adalet.az header logo
  • Bakı 11°C
10 Iyun 2020 09:16
87838
MÜSAHİBƏ
A- A+

"Arxiv sənədlərini almaq üçün bankdan kredit götürdüm" - MÜSAHİBƏ

Həmsöhbətimizsiyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevdir.

- AMEA-da nə işlə məşğulsunuz?

-Düzü AMEA-da iş deyiləndə əvvələr elmi işçi kimi qarşımda planlı bir il olurdu, məqalələr yazırdım, dissertasiyalara rəy verirdim, maddi imkanım yaxşı olanda bir kitab hazırlayırdım çapa. İndi elmi katibəm, işim sırf sənədlərlə bağlıdır deyə elmlə məşğul olmağa işdə vaxt tapa bilmirəm. Yalnız gecələr elmi işlə məşğulam. Arxiv sənədlərini oxuyuram, müasir ədəbiyyatları oxuyuram.

-Əksər paylaşımlarınız erməni məsələlərinə aid olur.

-Bilirsiniz, uzun illər diaspora mövzusunda, lobbiçilik mövzusunda tədqiqatlarım olub. 8 kitabım dərc edilib bu istiqamətdə. Azərbaycanda 2001-ci ildə diaspora və lobbi nəzəriyyəsi barədə ilk kitab məndə olub. Mövzunu işləyən zaman Azərbaycan, yəhudi və digər diaspora və lobbiləri araşdıran zaman ermənilərə aid kifayət qədər materiallar topladım. Fəlsəfə doktoru işimi diaspordan müdafiə etdikdən sonra qərara gəldim ki, əlimdə 10 mindən çox ermənilərə aid sənəd, kitab və materiallar var və elmlər doktorluğu işimi bu istiqamətdə götürdüm. Düşməni öyrənmək və bilmək çox vacibdir. Hər gün onlar barədə kifayət qədər məlumat əldə edirəm. İzləyirəm onların dünyadakı və ölkələrindəki siyasətini. Tarixi və siyasi proseslərini kompleks şəkildə öyrənməyə çalışıram. Buna görə də çalışıram onlardan fərqli nələrsə yazmağa və düşməni tanıtmağa.

-Bu məsələyə insanların maddi baxımdan laqeydliyindən gileylənirsiniz. Hamı gəlir əla, təşəkkür, like və.s. Amma əlini, daha doğrusu cibini bu işin altına qoymur.

-Bu gün dünya arxivlərində kifayət qədər sənəd var ki, onları almaq çox lazımdır. Çox adama xahiş elədim, heç kim yaxın durmadı. Status yazıram, məqalə yazıram amma yaxın durub dəstək heç kim olmur. Like edirər, şərh yazırlar amma biri yaxın gəlib, qardaş, gəl bir sənədin pulunu da mən verim deyən yoxdur. Bizim insanların çoxu üçün bu məsələ sanki lazımsız bir iş kimi görünür.

-Tarixi xalqa daha yaxşı çatdırmaq üsulu və ya maaarifləndirilməsinin yolu filmlər və tarixi ədəbiyyatdır. Etiraf edək ki, bəzi səbəblərdən tarixi ədəbiyyatımız axsayır.

- Ədəbiyyatda da geri qalmışıq. Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəmənli, Fərman Kərimzadə və digərlərinin romanlarını oxuyanda tariximizə aid bütün məlumatları əldə etmək olurdu. Amma son 30 ildə Nadir Şah, Dolu, Komandir romanlarından başqa ortaya çıxarılacaq əsərlərimiz yoxdur. Ədəbiyyatçılarımız üçün arxivlərdə imkanlar yaradılmır ki, gedib araşdırsınlar orda, yaxud da istəmirlər belə işlərə əl atsınlar.

-Bu barədə bir format üşünmək olar. Məsəlçün, bu yöndə yaradıclıqla məşğul olan yazarlara AMEA-nın bəzi arxivləri açılsın. Onların bəzi elmi institutlarda araşdırma aparmaq şansları yaransın. Yaradıcılıq dövründə həmin yazıçıya hansısa o sahə üzrə alim təhkim oluna bilər.

-Haqlısınız, mütləq şəkildə tarixi romanlar yazılmalıdır və tarixçilər, ədəbiyyat üzrə alimlər, dilçi alimlərlə yazarlar arasında əlaqələndirmə olmalıdır. Yazar arxivlərdə əldə etdikləri sənədin doğruluğunu mütləq şəkildə təsdiq etdirməlidir. Amma bizdə bu sahədə ciddi boşluq var. Mütləq yazarlar arxivlərdə işləməli və onlara bu şərait yaradılmalıdır. Gənc nəslə tarixi romanları sevdirməliyik və bu işdə yazarların öhdəsinə ciddi işlər durur.

-Tarixə yanaşmağımızda absurd bir üslub var. Birini bütləşdirmək üçün digərini alçaltmaq. Məsələn, Rəsulzadəni yüksəyə qaldırmaq üçün Nərimanovu alçaltmaq lazımdır?

-Hər dövrün öz diqtəsi olub. Rəsulzadə bu xalq üçün mühüm işlər görmüş şəxsdir. Onun ilk dəfə Cümhuriyyət yaratması xalqımız üçün böyük tarixdir. Lakin bu fonda sosialist Nərimanovu alçaltmaq, düşmən çıxartmaq da düz deyil. Nərimanov səhv idi, amma bu səhv onun xain çıxarılaraq Dadaş Bünyadzadə, Əliheydər Qarayev, Qəzənfər Musabəyov kimiləri eyni cərgədə qoyulmasına səbəb yaratmır. Nərimanovun bu xalq üçün mühüm işləri olub. Onları unutmaq lazım deyil. Kökündən balta vuran zaman baxmaq lazımdır ki, bu sağlam ağacdır yoxsa çürük. Nərimanovu düşmən çıxartmaq xalqın böyük bir tarixini silmək deməkdir.

- Babəki əxlaqsız çıxaraq, Şah İsmayıla dini bölücü, Rəsulzadə Azərbaycan torpağını –İrəvanı erməniyə peşkəş çəkən, Nərimanov satqın… Sizcə bu düşüncələrin bizim beynimizə yeridilməsi planlı şəkildə deyil?

-İyirminci əsrin ikinci yarısında psixoloqlar bu 25 kadr arasına, nə isə filmə heç bir aidiyyatı olmayan müstəqil bir kadr yerləşdirməyi qərara aldılar və nəticəsi heyrətamiz oldu: Filmə baxanlar bütün filmi yaddan çıxarsalar da, bu bir kadrı beyinlərindən heç cür silə bilmirlər, özü də, nəinki silə bilmirlər, hətta özlərindən asılı olmadan istər-istəməz onun məzmunundakı komandanı icra etmək üçün özlərini ölümə belə atırlar. Bugünkü gündə metoddan müxtəlif videofilmlər, peyk translyasiyaları və s. xətti ilə insanların beyninə lazımi ideologiyaları, baxışları, stimulları, motivləri və s. yerləşdirmək üçün geniş istifadə edilir.Hazırda metodun səs üçün də xüsusi modifikasiyası işlənib-hazırlanıb, yəni lazımi kodlar müvafiq auditoriyanın beyninə, onların özünün xəbəri olmadan, müxtəlif radiostansiyaları dinlədiyi məqamda da yeridilə bilir. Məhz son illərdə bu cürə siyasət nəticəsində insanların tarixlərinə və tarixi şəxsiyyətlərinə qarşı şübhələr və suallar olan mövqe yaradır.

Söhbətləşdi: Emin Piri