –

Qələbəm mübarək,

Zirvəm mübarək!..


Dərd yükümü başa yığdım

Silahlanıb önə çıxdım!

Ruhumun əlini sıxdım –

Qələbəm mübarək,

Zirvəm mübarək!


Dərdi daşımaq qutardı

Dərddən danışmaq qutardı...

Utanc yaşamaq, qutardı –

Qələbəm mübarək,

Zirvəm mübarək!


Yolun qaranlığı yardı

Şəhid Zirvəsini sardı!

Ölüm – bu halımdan xardı –

Qələbəm mübarək,

Zirvəm mübarək!


Hə, ruhları ilə Qarabağda, işğal altında olan torpaqlarımızda mərdanə yaşayıb, mərdanə gəzib, dolaşıb bizləri gözləyən şəhid oğullar, şəhid qızlar! Bilirəm, gözünüz yoldadı. Və onu da bilirəm ki, sizin istəyiniz gec-tez çin olacaq. Bu ayrılıq sonsuza qədər davam edə bilməz. Ruhlar Qarabağda qovuşacaqdı, mütləq qovuşacaqdı! Hələlik isə məndən və bizdən sizlərə salam olsun!..



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK