adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Dekabr 2019 16:46
105256
MÜSAHİBƏ
A- A+

Cəlil Cavanşir: "Keçmişim yoxdur, gələcəyim olmayacaq" - MÜSAHİBƏ

Bir-iki gün qabaq Cəlil Cavanşirin nə az, nə çox düz 10-cu kitabının təqdimatı baş tutdu. Sakit təbiətli və demək olar ki, tanıyan hər kəsin sevdiyi yazar "Azğın" romanını təqdim etdi.

Gecə kitabı oxumağa başlamışdım. Bu avtobioqrafik roman ilk cümlələrdən mənim diqqətimi çəkdi və içimdə Cəlillə söhbət etmək istəyi yarandı.

İndi hər kəs bir telefon qədər uzaqdı bizə. Tez girdim feysbuka. Gördüm Cəlil Cavanşirin adının qarşısında "yaşıl işıq" yanıb, yəni onlayndı, şəbəkədədi. 

Yazıb hal-əhval tutdum və fikirləşdim ki, elə fürsət bu fürsət, müsahibəlik suallarımı da verim. Başladım Cəlilin mesaj qutusunu suallarla doldurmağa.


– Yeni romanını çap etdirdin. Bu kitabdan nə gözləyirsən?

Mənim oxucu sevgisindən başqa qazancım yoxdur. Hər kitabdan sonra yeni-yeni oxucular, dostlar qazanıram. Bu kitabın daha çox oxucu qazanacağını, seviləcəyini, müzakirə ediləcəyini gözləyirəm. "Azğın” romanı ciddi və oxunaqlı əsərdir. Ona görə də, gözləntilərim var. Hərçənd, tənqidçilər birmənalı olaraq mənim yaradıcılığıma diqqət göstərmirlər, amma kitab haqqında qələm adamlarının yazılarını gözləyirəm. Mən heç bir tənqidçiyə qonaqlıq verməyəcəm, heç birinin cibinə pul basa bilməyəcəm. Buna imkanım çatmır. Amma oxumaq istəyən tənqidçi olsa, ona kitabımı hədiyyə edə bilərəm. Açığı, hansısa tənqidçinin yazacağını, diqqət göstərəcəyini gözləmirəm, buna inanmağım gəlmir. Bir daha təkrar edirəm: bu kitab oxucu sevgisi qazansa, mənə kifayət edər.

– Buna kimi yazdığın 9 kitab sənə nə verdi, səndən nə aldı?

İndiyə qədər nəşr edilən kitablarım məni tanıtdırdı, sevdirdi, az da olsa, maddi qazanc gətirdi. Məni tanıdan, sevdirən yazdıqlarım olub. Həyatımın ən gözəl illərini də depressiyada, sıxıntıda, stressdə keçirmişəm. Kitablarım mənim illərimi, sağlamlığımı, gəncliyimi aldı. Bəlkə də, başqa bir sahədə populyarlıq qazana, şöhrət, var-dövlət sahibi ola bilərdim. Mən israrla yazmağı seçdim. Peşman deyiləm. Artıq kitab mənim həyat tərzimdir. Özümü kitablar olmadan, ədəbiyyat olmadan təsəvvür edə bilmirəm.

– Bu bir-iki gündə neçə kitabın satıldı? Oxucularından məmnun qaldın?

Kitab bir həftədir satışdadır. Satışla mən məşğul olmuram. Statistikanı mağaza və nəşriyyat aparır. Hər halda, satışdan razıdırlar. İstənilən halda, mən oxucularımdan, dostlarımdan, kitabsevər insanlardan razıyam. Kitabın təbliğat kampaniyası davam edir. Sağlıq olsun, belə sürətlə satılsa "Azğın”ın deputatlığa namizədliyini də verəcəm. 

– Neçə ildir bu işlərin içindəsən. Nələr dəyişib? Nələr daha yaxşı olub, nələr pis və nələrin dəyişməsini istəyərdin?

Bu barədə çox müzakirələrdə olmuşam. Çox şey dəyişib. Mən ilk kitabımı çap etdirəndə 20 yaşım vardı və kitabın bütün xərclərini atam ödəmişdi. Kitabı tələbə yoldaşlarıma, dostlarıma pulsuz paylamışdım. İkinci kitabda sponsor tapıldı. Və ondan sonrakı 8 kitabım nəşriyyatların hesabına çap olunub. "Qanun Nəşrlər Evi” 2 kitabımı öz hesabına çap edib, ardıcıl 6 kitabım da "Hədəf” və "XAN” nəşrlərində işıq üzü görüb. Nə qədər gileylənsək də, oxucu marağı günü-gündən artır. Eyni zamanda nəşriyyatların şərtləri və keyfiyyəti dəyişir. Müsbətə doğru dəyişiklikləri görməmək mümkün deyil. Mən ədəbiyyat adamlarının kitaba münasibətinin dəyişməsini istərdim. Bizim qələm adamları öz çevrəsindən, qrupundan olmayanlara yuxarıdan aşağı baxır, kitabını oxumur, münasibət bildirmir, oxuyanda da müdrikcəsinə susurlar. 50-60 illik dəstəbazlıq ruhu, şarlatanlıq, paxıllıq ədəbi mühitimizdə hələ də dəyişməyib. Mən arzulayırdım ki, bizim "dahi”, "nəhəng”, "möhtəşəm” yazıçılarımız, tənqidçilərimiz mənim də kitablarıma maraq göstərsinlər. Ən azı yeni nə isə öyrənmək, modern ədəbiyyatın sirlərinə bələd olmaq üçün məni oxumalıdırlar. Tənqidçilərimizin diqqətini cəlb etmək üçün nələrdən keçməzdim...Əfsus ki, bu adamlar mənə və mənim kimi "qəriblərə” qarşı laqeyddirlər.


Cəlil Cavanşirin mesajlarımı gec açmağa başladığını hiss etdim. Gecə saat iki. Ola bilər də... Bəlkə mənlə paralel bir xanım oxucusu ilə də yazışır. Elə buna işarə edərək sual verdim:

"Qadın” sənin yaradıcılığında ən əsas mövzulardan biridi. Bəs bu mövzuda həyatda bəxtin gətirib?

Məncə, yanlış informasiyadır. Mənim yaradıcılığımda qadın əsas mövzu deyil, həyatımda qadın əsas mövzudur. Yaradıcılığımda qadın mövzüsu 3-cü, 4-cü yerdə gəlir. Mənim üçün maraqlı olan yeganə mövzu insandır, insan psixalogiyasıdır. Həyatımda hər zaman parlaq qadınlar olub: qayğıkeş nənəm, savadlı və dünyagörüşlü anam, savadlı və bacarıqlı həyat yoldaşım, ağıllı, intellektual, uğurlu qadın dostlarım, şirin və sevimli qızım... Hətta iş həyatımda da ən gözəl, ən seçilən qadınlarla çalışmışam. Qadın bir kişini nə qədər xoşbəxt edə bilərsə, onun ikiqatı xoşbəxt olmuşam. Həmişə ən gözəl və unudulmaz qadınlarla sevgili olmuşam. Məni sevən və sevdiyim qadınların hamısı fərqli, seçilən qadınlar olub. Həyatımda heç vaxt təsadüfi münasibətə, qadın axtarışına ehtiyac olmayıb.

Özümü xoşbəxt hiss etdiyim hər bir ana görə qadınlara borcluyam.

Yazıçı və şair kimi də şanslıyam. Mənim xanım oxucularım, xanım dostlarım da hər zaman seçilir. Qadınlara görə nifrət qazanmışam, qısqanclıq, düşməni münasibət görmüşəm. Mənim qədər çirkin bir adamın qadınlar tərəfindən sevilməsi ayrı bir tədqiqatın mövzusudur. Gələcək nəsillər bu mövzunu araşdırmalı, müasirlərim yavaş-yavaş həzm etməyi, qəbul etməyi bacarmalıdır.

– Sevdiyin şairlərdən danışmağını istəyərdim. Ümumiyyətlə, səncə, şairlər nəyəsə lazımdı bu dünyada?

İlk heyranlıq duyduğum, məni təəccübləndirən şair Əli Kərim olub. Məhəmməd Hadini, Məmməd Arazı, Eldar Baxışı, Musa Yaqubu, Vaqif Bayatlınlı, Səlim Babullaoğlunu, Xanəmiri, Salam Sarvanı, Aqşin Yeniseyi çox sevirəm. Sadaladığım müəllifləri az qala hər gün mütaliə edirəm. Yeni imzaları izləyirəm, həm də diqqətlə izləyirəm. Bu ilin iyul-sentyabr aylarında 30 müasir şairimizin kitabını oxudum, qeydlər apardım və bu şairlər haqqında kitab yazmağı düşünürəm. 4-5 müəllif haqqında yazım hazırdır və tələsmədən yazmağa davam edirəm. Əksəriyyəti ədəbi tənqidin diqqətini cəlb etməyən gözəl şairlərdir.

İntihar cəhdindən sonra həyatında nə kimi dəyişikliklər oldu? Həyatla bağlı indi nə planların var?

İntihar cəhdimlə bağlı heç nə danışmaq istəmirəm. Artıq bu mövzununun unudulmağını istəyirəm.

Plan qurmadan, gələcəyi düşünmədən yaşayıram. Sadəcə övladlarımla bağlı arzularım və istəklərim var. Şəxsi həyatımla bağlı heç nə istəmirəm, sürprizlərə və çətinliklərə hazıram. Heç vaxt ev, bağ, maşın, yenidən ailə qurmaq, vəzifə sahibi olmaq, deputat seçilmək arzulamamışam. Kirayədə qalıb, kirayə arzulara qısılıb, kirayə həyat yaşayıb, kirayədə də öləcəyimi hiss edirəm. Mənim keçmişim yoxdur, gələcəyim olmayacaq. Anı yaşayıram və bundan zövq alıram...

– Həyatının hansı anını bir daha yaşamaq istəyərdin?

Keçmişlə bağlı heç nəyi yenidən yaşamaq istəmərəm. Heç nəyin həsrətini çəkmirəm.

Son vaxtlar çox narazı görünürsən. İstəyirəm o narazı olduğun məsələlərdən danışasan.

Yox, yox. Nə narazılıq? Gül kimi yaşayırıq da. İslahatlar, yeniliklər, dəyişikliklər... Belə ölkədə adam nədən narazı qalmalıdır ki? Dövlət jurnalistlərə, yazıçılara ev, fəxri ad verir. Təqaüd, mükafat, yardım, dəstək. Həmkarlarıma baxıram, ürəyim açılır. İki eşşəyin arpasını bölməkdə çətinlik çəkənlərin hamısı gün-güzarınını qurub, xoşbəxt və məsud yaşayırlar. Heç uzağa getməyək, AYB-yə baxanda adamın ürəyi açılır. Prezident 800 min manat pul ayırdı, tez-bazar yeyib, üstündən də su içdilər. Jurnalistlərin binasında ikinci evini kirayə verənlər, kirayələrdə oğul evləndirib, qız köçürənlər var. Belə xırda şeylərə görə niyə narahat olum, niyə narazılıq edim? Televiziyalarımız, mətbuatımız gündən-günə batıb gedir, mən niyə narazı qalım? Kitab mağazalarının bağlanmağı məni niyə narahat etməlidir? Ümumiyyətlə, Azərbaycanda yaşayan insan niyə narazı olmalıdır? Sosial problemlər, siyasi böhran, aclıq, işsizlik, kasıblıq boş şeydir. Yəni mən narazı deyiləm.


Elə söhbətin bu məqamında bilmirəm nə olur, meqabaytı bitir, ya şəbəkədə problem yaranır, birdən Cəlil Cavanşirin  adının qarşısında olan, online olduğunu göstərən "yaşıl işıq" sönür və söhbətimiz yarımçıq qalır.


Söhbətləşdi: Ulucay Akif